adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Şair Qulu Ağsəsi məhkəmədən necə xilas etməli?

ETİBAR CƏBRAYILOĞLU
55610 | 2018-06-15 00:20

Aqil Abbas mən də daxil olmaqla bir xeyli adama böyük yaxşılıq edib. Özü də indiki zamanda o xeyirxahlığı heç qardaş qardaşına eləməz. Aqil bəy yaxşılıq edib balığı dənizə atır, ola bilsin bəzi balıqların qanacaq problemi var, yaxşılığı başa düşmürlər. Amma Aqil Abbas ki, bilir...
Xeyirxahlıq limiti bitməyən dəyərli dostumuz son vaxtlar təzə adət tapıb. Həftənin tək və cüt günləri yazılarında ancaq Xalid Kazımlı ilə Elşad Paşasoydan sitatlar gətirir. O gün heç bilmirəm necə olmuşdusa başqa bir dostumuzu - şair Qulu Ağsəsi reklam eləmişdi. Özü də nəyi var... Şəxsən mən Qulu Ağsəsin yerində olsaydım Aqil Abbasın tərifin dolu kimi yağdığı o yazısından sonra ikinci dəfə fəxri ad almağı arzulamazdım.
Aqil Abbasın Qulu Ağsəsə bağışladığı həmin yazını oxuyan kimi çeçələ barmağımı dişləmişdim. Ürəyimə dammışdı ki, bu cur tərifli yazıdan sonra Qulu Tanrıya bəndəlik etməyəcək, "Burda mənəm, Pxenyanda Kim Çen In" - deyib yetənə yetəcək. Zarafatoloq-politoloq Mübariz Əhmədoğlu olmasam da, bu dəfə proqnozum düz çıxdı. Qulu Ağsəs aləmi vurdu bir-birinə.
Allah saxlamış əlinə qələm alıb təzə bir şeir yazdı. Qulunun atkeçməz işləri bununla bitsəydi nə vardı ki? Özünü bədii qiraət ustaları ilə bir sırada görürmüş kimi Qulu Ağsəs şeiri öz səsi ilə oxuyub votsapda mənə də göndərdi.

Yallar yaşılbaş sona,
Dərələr gölmüş kimi.
Quşlar pəsdən oxuyur,
Boğazı gəlmiş kimi...

Qulu Ağsəsin öz ifasında səslənən şeirinə yarıya qədər qulaq asan kimi həyəcandan məni tər basdı. Bir də inandım ki, Aqil bəyin tərifi şair dostumuzun ayaqlarını yerdən üzüb. Qulu Ağsəs elə bilir ki, Amerikanı Tramp yox, Abdal Gülablıda doğulan bu balacaboy şair idarə edir. Yoxsa şair Ekologiya və Təbii Sərvətlər Nazirliyinə "ilişməyə" cürət eləməzdi. Necə yəni quşlar pəsdən oxuyur, boğazı gəlmiş kimi-filan...
Şair, Aqil Abbas səni ona görə tərifləmədi ki, indiki çox həssas zamanda, nazirliyin rəhbərliyi yenicə dəyişilən bir dövrdə bu qurumun işini tənqid edəsən. İkincisi də, bizim məmləkətdə 8 Milli Park var, özünü öymək olmasın, onların çoxunu gəzmişəm. Qulu, amma onlardan birində də səni görməmişəm. Axı sən hardan bilirsən ki, quşlar niyə pəsdən oxuyur, boğazları gəlib, ya yox? Gül kimi quşlarımızı boğazı gəlmiş kimi təqdim etdiyinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi səni məhkəməyə çəksə cavab verə biləcəksənmi?
Məhkəmə iyi gələn şeirin növbəti hissəsini də dinləyirəm.

Dumanı şumlamağa
Bir xırman vəli ola.
Holavar çağırasan
Ağaclar dəli ola.

Bu da Aqil bəyin göylərə qaldırdığı Qulu Ağsəs... İndi də Kənd Təsərrüfatı Nazirliyini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "gözünə qatıb". Şair, olmadı da... 1500 nəfərdən çox əsgər və zabiti olan Yazıçılar Birliyi sənə o boyda "Ulduz" jurnalı etibar edib. Bu qədər şair, yazıçının qələmə sarıldığı gözəlim məmləkətdə jurnalı həftəlik yox, aylıq güc-bəlan ilə dərc edirsən. Lakin iddian yerə-göyə sığmır, dumanı şumlamağa girişmək istəyirsən. Bəs sən bilmirsən ki, şum məsələsinə Kənd Təsərrüfatı Nazirliyi baxır?
Hələ könlündən bu istidə holavar çağırmaq da keçir. Holavar bir yana dursun, bu nədir, yazmısan ki, ağaclar dəli ola? Təkcə elə bu misrana görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi sənə məhkəmə davası açar, onda bilərsən ki, ağaclarımızı dəli kimi görmək istəmək nə deməkdir.
Səni birinci gün deyil ki, tanıyıram, Qulu Ağsəs... Məhkəmə adı eşidən kimi Aqil Abbası, Rəşad Məcidi, Rey Kərimoğlunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinə minnətçi göndərəcəksən. Elə mən özüm də mübahisənin məhkəməyə qədər gedib çıxmasını istəmərəm. Hər halda səninlə bir yerdə yarım ton söz yemişik. Ekologiya və Təbii Sərvətlər Nazirliyindəki dostlarımızdan sənin xahişini edərəm. Amma bəs Kənd Təsərrüfatı Nazirliyinin məhkəmə iddiası necə olsun? Qulu, axı mənim ASAN Xidmətdə çalışan dost-tanışım yoxdu. Təzə şeir yazanda bunları nəzərə al. Oldumu, qaqa?

TƏQVİM / ARXİV