adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
05 Aprel 2018 00:35
37007
LAYİHƏ
A- A+

Yaxşı tanı düşməni, - o məkrli erməni

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)

Dəri xəstəliyindən adamlar diri-diri çürüyür. Rus ailələri məcbur olub Tiflisə, qubernatora müraciət edirlər. Qubernatorun kəndə göndərdiyi erməni həkim məzlum ruslara kömək etmək əvəzinə onlara deyir: "Rədd olun köpəklər, yoxsa hamınız burada gəbərəcəksiniz". Bundan sonra kənd əhalisinin üçdə iki hissəsi qırılır, qalanları isə pərən-pərən düşür.
Dəhşətə bax! Ruslar ermənilərə Azərbaycanın böyük, səfalı yerlərini ərməğan etdi, ancaq ermənilər orada kiçik bir rus kəndini yaşamağa qoymadı. Belə yerdə deyiblər: " Özümə yer eləyim, gör sənə neyləyim!".
Ardı-arası kəsilməyən bu ixtişaşlar nəticə etibarı ilə Azərbaycanlılara qarşı 1905-1906-cı illər birinci erməni soyqrımına gətirib çıxartdı. 1905-ci il fevralın 6-da ermənilər Bakıda bir nəfər azərbaycanlını öldürməklə planlı şəkildə hazırladıqları soyqrımı dörd gün müddətində,-fevral ayının 10-a qədər davam etdirdi. Bu hadisədən sonra Azərbaycanın başqa bölgələrində də azərbaycanlılara qarşı soyqırım siyasəti əzmlə həyata keçirildi. Təkcə İrəvan və Gəncə quberniyalarında 1905-1906-cı illərdə iki yüzdən çox azərbaycanlı yaşayış məntəqəsi viran edildi, soyqırıma məruz qalan əhalinin bir qismi vəhşicəsinə qətlə yetirilmiş, sağ qalanlar isə dədə-baba yurdlarını qoyub qaçmış, onların bir hissəsi şaxtalı havada yollarda donub ölmüşdür.
1905-1906-cı illər erməni soyqırımı Azərbaycanın görkəmli yazıçıları və digər ziyalıları tərəfindən vaxtında qələmi alınsa da uzun illər boyu belə əsərlər xalqdan gizlədilmiş, çapı qadağan olunmuşdur. Görkəmli yazıçı M.S.Ordubadinin "Qanlı illər", və Mir Möhsün Nəvvabın "1905-1906-cı il erməni- müsəlman davası" əsərlərində bu qanlı hadisələr olduqca real və təsirli şəkildə qələmə alınmışdır. Həmin əsərlərlə tanışlıq göstərir ki, 1905-1906-cı illərdə hadisələr 90-cı illərdə olduğu kimi eyni ssenari üzrə tam qəddarlıqla həyata keçirilmişdir. 90-cı illərdə olduğu kimi o zaman da əvvəlcə hökumət adamlardan silahları yığaraq əli yalın əhalini silahlı, qəddar erməni ilə üz-üzə qoymuşdur.
Bundan bir neçə il sonra ermənilərin azərbaycanlılara qarşı ən dəhşətli soyqırımı həyata keçirildi. Bu soyqırımın daha geniş miqyaslı, qəddarlıqla həyata keçirilməsinin mahiyyəti onda idi ki, bu sadəcə hər hansı qiyam, terror hadisəsi deyildi. Bu soyqırım əvvəlcədən düşünülmüş halda geniş konkret proqramla, siyasi don geyindirilərək Azərbaycanın yeni rəhbərliyi, Bakı Kommunasi tərəfindən əksinqilabı mübarizə şüarı altında həyata keçirilirdi. Guya öldürülənlər hamısı yeni yaranmış Sovet dövlətinin düşməni, əksinqilabçı adamlar idi.
Oktyabr inqilabının qələbəsi ilə Rusiyada hakimiyyətə gələn bolşeviklərin neft Bakısına marağı olduqca böyük idi, həmdə bu sahədə onların marağı ingilislərlə toqquşurdu. Ona görə bolşevik höküməti Azərbaycana inanılmış sadiq adamı Stepan Şaumyanı göndərdi. Şaumyanın özünün isə Bakıda inqilab rəhbəri olmaqda həm bolşevik, həmdə şəxsi millətçi daşnaq marağı var idi. O, Bakıda inqilab rəhbəri kimi ilk gündən Azərbaycanın müstəqilliyinin əleyhinə çıxdı, burada ancaq bolşevik hakimiyyətinin bərqərar olmasını istəyirdi. Hətta bu barədə o daşnaq simasını gizlədə bilməyib o dövrdə "Bakınski raboçi" qəzetində yazırdı: "Azərbaycanın muxtar olmasını arzulayan müsavatçılar, son nəticədə xarabazara sahib olacaqlar!".
Doğurdan da belə oldu. Bolşevik mundirli, daşnaq Şaumyan özü kimi türkün qatı düşməni olan daşnaqlar Andranik, Amozasp, və Lalayanla gizli danışıqlara girib Azərbaycanda əksinqilabı vətəndaş müharibəsi aparmaq adı ilə kütləvi qırğı törədib əsl soyqrımı həyata keçirtdilər.
1918-ci il Novruz bayramı günlərində Bakıda dörd min nəfər daşnaq silahlı qüvvəsi və İran, Şərq cəbhəsindən qayıdan yeddi min rus əskəri soyqrımı törətmək üçün əmrə müntəzir dayanmışdır.
Martın 31-də erməni daşnaq bolşevik Avakyan "Astoriya" mehmanxanasında Hərbi İnqilab Komitəsi adından daşnaqlara və yerli erməni əhaliyə silah paylayandan sonra əsl erməni qırğını başladı. Üç gün ərzində Bakıda otuz min nəfərə qədər günahsız insan ,- o cümlədən qoca, qadın və uşaq qətlə yetirildi. Paralel olaraq Azərbaycanın ayrı-ayrı bölgələrində də bu qətl-qiyam amansızlıqla həyata keçirildi. Cəlladların vəhşiliyi hətta o həddə çatmışdır ki, Bakı şəhərinin mərkəzi küçələrinin birində,-indiki Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin yerində öldürülmüş minlərlə azərbaycanlının meyidi üzərində qadınları qara zurnanın sədaları altında oynamağa məcbur etmiş, sonra isə onları da işgəncə ilə öldürmüşlər.
1919-cu ildə M. Rəsulzadə mart qırğınının il dönümü münasibəti ilə yazdığı "Unudulmaz faciə" adlı məqaləsində göstərirdi:
"Həmin günlərdə daşnaqlar canlı insanları divara mıxlayır, müsəlman əhalisinə qələmə almaq belə çətin olan işgəncələr verirdilər".
N.Nərimanov bu qırğına münasibətini bildirərək yazırdı:
"Müsəlman hətta bolşevik olsaydı belə ona aman vermirdilər. Onlar kefi istədikləri adamları öldürür, evləri dağıdır, xaraba qoyurdular. Bolşevizm bayrağı altında daşnaqlar müsəlmanlara qarşı hər cür vəhşiliyə yol verirdilər. Nəinki kişilərə, hətta hamilə qadınlara da rəhm etmirdilər".
N.Nərimanov daha sonra Şamaxı qırğınını eşidib dərhal ora yola düşən M.Əzizbəyovun bu hadisədən hədsiz sarsıldığından bəhs edərək yazırdı.:
"Şamaxıdan qayıdandan sonra mənim əziz dostum Məşədi Əzizbəyov göz yaşları içərisində şahidi olduğu faciəni mənə danışdı."...
Belə bir qanlı faciə Azərbaycan Xalq Cumhuriyyəti dövründə iki il dövlət səviyyəsində " 31 mart Azərbaycanlıların- soyqrım günü" kimi qeyd olundu. Hətta Xalq Cümhuriyyəti bu cinayətin araşdırması üçün xüsusi fövqəladə komissiya yatdı. Üç min beş yüz vərəqdən ibarət 36 cildlik istintaq-təhqiqat materialı toplandı. Ancaq 1920-ci ildə Qırmızı Şura hökuməti Azərbaycanı işğal edəndən sonra çox sahələrdə olduğu kimi bu işində üstündən qırmızı xətt çəkildi. Toplanan sənədlər qapalı arxivlərə verildi.
Bu qanlı faciə uzun illər sonra Ulu Öndərimiz Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" tarixi sərəncamından sonra öz layiqli qiymətini aldı. Həmin sərəncama əsasən o vaxtdan başlayaraq hər il "31 mart Azərbaycanlıların soyqırımı günü" kimi qeyd olunur. Həmin sərəncamda deyilir:
..."Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir".
Həmin sərəncama əsasən Milli Məclisin hazırladığı: "Tariximizin faciəli səhifələri: Soyqırımı". Kitabında isə bu faciə haqqında aşağıdakı konkret ağrılı faktlar öz əksini tapıb:
"Təkcə 1918-ci ilin mart-aprel ayında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda ermənilər 50 mindən çox azərbaycanlı qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə adamı öz yurd-yuvalarından didərgin salmışdılar. Yalnız Bakıda 30 minə yaxın soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmiş Şamaxı qəzasının 58 kəndi dağıdılmış 7 min nəfərədək adam, o cümlədən 1653 qadın, 965 uşaq öldürülmüş, Quba qəzasının 122 müsəlman kəndi vəhşicəsinə dağıdılmış, yerlə yeksan edilmişdir. Dağlıq Qarabağın 150-dən çox, Zəngəzur qəzasında 115 Azərbaycan kəndi vəhşicəsinə dağıdılmış, əhaliyə cinsinə və yaşına fərq qoymadan qəddarcasına divan tutulmuşdur".
Burada ürək ağrıdan, bağışlanmaz bir milli faciəmizi də qeyd etmək istəyirəm: Bu bizim unutqanlığımız, rəhmdilliyimiz və müəyyən qədər də laqeydliyimizdir.

(ardı gələn sayımızda)

Şirxan Aranlı
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin üzvü

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ