adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
04 May 2018 09:41
42432
LAYİHƏ
A- A+

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Behbud xan Azad xan oğlu Cavanşir (1877, Şuşa q., Azad Qaraqoyunlu k. (indiki Tərtər r-ndadır) - 18 iyul 1921, İstanbul). AXC-nin 2-ci daxili işlər naziri (17 iyun - 7 dekabr 1918-ci il). Azərbaycanın görkəmli ictimai-siyasi xadimi. Almaniyada Frayburq Dağ-Mədən Akademiyasını bitirmiş ilk milli dağ-mədən mühəndislərindən biri. Poliqlot idi (6 dil - rus, ingilis, fransız, alman, gürcü və erməni dillərini bilirdi). 1921-ci il iyulun 18-də İstanbulda erməni muzdlu qatili, "Daşnaksütyun" partiyasının üzvü, 1918-ci ildə Bakıda və digər yerlərdə azərbaycanlılar və digər müsəlmanlılara qarşı Mart soyqrımının fəal iştirakçısı Misaq Torlaqyan (tarixi ədəbiyyatda Toplaqyan da yazılır) qətlə yetirilmiş və 3 gün sonra Beşikdaşdakı Yəhya Əfəndi dərgahında dəfn edilmişdir. Bu zaman onun cəmi 44 yaşı vardı. Behbud xanın həyat yoldaşı rus qızı Tamara xanım idi. Lakin övladları olmamışdı.

(əvvəli ötən saylarımızda)
1918-ci ilin noyabr-dekabrında B.Cavanşir əslində sənaye və ticarət naziri vəzifəsini yerinə yetirdiyi üçün nazir əvəzi M.S.Ağabəyzadə daxili işlər naziri vəzifəsini daşıyırdı. Əvvəl "Müsavat" (Bərabərlik) partiyasında olmuş B.Cavanşir "siyasi səbəblərə" görə onun tərkibindən çıxıb 1918-ci il dekabrın 7-dən Azərbaycan Parlamentinin üzvü olmasına baxmayaraq, həmin il dekabrın 21-dək rəsmən daxili işlər naziri vəzifəsində qalır və DİN-lə əlaqədar həyata keçirilən tədbirlərdə daxili işlər naziri hüququnda iştirak edir, hələ də sənədlərə imza atırdı.
1918-ci il dekabrın 2-də general V.Tomson bəyanat verərək bildirdi ki, F.Xoyskinin sədrliyi ilə yaradılmış koalisyon hökumət Azərbaycanda yeganə qanuni hakimiyyətdir. 1918-ci il dekabrın 7-də milyonçu Musa Nağıyevin (1842, Biləcəri, Bakı - 18 mart 1919, Bakı) xəstə oğlu Ağa İsmayılın şərəfinə Bakının baş memarı, polyak İ.K. Ploşkoya (1867, Varşava - 1931, Paris) tikdirdiyi (1908-1910) "İsmailiyyə" binasında gündüz saat 2-də təntənəli surətdə plüralizm və demokratik mühitli Azərbaycan Məclisi Məbusanı (Parlamenti) açıldı. Bu əlamətdar hadisələrdən sonra Azərbaycan polisinin təşəkkülü prosesi daha da intensivləşdi. Tarixi faktlar var ki, Azərbaycan polisi ilə Bakıda yaradılmış polkovnik F.P.Kokkerelin başçılıq etdiyi ingilis polisi arasında qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi mövcud olmuşdur. İngilislərin Azərbaycan Hərbi və Daxili İşlər Nazirliyinə, o cümlədən Bakı şəhər polisinə hökm vermək tələbləri özünü büruzə versə də, hər halda, Böyük Britaniyanın daha qədim, daha klassik polis işi təcrübəsi Müstəqil Azərbaycan Polisinin təşəkkülündə (17 noyabr 1918 - 30 mart 1919) müsbət rol oynamışdır. Bu proses Azərbaycan hökumətilə qarşılıqlı razılıq əsasında aparılmış və 1919-cu il martın 30-dək davam etmişdir. Odur ki, həmin dövr Azərbaycan Polisinin (ilk növbədə Bakı polisinin) tarixində müstəqil polis orqanlarımıza ikili rəhbərlik və idarəçilik mexanizminin tətbiqi ilə səciyyələnir. Bu dövrdə Bakıda mövcud real hərbi-inzibati kontingentin təşkilati strukturu belə idi:
- General-qubernator, Bakı şəhərində müttəfiq dövlətlər qoşunlarının Komandanı və Qərargahı, Müvəqqəti Polis Komissarlığı, onun Xüsusi Dəftərxanası, Bakı Polismeysterliyi və Balaxanı-Sabunçu Polismeysterliyi. Bakıda müttəfiq qoşunların Müvəqqəti Polis Komissarlığının baş polis komissarı təyin edilmiş polkovnik F.P. Kokkerelin əmri ilə (o, "Metropol" mehmanxanasındakı otaqlardan birində otururdu), eyni zamanda, 1918-ci il noyabrın 19-da komissarlığın yanında Xüsusi Dəftərxana yaradılmışdı. Komissarlığın tam əməli təşkili isə noyabrın 29-da başa çatdırılmışdı. Komissarlıq Dəftərxanası ilə birlikdə Molokan (indiki Xaqani) bağına üzbəüz binada yerləşirdi.
...1918-ci ilin noyabrında Mir Ağadi bəy Talışxanov Bakı Polismeysterliyinin rəisi təyin edilmiş, 1919-cu ilin aprelinədək bu vəzifədə xidmət göstərmiş, daha sonra polkovnik rütbəsində Azərbaycan Cümhuriyyəti Daxili İşlər Nazirliyinin Lənkəran qəzasında xüsusi tapşırıqlar üzrə məmuru olmuş və general-mayor rütbəsinə layiq görülmüşdüg
...General V.Tomson Bakıda polis işlərinə nəzarəti ingilis zabitinə tapşırsa da, bu iş zor tətbiq edilməklə aparılmamışdır. Əksinə, V.Tomsonun 1918-ci il noyabrın 21-də verdiyi əmrlə Bakıda yaradılan Xüsusi Müstəmləkə polisinin rəisi, eyni zamanda Bakı Polis İdarəsinin də başçısı təyin edilmiş, İranda da müstəmləkə polisinin rəisi sayılan polkovnik F.P. Kokkerel şəhərdə qayda-qanunu, asayişi bərpa etmək, onu möhkəmləndirmək məqsədilə sovet Rusiyasına casusluq edən bolşeviklərə və digər pozucu əks-qüvvələrə qarşı tədbirlər (əməliyyatlar) həyata keçirərkən, yerli xüsusiyyətləri nəzərə almaq üçün Daxili İşlər Nazirliyi və Bakı Polismeysterliyi ilə əməkdaşlıq etmişdir. Bakıdakı neft mədənlərinədək olan 15 verstlik məsafəni qoruyan Bakı Polismeysterliyinin Mühafizə Polisi ilə Britaniya Xüsusi Polisi bunu olduqca ciddi qaydada aparırdı. Çünki həmin vaxtda da misilsiz sərvət və kapital sayılan "qara qızıl"ın qorunmasında Britaniya dövləti çox maraqlı idi. 1918-ci il dekabrın 18-də Bakıdakı müttəfiq dövlətlərin Müvəqqəti Polis Komissarlığı yanında azərbaycanlı əhaliyə hücum faktlarının müəyyən edilməsilə məşğul olan Xüsusi Nəzarət Komissiyası yaradılmışdı.
1918-ci il dekabrın 26-da görkəmli ictimai-siyasi xadim, Rusiyanın III Dövlət Dumasının, Zaqafqaziya Seyminin, Azərbaycan Milli Şurasının üzvü, "Müsavat" partiyasının liderlərindən biri Xəlil bəy Xasməmmədov ("Gurgörən") (1873-1947) Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri təyin edildi və bu vəzifədə 1919-cu il martın 14-dək səmərəli, qətiyyətli fəaliyyət göstərdi. Onun dövründə, 1919-cu ilin sonunda Azərbaycan Polisinin sayı 9.661 nəfərə çatmışdı.
1919-cu il yanvarın 1-də Bakıda Sanitar Büro Mərkəzi yaradıldı. Onun rəhbəri ingilis həkimi idi. Büroya digər aidiyyəti təmsilçilərlə yanaşı, Azərbaycan Cümhuriyyəti Daxili İşlər Nazirliyi də daxil olmuşdu. Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə polis orqanlarında həmkarlar ittifaqları yox idi və onların bolşeviklərin təsiri altında olması ucbatından mövcud olması məqsədəuyğun sayılmırdı.
1919-cu il yanvarın əvvəlində Müttəfiq qoşunlar komandanlığı tərəfindən əvvəllər ləğv edilmiş Bakı şəhər Qradonaçalnikliyi (Rəisliyi) bərpa olunaraq Daxili İşlər Nazirliyinə tabe edilmişdi. Həmin il yanvarın 10-da Bakının general-qubernatoru V.Tomsonun əmri ilə Bakı Polismeysterliyinin Xəfiyyə hissəsinin rəisi Həsən bəy Fətəlibəyova (1886, Ətyeməzli kəndi, Ağdam - 1920, Tiflis?) uğurlu fəaliyyətinə görə təşəkkür elan edilmiş və Müvəqqəti Polis Komissarlığının razılığı ilə o, bir həftədən sonra Bakı Şəhər Polismeysterliyinin yenidən təşkil edilmiş Xəfiyyə Polisinin rəisi vəzifəsinə təyin olunmuşdu. İngilislərin H.Fətəlibəyovu vəzifədə irəli çəkmələri və mükafatlandırmaları onların zahiri qayğısı idi. Faktlar sübut edir ki, onlar hər halda ikiüzlü siyasət yeridir, Azərbaycan Cümhuriyyətinin daxili işlərinə qarışır (halbuki, V.Tomson başqa vədlər vermişdi), onun dövlət hakimiyyət orqanlarını, o cümlədən Daxili İşlər Nazirliyini "nəzarətdə" saxlamağa can atırdılar. Məsələn, 1919-cu il yanvarın 28-də ingilis hərbi polis komissarı, polkovnik Kokkerel daxili işlər naziri X.Xasmmədovdan tələb etmişdi ki, polis əməkdaşlarının vəzifələrə təyin olunmasını şəxsən onunla razılaşdırsın və "polis rütbəsi olan şəxsi heyətdə" və ya təyinatlarda hər cür dəyişikliklər mütləq onun Xüsusi Dəftərxanasından keçsin. Daxili işlər naziri X.Xasməmədov bu haqda Nazirlər Şurasının sədri F.Xoyskiyə aşağıdakı məzmunda məlumat vermişdi: "Müttəfiq dövlətlərin polis komissarı bütün Bakı rayonu polisinin rəhbəri təyin edilmiş və polisin bütün üzvləri ona tabe olunmuşdur. Bu komissarın sərəncamı və əmrləri tez-tez Azərbaycan Cümhuriyyətinin hakimiyyət orqanlarının sərəncam və əmrlərini ləğv etsə də, polis məmurları tərəfindən qeyd-şərtsiz icra olunur. İşlərə müdaxilə o həddə çatıb ki, hətta polis komissarı tələb edir: - "polisin şəxsi heyətindəki dəyişikliklər və təyinatlar yalnız onun Xüsusi Dəftərxanası vasitəsilə aparılsın".
1919-cu il yanvarın 15-də Azərbaycan hökuməti ermənilərin arasıkəsilməz təcavüzünün qarşısını almaq məqsədilə Şuşa, Cəbrayıl, Zəngəzur və Cavanşir qəzalarını Gəncə qəzasından ayırıb onların əsasında ayrıca Müvəqqəti Qarabağ General-Qubernatorluğu yaratdı. Mərkəzi Şuşa olan Qarabağ-General Qubernatorluğu Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyinə tabe olub, vaxtaşırı ona hesabat verirdi. Azərbaycan hökumətinin qərarı ilə görkəmli ictimai-siyasi xadim, 1-ci hökumət kabinetində ilk hərbi nazir olmuş Xosrov bəy Sultanov (Sultanzadə) (1879-1943) Qarabağ general-qubernatoru təyin olundu (bu təyinat müəyyən səbəblər üzündən rəsmən fevralın 12-də təsdiq olunmuşdu). Həmin tarixdə Bakı şəhəri və rayonlarının mühafizəsini gücləndirmək məqsədilə Abşeron Yarımadası Xüsusi General-Qubernatorluğu da yaradılmışdı.
1919-cu il fevralın 9-da Azərbaycan Cümhuriyyəti Daxili İşlər Nazirliyinin əmri ilə ali təhsilli hüquqşünas Rəşid bəy Axundzadə (1880-1940) Bakı şəhərinin yeni qubernatoru təyin olundu. Buna qədər həmin vəzifəni müvəqqəti olaraq hüquqşünas Müseyib bəy Axıcanlı (Axıcanov) (1892-1920) icra edirdi.
...Hökumətin 1919-cu il 14 fevral tarixli qərarı ilə baş verən cinayətləri təhqiq etmək və xidməti vəzifəsindən sui-istifadəyə qarşı mübarizə aparmaq məqsədilə Daxili İşlər Nazirliyinin yanında Xüsusi Təftiş - İstintaq Komissiyası yaradıldı. Azərbaycan Parlamentinin 1919-cu il 18 fevral tarixli qərarı ilə 200 nəfərlik "Parlamenti mühafizə polisi dəstəsi" yaradıldı. M.Ə.Rəsulzadənin (31 yanvar 1884, Bakı, Novxanı k. - 6 mart 1955, Ankara, Türkiyə) təklifi ilə yeni yaradılmış polis strukturu "Parlamenti mühafizə dəstəsi" adlandırılmışdı.
"Parlamenti mühafizə dəstəsi"nin yardılmasında "İttihad" partiyasının sədri Qarabəy Qarabəyovun (14 yanvar 1873, Yelizavetpol qub., Yuxarı Ayıblı k. - sentyabr 1953, Səmərqənd, Özbəkistan) səmərəli təklifləri bəyənilmişdi. "Parlamenti mühafizə dəstəsi"nin rəisi podpolkovnik Nağıbəy Əlizadə (Əliyev) (1897- 1920), köməkçisi (müavini) Əliyar bəy Haşımbəyov (1856-1920) (sonralar general-mayor olmuşdu) təyin edilmişdi. Bu yeni polis strukturunun yaradılmasına dövlət xəzinəsindən 2.200.000 manat pul ayrılmışdı.
...B.Cavanşir daxili işlər naziri vəzifəsindən istefa verdiyi üçün olduqca tələbkar, intizamsevən nazir əvəzi general-mayor M.S.Ağabəyzadə yeni daxili işlər naziri X.Xasməmmədov vəzifəsini tutana qədər daxili işlər naziri vəzifəsini icra etməyə başlamışdı. Bununla əlaqədar Nazirlər Şurasının sədri F.Xoyskinin M.S.Ağabəyova 1918-ci il 21 dekabr tarixli müraciətində deyilirdi:
- "Daxili işlər naziri əvəzi general-mayor Ağabəyova.
Nazirlər Kabinetinin yeni tərkibinin toplanması ilə əlaqədar Əlahəzrətlərinizdən xahiş edirəm ki, yeni daxili işlər naziri Xəlil bəy Xasməmmədov gələnə qədər daxili işlər naziri Behbud xan Cavanşirdən işləri təhvil götürəsiniz".
1919-cu il martın 20-də Azərbaycan Parlamenti Daxili İşlər Nazirliyinin bu vaxta qədər olmayan yeni ştatlarının layihəsinin geniş müzakirəsinə başladı. Bu işdə daxili işlər naziri əvəzi, vitse-nazir M.S.Ağabəyzadənin rolu böyük idi. Yeni ştatlara görə, Bakıda bu vaxtadək qubernator, qradonaçalnik (şəhər rəisi) və Quberniya İdarəsinin dəftərxanaları ayrı-ayrılıqda idi. İndi bunlar birləşdirilirdi.

İLTİFAT ƏLİYARLI - ŞAHSEVƏNLİ
tarix üzrə fəlsəfə doktoru