adalet.az header logo
  • Bakı 20°C

ÖRNƏK QUŞCIĞAZ

FƏRİDƏ RƏHİMLİ
30721 | 2018-04-28 00:31

ÖRNƏK QUŞCIĞAZ


Səhər oyandığında yerindən qalxmadan bir anlıq düşünürsən - ömür beləcə yeknəsəqmi davam edəcək? Sabah oyanıb işə getmək, axşam evə dönmək, yemək-içmək, yatmaq, yenə eynisinin təkrarı. Bəzən kiçik əlavələr, əksikliklər olsa da, yenə eynidir günün davamiyyəti və ömrün yarısı (bəlkə hamısıdır, kim bilir!) beləcə keçdiyini düşünürsən.
İçində olduğumuz ucsuz-bucaqsız kainatın necə var olduğu, hara doğru getdiyi, içindəki nizam və tarazlığı təmin edən qanunların necə işlədikləri hər dövrdə insanların maraq mövzusu olub. On dörd əsr əvvəl yer üzünə endirilən Quranda yazılanları XXl əsr texnologiyasıyla kəşf edilərək bəzi həqiqətləri üzə çıxararkən aydın olur ki, bunlar bizə əsrlərlə əvvəl Quran ilə bildirib. Quranın Allah qatından endirilmiş olduğunun və insanlar tərəfindən bir bənzərinin əsla gətirilə bilməyəcəyinin bir çox dəlili vardır. Bu dəlillərdən biri də, Qurandakı ayələrdə diqqət çəkilən mövzuların, içində olduğumuz kainatda hər təfərrüatı ilə var olmasıdır.
... Hər günkü gündəlik rejimimi dəyişmək istəyirəm - evin yaxınında deyil, ayaqla bir neçə dayanacaq geriyə getməklə minirəm avtobusa. Yerimək yaxşı təsir eləsə də, avtobusdakı basabas, nəfəs kəsən tər qoxusindan enməli oluram. Ayaqla alternativ yola doğru addımlayıram. Yol parkdan keçir. Burda həyat başqadı - səma gömgöy, otlar yamyaşıl, ağaclar libasını dəyişib, yenilənib. Kiçik rəngbərəng çiçəklər yaşıllığın ortasında göz oxşayır. Köhnə yarpağını yeni yaşıl rənglə dəyişən küknar ağacının yerə tökülən qurumuş yarpaqlarını toplayıb dimdiyi arasında daşıyan və eyni zamanda cəh-cəhindən də qalmayan torağay diqqətimi çəkir. Hər şeyi, işə gecikdiyimi də unudub onu müşahidə etməyə başlayıram. Oxuya-oxuya yuva qurur özünə. Sabahkı pessimizmdən əsər-əlamət qalmır. Cəmi bir neçə ay yaşayacaq olduğu yuvasını belə canfəşanlıqla, nəğmə oxuyaraq quran quşqığaz qədər yoxmuyuqmu biz? Hələ həyatımızda dəyərini bilmədiyimiz, lazımınca qiymətləndirmədiyimiz çox şeylər varkən - yaşlı, xəstə olsa da bizimlə yaşayan valideynlərimiz, uşaqlarımız, yaxınlarımız, işimiz, iş yoldaşlarımız, qohum-əqraba, dostlar... Onlar üçün dəyməzmi yaşamağa, çalışmağa? Hələ sənin yaşaman kimsəyə zərər vermirsə, əksinə birinə əl tuta, yardım edə, birinə sadəcə xoş davranışınla sevinc bəxş edə bilirsənsə...
Bu böyük dünyanın bu balaca parkında bu balaca quşcığazın verdiyi dərsin təsiri altındayam.
Bu parkdan tez-tez keçirəm. Payızda saralıb tökülən, qışda çürüyən yarpaqları, toxumları görürəm. O toxumdan, yarpaqdan, otdan yazda yenidən yaşıllığın cücərməsi Quranda vəd edilən, "yenidən dirilmə"nin bizə göstərilən nümunəsi deyilmi! Əgər gözümüzün önündə "ölənlər" bu şəkildə "dirilirsə", nədən bizə vəd olunana inanmayaq? Eyni zamanda insan yaradılmışların ən alisi, əşrəfiysə, bizə verilən ömrü niyə pessimizmlə, intiharla zay edək? Bütün canlılar ibadət edir. O quşcığaz da su içərkən üzünü Allaha tutur (Su boğazından keçsin deyə, başını qaldırır deyənlər yanılırlar). Ətrafımızda hər gün, hər saat, hər an Uca Yaradanın varlığını və bizə sevgisini sübut edən minlərlə nümunələr var. Sadəcə onları görməyi və şükür etməyi bacarmırıq bəzən. O, bizi sevdikcə, biz Onu unuduruq. Doğulandan bəri gözümüzün gördüyünə, qulağımızın eşitdiyinə, ağlımızın qavradığına alışdığımızdan onları adi sayırıq. Amma insan beyni nə qədər inkişaf edib, kəşflər ortaya qoysa da, insan onu yaradanın yaratdığının milyondan birini yarada bilməz. Sən, sənin özünü yaradandan yüksəkdə ola bilməzsən axı, buna cəhd etmə! O qabiliyyətlərin verildiyi insanlar da Yaradanın lütfündən nəsibini alanlardır. Yəni, Arximedə qədər də vannaya milyardarla insan girmişdi və su bayıra tökülmüşdü. Amma buna görə həcm haqqında qanunu düşünən olmamışdı. Yaxud Nyutona qədər alma ağacının altında oturub başına alma düşənlər, hətta başı yarılanlar çox olmuşdu, amma yerin cazibə qüvvəsinin kəşfi ona qismət olmuşdu. Yetər ki, çalışasan, hərəkət edəsən, düşünəsən. "Səndən hərəkət, məndən bərəkət" deyib Yaradanımız. Yəni, edə bilmədiklərin, arzulayıb, həyata keçirə bilmədiklərin üçün kimsəni günahlandırma, naşükürlük də etmə. Buna ya sənin tənbəlliyin, hərəkətsizliyin səbəbdir, ya da səni yaradan belə istəyib, səbr etsən nə vaxtsa istədiyinə çatacaqsan. Çünki, deyir Allah istədiyini həmin an vermirsə, demək daha yaxşisini verəcək. Səbir də Onun sevdiyi şeydir.
O quşun hərəkətini, qarışqaların min bir zəhmətlə topladıqları yemlərini qatar-qatar düzülərək daşıma təntənəsini, arıların özlərinə məxsus sıx "qanunlarını" görüb də, necə Allahın yaratdığına şübhə ilə yanaşmaq olar?
Sosial çətinliklər, maddi sıxıntılar, cismani ağrılar ola bilər, amma bütün bunlara rəğmən özünüz üçün yaşamağa bir həvəs, bir səbəb, bir tutanaq tapmalısınız. Bunun üçün özünüzdən varlılara deyil, sizdən daha çətin yaşam tərzi keçirənlərə baxın! Sizdən sağlamları deyil, əlacsız xəstəliklərlə çarpışanları göz önünə gətirin! Xoşbəxt olmağı milyonlarda deyil, ən kiçik diqqətdə, qayğıda, sevgidə görün! Birinə sevinc, sevgi, rahatlıq bəxş edə bilmisənsə xoşbəxtsən! Xoşbəxt olmaq üçün o torağayın öyrətdikləri kimi minlərlə nümunə var ətrafımızda...


TƏQVİM / ARXİV