adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Aprel 2018 00:17
62985
LAYİHƏ
A- A+

Təklələr

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Təklə adına Türkdilli tayfa birləşməsinə bağlı olan Türkiyə, Türkmənistan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstanda, eləcə də Qara dənizin şimal sahillərində və Volqaboyu ərazilərdə məskunlaşan türk tayfa ittifaqlarının leksikasında rast gəlinir. Göründüyü kimi bu adın yayılma arealı genişdir.
Mənbələrdə bu coğrafi adın müxtəlif yazılış variantlarına rast gəlinir. Tekla, Takla, Takle, Tokle, Təklo, Teklo, Tekli və s. Bu yazılış variantları müxtəlif xalqların dialekt və şivələri ilə bağlıdır. Təklə coğrafi adının mənşəyi ilə əlaqədar bir sıra versiyalar söylənilir.
Araşdırmalar onu sübut edir ki, təklələr Oğuz tayfa ittifaqına bağlı olmuşdur. Onlar əvvəllər Türkiyə ərazisində yaşayırdılar. 1540-cı ildə isə tayfa başçısı Qazı xanın rəhbərliyi ilə Səfəvi hökmdarı İ Təhmasibin hakimiyyətini qəbul edib Mahmudabad ərazisində (indiki Salyan rayonu) məskunlaşmışlar. Görkəmli tarixçi-alim O. Əfəndiyevin verdiyi məlumata görə, Salyan və Mahmudabad 1540-cı ildə tiyul olaraq İ Təhmasib tərəfindən Qazı xana verilmişdir.
1543-cü (hicri 950) ilə aid mənbələrdə Qazı xan Təklənin Şirvan vilayətinin Salyan mahalındakı Xosrovabad adlı ərazidə əvvəllər İ Şah Təhmasibin bacısı və Şirvanşah İİ Xəlilüllahın həyat yoldaşı Pərixan xanıma məxsus olmuş "Şahzadə Bəyim nəhri"ni satın aldığı və daha sonra bu arxı Şeyx Səfi astanasına vəqf etdiyi göstərilmişdir.
Təklələr sonralar Şahsevənlərin tərkibinə daxil olmuşlar. Şahsevən elinin tərkibinə daxil olan təklələr Cənubi Azərbaycan ərazisində yaşayır, əsasən heyvandarlıqla məşğul olurdular.
Onlar yayı Savalan dağlarında yaylaqlarda keçirir, qışda isə Muğanda qışlayırdılar. Bu təklələr Şahsevən elinin bir qoludur.
Tarixçi Mixail Avdeev təkləlilərin Qarabağda yaşadığını və onların 14 tirədən (əlipənahlılar, hacılar, əliqulular, budaqlar, talıbxanlı, hacılı, muradxanlılar, ağamalılar, abdallar, xələfqulular və s.) ibarət olduğunu qeyd edir. (Avdeev M.N. Milsko -Karabaxskaya step: Koçevoe i osedloe xozyaystvo. B.1929.s.91)
Professor İ.P. Petruşevski əsərlərində qeyd edir ki, Türkiyədəki Təklə tayfası Azərbaycana gəldikdən sonra onların xeyli hissəsi Salyan və Mahmudabad (Masallı rayonu ərazisində) bölgələrində məskunlaşmışlar.
Bəzi tədqiqatçılar təklələrin Şimali Azərbaycana gəlişini XVİ yüzilin 40-cı illərinə aid edirlər. Bir qrup tədqiqatçılar isə Təklə tayfasının Şimali Azərbaycana gəlişini XVİİ yüzildən sonrakı dövrə aid edirlər.
Tarixdən məlum olduğu kimi XVİİ əsrin əvvəllərində İ Şah Abbas özünə arxa yaratmaq məqsədilə Azərbaycanın şimal ərazilərinə köçəri və yarımköçəri tayfaları köçürdü. Məsələn, Muğanda və Mildə çoxlu Şahsevən ailəsi yerləşdirmişdi. Muğan və Mildə yaşayan otuzikilərin, muğanlıların, təkləlilərin, xəlfəlilərin və s. tayfaların bu ərazilərə köçürülməsi də bu dövrə təsadüf edir.
Bəzi tarixçilər isə daha qabağa gedərək təkləlilər tayfasının Azərbaycana gəlmə tarixini XI əsrlə-Səlcuq türklərinin Azərbaycana gəlişi ilə əlaqələndirirlər.
XIX yüzilə aid mənbələrdə qeyd olunur ki, təkləlilər Mil və Qarabağ düzənliklərində məskən salmışlar.
Qədim türk tayfalarından biri olan təklə tayfası sonralar respublikamızın ayrı-ayrı bölgələrinə köçərək daimi məskən salmışlar.
Azərbaycanın Ağsu, Kürdəmir, Masallı, Cəlilabad, Qobustan rayonlarında Təklə kəndi, Şamaxı rayonunda Təklə Mirzəbaba kəndi, Masallı rayonunun ərazisində Təklə dərəsi, Təklə düzü, Təklə təpəsi, Cəlilabad rayonunda Təklə bulağı, Təklə dərəsi, Təklə dağı, Təklə yamacı, Təklə örüşü, Gürcüstanda Ağ Təklə, Qara Təklə (yerli sakinlər bu kəndlərin adlarını Təhlə kimi tələffüz edirlər) etnonimlərin, toponimlərin və oykonimlərin adları səlcuq türklərindən olan təklələrlə əlaqədardır.
XIX əsrin sonlarında Azərbaycan ərazisində təkləlilərin aşağıdakı tirələri yaşam sürürdü: Təklə-Mirzəbaba, Təklə-Səfi (Sofi), Təklə-Şatullu, Təklə-Abdulla, Təklə-Xol, Təklə-Ağamollalar, Təklə-Ağcaqlar, Cır Təklə, Boşçallar, Xəlifəqulular, Talıbxanlı, Budaqlı, Ağamalılar, Buludlu, Bozçallar, Avdallar, Hacılı, Aşıqlı və b.
XX əsrin əvvəllərində İmişli ərazisində Təklə tayfası 14 tirədən ibarət idi: Talıbxanlı, Boşçallar, Budaqlı, Bulutlu, Hacılı, Evdələr, Xələfqulular, Ağamalılar, Muradxanlı, Murtulu, Əlipənahlı, Abdallar, Əliqulular, Aşıqlı. Bundan başqa bu tirələrin bəziləri daha xırda hissələrdən ibarət idi.
İmişli ərazisində məskunlaşan təkləlilər əsasən heyvandarlıqla məşğul olurdular. Onlar inək, qoyun, keçi, dəvə, at saxlayır, Arpaçayı, Daş körpü, Yanıq dağı, Qaraarxac, Sarı yer, Çaxmaq qaya adlanan yaylaqlarda yaylayırdılar.
Təkləlilər yayda dövlət torpağında yaylayır, qışda isə əsasən sahibkar torpağında qışlayırdılar. Onların yaylaq sahələri əvvəllər Qərbi Ermənistanın dağlarında yerləşirdi. Hər bir tərəkəmə elinin yaylaqda özlərinə məxsus otlaq sahələri vardı. Sarıxanlı, Əliqulular, Əlipənahlı, Boşçallar camaatının mal-qoyunu bir qayda olaraq Cermuxun həndəvərindəki Murad təpəsindəki sahədə yaylayırdı. Murad təpəsi indiki anlamda adi, kiçik təpə deyildir.
Ərazi təpə adlansa da lakin böyük bir sahəni əhatə edirdi. Yuxarıda adlarını çəkdiyimiz obaların sayı-hesabı bilinməyən qoyun sürüləri, qaramal ilxıları burada rahatca saxlanılırdı. Eləcə də həmin təpəyə yaxın olan Mehdi təpəsi, Sarı yer, Qaraarxac, Çaxmaqlı, Sarımsaqlı, Sərçəli, Qızıltəpə yaylaqları da İmişli tərəkəmələrinin ixtiyarında idi.
Zaman-zaman erməni millətçilərinin türklərə qarşı qan hərisliyi artdıqca azərbaycanlıların öz tarixi yaylaqlarına gediş-gəlişi çətinləşdi və bir müddətdən sonra isə tamamilə kəsildi. Bundan sonra tərəkəmə elləri Laçın və Kəlbəcər yaylaqlarına üz tutdular. Tərəkəmələrin el yolu da dəyişdi. Bu dəfə Eşşək meydanı, Minkənd, Qarakeşdi, Çıraqlı, Şeylanlı və s. kəndlərin əhatəsi çal-çağırlı tərəkəmə ellərinin gediş-gəliş yolu oldu.
Laçının ərazisinə bağlı olan Alagöllər, Çöplü göl, Lilpər, Qaranlıq dərə, Pəri çınqılı, Şişdağ, Əyriqar, Südlü bulaq, Kəlbəcərin ərazisinə bağlı olan Taxta düzü, Soltan Heydər və s. yaylaqlar tərəkəmə ellərinin ixtiyarına verildi.
Bütün bunlarla bərabər, Kiçik Qafqazın Keçəltəpə, Sırtyeri, Sərçəli və b. dağlarında, eləcə də Kəlbəcərin Ağçınqıl, Muxurtüryan, Camışbatan, Qotursu, Çalbayır, Təpəsideşik dağları da təkləlilərin yaylaqları olmuşdur. Onlar qış aylarını isə Mil -Muğan düzündə keçirirdilər.
Şahsevənlərə bağlı olan bu tirələr sonralar əkinçiliklə və təsərrüfatın digər sahələri ilə də məşğul olmağa başladılar.
Bəzi tədqiqatçılar qızılbaşların təklə tayfasını Qərbi Çindəki dünyanın ən böyük qumlu səhralarından biri- Kaşqariya (Tarim) düzənliyinin mərkəzi hissəsini tutan səhra ilə Təklə- Məkanla əlaqələndirirlər.
Şərqi Türküstanda yerləşən bu səhranın uzunluğu qərbdən şərqə 1000 km-dən çox, eni 420 km-ə qədər, qumluqlarının sahəsi 300 min kv.km-dən artıqdır. Hündürlüyü 800-1300 metr, maksimum hündürlüyü 1664 metrdir.
Bəzi mənbələrdə bildirilir ki, indi dünyanın ən səfalı yerlərindən olan Türkiyənin Antaliya və Alaniya civarındakı sahilboyu ərazilər XİV yüzilin ikinci yarısından etibarən Təklə (sonralar Təkə) eli olaraq tanınmışdır. Hazırda Təkə tayfa birləşmələrinin qollarına Quzey Azərbaycanın və Gürcüstanın demək olar ki, əksər guşələrində rast gəlmək mümkündür.

(ardı gələn sayımızda)

Faiq ŞÜKÜRBƏYLİ,
tədqiqatçı-etnoqraf