adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: NAXÇIVANDA AÇDIĞIM SƏHƏR - ALTINCI YAZI

ƏBÜLFƏT MƏDƏTOĞLU
60935 | 2018-06-14 14:57
Bayırda nəfəs dərmədən ələnən gürşadın səsi «Gənclik» kafesinin içərisində də eşidilir. Səhərin ilk müştərisi olduğumdan kafenin işçiləri demək olar ki, hamısı diqqətlərini mənə yönəldiblər. Hiss ediblər ki, qəribəm. Dilli-dilavər bir oğlan yaxınlaşır mənə. Tanış oluruq. Adı Zakirdi. Bu kafedə yenicə başlayıb işləməyə. Deyəsən adminstratordu. Onun səmimiyyəti, ümumiyyətlə bu kafenin içərisindəki aura diqqətçəkəndi. Mən də bundan istifadə edib ərklə deyirəm:

- Naxçıvan nemətləriylə bir səhər yeməyi keçir könlümdən.

Bu təklifimi Zakir də səmimi qarşılayır. «Heç bir problem yoxdu»- deyir. Süfrəyə pendir, çay gəlir öncə. Əlavə nə sifariş edəcəyimi soruşurlar. Bəs edər» deyirəm. Və Zakirlə söhbət zamanı öyrənirəm ki, mətbuatla, televiziya ilə bağlı gənclərdəndi. Üstəlik, qardaşı da torpaqlarımızın qorunması uğrunda döyüşlərdə qəhrəmanlıq göstərənlərdən, səngərdə düşmənə «dərs» verənlərdəndi. Elə bu söhbət zamanı mobil telefonuma zəng gəlir. Artıq dostlar məni axtarmağa başlayıblar. İlk zəng Hüseyn Əsgərovdandı. Salamlaşırıq. Harada olduğumu soruşur. Otelin yaxınlığında olduğumu söyləyirəm. O da otelin digər bir istiqamətində dayandığını vurğulayır. Dərhal səhər yeməyinin haqq-hesabını verib Hüseynin dayandığı yerə tərəf yönəlirəm. Bəli, bu da xeyli vaxtdı ki, görüşmədiyim dəyərli həmkarım, dostum, gözəl yazıçı-publisist, həm də şuxluğu ilə həmişə məndə və dostlarımda xoş ovqat yaradan Hüseyn Əsgərov! Görüşürük, hal-əhval tuturuq. Yenə özünəməxsus aurasında olan Hüseyn qardaşım məni bir balaca danlayır və oruc tutduğu üçün birlikdə çox ola bilmədiyimizə görə üzrxahlıq edir. Bir-birimizin yazı-pozusu ilə maraqlanırıq. Hüseyn yenicə işıq üzü görmüş kitablarını mənə bağışlayır və bir də həyətinin ilk nübarı olan meyvələrdən nəvələrim üçün hazırladığı payı göstərib deyir:

- Bunu uşaqlara çatdır. İnşallah, özləri gəlib paylarını burda dərib doyunca yeyərlər…

Açığını deyim ki, bu diqqət könlümü bir az da yuxaldır. Hiss edirəm ki, sayğı, münasibət öz təsirini göstərir. Burada məsələ heç də hansısa bir payı, hədiyyəni qəbul etməkdən getmir. Və təbii ki, Naxçıvana səfərimdə məqsəd nə bu paydı, nə də hədiyyə. Amma diqqət tamam fərqli bir şeydi. Bunun üçün Hüseyn qardaşıma bir daha təşəkkür edirəm. O, işə tələsir. Mən isə onun gətirdiyi payı dostlardan birinin maşınına yerləşdirib Naxçıvanın nə vaxtdan bəri adını eşidib ziyarət edə bilmədiyim «Qızlar bulağı»na tərəf tələsirəm…

Bəli, qəribə bir məkandır bu «Qızlar bulağı». Parkdan üzüaşağı düşdükcə gözlərimin önündə Şuşanın qırxpilləkəni canlanır. Pillələri endikcə hər qatda havanın da dəyişkənliyinin təsiri hiss olunur. Lap aşağı enirəm. Gözümün önündə ovulmuş, kahaya bənzəyən bir mənzərə açılır. Bu kaha ansamblın fonunda «Qızlar bulağı» məndə elə bir duyğu yaradır ki, sanki tükdən də nazik, hörümçək sapı qədər diqqətçəkən nazik su axını ələyin gözlərindən üzüaşağı axır. Arası kəsilmədən süzülən bu suların altına ovcumu tuturam. Buz kimidi. Bir azdan ovcum dolur. Suyu içməyə tələsmirəm. Mənə elə gəlir ki, indiki anda daşların arasından qayanı yarıb gələn bu suyu içməkdən çox, onu öpmək, ona səcdə etmək lazımdı. Çünki bu naziklikdə suyun o sərt daşları necə dəlməsinin özü bir möcüzədi.

Doğrudu, burada suların axıb bir yerdə birləşdiyi, bulağa çevrildiyi yer də var. Mən həmin o gözü də seyr edirəm. Amma mənə daha çox eləcə sap kimi üzüaşağı sızıb gələn sular və onun həzin pıçıltısı daha xoş gəlir. Hətta məndə, bulaq başında tellərini meh darayan bir gözəlin saçını da xatırladır. Bəlkə də burada bir sirr, bir möcüzə var. Bilmirəm, amma mənim üçün bu «Qızlar bulağı» doğrudan-doğruya yaddaqalan bir gözəl yer oldu. Elə ona görə də ovcumdakı suyu içməmiş ürəyimdən gəlib keçdi ki, deyəm:

Adını eştimişdim
Gəlib özünü gördüm…
Daşların arasından
Gülən gözünü gördüm –
Qızlar bulağı…

Pıçıltın şeh səsidi
Həzin bir meh səsidi…
Ünvanın görüş yeri
Mən aşiqin bəsidi –
Qızlar bulağı…

Gedənlər dönür sənə,
Pillələr enir sənə…
Ovuc açdım önündə
Atəşin sinir mənə –
Qızlar bulağı…

O, könlümdə mənimlə
Dolaşır addım-addım…
Burda da qoşalaşır
Sevgimlə mənim adım –
Qızlar bulağı…

Ürəyi alıb ələ
Gəlmişəm demə, belə…
Qonaqlarına mənim
Sevgimdən nağıl elə –
Qızlar bulağı…

Bəli, bulağın ətrafındakı həmin o kaha formalı yerlərə bir maraqla, həm də bir az nəyisə öyrənmək istəyi ilə baxıram. Kahanın tavanına əlimi çəkirəm. Çox sərtdi. Amma bu sərtlik adamın əlini incitmir, göynətmir. Görünür, yerin adı, ünvanın özü incə olduğından daşlar da, qaya parçası da ruh oxşayır, könül sevindirir. Düşdüyüm pillələrlə yuxarı qalxıram. Yanılmıramsa, ikinci döngədən sonra burada o mənzərəni tamamlayan bir çay evi var. Düşünürəm ki, Qızlar bulağının suyundan dəmlənmiş bir stəkan çayı içmədən burdan getmək günah olar. Belə də edirəm. Çay gətirilir, özü də qoz mürəbbəsilə. Qiymət də o qədər baha deyil. Paytaxtla müqayisədə havayıdı. Mən ətrafı yaddaşıma, gözümə köçürə-köçürə təəssüratlarımı ürəyimə yaza-yaza çox məharətlə dəmlənmiş bu çayı tələsmədən içirəm. Təyyarənin vaxtına hələ üç saat var. Üstəlik, dostları da işdən ayırmamaq əsas şərtdi…

Bəli, Naxçıvana bu dəfəki səfərimdə cəmi bir gün və bir neçə saat vaxt tapa bildim. İllərdən, aylardan, həftələrdən qopartdım onu. Düşünürəm ki, bu, bir yazı adamı kimi söz qazancım, bir vətəndaş kimi görüb şahid olmaq haqqım, bir insan kimi səyahət hüququm və nəhayət, bu torpağa xüsusi marağı, istəyi olan adam kimi ziyarət şərəfim idi. Bunu mənə Tanrı nəsib etdi!..

Hə, saata baxıb çay evindən pillə-pillə üzüyuxarı qalxıram. Düşünürəm ki, Naxçıvana gəlib onun bazarına baş çəkməmək hardasa qüsur sayıla bilər. Üstəlik, bazarda alış-veriş etməkdən daha çox ordakı reallıqları görmək olduğun yer haqqında adamda əlavə təəssüratlar yaradır. Yəni, alış-verişin özü həmin məkandakı alıcılıq qabiliyyəti ilə yanaşı, adamların tələbatlarını da, istəklərini də büruzə verir, ehtiyaclarını da göstərir. Bax, bu şərtləri daha vacib saydığımdan gəzə-gəzə Naxçıvan bazarına gəlib çatıram. Təbii ki, yolboyu hər səfərimdə diqqətimi çəkən məqamlar yaddaşımda təzələnir. Və mən xüsusi olaraq vurğulamaq istəyirəm ki, Naxçıvan şəhərindəki inzibati binaların demək olar ki, hamısının görünüşü ürəkaçan, göz oxşayandı. Bu binaların arxitekturası müasirliklə milliliyin ortam bəhrəsidi, yəni istər Vergilər Nazirliyinin, istər Ədliyyə Nazirliyinin və yaxud, Səhiyyə Nazirliyinin, eləcə də digərlərinin binaları Avropa stili ilə yanaşı, Azərbaycan memarlığını da ifadə edə bilir. Tam səmimi deyəcəm, burada görüdyüm həmin o binaların ətrafında yaradılmış gözəlliyin özü də adamda xoş əhval yaradır. Xüsusilə, mənim yaddaşımda Naxçıvanın Statistika İdarəsinin binası öz qeyri-adiliyilə qaldı. Və mənim o binaya olan bir marağım geriyə dönüb təkrar onu müşahidə etməyə həvəsləndirdi…

Təbii ki, Naxçıvanda hələ ötən səfərimdə ziyarət etdiyim Hüseyn Cavid əfəndinin, Möminə Xatunun müqəddəs ünvanlarını bu dəfə də unutmamışdım. Onları atüstü də olsa seyr etmək, böyük Cavid əfəndinin ruhuyla bir anlıq baş-başa qalmaq şərəfini əldən buraxmadım…

Beləcə, gəzə-gəzə gəlib çıxdım Naxçıvan bazarına. Bütün bazarlarda olduğu kimi, burada da hər kəs öz işindəydi. Yadıma atamın bir sözü düşdü. Rəhmətlik deyirdi ki, bazarda alan aldanır, satan aldadır. Bilmirəm, bu deyim, bu ifadə Naxçıvan bazarına nə qədər şamil ola bilər, amma alış-veriş olan yerdə alıb-aldatmaq məncə qaçılmaz bir gerçəklikdi. Elə ona görə də bazarı başdan-başa gəzirəm. İstənilən tərəvəz növləri, meyvələr boldu bazarda. Bazarın sənaye və ərzaq məhsulları satılan bölmələri də var. Düşünürəm ki, Naxçıvana gəlib Naxçıvan duzu almadan Bakıya dönmək heç də yaxşı hal deyil. Belə də edirəm. Satıcıdan bir kiloqram narın şəkildə üyüdülmüş Naxçıvan duzu alıram. Özü də duz qiymətinə, yəni bir manata. Düşünürəm ki, süni yolla, yəni texniki üsulla yodlaşdırılmış Masazır gölünün duzundansa, süfrədə Naxçıvan duzunun olması daha məsləhətlidir.

Bəli, dostlar yığışıb, sağolaşmaq məqamıdı. Asim müəllim, Əbülfəz Ülvi Bakıdakı dostlara salam göndərirlər. Görüşün atüstü olmasından o qədər də razı qalmadıqları hiss olunur. Amma mən zamanın darlığına baxmayaraq, dostlarımın bu boyda sevgisinə, diqqətinə layiq görüldüyümü xüsusi fəxarət hissilə dilə gətirirəm. Və bildirirəm ki, onların varlığı, ümumiyyətlə isə Naxçıvanın bugünkü durumu mənim üçün çox önəmli və yaddaqalandı. Çünki mən bu şəhərdə özümü dünyanın ən möhtəşəm ünvanlarından birində hiss etdim. Bir qonaq, bir müsafir kimi gördüm və inandım ki, Naxçıvan dünya şəhəridi. Bunu etiraf etmək lazımdı! Elə ona görə də:

Hər gəlişim ziyarət,
Hər görüşüm şərəfdi.
Dilmidə həm nəqarət,
Həm də özəl tərəfdi –
Naxçıvan!

Oymaq-oymaq dolaşıb
Bulaq-bulaq içirəm.
Yağışına bulaşıb
Mehindən don biçirəm –
Naxçıvan!

İçimdə qəm əridir
Qovuşduğum hərarət.
Doğmalığın sirridi
Səndəki bu məharət –
Naxçıvan!

Yenilməzsən, həm də mərd
Vətən səndə öncədi!
Kökü üstə sərtdən sərt
İncədən də incədi –
Naxçıvan!

… Bu da Naxçıvan Beynəlxalq Hava limanı… bu da 256 saylı Naxçıvan-Bakı reysi ilə havaya qalxacaq təyyarə… Bu da mən, Naxçıvana «hələlik» deyən bir söz adamı…



TƏQVİM / ARXİV