adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 May 2018 09:48
32698
LAYİHƏ
A- A+

Geriyə yol varmı...


AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ

Nemət Veysəlli

(əvvəli ötən sayımızda)

Pəyədə arakəsmələr də mövcuddu. Burada iribuynuzlu heyvanlar, qoyun, at, ulaq, hətta keçilərə də ayrıca yer düzəldilmişdi. Heyvanların təhlükəsizliyi, basdırığa düşməməsini bir-birinə qarışmasın deyə əlavə tədbirlər də görülmüşdü.
Əslində bu tövlələr, pəyələr pəyə olmaqdan savayı, indinin yozumu ilə desək, şadlıq sarayını xatırladırdı. Tərkibində mərmər qatları olan ağ sal daşlar, hündür tavanlar, tavanlardakı millər, tirlər simmetrikdi. İri və işıqlı pəncərələri göz oxşayırdı. Giriş qapı divarları ağ, yonulmuş, tişələnmiş guşə daşlarından hörülmüşdü. Görünür, Veysəllidə XIX əsrin axırları, XX əsrin əvvəllərindən mahir ustalar varmış.
Fərdi imarətin, pəyənin tikintisinə diqqətlə nəzər yetirdikdə anlayırsan ki, burada mühəndis, memar düşüncəsiylə bərabər çoxlu torpaq işləri də görülüb. Sarı təpəliklər yarılıb, oradan çıxan torpaq kütləsi aşağılara uçurulub. Pəyənin arxa və enli divarları təpənin qarnına girib. Bu pəyə elə inşa edilib ki, eyni vaxtda burada qoyun, mal-qara, at, ulaq da yata bilərdi. Rahatca yatıb-durarlar, geniş və rahat axurlardan ot, yonca və sair qida məhsulları yeyə bilərlər.
Məişət və yurd salmaqda uzaqgörənlik edən rəhmətlik Həsən kişi mülkünü, pəyəsini inşa edəndə çox amilləri nəzərə alıbmış: mülkün və pəyənin arxa divarları sarı təpəyə söykənir, Şimal tərəfini isə əzəmətli Qulu qayası tuturdu. Şimal küləyi, qar, çovğun ilk növbədə Qulu qayasını tutur. Qarın, çovğunun qəzəbi, zərbəsi ilk növbədə dağlara, daşlara çırpılır, sakitləşir, ram edilir. Beləliklə, şaxta, soyuq hava bir növ mal-qaradan, qoyun-quzudan yan keçirdi.
Həsən kişinin geniş həyətində ölçüsü-biçisi yerində bir neçə tut ağacı da əkilmişdi.
Vallah, hansı illərdi deyə bilmərəm - ötən əsrin qırx doqquz, əllinci illərdi - nə isə Qarabağa sərt qış gəlmişdi: havaların soyuq keçəcəyini hiss edən çobanlar qoyun fermasını bizim evin yanından Həsən kişinin pəyələrinə köçürdülər. Martın əvvəllərində hava bir az çalxalandı, şıltaqlıq etdi.
Bu kimin taleyi, qismətidi, bilmirəm. Xəstəhal qohumumuzunmu, Həmzə kişininmi, anamınmı, mənimmi?.. Novruz bayramı girər-girməz havalar birdən-birə açıldı. Sərasər yağışlar başladı. Kəndarası sahələr, Əstəməz, Qulu qayasının ətrafı, Tola düzü, Şalvar düşən dərəsini ot basdı. Torpaq birdən-birə qaynadı, istiləşdi. Neçə vaxtdan bəri mürgü döyən, şaxtanın, soyuğun qorxusundan torpağın dərinliklərində bir küncə sıxılmış, qıvrılıb qalmış yonca, vələmir, qanqal və çoxlu-çoxlu adlarını bilmədiyim çöl otlarının kötükləri, toxumları havaya can atdılar, göyərdilər, ətrafı göylüyə çevirdilər. Quzular analarından ayrılıb, ağıllarda qaldılar. Havalar yaxşılaşdığına görə sağmal, ana qoyunlar otlaqlara çıxdılar. Tez gəlmiş yaz, günəşli havalar Tanrının ilk növbədə çobanlara, heyvanlara göndərdiyi bəxşeyişdi. Qışdan arıq çıxmış, heysiz heyvanlar üçün bundan böyük xoşbəxtlik yoxdu. İki yüz, üç yüz baş ana qoyun yal-yamacı başına götürən göy otdan otladıqca şişirdilir, ətə-qana gəlirdilər.
Yelinləri, şar kimi üfürülür, əmcəklərindən süd damcılayırdı. Bu o demək idi ki, süd, qatıq, pendir, ayran çox olacaq, lap çox.
İki, üç ay bundan qabaq, qışağzı kolxoz sədrinin söylədikləri yada düşdü. O demişdir ki, bu qoyunları, quzuları ilə birgə sağ və salamat yaza çıxartsanız, onların bir müddət südü, qaymağı kolxoza lazım deyil, Allaha, Tanrıya yalvarın, bəxtinizdən il uğurlu gəlsə - hamısı sizindi, qonum-qonşunundu, əlsiz-ayaqsız adamlarındı, halalınız olsun.
Əlbəttə, o illərdə o qədər sağmal qoyunu sağ-salamat yaza çıxartmaq igidlikdi. Sözsüz, burada bəxtin də gətirməliydi.
Uzaq qohumumuz, Həmzə kişi sədrin qış gəlməmişdən qabaq söylədiklərinə bir balaca düzəliş də etdi. Sağılan südün bir hissəsini ümumi təsərrüfata, kolxoza verdilər. Hər səhər qoyunların sağım zamanı qonum-qonşuya, imkansız adamlara da pay göndərdilər.
Bəxtimizdən havalar o qədər xoş, günəşli keçirdi ki... üç yüz baş sağmal qoyunun südünü yığıb-yığışdırmaq çətindi. Səhər, axşam qablar dolub-boşalırdı.
- İçi südlə dolu bu vedrələri apar evinizə, ver anana, - uzaq qohumumuz hər səhər, alatoranda qoyun sağımından sonra bu sözləri təkrarlayırdı.
Kənd şəraitində böyümüşdüm. Necə deyərlər, qollarım, bədənim formaya düşmüşdü. Sözün düzü, süd ilə dolu vedrələri, iki yüz, dörd yüz addımlıq məsafəni asanlıqla qət edirdim. Amma bu ünvanla hər gecə iki, üç, bəzən də beş dəfə, içi on-on beş litr süd tutan vedrələrlə gedib-gələndən sonra qollarım, ayaqlarım sızıldayırdı, heydən düşürdü. O qədər yorulurdum ki, elə yolun yarısındaca yaş torpağın üstünə uzanırdım, qollarımı, ayaqlarımı geniş açıb dincəlirdim. İçi südlə dolu vedrələrin başı çalxalanırdı, çalxalanan süd yerə tökülürdü. O zamanlar mənim olardı ancaq on-on bir yaşım. Ağır yükə dözməyən qılçalarım bir-birinə dolaşıb büdrəyirdi. Vedrələrin soyuq tutacaqları əllərimi, ovcumun içini göynədirdi. Bu izlər xırda barmaqlarımı qabardırdı, sonra da onların yeri suluxlayırdı.
Düzdür, sonralar anam fermadan əzab-əziyyətlə gətirdiyim yağlı südü qazanlara töküb yaxşı-yaxşı qaynadırdı, qaynanmış süddən südlüaş bişirirdi. İsti südün içinə quru çörək doğrayırdıq, qorğa, kirkirədən çıxmış ovutma tökürdük - bu ayrı aləmdi, bu ayrı ləzzətdi! İri-iri teştlər, məcmələr, qazanlar çarpayının altına düzülərdi. Bir az sarıya çalan, bıçaqla zorla kəsilən qaymaq təbəqəsi teştin üzünü tuturdu. Qabın səthini büsbütün tutan qalın qatlı qaymağı ağzı iti bıçaqla bir neçə yerlərdən kəsirdim, dərin boşqaba tökürdüm və qaşıqla xörəyi necə yeyirlərsə, qaymağı qaşıqlayıb o cür də yeyirdim. Teştin içindəki qalın qatlı qaymağı boşqaba dolduran zaman bütöv qaymaq təbəqələrindən xırda-xırda parçalar, kəsiklər qalırdı, onların yeri görünürdü. Həmin parçaları, kəsikləri bayaq qaymağı götürülmüş teştin o biri hissələrinə yamayırdım, dağıdırdım. Qaynanmış süd o qədər zığlı və yağlı idi ki, teştin üzündə təkrar qaymaq qatı yaranırdı. Kənd həyatına, mal-qara və qoyun təsərrüfatlarına yaxşı bələd olmayan adamlar bayaqdan bəri mənim söylədiklərimin incəliklərinə nüfuz edə bilməsi çətindi. Bəlkə də anam mənim bu əməllərimi bilirdi, amma üzə vurmurdu.
Daha gecələr qoyun südü daşımaqdan bezmişdim. Qollarım, çiynim sızıldayırdı. Sözün düzü, daha anamın ondan hazırladığı gözəl, dadlı nemətlər də gözümdə deyildi. Vedrələrin içindəki südün çəkisi azalsın deyə, südü əvvəlcədən bələdlədiyim qayığa, gəmisə oxşar qayaların arasına tökürdüm. Evimizin ətrafında elə gəmi-qaya, qaya-qayıq yerləri seçirdim ki, südün itkisi nisbətən az olsun. Qabaqca çiy südü daş-qaya çalalarının arasına tökürdüm. Qurd-quş, qarğa, sağsağan, hiyləgər tülkülər toxunmasın deyə üstünü də iri sal qaya parçaları ilə bərk-bərk örtürdüm. Beş-altı gündən sonra qaya çalaları arasına tökdüyüm südün üstündəki sal daşları qaldırırdım. Çiy südün səthi əməlli-başlı daşlaşmışdı, barmaq qalınlığında çiy qaymaq qatı əmələ gəlirdi.
Belə vərdişlərin sevinci yerə-göyə sığışmırdı. Həftələrlə qaya çalasına tökdüyüm südün sonrakı mənzərəsi haqda düşünürdüm - könlüm, ovqatım xoş olurdu. Adi uşaq əməli nəticəsindən yaranan fantaziya, xəyallar aləmi - bütün bunları heç nə ilə əvəz etmək mümkün deyildi. Xoş anlar, xoş duyğular - bunlardan irəli gələn, uca-uca dağların, dərin-dərin dərələrin üstündən aşan arzular... Bir anın içindəcə az qala yüz il ömür sürmüş insanların yaşaya biləcəyi anların xoşbəxtliyini, bəxtəvərliyini keçirirdim.
Yuxarı Veysəllidəki daş evlər təqribən ötən əsrin otuz-qırxıncı illərində tikilib. Bizim obada isə daş evləri barmaqla saymaq mümkündü. Mirzalı, Həsənqaranın, Həsən kişinin evi. Sonra da bizim ikimərtəbəli daş evimiz. Amma bu daş evlərin ətrafında o qədər də gözə çarpmayan kiçik tikintilər mövcuddu. Bunlar ev idimi, daxma idimi, - məlum deyildi. Məsələ də burasında idi ki, bu cür sarıtorpaq daxmalarda insanlar yaşayırdı, ailə saxlayırdı, uşaq böyüdürdülər.
Nə vaxtsa bu daş evlərin ara-bərəsində evlər, tikilişi olmuş şinliklərin xarabalıqları, dərin kalataları da qalmışdı. İçi süd ilə dolu vedrələr qollarımı, bədənimi sızıldadan da o cür yağlı, qoyunun əmcəyindən təzəcə sağılmış ağartını "uf" demədən əndərirdim kalataların, dərin xəndəklərin içinə. Ferma ilə evimiz arasındakı bu cür kalatalara o qədər süd axıtmışam ki... Sonralar o yerlərdə əməlli-başlı süd dolu yaranmışdı. Məni qınamayın, qollarımın ağrısına dözə bilmirdim.
Dərsdən sonra ayrı məşğuliyyətlərim də vardı. Anam hər il yaz gələndə çoxlu-çoxlu hinduşka saxlayırdı. Qatıq-südlə yanaşı dolanışacağımızın bir ucu da toyuq-cücə məhsullarının payına düşürdü.
Hinduşka saxlamaq, becərmək çox əzablı və əziyyətli işdi. O mənada əzablı işdir deyirəm ki, bizim tərəflərdə bol və hiyləgər tülkülər adamlara rahatlıq vermirdi. Kürk yatan hinduşkaların yumurtalarını qorumalısan, yumurtadan yeni çıxan ətcəbala cücələrin yerini isti saxlamalısan - nə başınızı ağrıdım - bu yaman uzun məsələdi. Gərək gözdə-qulaqda olasan ki, ana hinduşkalar yatanda balalarını əzməsin, hinduşka balası zəif, himə bənd quşdu. Təpəsinə, tüksüz boğazına noxud boyda daş dəydimi - o saat canını tapşırır.
Amma bizim o biri qonşularla müqayisədə üstünlüklərimiz daha çoxdu. Evimizin dörd tərəfi boşluqdu, qayalıqdı, ormanlıqdı. Hinduşka balaları ayaq tutan kimi üz tuturdular qayalıqlara, yamaclara. Bəzən əlli-altmış hunduşka balası dənliklərini doldurmaq üçün saatlarla çəyirtkə sürüsünü qovurdular. Bu qovhaqov bəzən uzun çəkirdi: təpəliklər, qayalıqlar, dərələr arxada qalırdı. Bir də baxıb görürdüm ki, on kilometrlərlə məsafəni qət etmisən. Adamı qan-tər basırdı. İki-üç aydan sonra bu ətcəbala, çəlimsiz hinduşka balaları kökəlirdi, boğazları və pipikləri qızarırdı. Ətə-cana gəlirdilər, boyları ucalırdı. Dərələrin, yamacların çəyirtkə sürüsü, taxıl biçinindən sonra kövşənlərdə tökülüb qalan sünbül dənələri onları kökəldirdi, şişirdirdi.
Amma ac-yalavac hinduşka sürüsünü otarmaq yaman çətin məsələdi. Dənlənmək üçün yerlərini tez-tez dəyişirlər. Çənadanları doldumu, bir yerə toplaşırlar, qışqırırlar, quruldaşırlar. Aralarında bir-biriylə danışırlar, savaşırlar. Başı, boğazı al -qırmızı xoruz hunduşkalar qalın, tüklü boğazını, sinəsini qabardır, qarşındakını üstünə cumur, palaz boyda qanadlarını şappıldadır.
Uzun və dərin dərələrin göy otlarından, qovhaqov, qaçhaqaç zamanı qabaqlarına çıxan həşəratları udub doyandan sonra bir növ istirahət edirlər, dağları bir növ seyrangah yerlərinə çıxırlar. Dağların yastısında qatarlanırlar, qanadlarını şappıldatmaq onların ən çox sevdikləri adətləridi. Keyfləri kök, damaqları çağ, pipikləri qızarmış xoruzlar bir-birinin üstünə hücum çəkirlər.
Dəfələrlə müşahidə etmişdim - bu məqamı yaxşı hiss edirdim - elə bil əməlli-başlı təlim görmüşdülər. Üstlərinə bir balaca cuman, kişləyən kimi havaya qalxırdılar, həyətimizə qədər qanad açıb uçurdular. Havada böyümüş, irilmiş hunduşkaların uçuşunu - bu mənzərəni seyr etmək ayrı aləmdi. İlahi, quş uçuşundan, at qaçışından necə də sevinirdik! Şablondan, pafosdan uzaq belə-belə səhnələr, sevinc burulğanının içinə düşmək bizi bir şəxsiyyət, insan kimi formalaşdırır, içimizi gözəl duyğularla dolandırırdı.
(ardı gələn sayımızda)