adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Aprel 2018 15:46
48437
LAYİHƏ
A- A+

Müəllim olmaq deyil, qadın olmaq çətindir... – DƏRS OTAĞI

"Dərs otağı” adlı layihə sayəsində müəllimlərimizin həyat hekayətləri, müəllimlik fəaliyyətləri, şagirdlərlə münasibətlər, yaşadıqları çətinliklər haqqında öyrənə biləcəksiniz. Bizi yetişdirən və cəmiyyətə qazandıran müəllimlərin həyatına işıq tutan layihədə "uşaqların şəhəri"nə də bərabər səyahət edəcəyik. Layihənin bu dəfəki qonağı Saatlı rayonu Mustafabəyli kəndinin Mustafa Ağayev adına məktəbin müəllimi Məhərrəmova Gülərdir.


Qısa tanışlıq

1996-cı ildə Bakı şəhərində anadan olmuşam. Azərbaycan Dövlət Pedaqoji Kollecində təhsil almışam. 22 yaşım var.

Müəllimlik peşəsinə marağımın qaynağı ailəmdir. Valideyinlərim asudə zamanını mütaliyəyə həsr edir, oxuduqlarını bizimlə müzakirə edirdi. Bununla da öyrənməyə marağım artırdı. Oxuduqca bildiklərimi bölüşmək üçün valideyinlərimlə, rəfiqələrimlə rollu oyunlar oynamağa başladım. Onlar aparıcı, mənsə qonaq qismində çıxış etdim. Bu oyun bəzən saatlarla davam edirdi. Məktəbdə sinif yoldaşlarımın çətinlik çəkdikləri mövzuları onlara başa salırdım. Müəllimlərimin izahlarını dinləyərkən özümü onun yerinə xəyal edib xəyallara dalırdım. Hal-hazırda isə bu arzumu artıq reallaşdırmış sayıram.

İlk dəfə, yəni bu ildən təyinatla Saatlı Rayonunun Mustafabəyli kəndində M.Ağayev adına tam orta məktəbdə dərs deməyə başlamışam.

Əvvəlki illərlə müqayisədə kənd məktəblərində tədrisin keyfiyyətində inkişaf müşahidə olunur. Nəzarət gücləndirilir, məktəblər təmir olunur, informatika otaqları komyuterlərlə təchiz olunur. Ümumi vəziyyət qənaetbəxş sayıla bilər.


Uşaq döymək olarmı?

Döymək sözünün mənasə standartlaşdırmaq, tabe etmək deməkdir. Əgər bizim məqsədimiz şagirdlərin şəxsiyyət kimi formalaşmasını təmin etməkdirsə, ilk öncə onların azad olmalarını təmin etməliyik. Azadlıq isə fərdin hər istədiyini etməsi demək deyil, istəmədiyi bir şeyə məcbur edilməsidir. Dominantlıq vasitəsilə gələcəyə kölə yetişdirmiş olarıq. Belə uşaqlar dərs bitdikdən sonra içlərində basdırılan enerjini misli ilə ətrafa yaymağa başlayırlar. Günün birində səmimi, onlara kimi yanaşan müəllimlə qarşılaşdıqları zaman özlərini idarə etməyi bacarmırlar. Bu davranış forması böyüdükdən sonra özünü lap pis formada büruzə verməyə başlayır: fərd qarşılaşdığı səmimi, gülərüz, ona mehriban yanaşan insanlarla münasibət zamanı əndazəni aşmağa başlayır. Sırf buna görə də çoxumuz münasibət qurarkən səmimiyyətdən uzaq olmağa çalışırıq.


Məktublar

Şagirdlərimdən çox məktub alıram. Demək olar ki, hər gün yazırlar. Cəzalandırmaq istədiyim zaman diqqətimdən kənar qoymağa çalışıram, səhərisi gün isə üzr mektubu masamda olur. Bəlkədə müəllim olmağın gözəl tərəflərindən biri də budur: zəhmətinin bəhrəsini hər gün alırsan. Dərsi başa düşmələri, dərsin gedişinin onlar üçün maraqlı olmasını qeyd etmələri yorğunluq hissinin aradan qalxmasına səbəb olur.

Müəllimlik həm də hər gün maraqlı hadisələrlə qarşılaşmaq deməkdir. Şagirdlərin fərqli istedad və hobbilərinin şahidi olmaq, onların nifrət etdiyi insanlar haqqında danışması, bir-birlərilə münaqişə etdikləri zaman gətirdikləri məsum arqumentlər peşəmin maraqlı yönlərindən biridir.


Müqəddəs peşə

Hər peşə müqəddəsdir. Çünki hamısı müəyyən bir məqsədə xidmət edir. Digər peşələrdə səhvə yol verildiyi zaman düzəltmək mümkündür. Lakin müəllimin səhvi bəzən şagirdin ömür boyu bədbəxt olmasına gətirib çıxara bilər. Məsələn, şagird danışarkən kobud səhvlər etdiyi zaman yoldaşları onu lağa qoyurlarsa, müəllim də onları sakitləşdirməkdənsə gülümsəyirsə, o şagird gələcəkdə öz fikrini ifadə etməkdən aciz olacaq. Danışarkən səhvə yol verəcəyindən çəkinərək susacaq. Müəllimin bu səhvi şagirdin özünü tərbiyəsi nəticəsində düzələ bilər, lakin özünü tərbiyə çox uzun bir prosesdir. Özgüvənini bərpa etməyi bacarsa belə qorxu onu heç bir zaman rahat buraxmayacaq. Buna görə də müəllimliyi müqəddəs peşə adlandırırlar. Bəzən ziyalı insanların bir-birlərinə "Müəllim” deyə xitab etməsi də bu peşənin müqəddəsliyinə dəlalət edən amillərdən biridir.


Əsl həqiqət

Əvvəlki illərlə müqayisədə öyrənməyə olan maraq azalıb. Bununla elmə olan marağın azalmasından çox özünü universal olaraq inkişaf etdirməyə olan marağın azalmasını vurğulamaq istəyirəm. Uşaqlıqdan qarşımıza məqsəd qoyuruq və çox zaman yalnız o məqsəde yönəlirik, onun haqqında müfəssəl məlumatımızın olmasına cəhd göstəririk. Bəzən isə ən əsas məlumatları almaqla kifayətlənirik. Lakin unuduruq ki, bütün öyrəndiklərimizdən ən vacibi, əsl həqiqət, güzgüdəki əksimizi görə bilməmizdən ibarətdir.


Buradakı əsas məsələlərdən biri də ilk öncə özümüzü tərbiyə etməmiz gərəkdiyini unutmamaqdır. Verdiyimiz tövsiyəyə özümüz əməl etmədikdə bu, tərbiyə prosesində ziddiyyətin yaranmasına gətirib çıxarır, əks təsir göstərir.


Cəmiyyət və müəllim

Cəmiyyət tərəfindən də müəllim öncəki kimi yüksək qiymətləndirilmir. Ailədə valideynlər tərəfindən bütün məsuliyyətin müəllimin üzərinə qoyulması doğru deyil. Ailə ilə məktəb vəhdət teşkil etməlidir, müəllim ilə valideyn birlikdə çalışmalıdır. Müəllim ilə şagirdin ailəsi çox mehriban olmalıdır, gərəkdiyi zaman valideyn dostcasına müəllimə yaxınlaşıb ona məsləhət verməli, gərəkdiyi zaman ise müəllim valideyni təlim tərbiyyənin gedişi prosesi ile bağlı yönləndirməlidir. Ən əsası isə hər iki tərəf bunu təhqir olaraq qəbul etməməlidir. Qarşılıqlı münasibətlər zamanı müfəvvəqiyyətin əldə olunması həm şagirdin, həm də müəllimin nüfuzunun artmasına təsir edən ən vacib amillərdən biridir.


Son

Müəllimlik peşəsinin ən əsas problemlərindən biri həmkarlar arasında əməkdaşlığın rəqabətlə əvəzlənməsidir. Sanki hər kəs hamıdan üstün olduğunu hər cəhdlə göstərməyə səy göstərir. Zənnimcə səmimiyyətsizlik və eqoistlik özünü bu peşədə daha qabarıq büruzə verir. Digər problem isə valideynlərin bəzən yalnəz öz mənafelərinə görə övladlarının istəklərini nəzərə almamasıdır. Bu da şagirdin oxumağa olan istəyini məhv edir.


Şagirdlərim şeiri çox sevir. Şeiri ifadəli oxuduğum zaman məzmununu əyani olaraq təsvir etməyə də çalışıram. Bunu daha çox sevirlər. Ən sevdikləri isə nəsri nəzmə çevirməkdir. Bacardıqca şeirə daha çox vaxt ayırmağa çalışıram. Bütün şagirdələ mənə əzizdir və heç birini unutmayacam.

Hər kəsin məni tanımasından başqa elə də çətinliklə qarşılaşmamışam. Əslində bu çətinlik deyil, sadəcə narahatçılıqdı. Ümumilikdə götürdükdə isə kənddə qadın müəllim olmaq deyil, qadın olmaq çətindir.