adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 May 2018 09:22
34308
LAYİHƏ
A- A+

"Xurcun" folklor guşəsi

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Xoş gördük, möhtərəm oxucular!
Elimizin-obamızın nə çoxdur söz yatırı. Nənələrin, babaların sinəsindən qopub gələn el hikmətlərini bir yerə yığmaq üçün əlimizə dəmir əsa alıb, ayağımıza dəmir çarıq geyinərək, altdan geyinib üstən qıfıllanıb, üstən geyinib altdan qıfıllanıb oba-oba, oymaq-oymaq dolaşırıq. Amma hardasa yenə də bir ocaq başı sirli qalır, hardasa bir bayatı nənədən, nağıl babadan xəbər tuta bilmirik. Bu belə də olmalıdır. Çünki xalq ədəbiyyatı qaynar bulaqdır. Min illərdir ki, suyunu bir qətrə belə azaltmadan axır, axır...
...1993-cü ildə təcavüzkar Ermənistanın işğalçı ordusu Azərbaycanın Qarabağ bölgəsini işğal edəndə İmişli rayonuna pənah gətirən məcburi köçkünlər üçün bir neçə çadır şəhərcikləri salındı, fin evləri quraşdırıldı. Qaçqınlar və məcburi köçkünlər bu çadır və fin şəhərciklərində sığınacaq tapdılar. Yeri gəlmişkən deyim ki, İmişli rayonunun əhalisi doğma yurd-yuvalarından didərgin düşən bu insanları mehribanlıqla qarşıladılar, onlara diqqət və qayğı ilə yanaşdılar. Bu cür insani münasibətə görə İmişli əhlinə təşəkkür borcumuz var.
Belə ağır günlərdə mən də ailə üzvlərimlə birlikdə əvvəlcə Qızılkənd kəndindəki uşaq bağçasında, sonra isə kəndin yaxınlığındakı 2 saylı çadır şəhərciyində məskunlaşdım. Bir neçə ay çadır şəhərciyində yaşadım, sonra Bakı şəhərinə köçdüm.
Amma qohumlarımız İmişli rayonunun bir sıra kəndlərində və bu ərazidə salınan çadır şəhərciklərində, fin evlərində yaşadıqları üçün mən onlara baş çəkmək üçün mütəmadi olaraq onların məskunlaşdıqları yerlərdə oldum. Olduğum yerlərdə yerli sakinlərlə, xüsusilə də yaşlılarla görüşüb kəndlərinin tarixi, etnoqrafiyası, folkloru, əhalinin məişəti, məşğuliyyəti, təsərrüfat həyatı haqqında söhbət salıb, eşitdiklərimi ağ vərəqlərə köçürdüm. İndi həmin qeydləri nəzərdən keçirəndə gördüm ki, burada xeyli folklor örnəkləri, etnoqrafiya ilə bağlı bilgilər vardır.
Mən vaxtı ilə topladığım bu xalq incilərini, arayıb-darayıb oxucularımızın hüzuruna gətirmək istədim. İstədim ki, İmişli rayonunudan pərvazlanan bu el-ağız ədəbiyyatı nümunələri ilə oxucularımız tanış olsunlar. Həm də öz nənələrindən, babalarından eşitdikləri folklor örnəklərini qələmə alıb redaksiyamıza göndərsinlər. Biz sinəsi el yatırı ilə dolu olan ağsaqqallarımızın, ağbirçəklərimizin sinələrində hələlik pünhan qalan bayatıları, nağılları, bilməcə-gülməcələri, rəvayətləri, əsatir və əfsanələri... daha nələri-nələri toplayıb üzə çıxarmaqla şifahi xalq ədəbiyyatı xəzinəmizi xeyli zənginləşdirmiş olarıq. Əgər biz ixtiyar qocalarımızın könül əmanətlərini qələmə almasaq, həmin əmanətlər haçansa həmin qocalarla birlikdə dünyadan köçəcəklər.
Bu məqsədlə biz qəzetimizin bugünkü sayından etibarən "Xurcun" folklor guşəsini açırıq. "Xurcun" ayda bir dəfə, bəzən isə iki dəfə görüşünüzə gələcəkdir.
Toplanılan hər bir nümunə onu söyləyən, eləcə də göndərən şəxsin adı ilə qəzetimizdə dərc olunacaq, sonra isə İmişli folkloru antologiyasında yer alacaqdır. Bunun üçün folklor söyləyicilərinin adları, soyadları, atalarının adı, doğum tarixləri, peşələri barədə müfəssəl məlumat verilməlidir. Folkloru toplayanlar da özləri haqqında ətraflı məlumat yazmalıdır.
İndilikdə isə əziz oxucular, istəkli folklor həvəskarları, arayıb-axtarıb, ələyib-əfsəyib, yığıb-yığmalayıb, boxcamıza bağlayıb görüşünüzə gəldik. Bu İmişli folklorudu, babalarımızın, nənələrimizin könül əmanətləridi. Hər birisi bir tarixdi, bir qiymətli kəlamdı. Vaxtdı, tanış olun. Hələ tanış olmalı xeyli örnəklərimiz olacaq. İnşaallah! Göydə Allah, yerdə siz, yaxşı olsun kefiniz, - deyib yolunuzu, məktublarınızı gözləyirik!


ƏSATİRLƏR, ƏFSANƏLƏR

Ay Tanrısı

Deyillər Ay qədd-qamətli, boy-buxunlu, nurcamal, pirkamal igid bir oğlanmış. Onun qoçaqlığı Mil-Muğan əyalətinə yayılıbmış. Hamı istəyirmiş ki, onu heç olmasa tək bircə dəfə yaxından görə bilsin. Lakin Ay çox gəzməyi, səyahət etməyi sevmədiyindən onun pərəstişkarlarının gözləri yolda qalıbmış.
İnsanların Aya olan hədsiz-hüdudsuz sevgini hiss edən Tanrı onu göyə-öz yanına çəkir ki, hamı onu yaxşıca görə və istəyini bildirə bilsin.
Deyirlər həmin vaxtdan da Ay göydə qərarlaşır və qaş qaralan kimi insanların görüşünə çıxır. Yerdən baxanda Ayın, Aydan baxanda isə Yerin üzərində öküz-insan təsviri görünür. Burada öküz Yerin özüdü, yəni inanclara görə yer öküzün buynuzları üzərində dayanmışdır. Öküz tərpənən kimi yer silkələnir və dağıntı (zəlzələ) baş verir. İnsan isə yer üzərindəki bütün şəxslərin bütövləşdirilmiş təsviridir. Sonralar Mil-Muğanın adlı-sanlı sənətkarları bu təsviri tunc üzərinə köçürmüşdür. Tunc üzərində təsvir olunmuş Ay-İnsan (Torpaq-İnsan) birliyinə işarədir. Bu şumer mədəniyyətinin təsirinə bağlıdır.

Zərdüşt Muğanda

Belə deyirlər ki, Zərdüşt bir neşə dəfə Muğanda olub. O, bu bölgəni o qədər çox sevirmiş ki, Muğana səfər edəndə uzun müddət burada qalırmış. Hətta məşhur "Avesta" əsərinin bir neçə bölümünü də Muğanda yazıldığı söylənilir.
Belə də deyirlər ki, Muğanda və Mildə Zərdüştün törəmələri yaşayıblar. Mil-Muğanda Zərdüştün xələfləri və sələfləri çoxdur və indi də qalmaqdadır. Əbu Reyhan Biruni "Əl-Asarül baqiyəənnəqürunəl xaliyyə" adlı kitabında Zərdüşt soyunun Azərbaycanın Muğan bölgəsinin əyan və əşrəfindən olduğunu göstərmişdir.
Tanınmış ədəbiyyat tarixçisi Mirzə Məhəmməd Tərbiyət "Danışməndani Azərbaycan" adlı əsərində yazır ki: "Zərdüşt Azərbaycanın ən çox tanınmış məşhurlarının məşhurudur".

Ənqa quşu

Bir dəfə Süleyman peyğəmbər tapşırıq verir ki, sabah bütün quşlar Qaf dağına toplaşsınlar, onlara vacib tapşırığım var. Bütün quşlar deyilən vaxtda təyin edilən yerdə olurlar. Bircə Ənqa quşundan başqa.
Süleyman peyğəmbər onun gəlmədiyini bilsə də, bir söz demir və gələnlərə lazımi tapşırıqlarını verir. Söhbət qurtarar-qurtarmaz baxırlar ki, budu Ənqa quşu al-qan içində qaranəfəs özünü yetirdi. Görürlər ki, onun qanadlarının hər ikisi qırılıb. Belə ağır vəziyyətdə onun hündür dağı aşaraq uçub gəlməsi hamını heyrətləndirir.
Süleyman peyğəmbər özü də heyrətlənir ki, necə olub bu vəziyyətdə o, dağların iti qayalarına çırpılmayıb?! Deyir:
-Bu əsl igidlikdir. Sən ki, bu yaralı vəziyyətdə mənim çağırışımdan qalmadın, bu Qaf dağını sənə məskən verirəm. Bu dağın çox faydalı, xeyirli dərman bitkiləri var. Bu bitkilər sənin yarana məlhəm olacaq.
Deyirlər həmin vaxtdan da Ənqa quşu yalnız Qaf dağında yaşayır. İndi də sınıq qanadları ilə uçub dağlar aşan quşları Ənqa quşu ilə müqayisə edirlər.

TOPONİİMİK RƏVAYƏTLƏR
Qızıltəpə
I mətn

Qızıltəpə İmişli rayonunun Qızılkənd ərazisində qərarlaşır.
Rəvayətə görə, Əmir Teymur bu əraziləri tutarkən işğal etdiyi şəhər və kəndlərin əhalisindən topladığı vergiləri qızıla çevirmiş və bu təpədə gizlətmişdir.
Əmir Teymurdan sonra onun nəvəsi həmin yerdə bir neçə günlük çadır qurmuş və babasının basdırdığı qızıl küplərini dəvələrə yükləyərək Səmərqəndə aparmışdır.
Həmin vaxtdan da bu təpədə qızıl qalmasa da, adı Qızıltəpə olaraq qalmaqdadır.

Dəyirman yeri

Dəyirman yeri indiki Bəhrəmtəpə qəsəbəsinin yaxınlığındadır. Rəvayətə görə, burada kiçik, lakin səliqəli bir şəhər mövcud imiş. Əhali şad-xürrəm dolanırmış. Onların heç nədən korluğu, ehtiyacı yoxmuş. Bircə dərdləri o imiş ki, Araz çayı daşanda böyük tələfat verirmiş. Ərazinin əlverişli olmasına görə əhali buranı tərk etmək istəmirmiş.

(ardı gələn sayımızda)

Toplayanı və çapa hazırlayanı folklorşünas-etnoqraf
Faiq ŞÜKÜRBƏYLİ

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ