adalet.az header logo
  • Bakı 13°C
23 Iyun 2018 00:10
38618
LAYİHƏ
A- A+

"Xurcun" folklor guşəsi

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(əvvəli ötən saylarımızda)

Heydər, gəl, ha, heydər gəl,
Bol-bərəkət hey dər, gəl.
Qırıldı oğul-uşaq,
Ellər səni heylər, gəl!

(Heydər yerli şivəyə görə asta əsən küləyə, mehə deyirlər.)

Əs, küləyim, əs
Yaman gözü kəs.
Kişilərə ürək ver,
Uşaqlara çörək ver!

Yelbabanın hayı var,
İsti, qızmar yayı var.
Gəl, bizə ruzi gətir,
Cavannarın toyu var!

A yel baba, gəlginən,
Xırmanda dincəlginən.
Göndər gəlsin atını,
Aparsın samanını!

Sayaçı sözləri, tərəkəmə
deyimləri

Qoyun artımlı heyvan olsa da, səfalı yaylaqlar, bolluca otlaqlar sevən heyvandı. Qarnı ac oldumu səni rahat buraxmayacaq, qarnına ot-ələf atana kimi səni lələbüryan edəcək. On qoyun, bir qoç, gündə qon, gündə köç-deyib dədələr. Elə ki, yaxşı baxdın, doğub-törəyəcək, artıb-çoxalacaq, düzü-dünyanı tutacaq. Çöldə-bayırda gözün üstündə olsa, həm öz başını girləyəcək, həm də səni abadanlığa çıxaracaq. Qoyunu allah yaradıb, keçi yolda qatılıb.
Qoyun təmiz heyvandır, o hər ot-ələfi bəyənməz. Xoşuna gəlməyən otu-əncəri çimçiləyə-çimçiləyə yeyər ki, bunun da onun canına faydası olmaz. Odur ki, qoyun saxlayan gərək ot-əncərin dilini bilə, qoyunun ağzının dadını hiss edə.
Atalar deyir ki, yayda ot-ələfdən doymaz qoyun, qışda çör-çöpü qoymaz qoyun. Bir də deyib ki, gərək qoyunu yazda otarasan, yazda otarmadın, duzda otarasan, duzda otarmadın küzdə otarasan, küzdə otarmadın yüz də otarasan xeyiri yoxdur.
Qoyun deyər: "Qarnımı doydur, qara basdır məni". Keçi deyər: "Qarnımı doydur, qora basdır məni". Yəni dədə-babaların sınağından çıxıb ki, qarnı tox qoyunun soyuqdan qorxusu, keçinin isə soyuğa tabı yoxdur.
Söz-sov: Çoban qardaş, sürüdə neçə baş qoyun olar?
-Üç baş qadan alım, kərə, kürə, kəlin.
-Qoyun qurdu haçan unudur?
-Qırxın zamanı, qırxlıq altında.
-Yatanda qoyunun harası yerə tez dəyir?
-Nəfəsi, canım qurban.
-Qoyunun neçə haram tikəsi var?
-Yeddi, başına dönüm. İkisi ürəkdə, ikisi kürəkdə, biri döşdə, biri qandı, biri də qurdyeməz.
İldə qoyunun belindən neçə dəfə eşşək keçir?
-İki dəfə. Bir yazda, bir də küzdə. Qırxlığın tutacağına "eşşək" deyilir.
Sözə qüvvət:
Qoyunçuluqla məşğul olan bir kəsin qonağı oldunmu, o saat pendirdən, qaymaqdan, yağdan, qatıqdan, şordan-şökələkdən tökəcəklər süfrəyə. Bir əmlik quzunun dərisini boğazından çıxarıb, cızbızını cızbız, kababını kabab eləyib yığacaqlar qabağına. Hələ mən ətin pörtdəməsini, qovurmasını demirəm. Ye ki, yeyəsən. "Yeyəsən qoyun ətini, illah da boyun ətini" - bunu da dədələr deyib. Nuş olsun!
Dədələr belə də deyib: "Qısır qoyun qəssab dükanına yaraşır".
Görüb-götürdüyü çöl-bayır, dağ-daş olan çobanların səxavətinə, comərdliyinə əhsən - deyirik.
Yeri gəlmişkən:
Ana qızından soruşmuş:
-Naxırçıya gedərsənmi?
-Nəyi var naxırçının - demiş. Nə evdə hanası var, nə də naxırda danası. Bir həsirdi, bir də Məmmədnəsir. Bir ağacıdı, bir də boğazı. Onunku odur-gündüz naxıra, axşam axura. Yayda topuğa, qışda lopuğa işləyəndir. Bir cüt çarıq, onun da bağı qırıq.
-Çobana gedərsənmi?
-Elə gedərəm.
-Nəyə görə, - sormuş ana.
-Qoyunu da var, oyunu da. Yayda dağın qaşında, qışda süfrə başında. Yaylaqda yağ yeyəcəm, qışlaqda qaymaq. Məndən hərəkət, süfrəmdə bin-bərəkət. Motallarım bucaqda, ağ oğlanım qucaqda. Övladlarımı da ağırlayıb-əzizləyəndə də deyəcəyəm: "Malım, qoyunum, varım-dövlətim". Dədələr qohum içində qayın, mal içində qoyun - deyiblər. Bir də Həzrəti Musa peyğəmbər az bilirdi məgər? Kişi ömrü boyu çobanlıq eləmişdir.
Sözə qüvvət: Naxırçılar ya həftəliyə, ya da aylığa durardılar. Sağmal inəklərin altı günlük südünü mal yiyəsi, bir gününü isə naxırçı götürərdi. Sənin həftəliyindən kar aşmaz - deyimi də kasıb adama işarədir.
Belə də deyirlər ki, uzun sözün azı-uzu, çobana vermə qızı, ya qoyun güddürər, ya quzu - bu da ki, çobana sataşmaqdan yanadır.

Tərəkəmə, tərk eləmə aranı...

Tərəkəmə nökərə bir verər, itə iki.
Tərəkəmənin qızını almaq asan, quzusunu almaq çətindir.
Tərəkəmə yeddi oğula dedi "yoxdu", bir qıza dedi "çoxdu".
Tərəkəmə çomağı başa bərk vurar, daşa yavaş.
Tərəkəmə-tərli kümə.
Tərəkəmə-gəl min tərkimə.
Tərəkəmənin atasını söy, itinə dəymə.
Tərəkəmənin dostu it, düşməni qurddur.

Qayınana-gəlin söhbətləri

Bineyi-qədimdən qayınana-gəlin münasibətləri barəsindəki söz-söhbətlər tükənmək bilmir. Bu barədə saysız-hesabsız məsəllər yaranmış, lətifələr qoşulmuş, çoxlu düzgülər deyilmişdir.
Nadiri taxtda, Şah Abbası qundaxda görənlərdən üzü bu yana gəlinlər qayınanadan, qaynana isə gəlindən gileyləniblər.
Qaynana ilə ulduzu barışmayan gəlin düşdüyü evin sakinlərini də özünün "ədalət" süzgəcindən keçirər.
Yeri gəlmişkən:
Təzəcə ərə gedən bir gəlindən qohum-əqrəbaları soruşullar:
-Hə, necədi getdiyin yer? Qayınanan, baldızın, qayınların xoşuna gəlirmi?
Gəlin deyir:
Qaynanam qaraca köpək qapıda yatar,
Söz deyəndə adamı qapar.
Baldızım-çuval duzum,
gündə gəlib sancıb qaçar,
Qalıram naçar.
Qayınlarım-sərv ağacı qapıda bitər.
Hayıma yetər.
Qaynatam-sarıyağ kimi canıma yatar

Bu da qayınana...
-Ay qayınana heç özün gəlin olmamısan?
-Necə yəni olmamışam? Olmuşam özü də lap yaxşısından. Süpürgə kimi harda qoyublar, orda durmuşam...
-Bəs bu gəlin niyə səndən ağzıəyridir?
-Sən mənə de görüm, gəlin gətirmisənmi?
-Yox ay nənə, üzüm ayağının altına hələ heç özüm iki baş-dörd ayaq olmamışam.
-Hə, bu başqa məsələ. Elə ona görə ağzın isti yerdədir. Gilas bağın olsa, bilərsən sığırçın necə quşdur.
-Gəlin-gəlin olmaz, düşdüyü yer gəlin ola. Yəni gəlin ocağa gələr deyiblər. Axı ərlə arvadın xəmiri eyni teştdə yoğrulub-deyillər.
-Gəlin var gələr gətirər, gəlin var gedər itirər.
-O necə olur?
-Gəlinin ayağı, çobanın dayağı. Gəlinin nəcibliyi onun oturuşundan, duruşundan, bir də iş-gücündən bilinir.
-Onda gərək qızı tanıyıb alasan.
-Anasına bax qızını al, qırağına bax bezini al.
Axı belə də deyirlər ki, bacasının əyriliyinə baxma, tüstüsünün düz çıxmasına bax.
-Anası çıxan ağacı balası budaq-budaq gəzər.
Hər kəsin şalı başına, başmağı da ayağına.
-Gəzən qızdan gəlin olmaz. Gəzən qızın qazancı ənlik-kirşan olar.
Gəlin evin yaraşığıdır, cəlalıdır, bəzəyidir - belə də deyirlər axı.
-Evdə gəlin-gəlin, qayınana da qayınana olmalıdır. Yelkəni əyilən gəmidən danışmağa dəyməz.
Yeri gəlmişkən:
Qızlarını uzaq bir kəndə ərə verdikdən sonra ata-anaya alaşıq-dolaşıq bir xəbər çatır ki, deməzsiniz bəs qızın qayınanası yaman deyingəndir. O qədər deyingərdir ki, onunla heç ilan da yola getməz. Elə ki, xəbər ataya-anaya çatır, onlar bir neçə qohum əqrəbanı da götürüb onlara qonaq gedirlər.
(ardı gələn sayımızda)

Toplayanı və çapa hazırlayanı
Faiq ŞÜKÜRBƏYLİ