adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
22 May 2018 00:15
32134
LAYİHƏ
A- A+

TÜRK DÜNYASININ AZADLIĞI AZƏRBAYCAN ŞAİRLƏRİNİN YARADICILIĞINDA

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Müsəlman Şərqində ilk demokratik və parlamentli Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin-100 illiyi münasibətilə

XIV əsrdə islam aləminin ən böyük alimlərindən biri olan İbn Xəldun yazırdı ki, "keçmişlə indi iki damla su kimi bir-birinə bənzəyir". İndi də bizim tariximizin elə bir dövrü gəlib çatmışdır ki, biz sanki XX əsrin 20-ci illərinin əvvəllərində baş verən hadisələri yenidən, ancaq daha yüksək səviyyədə qavrayır və yaşayırıq. Və bu zaman qarşıya çıxan problemlərin, çətinliklərin, gözlənilməz maneələrin aradan qaldırılmasında artıq bir dəfə yaşanmış analoji dövrün təcrübəsi köməyimizə çatır. XX-əsr Azərbaycan şairlərinin yaradıcılığında milli istiqlal ideyalarının çağdaş milli dövlətçilik dövründə araşdırılması aktuallığı məhz bununla bağlıdır. Bu gün bu ədiblərimizin ölməz əsərləri ikinci dəfə əbədi həyatını yaşayır və Azərbaycan xalqının haqq işində, gənc nəslin vətənpərvərlik duyğularının tərbiyəsində onun yardımçısı olur.
Türk dünyasının azadlığı yolunda canlarından keçen, yaradıcılıqlarının sanbalı və Azərbaycan ədəbiyyatındakı yeri və əhəmiyyəti ilə müqayisədə Məhəmməd Hadi, Hüseyn Cavid, Hacı Kərim Sanılı, Əhməd Cavad, Abdulla Şaiq, Əmin Abid, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Seyid Hüseyn, Cəfər Cabbarlı, Üm Gülsüm, Mikail Müşfiq, Mirzə Ələkbər Sabir, Salman Mümtaz kimi ölməz ziyalılarımız çağdaş ədəbiyyatımızın nümayəndələri arasında hər zaman zirvədə duran sənətkarlardandır.
Sağlıqlarında, xüsusən Sovet rejimi qurulduqdan sonra əsasən "proletar" tənqidçilərinin böhtan və qarayaxmalarına tuş olan şair və yazıçılarımızın əsil qiymətini 1993-ci ilden sonra vermişlər.
Azərbaycanın əvəz olunmaz sairi Hüseyin Cavidin həyat və yaradıcılığını araşdırıb xalqa çatdıran tənqidçi Hənəfi Zeynallı, jurnalist Qulam Məmmədli, Yaşar Qarayev, Rafael Hüseynov, Zaman Əsgərli, Rasim Nəbioğlu, Kamran Əliyev kimi teqdiqatçıların müstəsna rolu olmuşdur. Böyük alim Yaşar Qarayev Cavid yaradıcılığına yüksək qiymet verərək yazırdı: "Ehkam və həqiqət, xeyir və şər, xaos və harmoniya, müharibə, əbədiyyət və ölüm, İblis, Allah, mələk, planet, kainat miqyası və ölçüləri müasirimizi dərindən narahat etməyə başlayır və o, bu "ədəbi suallara" cavabları yenə də ən yeni, çağdaş bədii prosesdə yox, Cavidin irsində tapır".
Gənc yaşlarında sevgi, azadlıq carçısı olan Mikayıl Müşfiqin yaradıcılığı sinfi mübarizənin kəskin bir şəkil aldığı dövrə düşür. Mikayıl Müşfiq böyük yaradıcılıq istedadına malik gənc idi. Onun yaradıcılığında vətən məhəbbəti azadlıq sevgisinin güclü olduğunu görürük. Bu sevgi təkcə Mikayıl Müşfiq yaradıcılığında deyil, o dövrdəki yazıçı və şairlərin yaradıcılığında da görmək olardı.
Bu xüsusiyyətləri o zamankı ədəbiyyatşünaslar düzgün qiymətləndirilmirdilər. Mustafa Quliyev, M.K. Ələkbərli, H. Mehdi və bir çox ədəbiyyatçılarımız bu səpgidə yazan şairlərimizi proletar şair hesab etmir, onlara "pantürkizm" damğası vururdular.
M.Müşfiq ədəbiyyata lirik bir şair kimi gəlmişdi. Sevgi, məhəbbət mövzusunda bir neçə şeir yazsa da o, siyasi şeirləri ilə də diqqəti cəlb edir. Şair şeirlərinin birində:

Bəxtiyardır o şair ki,
Rübabında məhəbbətin
mahnısını çağırır.
Sonra bütün gur səsilə
Gələcəyə bağırır.

- deyən şair hər şeydən əvvəl gələcəkdə də gözəl yaşaya biləcək bu günün sənətindən danışırdı. Azad yaşamaq, xalqını azad görmək istəyi Müşfiqin də yaradıcılığında özünü göstərir.

...Mən bütün dünyada hər şeydən əfzəl,
Hər şeydən ləzzətli, hər şeydən gözəl-
Şanlı azadlığı tərənnüm etdim.
Yaxşı insanların yoluyla getdim,

...Azadlıq hər kəsin əzəl naxşıdır!
Məhkum bir millətdən qatır yaxşıdır...
Azadlıq və istiqlaliyyət yolunda mübarizəyə qalxan xalqın fədakarlıqları şairlərimizi ilhama getirir.
Məhəmməd Hadi teqdiqatçılarından Əziz Mirəhməd, Yaşar Qarayev, Alxan Bayramoğlu şairin yaradıcılığına daimə yüksək qiymət vermişlər. Həmin dövrün ədəbi hərəkatını qiymətləndirən prof. Y. Qarayev yazır:
"Ümumiyyətlə, əsrin əvvəllərində "Azərbaycanda milli hərəkat", "milliyyət və hürriyyət", "məşrutiyyət və müsavat" ideyaları geniş vüsət alır. Artıq "xalqın düşüncəsundə Azərbaycan məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm edir" və millət qəti inanır ki, daha bundan belə "istiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur".
Məhəmməd Hadi də məhz belə bir ictimai-siyasi mühitin istiqlal ideyasının daşıyıcılarından və təbliğatçılarından biri idi. Əsrin əvvəllərində Hadi artıq Azərbaycan şeirinin görkəmli simalarından biri kimi, tanınırdı. Yaradıcılığında ictimai məzmun, inqilabi motivlər, vətən sevgisi üstünlük təşkil edən Hadi bütün həyatını amalı yolunda, "parlaq istiqbal" yolunda sərf edən sənətkarlardan olmuşdur.
Azərbaycan şeirinin görkəmli nümayəndələrindən Üm Gülsüm də məhz belə bir ictimai-siyasi mühitin istiqlal ideyasının daşıyıcılarından və təbliğatçılarından idi. Yaradıcılığında ictimai məzmun, inqilabi motivlər, vətən sevgisi üstünlük təşkil edən, Üm Gülsüm bütün həyatını amalı yolunda, "parlaq istiqbal" yolunda sərf edən sənətkarlardan biri olmuşdur. 1908-ci ildə yaradıcılığa başlayan Üm Gülsümün poeziyasında milli azadlıq və istiqlaliyyət mövzusu başlıca yer tutur. Azərbaycan Demokratik Respublikası dövründe yazdığı şeirlərdə isə bu özünü daha bariz şəkildə göstərir. Bu dövrdə yazdığı şeirlərdə Azərbaycan Demokratik Respublikasının fəaliyyətindən xalqa bəxş etdiyi azadlıqdan, demokratiyadan, sülh ideyalarından həvəslə tərənnüm edir. Onun "İqbal", "Yeni iqbal", "Açıq söz", "İstiqlal", "Azərbaycan", "Ədəbiyyat", "Birlik", "Qurtuluş", "Məktəb Füqəra fyuzatı", "Şərq qadını" qəzet və məcmüələrdə ardıcıl olaraq çap olunurdu.
Cəfər Cabbarlı yaradıcılığını incəlikləriylə xalqa çatdıran Məmməd Arif şairin dövrü haqqında yazır: "Cəfər Cabbarlı yaradıcılığa başladığı dövrdə Azərbaycanda, xüsusən Bakı şəhərində kapitalizmin sürətlə inkişaf etdiyi bir dövr idi. Birinci Dünya müharibəsi başlansa da milyonlarla insanlar qırılsa, ac qalsa da, Bakı tacirlərinin vecinə deyildi. Kapitalizim istismarı getdikcə şiddətlənirdi. Bu illərdə fəhlələr nəinki kapitalizim əleyhinə mübarizəni dayandırmamışdı, hətta onu bir qədər də qüvvətləndirmişdilər. İnqilabi hərəkat getdikcə genişlənir, Azərbaycan kəndlərinə də yayılırdı. Bu hərakatın təsirilə ədəbiyyat və mətbuatda inqilabi-demokratik meyllər qüvvətlənirdi. "Molla Nəsrəddin" jurnalı on il əvvəl başladığı mübarizəni davam etdirir, öz qüvvətli realizmi, kəskin ictimai satirası ilə inqilabi hərəkata kömək edirdi.
XX əsr Azərbaycan yazıçılarının böyük bir qismi öz inqilabi, mütərəqqi ideyalarını ifadə üçün bəzən simvolik təsvir vasitələrinə və folklor təşheblərinə də müraciət edirdilər. Bu söz həm Sabir, Qəmküsar, Əli Nəzmi kimi realistlərə, həm də Hadi, Səhhət, Cavid, Şaiq kimi romantiklərə aiddir. Hadinin "Nidau vətən" şeirində:

Dünadə əməlimiz fəqət emari-vətəndir,
Vicdanımızın sevdiyi dildar, vətəndir!
Gülbərqi-ədəbdəderiz adəngi-məqamət.
Hər bülbülü-qəmpərvərə gülzar vətəndir.

(ardı gələn sayımızda)

Göyərçin Abidqızı
Filologiya üzrə fəlsəfə doktoru

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ