adalet.az header logo
  • Bakı 11°C
03 Aprel 2018 17:53
49255
LAYİHƏ
A- A+

Silkələnən məktəb, səs-küy salan şagirdlər... – DƏRS OTAĞI

"Dərs otağı” adlı layihə sayəsində müəllimlərimizin həyat hekayətləri, müəllimlik fəaliyyətləri, şagirdlərlə münasibətlər, yaşadıqları çətinliklər haqqında öyrənə biləcəksiniz. Bizi yetişdirən və cəmiyyətə qazandıran müəllimlərin həyatına işıq tutan layihədə "uşaqların şəhəri"nə də bərabər səyahət edəcəyik. Layihənin bu dəfəki qonağı Zaqatala rayonu Üçüncü Tala kənd tam orta məktəbinin müəllimi Ehtiram Safquliyevdir.


Qısa tanışlıq

1993-cü il noyabr ayının 3-də Zaqatala rayonu Muğanlı kəndində anadan olmuşam. 2001-ci ildə Muğanlı kənd tam orta məktəbinə daxil olmuşam. 2011-ci ildə 11 illik orta təhsilimi başa vurdum. Elə həmin il TQDK-ın (keçmiş) indiki (Dövlət İmtahan Mərkəzi) ali məktəblərə keçirdiyi qəbul imtahanında 508 bal toplayaraq Bakı Dövlət Universitetinin Coğrafiya Fakültəsinin Coğrafiya Müəllimliyi ixtisasına qəbul olmuşam. 2015-ci ildə Universiteti bitirdim və elə həmin ilin iyul ayında hərbi xidmətə yollandım. 2016-cı ildə hərbi xidmətimi başa vuraraq geri qayıtmışam. 2017-ci ilin avqust ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi MİQ imtahanından 52 bal toplayaraq Zaqatala rayonu Üçüncü Tala kənd tam orta məktəbində müəllim işləmək hüququ qazanmışam. Və artıq təxminən səkkiz aydır ki, bu məktəbin Coğrafiya müəllimiyəm.


Fleqmatik insan

Ailəmiz dörd nəfərdən ibarətdir. Atam, anam və özümdən iki yaş kiçik qardaşım var. Atam fərdi fermerdir. Anam isə evdar xanımdır. Qardaşımın isə hələki daimi işi yoxdur. O da ailəmizə kömək olmağa çalışır. Xaraktercə fleqmatik tipə aidəm. Bu tipə aid olan insanlar kimi mən də sakit və təmkinliyəm. Fleqmatik xarakterə malik insanları həyəcanlandırmaq və yaxud hirsləndirmək elə də asan məsələ deyil. Biz digər insanlara bir qədər gec alışırıq amma vaxt keçdikcə alışdığımız insanlara qarşı diqqətli və mehriban oluruq. Bir sözlə, gec uyğunlaşırıq, gec də unuduruq. Xarakterimin belə olduğunu tam aydınlığı ilə universitet zamanı öyrənmişdim. Mənə çox maraqlı gəlmişdi. Sonra dəfələrlə müxtəlif psixoloji testlərdə özümü sınamışdım yenə də eyni xarakterə malik olduğumu görmüşdüm.


Müəllimliyə aparan yol...

Müəllimlik peşəsinə maraq ailəmdən qaynaqlanmayıb desəm daha doğru olar. Ailəmdən heç kim müəllim olmayıb. Onlar fərqli sahənin insanları olublar. Amma müəllim olmağımı ilk olaraq ailəm və yaxınlarım istəmişdi, məni bu istiqamətə yönəltməyə çalışmışdılar. İxtisas seçimi ərəfəsində də dəyərli məsləhətlərini verdilər. Mən də onlarla razılaşmışdım. O zamanlar mənim hələ müəllim olmağa həvəsim çox deyildi. Müəllim olacağımı fikirləşmirdim. Bu işdə uğurlu və ya uğursuz olacağımı bilmirdim. İkinci-üçüncü kurslarda oxuyanda isə məndə müəllim işləmək üçün həvəs yarandı və bu həvəs getdikcə böyüdü. Bu işdə universitet müəllimlərimin, qrup yoldaşlarımın və o zamanlar ətrafımda olan insanların rolu böyük olub. Elə mən özümün də içində bir səs vardı ki, "mən müəllim ola bilərəm”..!


Doğma məktəb

Müəllimliyə ilk olaraq məhz indi çalışdığım Zaqatala rayonunda başladım. İlk əvvəl Bakı və ona yaxın ərziləri fikirləşmişdim. Amma sonra fikirimi dəyişdim və doğma rayonumu seçdim. Mən öz rayonuma bağlı bir insanam. Öyrəndiklərimi məhz burada tətbiq etmək mənim arzum olub. Şükürlər olsun buna nail oldum. Həm də düşünürdüm ki, rayonumuzda təhsilin inkişafına töhfə verə bilərəm. Bu duyğu və düşüncə ilə gəlib buralara çatdım. Buna görə həqiqətən çox sevinirəm.

Əvvəldə də dediyim kimi artıq fəaliyyətə başladığım ilk gündən səkkiz ay keçib və bura mənim ilk iş yerimdir. Yaxın gələcəkdə buranı başqa yerə dəyişməyi fikirləşmirəm. Uğurlu və davamlı olacağına, yaxşı bir müəllim olub gələcəyimiz üçün töhfələr verəcəyimə inanıram.


Odun peçində dərs

Ümumən Azərbaycanda kənd məktəbləri ilə bağlı tez-tez gözəl xəbərlər alırıq. Yeni məktəblərin tikilməsi, əsaslı təmir olunması, avadanlıqlar verilməsi kimi xəbərləri hamımız eşidirik. Bu sevindirici haldır. Amma hələ də problemlər qalmaqda davam edir. Çox istəyərdim ki, ölkəmizdə məktəblə bağlı olan bu işlər tez bir zamanda həllini tapmış olsun. Ölkəmizin bunu edəcək potensialı var.

Bizim məktəbimizin isə şəraiti qənaətbəxşdir. Koridor və sinif otaqları, idman zalı, həyətyanı sahəsi normal vəziyyətdədir. Düzdür binası köhnədi. Burada işləyən müəllim yoldaşlarımdan öyrəndim ki, məktəbin binası 1965-ci ildə tikilib. Amma ondan sonra bir neçə dəfə təmir olunub. Bu il yenidən təmir olunacağı gözlənilir.


Kəndin qaz xətti olmadığına və məktəbimizin də ümumi isitmə sistemi olmadığına görə qış aylarında istiliklə bağlı çətinliklə qarşılaşırıq. Odun peçlərindən istifadə edirik. Tədris vəsaitləri ilə tam təmin olunmuşuq. Bu sahədə heç bir çətinliyimiz, sıxıntımız yoxdur. Yaxın gələcəkdə məktəbimizdə sürətli internet şəbəkəsinin, həmçinin ağıllı lövhələrin də olacağına inanırıq.


Heç bir şagirdimi...

Düşünürəm ki, şagirdlərim məni bir dost, bir yoldaş olaraq görürlər. Çünki çəkinmədən yaxınlaşıb özlərinə maraqlı olan mövzuda soruşurlar, sərbəst şəkildə fikirlərini bildirirlər. Bəli artıq mənə öyrəşiblər. Mənim tərzim, onlara yanaşma üsulum necədir bilirlər. Dərslərimə də çalışırlar ki, daim hazırlıqlı gəlsinlər. Bu məni sevindirir həqiqətən.

Bir dəfə aşağı sinif şagirdlərimdən bir neçəsi direktorun yanına gedərək xahiş etmişdilər ki, Ehtiram müəllim 11-ci sinifə kimi bizim müəllimimiz olsun, başqası keçməsin coğrafiya dərslərini. Direktor da öz növbəsində onların xahişini yerinə yetirəcəyini demişdi.

İndiyə qədər heç bir şagirdimi döyməmişəm. İndidən sonra da belə bir halın olacağına inanmıram. Düzdü əsəbləşdiyim anlar olub, onda da çalışmışam ki, şagirdlər əsəbləşdiyimi hiss etməsinlər. Hamımızın bildiyi kimi, şagirdi döymək onun şəxsiyyətinə xələr gətirmək deməkdir və müasir təlimin tələblərinə ziddir.


Məktəbdə zəlzələ

Bildiyiniz kimi, mən öz yaşadığım kənddə deyil, qonşu kəndimizdə müəllim kimi çalışıram. Orada kirayə qalmıram. Hər dəfə dərsə gedib qayıdıram. Bir dəfə elə oldu ki, dərsə gecikirdim. Həmin günü maşuruta gecikmişdim. Yolda ötən maşınlardan birinə əl edib saxlatdım və beləcə yoluma davam etdim. Məktəbə çatan kimi tez gedib ani olaraq sinifə girdim. Hər kəs qəribə halda mənə tərəf baxdı. İçəri zəng yenicə olubmuş. Birdə gördüm ki, sinifdə başqa müəllim var. Onda anladım ki tələsdiyim üçün yalnış sinifə girmişəm. Sonradan vəziyyəti düzəltdik.


Bir dəfə də sinifə gəldim. Gördüm ki, odun peçi sönüb. Səbəbini soruşdum. Uşaqlar dedi ki, müəllim, tüstü çıxan turbanın əksi istiqamətində güclü külək əsdiyinə görə peç sönüb. Nəysə dərsimizə başladıq. Bir qədər keçdikdən sonra gördüm ki, tüstü sinif otağına dolmağa başladı. Şagirdlərə dedim ki, heç bir problem yoxdur. Dərsimizə davam edirik. Bir qədər də vaxt keçdi, tüstü çoxalmağa başladı. Bu dəfə şagirdlər dərsi yarımçıq saxlamağı və sinifi tərk etməyi təklif etdilər. Mən isə razılaşmadım. İndilərdə ötüb keçəcək dedim. Həmçinin pəncərə və qapını açdıq. Bir qədər də keçdi, dərsin sonuna az qalırdı. Gördüm ki, heç bir xeyri yoxdur, tüstü daha da çoxalırdı. Hiss etdim ki, şagirdlərin həmçinin öz gözlərim yaşarmağa başlayır. Baxdım ki, daha davam etmək mümkün deyil hamımız çıxdıq sinifdən.

Dərsə başladığım ilk aylar idi. Oktyabr ayı idi. 11-ci sinifdə idim. Səhv etmirəmsə 7-ci saat idi. Dərs başlayandan bir müddət keçmişdi ki, birdən zəlzələ oldu. Bina hiss olunacaq dərəcədə silkələndi. Şiferlər qısa müddətə şaqqıldadı. Birinci təkan bir neçə saniyə çəkdi. Sonra gördüm ki, hər kəs həyətə axışır. Öz növbəmdə uşaqları tez çıxartdım sinifdən. Hamımız həyətə düşdük. Yenidən təkanların olması ehtimalını nəzərə alıb həmin gün dərsi davam etdirmədik.


Utancverici haldır

Son illər bəzi müəllimlərin öz adına, müəllimlik adına uyğun olmayan, ləkə gətirən hərəkətlər etdiyinin şahidi oluruq. Bu çox üzücü, utancverici bir haldır. Bu müəllimin nüfuzuna, cəmiyyətdə mövqeyinə zərbə vurur. Burda əsas vəzifənin elə müəllimin üzərinə düşdüyünü deyərdim. Fikirləşsək ki, bir növ elə cəmiyyəti formalaşdıran da müəllimdir, bir çox şeylər onun əlinin altından keçir o zaman bunu daha aydın dərk edərik

Müəllimliyin müqəddəs peşə olduğunu qəbul edirəm. Biz hər şeyi müəllimlərimizdən öyrənirik. Alimi də, naziri də, prezidenti də, mühəndisi də, həkimi də yetişdirən odur. Biz burada müəllim sözünü dar mənada anlamalı deyilik. Müəllim dedikdə yalnız məktəb müəllimləri yadımıza düşməli deyil. Valideynlərimiz də bizim müəllimimizdir. Bir mənada uşaqlıqdan bəri bizi tərbiyə edən insanlar da bizim müəllimimizdir. Onlardan da nələri isə öyrənmişik.

Dərsdən sonra repetitorluqla məşğul olmuram. Bu il ilk ilim olduğu üçün kifayət qədər təcrübəmin olmadığını düşünürəm. Amma gələcək planlarımda bu var. Müəyyən qədər təcrübə yığdıqdan sonra repetitorluq edə bilərəm yəqin.


20 fərqli şagird

Ola bilər bu işin sirlərinə bələd olmayan və laqeyd yanaşan insanlara müəllimlik asan iş kimi gələ bilər. Amma sizlərə deyim ki, bu işin asan tərəfi yoxdur. Bu dünyada ən çətin işlərdən biri insanla işləməkdir. Müəllim də uşaqlarla işləyir. Ən böyük problem isə məhz bu anda meydana gəlir. Təsəvvür edin ki, sinifinizdə 20 şagird var və hərəsi bir xasiyyətdə. Bu vəziyyətdə isə müəllim bütün qüvvəsini səfərbər edib onlar üçün ümumi bir dil tapmalıdır. Müəllim təkcə onların təhsili ilə deyil, tərbiyəsi ilə, həyata hazırlığı ilə məşğul olur. Müəllim bir nümunədir digər insanların gözündə . Ona görə də təlim prosesində səhvə yol verməməlidir. Əgər səhv edərsə bu şagirdin psixikasında sarsılmaz iz qoya bilər.


Son

İxtisasım coğrafiya olduğuna görə, həmçinin proqramda nəzərdə tutulmadığına görə dərslərimizdə şeirlərə yer ayırmırıq. Amma bir dəfə dərsdən kənar əlavə tədbirimiz olmuşdu. 9 noyabr günü idi. Şagirdlərimdən bəzilərinə bayrağımıza aid şeir oxutdurub əzbərlətmişdim. Bəzi hissələrini onlarla birlikdə oxumuşdum. Maraqlı alınmışdı.

Şagirdlərim arasında fərq qoymuram. Hər biri doğmadır əzizdir mənim üçün. Hərəsi bir xüsusiyyətinə görə fərqlənir, seçilir. Bəziləri dərslərini çox yaxşı oxuyurlar, bəziləri tədbirlərdə aktiv iştirak edirlər, bəziləri isə xüsusi qabiliyyətləri ilə seçilirlər. Yəni onlardan hər hansı birini fərqləndirmək istəməzdim. Hər birinin öz yeri vardır.