adalet.az header logo
  • Bakı 11°C

EHTİYACDAN QUL EDİLMİŞLƏR

FƏRİDƏ RƏHİMLİ
29833 | 2018-05-11 21:36
Ayın müəyyən günlərində bankomatların qarşısında adamların toplanmasından pensiyaların verildiyini anlamaq olur. Əksəriyyəti yaşlı olan bu insanların üzlərində elə bir sevinc olur ki o gün, onları izləyəndə sevinmək yox, ağlamaq istəyirsən. Pensiyaların hesaba oturdulması xəbərini alar-almaz tələm-tələsik bankomatlara üz tutanların - Aparatda pul yoxdur! - xəbərdarlığı isə onlar üçün ən amansız xəbər olur. İnkassator günortadan sonra gələcək, xəbəri verilsə də, kimsə nəinki ordan aralanmır, əksinə bankomatın qarşısındakı basabas davam edir. Sabah ertədən hamıdan əvvəl gəlmiş biri yerini "günorta yuxudan oyanıb gələnə" verərmi? Tər-suyun içində olsa da, gözləyəcək. Ayın müəyyən günlərində buraya toplanan insanlar arasında hər dəfə təxminən eyni söhbətin dinləyicisi olursan. Bu söhbətlər pensiyanın azlığından narazılıq - heç dərmanıma çatmır - şikayətindən başlayıb, bazardakı "od bükülən" qiymətlərə, daha sonra nəvələrin yanında xəcalətli, yalançı olmağa qədər gedib çıxır. Əslində, özləri də bilir bunları hər dəfə təkrar-təkrar danışmağın xeyri olmadığını, sadəcə söyləməklə hər biri ürəklərini boşaldırlar. Bir ağsaqqalın isə müdrik sözü hafizəmdə taxılıb qaldı: Keçmişdə kişilər atlarına kişmiş yedirirdilər, amma biz özümüz yulaf yeyə bilmirik.
Pul gəldiyi zaman onları seyr edərək düşünürəm ki, üzlərindəki bu sevinc neçə saat çəkəcək görəsən? Yəqin ki, bir marketə, aptekə, yaxud bazara girənə qədər. Sonra da deyinə-deyinə evlərinə yollanacaqlar. Növbəti ayın bu gününü gözləmə "sevinci" ilə ömürlərini başa vuracaqlar. Və bu sevinc uzun illərin zəhmətindən, övladları yerbəyer elədikdən sonra artıq dincəlmək, səyahətə çıxmaq, qalan ömürlərini qayğısız yaşamaq üçün olan sevinc deyil, sadəcə ölməmək üçün yemək, yaxud müalicə olunmaq üçün dərmanlarının müəyyən qismini ala bilmə sevincidir. İki yüz manata çatmayan bu sevincin ömrü isti yerə düşən qarın ömrü qədər olur.
Deyirlər, toxun acdan xəbəri olmaz. Deyirlər deyəndə ki, bunun, həyatımızda hər gün şahidi oluruq. Mən o toxlarla acların arasındakı az qisim təbəqədənəm və hər an ikincilərə yoldaş ola bilərəm! Həyat təcrübəmdən də qəti əminəm ki, doğrudan toxların aclardan xəbəri olmur, bu söz elə-belə deyilməyib.
Xarici marka maşınını daha yeni çıxan modellə dəyişmək "dərdini" çəkənlə "bu gün balalarım nə yeyəcək?" dərdinin arasında milyon işıq ili fərq var... O pensiyaları ildə üç-beş manat yox, fantastik bir xəyal etsək məsələn, yüz manat qaldırsalar, pensiyaçı sevincdən bayılar yəqin ki. Amma varlı ölkəmizdə o qədər yüz manatı pul saymayanlar var ki...
Yaxınlarda millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında çıxışı zamanı dedi ki: Ölkədə artırılan əmək haqları yetərli deyil.
Bir çox sahələr, həmçinin millət vəkillərinin əmək haqqına görə region ölkələrindən geri qalırıq. Hətta bəzən bu bir neçə dəfə az olur". Bura qədərini dinlədikdə alışladım millət vəkilimizi. Amma davamında millət vəkili spiker, millət vəkilləri, baş nazirin maaşının artırılmasını təklif edib: "Prezident administrasiyasının şöbə müdirinin əmək haqqı millət vəkilinin maaşından yüksəkdir. Prezidentin əmək haqqı Seçki Məcəlləsi ilə 15 min manat müəyyən edilib.
Hesab edirəm ki, baş nazir, spiker 10 min, deputatlar 8 min manat maaş almalıdır. Orta əmək haqqının az olduğu dövrdə bu artımın narazılığa səbəb ola biləcəyi düşünülə bilər. Mən şəxsən belə düşünmürəm. Fikrimcə, bu barədə insanlar doğru məlumatlandırılmalıdır. Əsaslandırılmış izah aparılsa, heç bir qıcıq doğurmayacaq".
O, "əsaslandırılmış izah" hər nəysə, ondan kasıb təbəqə üçün də "aparılsa", qıcıq olmarıq. Amma doğrusu, ha istədim ki, özümü tox tutum, qıcıq olmayım, mümkün olmadı. Həm açığı, o izah çox maraqlıdı mənə, nətəər izah eləyəcəklər ki, səkkiz min manatla yüz qırx manatın fərqini ağlayan xalq qıcıq olmayacaq!
Mənim görə bilmədiyim, əslində heç kimin görmədiyi hansı işi görür ki, o deputatlar əməyini səkkiz min manatla dəyərləndirir. Yox, əgər dünya standartlarına, region ölkələrinə uyğun şəkildə müəyyənləşməsini istəyirsə, niyə əvvəlcə onu o kürsüyə layiq bilib seçən xalqın maaşının artırılması qayğısına qalmır? Xalq onu oraya öz güzəranını qurmaq üçünmü seçib? Hətta deputat o qədər səxavətlənib ki, spikerin də maaşının qayğısına qalır. Hörmətli deputatlar, millətin seçdikləri vəkillər, yuxarını izləyin, əmrini, tapşırığını, qulluğunu yerinə yetirin, amma hərdənbir aşağıya tərəf də baxın! Ayağınızın altını da görün, ayağınıza dolaşanları tapdalamayın! Görə bilin ki, ayağınızın altında qalıb əzilməsinlər!!!
Prezidenti də, deputatı da, naziri də - hər bir insanı yetişdirən, onların o səviyyəyə gəlib çatmalarında rolu, əməyi olan müəllimlərin maaşını da yada salın. Nolub deputatlarımıza son illər?
Hadı müəllim deyir, müəllim işdən sonra gedib fəhləlik eləsin. Bizim illərin müəllimlərinin maaşları onları təmin edirdi, kimsəyə möhtac deyildilər və indiki problemləri olmadığından arada pərdə saxlanılırdı, bizə elə gəlirdi ki, müəllimlər yemək yemir, adi insanlardan fərqlidirlər. İndi müəlliminin üzünə ağ olan cəmiyyət yetişib.
Ehtiyacın qul etdiyi qəhrəmanlar zəmanəsi gəlib. Həkimlərə cüzi maaş müəyyənləşdirib, sonra da rüşvətdə günahlandırırıq. Gündəlik ən çox zərurət olan maddi tələbatı, tibbi ehtiyacları ödəmək üçün o pulu necə xərcləmək də qabiliyyət tələb edir.
Jurnalist iki yüz-üç yüz manat maaşa ailə dolandırır və bəziləri durumlarına etiraz edərək çıxış yolunu vicdanının əleyhinə gedərək "reket jurnalist"liyə başlamaqda görürlər. İki yüz manat maaş alıb, dörd yüz manat kredit ödəyə bilən millətik(?!).
Maddi sıxıntısı olan, ən ümdəsi haqqını ala bilməyib ehtiyaclı yaşamaq məcburiyyətində olan insanların ahını almayın, bir gün bu həyatın sonu olacaq. Bir gün bütün bu yaşananlar əfasanə olacaq. Bir gün bu yaşananları yaşadanların cavab vermə günü gələcək. O gün çox amansız olacaq!


TƏQVİM / ARXİV