adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

ACLIQ

FƏRİDƏ RƏHİMLİ
44108 | 2018-06-14 15:04

Dövlətimiz dünyəvi dövlət olsa da, İslam dini inanclarının daşıyıcıları əksəriyyət təşkil etdiyi üçün dini dövlət də sayıla bilər. Yəni, bu rəsmi şəkildə belə qeyd olunmasa da, dünyəvilik, tolerantlıq, beynəlmiləlçilik qabardılsa da, əslində Azərbaycanın islam ölkəsi olduğuna şübhə ola bilməz. Çünki, əhalinin çox hissəsi dini inanclara riayət edir və kimdən dini mənsubiyyətini soruşsan, - Əlhəmdüllillah, müsəlmanam! - deyir.

Əslində necə müsəlmanıq? Dinimiz insanlarımız arasında necə təbliğ olunur? Çoxlarının düşündüyü kimi müsəlman doğulmuşuqsa, müsəlman sayıla bilərikmi? Bir məşhur deyim var: Şərqdə İslam var, müsəlman yoxdur, Qərbdə müsəlman var, İslam yoxdur. Bu ifadəyə etirazlar oluna bilər, yanlış adlandırmaq da olar, amma bunu öz anladığım mənada belə izah edərdim ki, qərbli xristian İslamı dərindən oxuyub öyrənir, bu dinin gözəlliklərinə valeh olur, şərtlərini dərindən öyrənir, sonra islamı qəbul edir və əsl müsəlman olduğuna heç bir şübhə yeri qalmır. Bir də var doğulduğun ailə müsəlman ailəsidir deyə özünü müsəlman hesab edəsən və heç bir dini qaydalara əməl etmədən yaşayasan...

İki Quran ayəsini əzbərləyib məclislərdə "mollalıq” etmək adət halını alıb. Heç bir dini təhsili olmadan, dini biliklərə yiyələnmədən məclislərdə qadınları "ağladan” vəzifəsini yerinə yetirən bəziləri sonradan bir neçə ərəbcə sözlər, bir neçə surə, ayə əzbərləyib, rahatlıqla yas məclislərini idarə etməyə başlayırlar. Hətta hissə qapılaraq özlərini o qədər dinili-imanlı hesab edirlər ki, məclisdəki qadınların üstünə qışqıraraq, başını bağlamasını, söylədiyi nohələrə, ilahilərə qoşulmasını, "aktiv olmasını” tələb etməkdən də çəkinmirlər. Vay o gündən ki, məclisdə həqiqətən dini təhsili olan bir qadın olsun və yavaşca ona yaxınlaşaraq oxuduğu, tutaq ki, Həmd və ya İxlas surəsini yanlış ifadə etdiyini pıçıltıyla onun qulağına söyləsin. Onda şivəni görərsən. Pıçıltıyla deyilən sözə həyasızcasına reaksiya dinimizdə bəyənilməyən bir şey olduğundan xəbəri belə yoxdu.

Buna nail ola bilməyən bəziləri isə məscidlərdə oturaraq, yeni namaza gələn gənc qızlara hegemonluqlarını göstərmək iddiasında olurlar. Məsələn, məscidə maraqla gələn başıaçıq qız addımını içəri atmamış bu döymə-tatuaj qaşlı "dindar xanımlar” hikkə ilə az qala ölüm fərmanı verməyə hazır olurlar. Hicabın əhəmiyyətindən, dinimizdə qadınların hicablanmasının vacib olduğundan elmi-dini biliklə deyil, cahilcəsinə danışır, guya təbliğat apardıqlarını, Allah yolunda könüllü fəaliyyət göstərdiklərini gözə soxmağa çalışırlar. O qızsa nəinki bir daha məscidə gəlmir, hətta dinə nifrət edir belələri ucbatından.

İslam dininin gözəlliklərindən biri insana sevgi, bir-birinə mehribanlıq, xoş münasibət, səmimiyyətdir. Hətta bir təbəssüm belə, sədəqə sayılır. Elə isə paylayaq bu sədəqəni hər kəsə, maddiyat deyil ki, qısqanclıqla, xəsisliklə xərcləyək!

Hər kəsin bir-birinə yaxınlaşan zaman salam verməsinin vacibliyi dinimizdə vurğulanır. Salam sülh və əmin-amanlıq deməkdir və bu, müsəlmanlararasında görüşərkən istifadə olunan ifadədir.Əs-SəlamAllahınadlarından biridir - sülh, əmin-amanlıq bəxş edən mənasını daşıyır.Müsəlmanlarrastlaşdıqda, görüşdükdə biri digərinə "Əs-Səlamu əleykum" (Allah sizə salamatlıq bəxş etsin!) deməklə Allahdan ona salamatlıq, əmin-amanlıq, firavanlıq bəxş etməsini diləyir. İslamdasalam verməkmüstəhəb, salamın cavabını almaq isəvacibdir. Bəzən küsülü olan iki insandan biri digərinə salam verirsə, ikinci almağa məcburdur, almırsa, özün özünə salamın cavabını verirsən və savabı da özünün olur. Biri salam verdikdə cavabı ən azı onun salam verdiyi miqdarda qaytarmaq lazımdır. Bu barədəQurani-Kərimdə buyurulur: "Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır"."Səlamun əleykum", yaxud "Əs-Səlamu əleykum" deyə salam verildikdə cavabını ən azı "Əleykum əs-Səlam" (Sizə də Allah sülh və əmin-amanlıq bəxş etsin!) kimi almaq lazımdır. Daha yaxşı olar ki cavabı "Əleykum əs-Səlam və rahmətullah" (Allahın salamı və rəhməti sizin də üzərinizə olsun!) yaxud "Əleykum əs-Səlam və rahmətullahi və bərakətuh" (Allahın salamı, rəhməti və bərəkəti sizin də üzərinizə olsun, kimi səslənsin. Bu cümlələr dindən uzaq insanala hətta gülməli gələ bilər ki, bir kəlmə salam deməkdənsə bu qədər uzatmanın nə mənası var. Amma əminəm ki, hər kəs Allahın salamı, rəhməti və bərəkətinin üzərinə olmasını istər.

Qare, hafiz olmasam da, dini biliklərim var, ərəb əlifbasını öyrənməyə cəhd göstərirəm, dini ayinləri yerinə yetirirəm. Çox bilməsəm də, bildiklərim şeylər var. Dinimizdə bir qayda var: qarşındakı insan yanlış edirsə, onu uyarmaq, yanlışından xəbərdar etmək borcundur. Sən söylədikdən sonra günah səndən gedir. O gün məsciddə bir qadın mənə yaxınlaşaraq qəzəblə üzümə baxdı və "sən namazı düzgün qılmadın”, dedi. Düzü, onun sifət quruluşuna və bu mənasız qəzəbinə gülməyim tutdu ki, bu da qadını daha da əsəbləşdirdi (Düzgün qıldığıma tam əmindim və yenicə məscidin axunduyla müxtəlif mövzularda söhbət etmişdik- F.R). Qadın qəzəbini boğmayaraq: Mən müsəlmanam və mənim borcumdu ki, yolundan çıxanları yoluna döndərim (Facebook olsaydı burda ha-ha işarəsi qoyardım)!!!


Bu gün  müqəddəs Ramazan bayramıdır. İnanclı, inancsız əksəriyyət bir ay oruc tutduq. Din-imanla oruc tutan da oldu, boşuna ac qalan da. İnancsız oruc tutan heç olmasa, aclığın nə olduğunu bilmiş oldu və yaxınındakı kasıbın nələr çəkdiyini öyrənmiş oldu. Bəlkə də bu, insafa gəlmə ilə elə, dinə gəlmək üçün bir yol olacaq!

Allah tutduğunuz orucu, qıldığınız namazı, etdiyiniz duaları qəbul etsin! Amin! Ramazan bayramınız mübarək!Bircə şey əlavə edim ki, biz özümüzdən varlılara baxmayaq ki, hərislik qəlbimizə yol tapmasın. Hz. Peyğəmbər (s): "Xoş olsun o kəsin halına ki, mənəvi cəhətdən İslam dininə yönləndirilmişdir. Maddi cəhətdən kifayət qədər ruzisi var və onunla qane olmuşdur”. Ona görə də deyə bilərik ki, bu fani dünyada həyatımızı maddi şeylər əldə etməyə sərf etməyək. Çünki yaradılışımızın hədəfi bu deyildir. Əgər əlimizdə olana qane olsaq, bizim üçün həm dünyada və həm də axirətdə daha faydalıdır. Ona görə də maddi cəhətdən özümüzdən daha kasıb olanlara nəzər salıb, özümüzü onlarla müqayisə edək, nəinki bizdən maddi cəhətdən varlı olanlarla. Amma özümüz də anlaya bilmirik ki kimik, nəyik




TƏQVİM / ARXİV