adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Iyul 2018 00:04
36289
LAYİHƏ
A- A+

ÖLÜMSÜZLÜYÜN ÜNVANI

Şəhidlər Xiyabanında etdiyimiz söhbət

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən sayımızda)

Həmin gün artıq Cəmil müəllimin iki oğlu döyüş paltarı geyinmişdi. İndi Firuzə ananın iki ciyərparası əsgər idi. Baxmayaraq ki, onun kirpikləri nəmlənmişdi, dodaqları əsirdi. Amma Cəmil müəllimin məğrur görkəmi onu toxtadırdı. Axı onlar əsgər valideyni idilər.

Həyatın bir qəribəliyi
Hər iki qardaş cəbhənin ən ağır bölgəsində ön səngərdə idi. Şövqüyar Ağdərədə tank komandiri, Aslan Kəlbəcərdə həkim kimi. Onların səngərlərinin bir-birindən ara məsafəsi 10-12 kilometr idi. Amma buna baxmayaraq, yolları kəsişmirdi. Sadəcə, kimlərin vasitəsilə xəbər tutmağa çalışırdılar. O da çox çətinliklə. Amma Aslana qürur verən bir məqam var idi, o da tank komandiri olan qardaşının döyüşlərdə göstərdiyi şücaət. Bu barədə hərbi hospitala gələn yaralılar da danışırdı, onları gətirən əsgərlər də, həkimlər də. Hamı deyirdi ki, Şövqüyar adlı bir döyüşçü var, od parçasıdı. Bütün canıyla, qanıyla köklənib düşmənə qarşı. Ona görə də onun iştirakçısı olduğu döyüşlər düşmənin canına vahimə salır.
Təbii ki, bu da kiçik qardaşı qürurlandırır, aradabir özünə yaxın bildiyi şəxslərə Şövqüyarın onun qardaşı olduğunu söyləyirdi.
Haşiyə: Mən Aslan həkimlə 1992-ci ildə, Novruz bayramından bir neçə gün sonra qarşılaşdım. "Xalq ordusu" qəzetinin cəbhə müxbiri kimi səngərləri gəzə-gəzə gəlib çıxmışdım Gəncəyə və ordan da Kəlbəcərə. Yolda bir tibb maşını ilə qarşılaşdım. Əsgərlər həmin maşını saxladıb məni də özləri ilə aparmaları üçün sürücüdən xahiş etdilər. Sürücü çevrilib həkimə tərəf baxdı. O da, "otursun" - dedi.
Yol boyu söhbət etdik. Artıq Kəlbəcərə yaxınlaşdıqca atəş səsləri əməlli-başlı eşidilirdi. Magistral yolun ortasında maşını saxladılar:
- Biz Ağdabana gedirik! - deyə həkim mənə tərəf çevrildi.
- Mən də gedirəm! - dedim. - Onsuz da Ağdabanda olmaq çoxdankı arzum idi. Dədə Şəmşirin kəndini ziyarət etmək özü də bir savabdı, - dedim.
Həkim gülümsəsə də hiss etdim ki, dediklərim ürəyincə olmadı. Çünki indi ziyarət məqamı deyildi. İndi yer, göy qan ağlayırdı... indi torpaq qan fışqırırdı...
Bax, onda ilk dəfə qarşılaşdığım Aslan həkimlə həyat məni ikinci dəfə Gəncədə avqust ayında yenidən görüşdürdü. Bu dəfə o, səngərə yox, Bakıya tələsirdi. Onda 1992-ci ilin avqust ayının 28-i idi. Və mən təqribən bir ay bundan öncə həkimlə onun mənim şair dostumuz Sabir Abdinin məclisində görüşəndə tanıdıq bir-birimizi. Bax onda bildim ki, Aslan həkim Bakıya Şəhidlər Xiyabanına tələsirmiş. Şəhid qardaşı Şövqüyar Cəmil oğlunu ziyarət etməyə!
...Bəli, onda 1992-ci ilin avqustu idi... Onda Aslan dördüncü kurs tələbəsi olmasına baxmayaraq hərbi həkim kimi odun-alovun içində səngər dostlarının, səngər qardaşlarının köməyinə tələsirdi. Bəzən yaralı döyüşçüləri sakitləşdirmək üçün onların başını sinəsinə sıxır, onların qanına bələnirdi. Bəzən də dözməyib əlini silaha atırdı. Bax belə bir məqamda onu səngərdən qərargaha çağırdılar, özü də təcili gəlməsini əmr etdilər.
Gəldi. Özünü təqdim etdi. Komandir onun üzünə baxmadan bircə kəlmə dedi:
- Abdullayev, təcili Bakıya getməlisən!
Aslan çaşıb qaldı. Döyüşün bu ağır məqamında, hər tərəfin qana boyandığı bu durumda, əlavə köməyə ehtiyac olduğu halda Bakıya getmək hardan çıxdı ortalığa. Bu nə məsələdi? Hərbçi olduğunu unudub etiraz etmək istədi. Komandir bir az da qətiyyətlə:
-Yaxşı yol, gecikmə! - dedi.
Gəncəyə gəldi. Burdakı qərargahda hər şeyi anladı. Qardaşı Şövqiyar şəhid olmuşdu.
Ürəyi sıxılıb, içi ağlasa da, təmkinli durdu. Çünki, o, kifayət qədər şəhid görmüşdü. O, əlləri ilə şəhid yarası bağlamışdı, yaralının mərmi qoparan əlini, qolunu sarımışdı. Ovcunun içiylə şəhid gözləri qapatmışdı. Amma indi başqa idi, söhbət canı-qanı bir olan qardaşından gedirdi. Ona görə də həyat onun üçün bir anlıq dondu və bu günə qədər də həmin o xəbərin ürəyindəki yeri donmuş, keyimiş vəziyyətdə qalır. O, hələ də qardaşının şəhid olmasına inanmır. Elə Gəncədən Bakıya yola düşəndə də, evlərinə tələsəndə də, Şəhidlər Xiyabanına gələndə də qardaşının yoxluğuna inanmadı. Ona görə ki, Şəhidlər Xiyabanında burda yatanlardan hansınınsa öldüyünü düşünməyin özü günahdı. Çünki bura ölümsüzlük ünvanıdı. Bu xiyabanda Allahın öz dərgahına apardığı, öz sevgisiylə yaşatdığı şəhidlərin cisimləri torpağa tapşırılıb...
Şəxsən mən hər dəfə Şəhidlər Xiyabanına gələndə bilirəm ki, təkcə ziyarətə yox, həm də milyonlarla diridən diri olan ruhlarla söhbət etməyə gəlirəm. O ruhlarla ki, onlar doğulduqları ocaqların, iməklədikləri torpağın və qanlarına hopdurduqları Vətənin göylərində dayanmaqla hər şeyi görür, hər şeyi eşidir və yaşayırlar. Onlar bir ocaqdan, bir evdən çıxıb, bir məmləkətə, bir xalqa aid olduqlarını səssiz, sözsüz ifadə edirlər. Hətta mən hələ müharibənin daş dövründə yazmışdım ki:

Müharibə - göz yaşı,
Mən torpağın xəstəsi.
Şəhid ol
sam, qəbrimə
Başdaşı - gül dəstəsi!

Bakıya gəldi. Evlərinə deyil, Fəxri Xiyabana tələsdi. O, Fəxri Xiyabana çatanda artıq Şövqiyarı uğrunda canından keçdiyi Vətən torpağına tapşırmışdılar. Gecikmişdi, vidalaşa bilməmişdi qardaşıyla. Onun gəlişini uzaqdan izləyən atası Cəmil müəllim oğlunun məzarından ayrılıb, Aslana tərəf yerimişdi. Aslan qollarını açıb atasına sarılanda ata oğlunu sinəsinə sıxıb, sonra bir addım özündən araladı:
-Mən sizi Vətən üçün böyütmüşəm. Siz Vətənin övladısınız. Vətənin qurbanını ağlamazlar.
Cəmil müəllimin həmin sözü düz iyirmi beş ildir ki, Aslanın qulaqlarında səslənir. Hər dəfə müharibədən, səngərdən, Vətənin Milli Qəhrəmanı Şövqiyardan söhbət düşəndə Aslan içindəki qürur hissini gizlədə bilmir...

(ardı gələn sayımızda)

Əbülfət MƏDƏTOĞLU,
Əməkdar jurnalist