adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Aprel 2018 00:20
39565
LAYİHƏ
A- A+

XALQLA İQTİDAR BİRLİYİ: ZƏFƏRLƏRƏ APARAN YOL

...Azərbaycan müstəqillik, inkişaf yolu ilə gedir. Bir neçə il bundan əvvəl dünyanı bürümüş iqtisadi və maliyyə böhranı, eyni zamanda, bölgədə baş verən xoşagəlməz hadisələr, toqquşmalar Azərbaycanın uğurlu inkişafına təsir etməmişdir. Bunun başlıca səbəbi Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olmasıdır, xalqla iqtidarın arasındakı birlikdir və bizim bütün proqnozlarımızın uğurlu icrasıdır... Cənab Prezidentin dərin məzmunlu çıxışlarından gətirdiyimiz bu fikir ölkəmizin ictimai-siyasi arenada təsdiqlənən mövqeyini əks etdirir. Bir növ Azərbaycan reallığının spektrini işıqlandırır. Müdrikcəsinə söylənən "xalqla iqtidar arasında birliyin" əbədi və sarsılmaz olduğunu biz, yaxın günlərdəki 11 aprel prezident seçkiləri zamanı bir daha görüb yaşadıq. Həmin günün Müstəqil Azərbaycanımızın tarixində ən parlaq günlərdən biri kimi qalması fəxr olunası gerçəklikdir. Həmin gerçəklik Zaqatala rayonunda daha təmtəraqlı yaşanmışdı. Səbəbi bəlli olsa da, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bu fikri daha mükəmməl ifadə edir:
- İki xarici dövlətlə sərhəd zonasında yerləşən Zaqatala rayonunun sakinləri bütün məsələlərə həssaslıqla yanaşır. Onlar Azərbaycanın, onun bir parçası olan Zaqatalanın son illər ərzində bu qədər inkişafına, uğurlarına, yüksəlişinə ürəkdən sevinib fəxr etməzdilərmi? Bizim camaat məlum təbii fəlakət zamanı təcili rayona gəlib onlara arxa duran sevimli Prezidentlərinin misilsiz qayğısını unuda bilərdimi? Dağılan və zədələnən köhnə evlərin, inzibati və sosial obyektlərin yerində yüzlərlə təzə, ən müasir tikililər qurulmasının xəyal yox, gerçəklik olduğunu görməzdilərmi? Rayondakı infrastruktur yenilikləri, rahat yollar, kənd və qəsəbələrin sanki bir şəhər görkəmi alması, Zaqatala şəhərinin modern inkişafı dövlətimizin, şəxsən cənab Prezidentimizin müstəsna qayğı və diqqətinin töhfələridir. Zaqatalalılar bütün bunlarla yanaşı həm də böyük iftixarla xatırlayırlar ki, sevimli prezidentləri bu rayona səkkiz dəfə səfər etmiş, onları hədsiz qürurlandırmışdır. Belə olan halda, əlbəttə ki, xalqla iqtidarın birliyi həmişə büyük uğurlara aparır və sevinc doğurur...
Özünün də vətənsevərliyi və əməyi yüksək qiymətləndirilən təcrübəli icra başçısı bu mənada həmişə rahat və nikbindir. Gözəl duyğulardır. Eyni zamanda ibrətamiz haldır.
Beləcə yüksək ovqatla müzakirə edilən 2018-ci ilin birinci rübünün yekunları rayon həyatında yaşanan adi günlərdən biri idi. Çünki burada yaşanan hər günün davamlı özünəməxsusluğu var.
Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin geniş məzmunlu nitqindən irəli gələn məsələlərin bir fəaliyyət proqramı olaraq qəbul edilməsi Zaqatala rayonunda keçirilən yığıncağın əsas məramını müəyyənləşdirmişdir. Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin qeyd etdiyi kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci ilin uğurlu və sürətli inkişaf ili olacağını vurğulayaraq bildirmişdir ki, "...birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artmışdır. Bu, çox gözəl göstəricidir və dünya miqyasında mövcud olan artımdan daha yüksək göstəricidir. Qeyri-neft sektorumuz isə təxminən 3 faiz artmışdır. Bu da iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsidir."
Birinci rübdə sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi 10 faiz, kənd təsərrüfatı 4,2 faiz, xarici ticarət dövriyyəmiz 31,0 faiz, ixrac potensialımız 24,0 faiz, qeyri-neft ixracımız isə 37,0 faiz, valyuta ehtiyatlarımız 2,2 milyard dollar artaraq 44,2 milyard dollara çatmış, böyük hissəsi xarici sərmayə olmaqla ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulmuş, 31 mini daimi olmaqla, 34 min yeni iş yeri yaradılmış, əhalinin gəlirləri 10 faiz artmış, inflyasiya isə cəmi 4 faiz olmuşdur. Hər bir ölkə bu göstəricilərlə fəxr edə bilər deyən ölkə başçısı vurğuladı ki, Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Biz güclü iqtisadiyyat yaradaraq, eyni zamanda, sosial məsələlərin həllində inamlı addımlar atırıq.
2018-ci ilin birinci rübündə sosial məsələlərin həllinə, ilk növbədə maaşların və pensiyaların artırılmasına, sosial infrastrukturun yaradılmasına cox böyük önəm verildiyini, bütün infrastruktur layihələrin uğurla icra edildiyini vurğulayan dövlətimizin başçısı İlham Əliyev qeyd etmişdir ki, biz iqtisadi cəhətdən nə qədər güclü olsaq, sosial məsələlər də o qədər uğurla öz həllini tapacaqdır.
Respublikada sosial-iqtisadi inkişaf proqramlarının uğurla həyata keçirilməsi regionların sosial-iqtisadi inkişafı istiqamətində nəzərdə tutulan proqramların reallaşması nəticəsində Zaqatala rayonu da öz inkişafını davam etdirmişdir.
Görülmüş uğurlu işlərin nəticəsidir ki, 2018-ci ilin birinci rübü ərzində rayonda məhsul buraxılışı 64 milyon 635 min manat olmuş, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz coxdur. Məhsul istehsalı tikintidə 2,2 dəfə, kənd təsərrüfatında 6,5 faiz, ticarətdə 23,5 faiz, rabitədə 10,7 faiz, nəqliyyatda 1,0 faiz, pərakəndə əmtəə dövriyyəsi 4,5 faiz, pullu xidmətlərin həcmi 2,3 faiz artmış, 565-i daimi olmaqla 585 iş yeri açılmışdır. Əsas kapitala yönəldilən investisiyaların həcmi 2,1 dəfə artaraq 4 milyon 696 min manat, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 2,2 dəfə artaraq 4 milyon 443 min manat təşkil etmişdir.
2018-ci ilin birinci rübü ərzində rayonda sahibkarlığın davamlı olaraq inkişaf etdirilməsi və bu sahədə qarşıya çıxan problemlərin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd təsərrüfatı sahələrini kiçik həcmli investisiya layihələrin maliyyələşdirilməsi məqsədi ilə 3 layihə üzrə 26,0 min manat həcmində güzəştli kredit verilmişdir.
2018-ci ilin birinci rübündə rayonun iqtisadiyyatına qoyulmuş 1 milyon 330 min manat investisiyanın 58,7 faizi xidmət sahələri üzrə obyektlərin, 33,8 faizi yaşayış evlərinin tikintisinə, 7,5 faizi ticarət sahəsinin inkişafına cəlb edilmişdir.
2018-ci ilin birinci rübü ərzində büdcəyə vergi və tədiyyələr üzrə 1,8 milyon manat vəsait daxil olmuş, proqnoz tapşırıqlar 120,7 faiz icra edilmiş, bu da keçən illə müqayisədə 521 min manat çoxdur. Gəlirlərin 24,4 faizi dövlət sektorunun, 75,6 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Hesabat dövründə mərkəzləşdirilmiş xərclərdən 601 min manat subsidiya alınmış, büdcə xərcləri 1 milyon 805 min manat və ya 94,2 faiz icra olunmuşdur.
2018-cı ilin birinci rübü ərzində 94 pensiya işi təyin edilmiş, 16440 pensiyaçıya xidmət göstərilmiş, 954,4 min manat məcburi dövlət sosial sığorta haqları yığılmış, proqnoz tapşırıqlar 102,3 faiz icra edilmişdir.
Hesabat dövründə rayonda 213 nəfər kimsəsiz qocalara xidmət göstərilmiş, 5098 nəfərə sosial müavinət, 377 nəfərə Prezident təqaüdü, 737 ailənin 2948 üzvünə ünvanlı sosial yardım verilmişdir.
Ötən dövrdə rayonda 809 nəfər işaxtaran kimi qeydiyyata alınmış, 334 nəfər münasib işlə təmin olunmuşdur. "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası olaraq rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatda olan 100 nəfər özünə məşğulluq ləyihələrinə cəlb edilərək "Öz biznesinə başla və təkmilləşdir" mövzusunda xüsusi təlimlər keçmiş, onların tərtib etdiyi aktivlərə əsasən 28 nəfərə öz biznesinə başlamaq üçün mal-material verilməsi nəzərdə tutulmuşdur.

(ardı gələn sayımızda)

Məzahir ƏHMƏDZADƏ