adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Iyun 2018 09:24
42722
LAYİHƏ
A- A+

"Xurcun" folklor guşəsi

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən saylarımızda)

Günaha batma, nənə

Bir qıza elçi gəlir. Qızın anası bu işə razılıq verir. Qızın nənəsi isə "keçi handa, qaya handa" - deyib daş atır, başını tutur. Elçi bu narazılığın nədənini öyrənmək üçun deyir:
-Vallah ay Fatma, biz elə dədə-babadan sizin tayfa ilə yaxın olmuşuq. Hələ eşitməmişəm ki, biz tərəfdən sizinkilərin atına eşşək, dəvəsinə də köşək deyən olsun.
Fatma qarı da irəlini-gerini fikirləşir, deyir:
- Bu dəmdəm halvası deyil ki, hər gələn bir çimdik götürüb ağzına qoysun (Yəni ilk dəfədən bir söz deyə bilmərik).
Nənəsinin sayır-bayır vurduğunu eşidən qız qab yuya-yuya mızıldanır:

Əzizim Fatma nənə,
Qaşları çatma nənə.
İstəyi istəyə ver,
Günaha batma, nənə!

At arabasına eşşəyin
qoşulması...

Bir aşıqla onun züy tutanı ucqar kəndlərin birindən payi-piyada toydan gəlirmişlər. Züytutan yetənə yetib, yetməyənə də daş atan adammış. Yarıyolda dinclərini almaq üçün bir bulağın başında dayanırlar. Bir az su içirlər, bir az da üz-gözlərinə vurub sərinləyirlər. Bu zaman bir arabaçı da özünü bulağa yetirir. Arabaçı at arabasına atla bərabər bir eşşək də qoşubmuş Bu züytutanın diqqətindən yayınmır. Arabaçı heyvanların ikisini də boyunduruqdan çıxarıb çəmənliyə ötürür. Deyir onlar dinclərini alandan sonra yola davam edərəm. Özü də bumbuz bulağa dodaq sıxıb doyunca içir və çəmənliyə uzanır.
Bu ara züytutan üzünü arabaçıya tutur:
-Qardaş, ayıb olmasın, bu at arabasına eşşəyi niyə qoşmusan?
Arabaçı da hazırcavab adammış:
-Qardaş, at arabasına atla eşşəyin yan-yana qoşulması, aşığın yanında züytutan kimi bir şeydi.

Bərbərin şəhərli qonaqla
macərası

Şəhərli bir kişi öz maşını ilə rayona toya gedirmiş. Kəndlərin birinin içərisində maşını xarab olur. Bir-iki kənd sakinini köməkliyi ilə maşını itələyə-itələyə ustanın emalatxanasına gətirirlər. Usta maşının ora-burasına baxır və qayıdır ki, bunu düzəltmək üçün 3-4 saat vaxt keçəcəkdir. Maşın sahibi razılaşır, deyir ta neynəyim, gözləyərəm. Usta işə başlayır. Şəhərli fikirləşir ki, bu 3-4 saatda başını nə ilə qatsın? Birdən gözü sataşır yaxınlıqdakı budkanın qabağında yazılmış sözlərə: "Dəlləhxana". Öz-özünə deyir ki, usta maşını düzəldənəcən mən də gedim üzümü qırxdırım. Odur ki, ustadan soruşur:
-Qədeş, bərərxana işləyirmi?
-İşləyir dayıcan. Sonra bərbəri səsləyir:
-Bədəl, dayday şəhərdən gəlib. Onun üz-gözünü abıra sal.
Qonaq budkaya gəlir. Görür ki, patavalı, mitəfin görkəmli bir nəfər beş eşşəkli xoca kimi stolun üstünə yayxanıb özünü günə verir.
-Bacoğlu, mənim üzümü təraş edərsənmi?
-Buyur dayıcan, biz elə bundan ötrüyük dana.
Qonaq dəlicə toğlu kimi əsən köhnə, sınıq-salxaq stulda oturmalı olur. Bərbər onun boynuna kirli bir parça dolayır. Sonra sabunu götürür, onun üstünə tüpürüb kişinin üzünə sürtür.
Qonaq hövlnak qalxır:
-Bu nədir, dəli olmusan, sabuna da tüpürərlərmi? Məgər burada bir dolça su yoxmudur?
Bərbər heç nə olmamış kimi deyir:
-Nə olub, sən şükür etmək əvəzinə özünü niyə cırıb dağıdırsan?
Şəhərli özündən çıxır:
-Mən nəyə şükür etməliyəm. Bundan da betəri var?
Bərbər təkinini pozmadan:
-Betəri deyəndə sən qonaqsan deyə, hörmətini gətirdim. Qonaq olmasaydın, üzünə tüpürüb sabun sürtəcəydim.

Qalayçıyla çobanın sərgüzəşti

Bir çoban sürüsünü dağın döşünə yayıb, özü isə iri çomağına dirsəklənərək sürüyə tamaşa edirdi. Gördü ki, cığırla ona sarı bir kişi gəlir. Bu kişi yüklü eşşəyinin noxtasından tutub eşşəyini çəkə-çəkə gətirirdi. Kişi çobanın bərabərliyinə çatanda çoban onun qabağını kəsib soruşur:
-Sən kimsən, hardan gəlib hara gedirsən?
-Mən qalayçıyam. Bax görünən o kəndə qab qalaylamağa gedirəm. Maraq çobanı götürür. Soruşur:
-Qalayçı nə deməkdi, işin-peşən nədi axı?
_Qardaş, mən yırtıq deşikləri tuturam, qab-qacağı qalaylayıb paxırını çıxarıram.
Söz yenə çobana çatmır.
Qalayçı qalayladığı qablardan birini eşşəyin belindəki torbadan götürüb çobana göstərir və deyir:
-Mənim peşəm köhnə qabları bax beləcə ağartmaqdır.
Çoban deyir:
-Lap yaxış oldu, elə mənim sənin kimisinə ehtiyacım vardı. O, torbasından ağacdan hazırlanmış dərin qabı çıxarıb qalayçıya göstərərək deyir:
-Mənim bu qabımın ortası azcanaq deşilib. Sən həm o deşiyi tut, həm də onun içini göstərdiyin qab kimi təmizləyib ağart.
Qalayçı deyir:
-Ağac qalay götürməz axı. Mən yalnız mis qabları qalaylayıram.
Çoban əl çəkmir:
-Elə şey yoxdur, sən məni aldada bilməzsən. Bu saat mənim camımın həm deşiyini tutmalısan, həm də qalaylamalısan. Yoxsa, səni burdan buraxdı yoxdu. Qalayçı nə illah edir çobanı başa sala bilmir. Allaha yalvarır ki, ay Allah sən məni bu xırsızın əlindən qurtar.
Bu zaman təsadüfən onların yaxınlığından bir kişi keçirmiş. Bu kişi oxumuş adammış. Qalayçı onu görən kimi çiçəyi çırtlayır. Sevinir ki, onun sözünü deyən birisi tapıldı. Çağırır:
-Ay qardaş, səni and verirəm Həzrəti Abbasın vurulan qollarına, yolunu burdan sal, sənin köməyinə ehtiyacım var.
Yolçu onlara yaxınlaşır. Qalayçı hər şeyi olduğu kimi danışr. Sonra da soruşur:
-Qardaş, sən Allah sən özün deginən, heç ağac camı da qalaylamaq olarmı?
Yolçu bir qalayçıya baxır, bir çobana baxır, bir də çobanın əlindəki zırpı çomağa baxır. Üzünü qalayçıya tutub deyir:
-Ay rəhmətliyin oğlu ta özünü niyə ölümə verirsən? Qalayla deyir, qalayla də!

MƏRASİM NƏĞMƏLƏRİ
Xırman

Xırman taxıl dərzlərini döyüb samandan çıxarmaq üçün ayrılmış sahədir. Adətən xırmanı külək tutan və hündür yerlərdə düzəldillər. Dərzlər daşınmamışdan bir neçə gün əvvəl bir münasib ərazi seçilir, həmin yer sulanır, bir-iki gündən sonra tapdanırdı. Sonra buranın torpağı ağac və ya daşdan düzəldilmiş kirkirə-vərdənə (xırman kötüyü-xırman daşı) ilə bərkidilir, daha sonra isə şaxdan, yaxud gəndalaşdan düzəldilən süpürgə ilə hamarlanırdı.
Köhnə xırman yeridirsə, oraya əl gəzdirilir, ot-alafı vurulub götürülür, sulanıb süpürülür, sahmana salınırdı. Beləcə taxıl döyümünə kimi xırman hazır olurdu. Bundan sonra dərzlər xırmana daşınır və döyülürdü.
Dən xırmanda bir qayda olaraq, heyvanlar vasitəsi ilə döyülürdü. Ən sadə döyüm üsulu bu idi ki, xırmana tökülən dərzlərin üstündən qaramalı-öküzü, kəli bir-birinə çataraq sürürdülər. Yaxud xırmanın ortasında əvvəlcədən iri, yoğun bir dirək basdırırdılar. Heyvanları həmin dirəyə bağlayıb onun ətrafında hərlədirdilər. Bu da taxılın döyülməsinə gətirib çıxarırdı.
Başqa bir döyüm prosesi isə qoşqu atları ilə aparılırdı. Belə ki, bir nəfər xırmanın ortasında duraraq atların boğazına ipi salıb xırman boyu dolandırır. Heyvanların hərəkəti taxılın dırnaqla döyülməsinə səbəb olur.
Döyülmüş taxıl sovrulub samandan ayrılırdı. Xırmançılar hava duranda yeli çağırmaq üçün "Yelbaba" çağırışlarını oxuyardılar:

Bulud, topa-topa gəl,
Dağdan qopa-qopa gəl.
Bulud, gəl ha bulud gəl!
Uşaqları ovut, gəl!

A yel baba, yel baba,
Əlçimimi sal, baba!
Duman gəldi çəkildin,
İsti düşdü, gəl, baba!

(ardı gələn sayımızda)

Toplayanı və çapa hazırlayanı
Faiq ŞÜKÜRBƏYLİ

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ