adalet.az header logo
  • Bakı 19°C

Özümüzə ad qoyuruq

HİDAYƏT ELVÜSAL
35717 | 2018-03-30 01:49
Həmişə belə olub. Özümüzünküləri özgələrə oxşatmasaq, rahat ola bilmirik. Qısa danışaq. Bir vaxtlar Cəfər Cabbarlıya deyirdilər ki, o, Azərbaycanın Şekspiridir. Hüseyn Cavidə də eynən. Bir deyən olmadı ki, ay qardaş, Şekspir böyük sənətkardır, söz yox. Amma Cavid, Cəfər, İlyas, Firuz... da bizim sənətkarlarımızdır. Bu sənətkarlara özgə libas geyindirməyin. Hərənin öz adı var.
Rəşad Sadıxov yaxşı futbolçudur. Ona da deyirdilər - Azərbaycanın Maradonası. Hələ Aygün Kazımova... Bilmirəm bu "diva" sözünün mənasını bilən var, ya yox, onu da Bülənd Ərsoya bənzədənlər tapıldı. Hələ bu iki "diva"nın qarşı-qarşıya da gətirdilər. Bizim allı-güllü teleaparıcılardan biri məsələni belə izah edirdi:
- Yerli diva (yəni Bülənd xanım-bəy) bizim divanı qısqanır.
Və bu aparıcının daha sonra dediklərindən məlum olur ki, "diva"lar cavan, yaraşıqlı bir oğlan uğrunda mübarizə aparırlar. Yəni bizim "diva" gedib yerli "diva"nın əlindən o oğlanı alıb.
Bir vaxtlar bizə də Art Buxvalt deyirdilər. Nə var ki, hər gün yazırdıq.
Bunlar öz yerində. Bəs, rüşvətxorlarımızın niyə dünya qapında göstərmirik? Bəs narkobiznesin böyüklərinə "boss", "baron" deməklə kifayətlənmək bəs edirmi? Niyə adlarını çəkmirlər. Desinlər də, desinlər ki, filankəs Azərbaycanın... olmadı. O yekə narkobaranların adları yadımda deyil.
Başqa bir məsələ də var. Heç eşitmirik ki, hansısa bir ölkədə desinlər ki... Məsələn, Çarli Çaplinə Amerikanın Arif Quliyevi desinlər. Yaxud Paqanininin... Habil Əliyevə oxşatsınlar. Yazıçılar, şairlər də elə.
Niyə?
Çünki öz qədrimizi bilirik. Özgələrinə bənzətdiyimiz insanları yetərincə qiymətləndirmirik. Elə bu səbəbdəndir ki, Məhəmməd Hadi küçələrdə sərgərdan dolanır, Rasim Balayev dərman ala bilmir. Flora Kərimova, Ramiz Rövşən... layiqincə qiymətləndirilmir.
Belələri azdırmı? Yox! Az deyil. Qədir-qiymət bilmirik. Hər kəsə şəxsi münasibət eynəyindən baxırıq.
Bilmirəm fikir vermisinizmi? Bir çox istedadlar, elm adamları məhz hansısa xarici ölkə tədbirlərindən, yaxud təqdimatlarından sonra tanınır. Daha doğrusu tanıyırıq.
Tanıyan kimi də ad qoyuruq - Azərbaycanın...
Hə! Başqa ad lazım deyil. Məhz Azərbaycanın alimi, qəhrəmanı, şairi, aktyoru, rəssamı, bəstəkarı...g
Qoy onlar bizi özlərinə oxşatsınlar!

TƏQVİM / ARXİV