adalet.az header logo
  • Bakı 19°C
01 Iyun 2018 00:26
34064
LAYİHƏ
A- A+

"Xurcun" folklor guşəsi

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)

Bir gecə yarısı Araz çayı qızmış aslana dönür, aşıb-daşır, qabağına çıxan evləri və canlıları ağzına alıb aparır. Şəhərdən əsər-əlamət qalmır. Yalnız təsadüf nəticəsində qoca bir qarı selin ağzından yayınıb xarabaya dönmüş dəyirmanın daşına ilişib qalır.
Hadisənin səhərisi günü qoca qarı bu dəhşətli mənzərəni görüb ah çəkir və yanıqlı-yanıqlı bir bayatı çağırır:

Dəyirmanın püskünə,
Çaxçaxına, püskünə,
Elim-obam qırıldı
Mənsə qaldım pis günə.

Otuzikilər
I mətn

Rəvayətə görə, monqollar Azərbaycana gələnə qədər qarşılarına çıxan yaşayış məntəqələrini asanlıqla tutur və əhalini çapıb-talayırdılar. Heç bir şəhər və yaxud kənd əhalisi təpədən-dırnağa kimi silahlanmış monqol ordusuna müqavimət göstərə bilmir, yaxud müqavimət göstərməyin yersiz olduğunu düşünərək könüllü surətdə onlara təslim olurdular. Dişlərində şirə yeri qalan monqol ordusu Azərbaycanın Mil-Muğan əyalətinə hücum edərkən gözləmədikləri dirənişə rast gəlirlər. Monqol hökmdarı döyüşü dayandırır və öz kəşfiyyatçılarına əmr verir ki, öyrənib görsünlər onlara müqavimət göstərən qüvvələrin sayı nə qədərdir. Kəşfiyyatçılar qısa müddətdə əmri yerinə yetirib xanın hüzuruna gəlir və bildirirlər ki, bəs qarşı tərəfdəkilər cəmi-cümlətani 32 nəfərdir. Xan qəzəblənir, ordubaşına deyir: "Yüz atlı götür, o kəndi yerlə-yeksan edin, o yaramazları isə mənim hüzuruma gətirin!"
Atlılar irəliyə şığıyırlar. Çox gərgin və qanlı vuruş başlayır. Bir neçə saatlıq döyüşdən sonra yerli sakinlərin döyüşçülərinin hamısı öldürülür. Düşmənlərdən isə beş-altı nəfər yaralı halda sağ qalır. Bu xəbəri eşidən xan heyrətini gizlədə bilmir: "32 nəfərin cəsarətinə bax! Bir də mən belə qələbə qazansam, çoxlu əsgərlərimi itirməli olacağam!"
O vaxtdan da bu yaşayış məntəqəsinin adı Otuzikilər adlanır. Deyirlər ki, bu vuruşdan sonra monqol xanı ehtiyat edərək Mil-Muğan əyalətindən yan keçir və üz tutur cənuba sarı.

Otuzikilər
II mətn

Monqolların Azərbaycana hücum edəcəyini eşidən Mil-Muğan əyalətinin hökmdarı tabeliyində olan yaşayış məntəqələrinin ərlərini-ərənlərini bir yerə yığıb məşvərət keçirir. Deyir:
-Düşmənlər ətraf əraziləri işğal edərək irəliləyirlər. Onlar gələnə kimi biz tədbir görməliyik! Biz düşmənləri Aran ağzında qarşılamalıyıq. Biz onlarla kişi kimi vuruşmalıyıq. Əgər düşmənlərin qabağında qətiyyətsizlik göstərib geri çəkilsək, bizim üçün ayıb olar. Ona görə ki, arxamızdakı bizlərə güvənən ana-bacılarımız, colma-cocuqlarımızdır. Biz geri çəkilsək, qız-gəlinlərimiz düşmən əlinə keçəcəkdir. Namərdlərin əməllərini görüb əsir götürülənlərdən xəcalət çəkməli olarıq. Yaxşısı budur ki, biz ölənə kimi vuruşaq. Əgər biz ölsək, ana-baçılarımız qarşısında xəcalətli olmarıq. Ölünün nəyi utanar axı!
Hökmdar sözünü tamamlayaraq üz tutur məşvərət iştirakçılarına:
-Bu döyüş könüllüdür, məcburiyyət yoxdur. Məcbur edilənlər və qorxaqlar bizi də yarı yolda qoyub qaçarlar. Vuruşmağa hazır olanlar sabah sübh tezdən buraya toplaşsınlar".
Səhərisi günü əyalətin 32 obasından onlarla yaraqlı igid vəd verilən yerdə hazır olur. Deyirlər ki, həmin vaxtdan da məşvərətin keçirildiyi və igidlərin toplaşdığı yer 32 obanın igidlərinin şərəfinə Otuzikilər adlanır.
Məzrəli

İmişli rayonunda Mil-Muğan düzənliyində qərarlaşan kəndlərdən biri belə adlanır. Vaxtı ilə bu ərazilərdə yaşayış olmamışdır. Bu ərazi ətraf yerlərdə yaşayan insanların əkin yeri olmuşdur. İnsanlar burada yalnız əkinçiliklə məşğul olur, gecələr isə öz yerlərinə gedirdilər. Kəndin adı da buradan götürülmüşdür: Məzrəli-yaşayış olmayan əkin yeri.

Buludlu kəndi

Buludlu tayfası əvvəlcə Muradxanlı, Əlipənahli, Tanrıqulular və Ağamallar kəndləri ilə birlikdə Muradxanlıya bağlı olmuşdu. Sonralar bu yaşayış məntəqələri, eləcə də Buludlu tayfası böyüyüb həmin tayfalardan ayrılmalı olur. Onların bu fikrini o biri kəndin bəzi şəxsləri bəyənmir və bu tayfanın ayrılmasına əngəl törətmək istəyirlər. Lakin buludlular dedidlərindən dönmür, düşəcəkləri yurdu dəqiqləşdirmək istəyirlər. Tayfanın ağsaqqallarının və ağbirçəklərinin məsləhəti ilə onlar indiki ərazidə yurd salırlar. Yeni yaranmış kənd müəyyən çətinliklərlə üzləşir. Sahələr əkilir, arpa, buğda səpilir. Təsadüfən o il hava çox isti keçir. Bərk quraqlıq olur. Əkin sahələri susuzluqdan alışıb-yanmaq təhlükəsində qalır. Əkinçilər bir yerə toplaşıb öləziyən taxıl zəmilərinə baxıb köks ötürürlər. Kəndin ağsaqqalı camaatın üzüntülü baxışlarını görüb deyir: - Qəm etməyin, Allah adildir, sizin bu əziyyətinizi yerdə qoymaz, inşallah!
Çox keçmir ki, göyün üzünü qara buludlar alır, ildırımlar şaqqıldayır, sonra isə güclü yağış başlayır. Susuzluqdan alışıb-yanan sahələr dirçəlir, cadar-cadar olmuş torpağa həyat verilir.
Sabahısı günü kənd camaatı gözlərinə inanmır; kənd yaşıllıqlar içində itib-batırdı, taxıl sahələri, o cümlədən də çöl-bayır yamyaşıl libasını geyinmişdi.
Deyirlər taxıl zəmiləri bar verənə qədər kənd ərazisinin başının üstündə bir topa bulud cövlan edir, tez-tez yağış yağır və camaatı bu sıxıntıdan qurtarır. Həmin vaxtdan da kəndin adı Buludlu çağırılır.

Muradxan, Əmirxan və Bağır əhvalatı

Deyirlər Muradxan, Əmirxan və Bağır dost-doğma qardaşmış. Muradxan evin böyüyü, Əmirxan ortancılı, Bağır isə sonbeşiyi imiş. Onlar valideynlərinin sağlığında şad-xürrəm dolanır, mehriban yaşayırdılar. Elə ki, ata-ana dünyasını dəyişdi, qardaşlar arasında da münasibət korşalmağa başladı.
Bu isə qan düşmənçiliyi ilə nəticələndi. Belə ki, atalarından qalma torpağı aralarında bölüşdürə bilməyən qardaşlar arasında mübahisə düşür. Mübahisə get-gedə qızışır və əlbəyaxa döyüşə çevirilir. Muradxan qardaşların içərisində ən güclüsü imiş. Əmirxanla Bağır birləşib Muradxanı susdurmaq istəyirlər. Bu mənzərəni seyr edən Muradxanın oğlu qoşalülə tüfəngi götürüb havaya atəş açmaq və bu davanı yatırtmaq istəyir. Açılan güllə Əmirxanın oğluna dəyir və onu öldürür. Bununla da qardaşlar arasında qan düşmənçiliyi şiddətlənir və onlar bir-birindən aralanırlar. Hərəsi atalarının torpaqlarının bir tərəfində məskən salırlar. Muradxanlı, Əmirxanlı, Bağırlı kəndləri belə yaranır.

Çahar kəndi

Deyirlər bu kənddə əvvəlcə dörd ev olub. Oba əhli bir-biri ilə qohum olan dörd nəslin sakinləri idi. Onlar əkinçiliklə və maldarlıqla məşğul idilər. Bu dörd ailənin saysız-hesabsız qoyun sürüləri, mal naxırı, at-dəvə sürüləri vardı. Çox zəngin yaşayırdılar.
Bir dəfə İrandan Arazı adlayıb gələn qaçaq-quldurlar bu insanların mal-qoyununu görüb təəccüblənirlər:
-Çahar evə bax, sərvətə bax!
O vaxtdan da bu yer Çahar adlanmağa başlaylr. Çahar fars dilində dörd deməkdir.

Bir bayatının tarixçəsi

Monqol xanı Batı xan irəliləyərkən qarşısına çıxan adamları da əsir alır və döyüşçülərinin ərzağını, pal-paltarını, silah sursatları onlara daşıtdırırmış. O, Muğandan keçərkən çöldə əkin əkən bir rəncbəri də dəstəsinə qoşur. Onu silah-sursatla yükləyib qabağına qatır və yoluna davam edir.
Əli hər yerdən üzülən rəncbər başına gələnləri ailə-uşağına çatdırmaq üçün Muxurtəpədən keçərkən gözü bir iri qara daşa sataşır. O, həsrətlə daşa üz tutur və sızıldaya-sızıldaya bir bayatı çəkir:

Apardı Batı məni,
Qul edib satı məni.
Yollar uzun, mən yorğun,
Öldürür çatı məni.

LƏTİFƏLƏR-RƏVAYƏTLƏR

Gözətçinin yuxusu

Bir gün Şah Abbas Mil-Muğan düzündə olarkən öz yaxın adamları ilə Araz qırağı meşəyə gəzintiyə çıxmaq istəyir. Bu zaman gözətçi gəlib deyir:
-Padşah-aləm sağ olsun, siz bu gün səyahətə çıxmayın.
Şah Abbas təəccüblə soruşur:
-Nə üçün, gəda?
Gözətçi qayıdır:
-Mən bu gecə yuxumda gördüm ki, siz səyahətdə olarkən, meşədən bir bədheybət vəhşi çıxıb sizin üstünüzə cumur və hamınız o vəhşi heyvanın qurbanı olursunuz.
Sabahısı gün Şah Abbas özü səyahətə çıxmır, amma adamların icazə verir ki, onlar gəzintiyə çıxsınlar. Günortaya yaxın Şah Abbasa xəbər çatır ki, bəs doğrudan da meşədən hələ heç kimin tanımadığı bir vəhşi heyvan çıxıb və onun adamlarının hamısını məhv eləyib.
Şah Abbas bu xəbəri eşidən kimi gözətçini yanına çağırtdırır və onun boynunu vurdurur. Niyə?
Deyir ki, gözətçi gecələr yatmamalıdı. Sən yatmısan ki, belə də yuxu görmüsən.

(ardı gələn sayımızda)

Toplayanı və çapa hazırlayanı folklorşünas-etnoqraf
Faiq ŞÜKÜRBƏYLİ

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ