adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Sizin də Mahir.N. Qarayev kimi dostunuz varmı?

ETİBAR CƏBRAYILOĞLU
52548 | 2018-07-14 00:22
Dünyaya yayın ən isti günündə, ədəbiyyata isə baharda gələn cavan oğlanın yubiley yaşına

Dostum, şairliyi də, tərcüməçiliyi də ən gözəl təriflərə layiq Mahir.N. Qarayevin 60 yaşı tamam olur. Elə bil beş-altı ayın söhbətidi, "Dəniz" adlı maraqlı bir restoranda Mahirin 50 illik yubileyini qeyd edirdik. İllərin təyyarə sürəti ilə ötüb keçdiyinə daha bir sübut.
Doğru-dürüstlüyünə heç zaman şübhə eləmədiyim dostum yayın ən isti günündə doğulduğunu deyir. Düz 20 ilə əvvəl ortaq dostumuz Fəxri Uğurlunun rəhbərlik etdiyi "Rezonans" qəzetində dərc etdirdiyi yazısında belə deyir: "...1958-ci il iyulun 17-də, yayın bəlkə də ən isti günü dünyaya göz açmışam. Mən doğulan gün dünya əsla yerindən qopmayıb, elə bir fövqəl hadisə-filan da baş verməyib; bu səbəbdən həmin tarixin heç kəsə bir isti-soyuğu olmasın gərək. Amma o gündən dübbədüz 40 il öncə - 1918-ci il iyulun 17-də sonuncu rus çarının ailəsi qanına qəltan edilib. Ad günü kədərlənməyə onsuz da beş-üç bəhanə tapılır; tapılmasa belə, dilxorçuluq üçün mənim ən azı bir bəhanəm nağddır..."
Üstündən nə az, nə azacıq, düz 20 il ötüb. Mahir N. Qarayev həmişəki kimi ad günündə kədərlənməyə beş-üç bəhanə tapır. 60 illik yubileyi ərəfəsində daha təzə bəhanələr uydurmamaq üçün məzuniyyət götürüb xarici ölkələrin birinə gedəcək yəqin...
Əziz dostum Mahir N. Qarayev bəlkə də yeganə şairdi ki, ilk kitabı 50 yaşında işıq üzü görüb. Çünki onun ən sevmədiyi iş-şeirlərini çapa verməkdir. Soruşanda da deyir ki, şairin kitabı özündən sonra çıxsa yaxşıdır: "...Kaş bu cür olaydı: indiyəcən bir şeirim də çap edilməyəydi; mən də hamıdan xəbərsiz, ömrümün sonunacan min şeir yazıb axırda hamısını cırıb ataydım; vur-tut onunu saxlayaydım və bu on şeir də məndən sonra çap olunaydı, vəssalam. Amma heyf ki, bu arzu məndən ötrü artıq xam xəyaldır; çünki naşılıq-uşaqlıq eləyib bir neçə dəfə çap olunmuş, sirrimi faş eləmişəm..."
Dostum ilk mətbu şeirlərinin çapına yardımçı olan, özü demişkən, sirrini faş edən Məzahir Əhmədzadəyə də həmişə ehtiramla yanaşır. 50 yaşında çap edilən ilk kitabı "Tənhalıq"da bu məsələni belə anladır: "Orta məktəbin sonuncu sinifində oxuyarkən Göyçayda çıxan "Yeni həyat" qəzetinə "Ana məhəbbəti" adlı kiçik bir şeir göndərdim-qəzetdə "Əli Kərim adına poeziya klubu" fəaliyyət göstərirdi, bədii yazılar da bu rubrikada dərc olunurdu.
Az keçmiş redaksiyadan bir cümləlik cavab aldım: "Bədii cəhətdən zəifdir". Boynuma alım ki, o vaxt bədii cəhətin nə olduğunu yaxşı bilmirdim, amma makinada yazılmış o bir cümləni hamıdan gizlin bəlkə on dəfə oxudum; mənə elə gəlirdi ki, redaksiya mənə qarşı əməlli-başlı haqsızlıq edib. Məktəbin komsomol təşkilat katibi-ədəbiyyata ciddi marağı olan və hərdən elə öz yazıları da həmin qəzetdə dərc edilən Məzahir Əhmədzadə seir yazdığımı bilib məni tapdı, mən də fürsəti qaçırmayıb "dərdimi" ona açdım. Məzahir bəy şeirlərə baxıb redaksiyanın haqlı olduğunu bildirdi, di gəl o yazılarda nə tapdısa, elə o gündəncə başladı məni əməlli-başlı işlətməyə; onun xidməti idi ki, üstündən heç bircə ay keçməmiş - 1975-ci martın 22-də həmin qəzetdə "Bir payız gecəsi" adlı ilk şeirim çap olundu.
Daha iki ay keçdi - qəzet "Sənsizlik" adlı ikinci şeirimi çap edib son zəng ərəfəsində məni əməlli-başlı məşhurlaşdırdı. Və heç yadımdan çıxmaz ki, Məzahir bəy böyük sevinclə xəbər gətirdi: ədəbiyyat səhifəsi hazırlanarkən Rəsul Rza təsadüfən redaksiyada imiş; yazıları gözdən keçirib və mənim (özü də tək mənim!) şeirimin üstünə "Çox yaxşıdır!" sözlərini yazıb..."
Bu gün ədəbiyyat aləmində özünəməxsus yeri və çəkisi olan Mahir N.Qarayevin böyük sayğı ilə xatırladığı həmin epizodların qəhrəmanlarından biri - ortaq dostumuz Məzahir Əhmədzadə yubileyini qeyd etməyə hazırlaşdığımız cavan oğlana gözəl bir yazı həsr edib. Söhbət Məzahir Əhmədzadənin qısa bir zamanda populyarlıq qazanan "Uembli arayışı" kitabına daxil etdiyi "Yıxılan aylara kimlər ağlayar?" məqaləsindən gedir. Yeri gəlmişkən, neçə gündü dostumuz Məzahir bəyi həmin yazını "Ədalət"də yenidən çap etdirməklə bağlı dilə tuturam. Görək nə olur... 
Bu gün bizdə şair vəzifəsində işləyən xeyli adam var. Hətta onlardan bir çoxu 30-40 kitab istehsal etməyə də fürsət tapıb. Dəyərli dostumuz Aqil Abbas demişkən. Belələrinin kitablarını bir özləri, bir də ailə üzvləri oxuyur. Amma dostum Mahir N. Qarayev 60 yaşında şair kimi nəyə qadir olduğunu cəmi iki kitabı - "Tənhalıq" və "Poetik tərcümələr toplusu" ilə sübut edib. "Qaraçı qız", "Noyabr axşamı", "Sevgi məktubu", "Toy" şeirləri, "Yerin-göyün Tanrısı", "Qəm mülkünün hərifləri" poetik traktatları, "Anlamaq dərdi", "Əcəl zəngləri-Oğuz boyları", "İt ömrü", "Dəmir qapı Dərbənd" və "Vəziyyət məqamları" silsilələri ilə ədəbiyyatımıza öz möhürünü vurub. Bundan sonra heç nə yazmasa da olar...
Artıq uzun illərdi görkəmli ədəbiyyatçılar, ciddi oxucular peşəkar tərcüməçilərdən söhbət açanda Mahir N. Qarayevin adını ön sıralarda çəkirlər. Heç kim dostumun tez ağaran saçına, qara qaşına aşiq olmayıb ki... Onun tərcümə sahəsində etdikləri göz önündədi. Hötenin, Rilkenin, Lorkanın, Lermontovun, Pastrenakın, Axmatovanın, Yeseninin, Svetayevanın, Mandelştamın, Voznesenskinin... şeirləri, Kafka, Folkner, Markes, Heminquey, Çexov, Modiano, Morua, Qolsuorsi... kimi dünya şöhrətli yazıçıların əsərləri Mahir N. Qarayevin tərcüməsində necə gözəl alınıb?!
Mahir gözəl yazıçımız Afaq xanım Məsudun Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ətrafında formalaşdırdığı komandanın üzvü kimi bu gün də tərcümə ilə məşğul olur və bu üzdən son illər az-az görüşürük. Bir-iki ay xəlvətə çəkildiyi, telefon zənglərinə cavab vermədiyi zamanlar da olur. Belə vaxtlarda ömür-gün yoldaşı Anaqız xanıma gileylənsəm də dostumu sevdiyi işdən ayırmağa ürəyim gəlmir. Onun yazı-pozu işinə necə həssas olduğunu yaxşı bilirəm. Yox, həssas sözü bir az yumşaq alındı deyəsən. Özü daha doğru ifadə tapıb-despot, özü də böyük despot. İndi haqq dünyasında olan dostumuz Zöhrab Əmirxanlıya illər öncə verdiyi müsahibədə Mahir böyük despot kəlməsini işlətmişdi: "Yazıya qarşı çox amansızam, xüsusən də bədii əsərin dilinə çox tələbkaram, ədəbiyyatın canı onun dilindədir".
Yazının əvvəlində Mahir N. Qarayevin şair və tərcüməçi kimi ən xoş sözlərə layiq olduğunu qeyd etmişdim. Dostumu nümunəvi bir ailə başçısı, valideyn kimi də nə qədər tərifləsəm azdı. Bu baxımdan mənim kimi yaşca özündən on-on beş bayram balacalara həmişə örnəkdi. Mahir N. Qarayevin əldə etdiyi uğurlarda, cəmiyyətdə nüfuz qazanmasında bu amilin də rolu var. Həmişə gülərüz və qonaqpərvər, rus ədəbiyyatının gözəl bilicisi Anaqız xanımla iki övlad böyüdüblər. Dörd dil bilən, ali təhsilini Rumıniyada almış oğlanları Təbriz gənc diplomat kimi ölkəmizin xaricdəki səfirliklərinin birində çalışır. Qızları Aynur əcnəbi dillər üzrə mütəxəssisdir, Azərbaycan Dövlət Dillər Universitetini bitirdikdən sonra İspaniyada və Niderland Krallığında təhsilini davam etdirib. Çox gənc olmasına baxmayaraq artıq BMT tribunasından çıxış etmək imkanı da tapıb.
60 yaşını ürək dolusu qeyd etməyə hazırlaşdığımız Mahir N. Qarayev istedadlı şair-tərcüməçi, gözəl ədəbiyyat adamı, mehriban sirdaş, qayğıkeş ailə başçısı və atadır.
Sizin də belə dostunuz varmı? 

TƏQVİM / ARXİV