adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Fəxri Zakir

ETİBAR CƏBRAYILOĞLU
38411 | 2018-04-07 00:11
Əzabın övladı, dərdin qardaşı, kədərin atası...

Dünyanın ən azından 700 illik dərd-sərini qəmli gözlərinin foto yaddaşına köçürən Zakir Fəxrinin 70 yaşı tamam oldu. Fəxrimizin çat-çat olmuş ürəyinə bu qədər əzab yükləmək 70 ilin işi deyil. Məncə, rəqəmi bir də dəqiqləşdirmək lazım, hər yazılana adamın inanmağı gəlmir.
Söhbətlərində, xəsisliklə verdiyi müsahibələrində həmişə "Bu dünyanın dərdlərindən başqa məni heç nə düşündürmür" - deyən Zakir Fəxri azından bir neçə yüz il öncə Yer üzünə gəlib. Özü də necə gəlib:

Yolumu sapdım deyəsən,
Bu dünyaya azıb gəldim.
Göy üzü dərddən çatladı,
Qoşulub bir damla suya
Mən o çatdan sızıb gəldim.

Elə o vaxtdan da, yəni əsrlər, qərinələr bundan əvvəl başlayıb özünü hamı kimi deyil, Zakir Fəxri kimi aparmağa. Özünün də dediyi kimi, dünyanı poetik kodlarla görməyə çalışıb və bunu bacarıb:

Bir səhər yuxudan durarsan, qardaş,
Bilməzsən səhərdi,
ya axşam çağı...
Axar suların da yolu dəyişib,
Görərsən əriyib Himalay dağı...
Yolların da sağı,
solu dəyişib.
Suların altında qalıb qəbirlər.
Sular da qəbrinin üstündən axır,
Ruhun da göylərdən qəbrinə baxır.

Dünya da anadan ağ saçlarla doğulan, onu poetik kodlarla görməyə çalışan, modern geyimli sufini çox çətin sınaqlardan keçirib, imtahana çəkib, məhbus həyatı yaşadıb. Qardaşı Kamili, oğlu Mirsadığı əlindən alıb. Onu əzabın övladı, dərdin qardaşı, kədərin atası edib. Amma fəxrimiz Zakirin dizi əyilməyib, dözümü ilə bütün çətin sınaqlara qalib gəlib. Dünya Zakir Fəxriyə heyrətlə baxıb, görüb ki, şairin "ürəyi dəyirman olub, dərddi, qəmdi üyütdüyü". Dünya elə indi də Zakirə baxıb heyrətlənməkdə davam edir.

Suyuna dodaq dəyməmiş,
Köksünə ayaq dəyməmiş,
Sinəsinə ox dəyməmiş
Gözdən uzaq yurd gəzirəm,
Çiynimdə tabut gəzirəm.

Çox göynətdi ürək məni,
dərdsiz ürəyə qurd düşər...
Silkələmə, fələk, məni
Çiynimdəki tabut düşər.

İxtisasca mühəndis olduğunu unutduran, Sabitov soyadını "koda qoyan" şair Zakir Fəxri yaşından-başından, dilindən, dinindən, savadından, haralı olmasından asılı olmayaraq hər kəslə asan ünsiyyət qurmağı ilə də dünyanı heyrətləndirməkdədi. Dost-tanışları öz yerində, ömründə bircə dəfə gördüyü, kəlmə kəsdiyi insanlar da onun üçün darıxır, Zakir Fəxrini görməyə tələsir, onunla ünsiyyət qurduğuna görə fəxr edir.

Üzümə, gözümə qonmağa
yer tapmadı gülüşlər.
Ciyərim siqaretə alışantək
üzüm-gözüm alışdı
qəm adlı bir nəşəyə.
Qaytar, ana, qaytar məni beşiyə.

Əsrlər, qərinələr öncə bir damla suya qoşulub gəldiyin o göy üzünə, ana beşiyinə belə tez qayıtmağa tələsmə, şair. Heç kimin yaza bilmədiyi şeirləri, heç kimin danışa bilmədiyi bal kimi şirin söhbətləri yarımçıq qoyub tez getsən bəs bizim Fəxrimiz kim olar?

TƏQVİM / ARXİV