adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Ona görə deyirik ki...

HİDAYƏT ELVÜSAL
29247 | 2018-04-06 00:10
Türkiyədə baş verən hadisələri əlbəttə, izləyirik. Hamıya məlumdur ki, elə bizim ən etibarlı, ən güvənli tərəfdaşımız, təəssübkeşimiz Türkiyədir. Bu baxımdan diqqət mərkəzindədir.
Digər tərəfdən hər an deyirik:
- Bu məsələdə Türkiyə təcrübəsindən, Türkiyə modelindən istifadə etməliyik.
Bəzi sahələrdə edirik də. Amma elə məsələlər var ki, qəbul etmək mümkün deyil. Bu, ən çox uydurma dinçilik və təhsil sahələridir. Gözümüzün önündə həm özlərini, həm də bizi narahat edən hadisələr baş verir. Bu yaxınlarda ölkə prezidenti Rəcəb Tayyub Ərdoğan nəhayət ifrata varan bəzilərinə xəbərdarlıq da etdi. Uydurma hədislər, fətvalar səsləndirən dinçilərin hərəkətlərinə "Dində bəzi islahatlar aparılmalıdır" dedi. Və həmin anda sayı-hesabı bilinməyən təriqətlərin liderləri bir araya gəldilər və xoşagəlməz tablo yarandı. FETÖ-dən hələ də əziyyət çəkən ölkə bu yeni dinçi birləşmə ilə üz-üzə qaldı.
"Fateh mədrəsələri" adlı təriqətin telekanalı da var. Onların rəhbərlərindən biri elə ekranda dedi ki, saqqalı olmayan kişilər onda şəhvət hissi oyadır. Manyakdır, özgə ad vermək olmaz. Elə Türkiyə rəhbərlərinin də saqqalı yoxdur axı.
Başqa təriqətin liderlərindən olan Nurəddin Yıldız "6 yaşlı qızla nigaha girmək olar" deyə fətva verdi. Bir pedofil düşüncəsi, manyak baxışı, əxlaqsız, tərbiyəsiz fikir deyilmi?
Daha sonra bu İbrahim qadınlara üz tutur: "Allah-təala buyurub ki, arvad əri tərəfindən nə qədər döyülərsə, o qədər xoşbəxt olar. Qadın, Allaha şükür etməlidir ki, əri onu döyür".
El arasında "dəli yığıncağı" kimi tanınan təriqət əcayib rəqslə, dəlisov hərəkətlərlə, ətürpədən səslərlə məşhurdur. İndi onlar küçələrə, meydanlara üz tutublar. Atatürk hava limanında həmin "ayini" sərgilədilər. Əcnəbi turistlər bunun bir şou olduğunu zənn edib əl də çaldılar. Sonra bu dəstə başqa hava limanlarında göründü.
"Cübbəli Əhməd" kimi tanınan, bir zamanlar qadın alveri üstündə istintaqa cəlb edilən o "din adamı" fətva verdi ki, şahmat haramdır. Ona əl vuran kafirdir.
Daha sonra Əhməd bir maşın kəfən sifariş elədi. Hər ölçüdə-biçimdə olan kəfənlərin alverinə başladı. Və... dedi ki, onun satdığı kəfənlərə bükülənlərin hamısı cənnətə gedəcək. Hələ bu gün də "cənnət yolçuları" onun bezini almaq üçün növbəyə durublar.
İndi də "dinçi islamçılar" başlayıblar. Universitetlərdən birini dekan müavini ekranda, özü də TRT ekranında dedi ki, o zaman Nuh peyğəmbər (əstəğfürullah!) gəmidə olarkən oğluna... cib telefonu ilə zəng etdi, danışdı. Oğlu da ona bilgisayardan (kompüterdən) mesaj atdı və s.
Bax belə! Nəhayət qeyd edək ki, "İstiqlal marşı"nı yavaş-yavaş ərəbcə oxuyurlar və xəbərlərdə görürük. Hətta siyasi toplantıda ayələr oxuyan gənclərə Ərdoğan:
- Gənclər, onun yeri bura deyil, - dedi. - Bir qəbiristanlıqda oxusanız yerinə düşər.
Təhsil isə imam-xətib məktəblərinə təhvil verilib. Bu barədə gələcəkdə danışarıq.
Biz bunları niyə yazırıq, niyə deyirik? Orada baş verənlərin buralara təsiri var. Burada FETÖ-çular, Nurçular, daha nə bilim kimlər, yox idimi? Elə arabir hüzür mərasimlərində bunları görməmişikmi? Bəzən dəvətsiz-filansız belə məclislərə soxulub, əvvəlcə yasinlə, sonra isə söhbətlə tərəfdarlar arayırlar.
Bax, buna görə bəzi məqamları yazırıq ki, belələrinin dindar yox, dinçi olduqlarını bilsinlər. Bunlar İslamı gözdən salır, müsəlmanlığa zərbə vururlar. Biz isə dinimizi təmiz, uydurmasız qalmasını istəyirik.
Söz yox ki, siz də istəyirsiniz. Belə deyilmi? Odur ki, belələrinə nə Anadolu müsəlmanları, nə də biz keçid verməməliyik.

TƏQVİM / ARXİV