adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Aprel 2018 22:01
36439
LAYİHƏ
A- A+

Almas İldırım

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)

Cəmiyyətin məcmuəsində "Hindli qız", "Qərbə", "Nəriman", "Şərqə", "Yarın", "Ey Hindistan" və s. şeirləri dərc edilir. Nəriman Nərimanovun Moskvada müəmmalı ölümü çoxları kimi gənc şair Almas İldırımı da narahat edir. "Nəriman" şeirində o böyük şəxsiyyətin ölümü ilə əlaqədar:

"Ətrafımız olsa zalımla dolu,
Yenə izləyirik getdiyin yolu"

- deyə, Azərbaycan xalqının narahatlıq və üzgünlük duyğularını cəsarətlə ifadə edirdi. 1926-cı ildə bu cəmiyyət fəaliyyətini dayandırır, adını dəyişdirib "Qızıl Qələmlər İttifaqı" adlandırır. Şair cəmiyyətin orqanı olan "Ədəbi parçalar" məcmuəsində qırmızı imperiyaya xitabən yazırdı:

Ey qızıl qan, ölüm saçan qüvvət
Nə rəzil, kirli şöhrətin vardır;
Varlığından usandı hər xilqət,
Hakimin qanlı diplomatlardır.

Almas İldırım ali təhsil almağa da xüsusi həvəs göstərir. Fars və rus dillərini yaxşı bildiyindən 1927-ci ildə sənədlərini Azərbaycan Dövlət Universitetinə (indi BDU) verir, qəbul imtahanlarından yüksək qiymət alaraq universitetin şərq fakültəsinin filologiya bölümünə daxil olur. Çox çəkmir ki, onu bu ali təhsil ocağından xaric edirlər. Səbəbi də bu olur ki, guya, onun atası tacir imiş. Həqiqətdə isə atası Əbdülməhəmməd kişi Çəmbərəkənddə ailəsini kiçik alış-verişlə güclə dolandırırdı. Almas İldırımın universitetdən xaric edilməsindən çox məyus olsa da, yığıncaqlarda, müzakirələrdə öz mübariz ruhlu şeirləri ilə çıxışlar edirdi.
"Yaşıl yarpaq"dan, Azərbaycan Ədəbiyyatı Cəmiyyətindən və M.Ə.Sabir adına Dövlət Kitabxanasında fəaliyyət göstərən "Kitab Dostları Cəmiyyəti"ndən keçən yol onu dostu Süleyman Rüstəmin vasitəsi ilə 1928-ci ildə təsis olunmuş Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinə gətirib çıxarır. Bu cəmiyyətə məcburiyyət qarşısında üzv olan Almas İldırım çox keçmir ki, dostu Süleyman Rüstəmlə müştərək çap etdirdiyi "Dün bu gun" (1926-cı il) adlı məcmuədəki və digər bu kimi şeirlərində səsləndirdiyi fikirlərə görə topa-tüfəngə tutulur.
Hətta onun Əhməd Cavadla, Hüseyn Cavidlə dostluğuna qısqanclıqla yanaşanlar da olur. Nəticədə 1928-ci ildə Dövlət Siyasi İdarəsinin (Az.QPU) əli ilə 22 yaşlı gənc şair "özünü düzəltmək", "səhvlərini başa düşmək" üçün Dağıstana sürgün edilir.
Sürgünə göndərilən Almas İldırımın yaxın dostu kimi tanınan və "qızıl qələmi" ilə öyünən şair Süleyman Rüstəm az sonra - "Kommunist" qəzetinin 3 noyabr 1929-cu il tarixlı sayında "Sükut edə bilməriz" adlı məqaləsində yazırdı: "Yazıçılar arasında müsavatçılara aşiq və Türkiyə casuslarının həqiqi şagirdi bulunan A. İldırımın da yer almış olduğu meydana çıxmaqdadır. Bunlar Ə.Cavad və H. Cavidlərin yolçusudurlar. Milli ədəbiyyat yaratmaq məqsədilə qəmli mərsiyələr yazan bu kimi gənc şairlərdən ədəbiyyatımızı təmizləməliyik".
Qəriblik görməyən şairi Dərbənddə məmnun edən başlıca məqam o oldu ki, bu şəhərdə yaşayıb işləməsinə pis münasibət göstərmədilər. Hərdən üç tərəfi dağlara, bir tərəfi Xəzərə dirənən Dərbəndin dənizli sahillərinə gəlir, şahə qalxan ləpələrdə, cənub küləyinin əsimində sanki Dağlı məhəlləsindən (indi Dağüstü parkda "Gülüstan" sarayının ərazisində) üzü Xəzərə baxan həyətlərinin, Şüvəlandakı bağlarının havasını alır, uşaqkən həmyaşıdları ilə yayda dənizə çimərliyə getmələri və s. gözləri önündə canlanırdı...g
Qədim Azərbaycan şəhəri Dərbənd böyük mədəniyyət mərkəzi hesab olunurdu, əhalisinin çoxu doğma dildə danışdığından Almas İldırım psixoloji narahatlıqdan uzaq idi. Burada bir neçə qəzet və jurnal nəşr edilirdi. Dərbəndə gəldiyi gündən meylini bu qəzet-jurnal redaksiyalarına salır. İlk tanış olduğu, sonralar ADU-nun rektoru, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin ilk sədri, "Ədəbiyyat qəzeti", "Bakinski raboçi", "Vışka" qəzetlərinin redaktoru olmuş və 1938-ci il repressiya qurbanı kimi tanıdığımız, o vaxtlar Dağıstanda yaşayıb-yaradan Məmmədkazım Ələkbərlinin köməyi ilə məqalələri və şeirləri "Dağıstan firqəsi" qəzetində işıq üzü görməyə başlayır. Şeirləri Dağıstanda yaşayan azərbaycanlılar, ləzgilər, çeçenlər və başqa xalqların nümayəndələri tərəfindən sevilə-sevilə oxunur, qısa bir zamanda dillər əzbəri olur, məclislər söhbətinə çevrilir. "Dağıstan firqəsi"nin redaktoru Məmmədkazım Ələkbərlinin dəstəyi ilə redaksiyada işə də düzəlir, sonra Dərbənddən Mahaçqalaya köçür. Qəzet əməkdaşı olaraq dost diyarı oba-oba, aul-aul gəzir, Qasımkənd, Axdı bölgələrindəki ədəbi qüvvələrlə münasibət qurur, yaxınlıq edir. Amma bu gəzintilər, tanışlıqlar nə qədər maraqlı və gərəkli olsa da Bakının, Abşeronun yerini, ləzzətini vermir, odur ki, şair həsrət dolu xiffətlə yazırdı:

Of... Bakı, bu ayrılıq mənə ölümdən betər,
İçimdə yaşatdığım qərib bülbülüm ötər,
Sən bu qızıl uyğuya bunca yatdığın yetər,
Artıq oyan, a dağlar, artıq oyan, a dağlar!..
A.İldırım tez bir zamanda Mahaçqala və yaxın kəndlərdə yaşayıb-yaradan ədəbi qüvvələri də ətrafına toplaya bilir. Biliyi, fəallığı, qələm təcrübəsi sayəsində yaxşı təşkilatçı kimi də tanınır. Bolşevik xata-balasından uzaqlaşmaq üçün yeni yaranmaqda olan Cənubi Dağıstan Proletar Yazıçıları Cəmiyyəti Dərbənd özəyinin təşkilində əlindən gələni əsirgəmir. Gənc şair Dağıstanda iki il - 1929-cu ildən 1931-ci ilədək qalır. Şairin 1930-cu ildə Bakıda, "Azərnəşr"də Məhəmməd Səid Ordubadinin dəstəyi ilə nəşr olunan "Dağlar səslənərkən" şeirlər məcmuəsi ədəbi aləmdə böyük rezonans doğurur.
Hətta "Yeni yol" qəzetinin 11 iyun tarixli sayında belə bir "Bildiriş" dərc edilir:
"Cümə günü iyunun 13-də axşam saat 7-də Türk Mədəniyyət Sarayının Şərq odasında Almaszadə İldırım yoldaşın yaradıcılığı haqqında Mehdi Hüseynzadə yoldaşın (Mehdi Hüseyn nəzərdə tutulur) məruzəsi olacaqdır. Məruzədən sonra proletar yazıçıları öz əsərləri ilə çıxışlarda bulanacaqlar. Hamı maraqlıların gəlməsi arzu olunur".
Lakin məcmuənin taleyi antisovet xarakterli şeirlərə görə müəllifinin taleyindən betər olur. Senzuradan keçməyən bu məcmuə mağazalara çıxar-çıxmaz sosializm quruluşu və fəhlə-kəndli hökuməti əleyhinə təbliğat məqsədi güdən ziyanlı ədəbiyyat kimi müsadirə olunur, kitabxanalara çatar-çatmaz qeybə çəkilir. Azdan-çoxdan dünyanın bərkini-boşunu görmüş gənc şair tutulacağından, daha ağır cəzaya məruz qalacağından ehtiyat edərək təcili Bakıya gəlir. Bu gəliş onun Azərbaycan Yazıçılar İttifaqından qovulması, bu dəfə Türkmənistana sürgün edilməsi ilə nəticələnir. Gənc şair Bakıdan Türkmənistana sürgünə göndərilərkən onu yola salmağa gələn doğmaları arasında Mikayıl Müşfiq də var idi. Xudahafizləşəndə əlini onun çiyninə qoyub deyir: "Bunların məqsədi mənə indi aydın olur. Yəqin hər dəfə bir türk məmləkətinə göndərməklə Böyük Türküstanımızı mənə qarış-qarış gəzdirmək istəyirlər".
A.İldırım adını eşidib, üzünü görmədiyi Aşqabadda azərbaycanlı ziyalılarla tanış olur, ünsiyyət yaradır. Onların köməyi ilə pedaqoji fəaliyyətə başlayır. İrandan və Qafqazdan Aşqabada pənah gətirmiş, sürgün edilmiş ailələrin uşaqlarından ibarət məktəbə müəllim və müdir təyin olunur. Məktəbdarlıqla yanaşı, yaradıcılıqla da məşğul olur, şeirləri yerli qəzetlərdə dərc edilir, radioda oxunur. Az müddətdən sonra Aşqabadda Azərbaycan dilində çıxan "Zəhmət" qəzeti redaksiyasında işə düzəlir, yaradıcılıq və çap olunmaq imkanları üçün daha münbit şərait yaranır.

(ardı gələn sayımızda)

Rəhman SALMANLI,
filologiya üzrə fəlsəfə doktoru
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ