adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Öz dəsti-xətti ilə heç kimə bənzəməyən sənətkar

FƏRİDƏ RƏHİMLİ
28560 | 2018-03-17 00:29
(Portret cizgiləri)

Azərbaycan ədəbiyyatının, rejissorluğunun, jurnalistikasının tanınmış simalarından biri, Prezident mükafatçısı, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun 68 yaşı tamam olur. Ömrünün müdrik çağını yaşayan və böyük məhsuldarlıqla işləyən Ağalar İdrisoğlu həyatdakı uğurlara özünün istedadı, böyük zəhmətinin, yuxusuz gecələrinin, dərin biliyinin, təxəyyülünün, səbrinin və yaxşı təşkilatçılığının hesabına nail olub.
Onun həyat tarixçəsinin qısa məzmunu ilə tanış olduqda bunun tam şahidi oluruq. Ağalar İdrisoğlu ( Mehdiyev) 1950-cı il mart ayının 16-da Masallı rayonunun Digah kəndində anadan olub. Digah kənd 8 illik və N.Nərimanov adına Masallı şəhər 2 nömrəli tam orta məktəbini bitirib. İlk əmək fəaliyyətinə Masallıdakı MTS-də dispetçer kimi başlayıb. Sonra iki il ordu sıralarında xidmət eləyib. Hələ orta məktəbdə oxuduğu illərdə Adil Səfərov və Şakir Həsənovun Masallı şəhər Mədəniyyət Evində yaratdıqları Miniatür Teatrında Ağalar İdrisoğlunun həvəskar aktyor kimi çalışması onu 1971-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsinə gətirib. O, 1975-ci ildə institutu bitirib. Təyinatla Şəki Dövlət Dram Teatrına getsə də altı aydan sonra Sumqayıt Dövlət Dram Teatrı rəhbərliyinin təklifi ilə bu teatra gəlib və aktyor kimi öz işini burada davam etdirib. 1981-ci ildə Moskvadakı A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnsitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) rejissorluq fakültəsinə daxil olub və 1986-cı ildə institutun musiqili teatrlar rejissorluğu fakültəsini bitirib.
A.İdrisoğlu 16 yaşından bədii yaradıcılıqla, jurnalistika ilə məşğul olur. İlk miniatürləri və məqalələri 1966-67-cı illərdən "Azərbaycan pioneri" və Masallıda çıxan "Çağırış" qəzetlərində çap olunub. O, 43 ildir ki, peşəkar teatr sənətində çalışır. Bu vaxta qədər aktyor kimi 40-dan artıq rollarda oynayıb və rejissor kimi 120-dən çox bir-birindən maraqlı tamaşalara orijinal üslubda, yüksək peşəkarlıqla quruluş verib. O, 26 il Sumqayıt Gənclər Xalq Teatrının, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının, Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr Truppasının baş rejissoru, bədii rəhbəri, direktoru vəzifələrində işləyib. Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, idarə heyətinin üzvü və Sumqayıt Bölgə Şöbəsinin sədri olub. Harada işləməsindən asılı olmayaraq, həmişə çalışıb ki, öz işini yüksək peşəkarlıqla yerinə yetirsin. Məhz buna görə də onun rəhbərlik etdiyi teatrlar A.İdrisoğlunun sayəsində həmişə respublikanın aparıcı teatrları olub.
Ömrünün 50 ildən çoxunu bədii yaradıcılığa həsr eləyən Ağalar İdrisoğlu nasir, dramaturq, publisist, jurnalist kimi "Ramiz İslamoğlu sorağında", "Sərhədsiz dünyamız", "Ömrün akkordları", "Şahidin şahidləri, şəhidləri", "Qaranlığı yaran işıq", "Bir alim ömrünün səlnaməsi" pomanlarının, "Vicdan mühakiməsi", "Ulu Tanrı və ağ gəmi əhvalatı", "Bura Vətəndir", "Kəfənini geymiş qoca", "Ömür yolları", "Teatr sənətinin aşiqi" povestlərinin, "Həyatın astanasında", "Qonaq", "İnan mənə", "Məhkəmədən əvvəl məhkəmə", "Şah İsmayıl", "İmam Şamil", "Çarəsiz oyun", "Öz qanunları olan şəhər, "Hörümçək toru", "Qibləgahım Xocalı", "Azadlığa gedən yol" və başqa pyeslərin, 20-dən artıq teatrlaşdırılmış tamaşalar üçün ssenarilərin, 50-dən çox hekayələrin, esselərin, elegiyaların, pritçaların, novellaların, 1000-dən çox publisist yazıların, məqalələrin, oşerklərin, ressenziyaların, portret yazıların, müsahibələrin müəllifidir.
Ağalar İdrisoğlunun "İnan mənə", "Ən xoşbəxt gün", "Məhkəmədən əvvəl məhkəmə və ya kəfənini geymiş qoca", "Ramiz İslamoğlu sorağında və ya əkmə qəm ağacı", "Dünya azərbaycanlıları" (müştərək), "Qaranlığı yaran işıq" (Maarif Teymurla birgə), "Bir alim ömrünün səlnaməsi", "Vicdan mühakiməsi", "Dözə bilmədi" (Sadıq Murtuzayevlə birgə), "Könüllərdə yaşayan sənətkar" (müştərək), "General Xudu Borçalı" (Veys Xudiyevlə birgə), "Milyonları xalq üçün xərcləyən İnsan" (Rəhman Orxanla birlikdə) kitabları çap olunub. Dörd kitabı - "İmam Şamil" (Sadıq Murtuzayevlə birlikdə), "Şah İsmayıl" (pyeslər toplusu), "Anamın nağılı" (hekayələr, novellalar, esselər, elegiyalar toplusu) və "Sərhədsiz dünyamız" sənədli, publisist romanı çapa hazırlanır. 10-dan çox topluda hekayələri, pyesləri, tərcümə etdiyi əsərlər çap olunub. Dünya xalqlarının 10 pyesini dilimizə tərcümə eləyib. Onun özünün yazdığı və tərcümə elədiyi pyeslər Ağdam, Mingəçevir, Füzuli, Gəncə Dövlət Dram Teatrlarında, Sumqayıt Dövlət Musiqili-Dram Teatrında, Dövlət Gənclər Teatrında, keçmiş Sovetlər Birliyinin bir neçə Teatr-Studiyalarında tamaşaya qoyulub.
Ağalar İdrisoğlunun "İnan mənə" pyesi 1985-cı ildə Ümumittifaq gənc dramaturqlar müsabiqəsində 48 dramaturqun pyesləri arasında 3-cü dərəcəli mükafata layiq görülüb. "Şah İsmayıl" pyesi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ildə keçirdiyi müsabiqədə 34 pyesin içərisində 2-ci dərəcəli mükafata layiq görülüb. (Birinci dərəcəli mükafat isə heç bir pyesə verilməyib.) "İnan mənə" pyesi 1986-cı ildə SSRİ dramaturqlarının "Məhəbbət və başqaları" adlı antologiyası kitabında çap olunub.
Onun quruluş verdiyi tamaşalardan Akif Həsənoğlunun "Yanmış evin nağılı" Osman Mirzəyev adına mükafata və özünün yazdığı "Şah İsmayıl" tarixi faciəsi "Qızıl Dərviş" mükafatına layiq görülüb. Quruluş verdiyi tamaşalardan bir neçəsi isə Mədəniyyət Nazirliyinin pul mükafatına layiq görülüb.
1980-cı ildə Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində oynadıqları, Feyruz Məmmədovun "Bir bayraq altında" teatrlaşdırılmış tamaşası 15 respublikanın kollektivləri arasında ən yaxşı tamaşa kimi "Qızıl" medala layiq görülüb. Bu tamaşanın quruluşçu rejissoru kimi Ağalar İdrisoğlu da "Qızıl" medala layiq görülüb. Eləcə də həmin vaxtlar onun rəhbərlik etdiyi Sumqayıt Gənclərinin Xalq Teatrına bu maraqlı tamaşanı SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin səhnəsində yüksək peşəkarlıqla ifa etdiklərinə görə kollektivin bir neçə üzvünə də "Qızıl", "Gümüş" medallar verilib. 2005-cı ildə A.İdrisoğlu ilin ən vətənpərvər rejissoru kimi "Avropa Mətbu Evi"nin təsis etdiyi "Qızıl" medala layiq görülüb.
O, 50 ildən artıq yaradıcılığı dövründə həmişə çalışıb ki, birinci olsun və gedilməyən yollarla getsin. Belə ki, Ağalar İdrisoğlu doğulduğu Masallı rayonunun və yaşadığı Sumqayıt şəhərinin ilk peşəkar dramaturqu, Moskvada təhsil alan ilk peşəkar teatr rejissoru, teatr təşkilatçısı və ilk Əməkdar incəsənət xadimidir.
Gənc dramaturq kimi ilk dəfə Azərbaycan respublikasını Riqada, Minskdə, Ukraynada, Maldovada və başqa yerlərdə seminarlarda məhz o, təmsil eləyib.
Ağdam və Sumqayıt Dövlət teatrlarının tarixində ilk dəfə məhz Ağalar İdrisoğlu bədii rəhbər-direktor işləyib.
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı məhz onun ideyası və təşkilatçılığı ilə Musiqili-Dram Teatrı olub və teatra əlavə 80 ştat verilib. 1977-ci ilin mart ayında Sumqayıt şəhərinin tarixində "Ümid" adlanan Teatr-Studiyanı da məhz Ağalar İdrisoğlu yaradıb. 12 il bundan qabaq Şabran rayonunda Mədəniyyət və Turizm Şöbəsinin nəzdində yaraılan "Şabran" Teatr-Studiyası da məhz onun ideyası və təşkilatçılığı ilə yaradılıb. Hər iki Teatr-Studiyaya da uzun illər özü rəhbərlik eləyib. Orada bir-birindən maraqlı tamaşalara quruluş verib və çoxlu istedadlı gəncləri kəşf eləyib. Onların peşəkat teatr sənətinə, incəsənətin başqa növlərinə, ədəbiyyat aləminə gəlməsində böyük işlər görüb.
Azərbaycanın peşəkar teatrları içərisində ilk dəfə məhz onun rəhbərlik elədiyi Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrı Qazaxıstan respublikasının Cambul və Çimkənt vilayətlərində, Gürcüstan respublikasının Qabal, Telavi rayonlarında, Vladiqazqazda və bütövlükdə Dağıstan respublikasında çox böyük uğurla qastrol səfərlərində olub. Bu kollektiv həmin yerlərdə Azərbaycan mədəniyyətini yüksək peşəkarlıqla təmsil edib və çoxlu Fəxri Fərmanlarla respublikamıza qayıdıb.
Azərbaycan peşəkar teatr sənətinə dünyanın tanınmış dramaturqları, Nobel mükafatı laureatları Alber Kamyunun, Slavomir Mrojekin, dramaturqlar Aleksandr Suxovo-Kabılınin, Vasili Şukşinin, Georgi Xuqayevin, Eduard Babrovun, Aleksandr İvaşenkonun, Leonid Juxavitskinin, Kiril Obalenskinin və başqalarının gəlişi də məhz Ağalar İdrisoğlu ilə bağlıdır. O, həmin dramaturqların bəzilərinin pyeslərini dilimizə tərcümə eləyib və bəzilərinin pyeslərinə Azərbaycan teatr səhnəsində ilk dəfə quruluş verib. Bir neçə cavan Azərbaycan dramaturqun pyeslərinin peşəkar teatr səhnəsinə gəlişində də A.İdrisoğlu az iş görməyib.
2013-cü ildə ona yazıçı kimi Prezident mükafatı verilib. Elə həmin ilin iyin ayının 25-də isə ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Ağalar İdris oğlu Mehdiyev "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.
Ağalar İdrisoğlu hal-hazırda quruluşçu rejissoru olduğu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bir-birindən maraqlı tamaşalara quruluş verir və uzun illər şöbə müdiri işlədiyi "Azad Azərbaycan" qəzetinin səhifələrində tez-tez maraqlı hekayələri, məqalələri, esseləri, elegiyaları, ressenziyaları, portret yazıları ilə çıxış edir. "Az.PRESS. az", "Sia.az", "Axar.az", "AZİM.az" və başqa saytlarda, "Ədəbiyyat", "Mədəniyyət", "Ədalət", "525", "Azad qələm", "Sərbəst düşüncə" və s. qəzetlərdə, "Azərbaycan", "Ulduz", "Qobustan", "Naxış" və başqa jurnallarda maraqlı yazıları çap olunur.
Biz də çoxsaylı oxucularımız adından, Respublikanın Əməkdar incəsənət xadimi, dəyərli ziyalı, uzun illər həyatını Azərbaycan dövlətinə, dövlətçiliyinə sərf eləyən, Qarabağ müharibəsinə həsr etdiyi orijinal yazılarında ermənilərin işğalçılıq siyasətini dünya mətbuatına çıxaran və saytlar vasitəsi ilə dünya xalqlarına çatdıran A.İdrisoğlunu ad günü münasibəti ilə təbrik edir, ona can sağlığı və yaradıcılıqda yeni-yeni uğurlar arzu edirik. İnanırıq ki, Ağalar İdrisoğlu bundan sonra da heç kimə bənzəməyən yaradıcılığı ilə oxucularını, quruluş verəcəyi orijinal üslublu tamaşaları ilə tamaşaçılarını sevindirəcək.


TƏQVİM / ARXİV