adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 Mart 2018 00:09
43160
LAYİHƏ
A- A+

Kəbirlilər

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

Kəbirlilər türkdilli tayfalardan biridir. Mənbələrdə kəbərli kimi də adı çəkilir. Tarixçilərin gəldikləri qənaət belədir ki, bu tayfa kəbər oymağının törəməsidir. Kəbər oymağı isə erkən orta əsrlərdə Şimali Qafqazın şərqində və Volqa çayının aşağı axarında yaşamış türkdilli tayfa olan Xəzər ulusuna bağlı olmuşdur. Xəzərlər dəfələrlə Zaqafqaziya torpaqlarına hücum edən Sasani və Bizans dövlətlərinə qarşı vuruşmuşdur. Mənbələrin məlumatına görə Sasani hökmdarı Xosrov Ənuşirəvan (531-579) 10 min xəzər ailəsini Azərbaycana köçürmüşdür.
Xəzər xaqanlığının (Vİİ əsrin ortaları, X əsrin sonu) dövründə də Azərbaycana xeyli xəzər ailəsi köçürülmüşdür. Belə ki, Qərbi Türk xaqanlığının parçalanması nəticəsində yaranan Xəzər xaqanlığı Zaqafqaziya, xüsusilə də Azərbaycan uğrunda təqribən yüz ildən çox ərəblərlə müharibə aparmışdır. Xəzər-ərəb müharibələri nəticəsində Azərbaycan torpaqları dəfələrlə əldən-ələ keçmişdir. Ərəb canişinləri əsir alınmış xəzərləri ailələri ilə birlikdə Azərbaycanda yerləşdirmişlər. Beləliklə, Xəzər ulusuna qatılan bir sıra oymaqların əhalisi kimi, Kəbər (Kəbirli) oymağının əhalisi də Azərbaycanda yaşam sürməyə başladı.
İndiki kəbirli eli orta yüzilliklərdə Cavanşir elinin tərkibində olmuşdur. Cavanşirlər isə Qarabağın ən qədim köklü-köməcli türkdilli tayfalarından biridir. Xatırladırıq ki, Qarabağda xanlığın bünövrəsini qoyan Pənahəli xan da Azərbaycanın qədim-qayım yurd yerlərindən biri olan Cavanşir elinin Sarıcalı oymağına bağlıdır. Bu barədə tarixçi Mirzə Camal Cavanşir yazır: "Mərhum Pənah xanın əsil-nəsəbi Dizağın Cavanşir elindəndir. Bu el qədim zamanlarda Türküstandan gəlmiş Bəhmənli elinin bir qolu olan Sarıcalı oymağındandır. Bunların ata-babaları Cavanşir eli arasında məşhur, adlı-sanlı, çörəkli, mal-dövlət və ehsan sahibi olmuş adamlar idi." Bax: "Qarabağnamələr", İ kitab, B., "Yazıçı", 1989, səh.110) .
Özünü tanıyan və tanıdan Kəbirli oymağı XVII yüzildə Cavanşir elinin tərkibindən çıxaraq müstəqil elə çevrildi. XİX əsrin ortalarında Kəbirlilər Qərvəndli, Ulubabalı, Qızıl Məhəmmədli və Arıq Məhəmmədli adlı 4 qoldan və 40-a yaxın tirədən ibarət olmuşlar. Tədqiqatçı Ə.Çingizoğlu isə Kəbirli elinin Hacı Hüseynəlili, Hacı Həsənli, Mirzə Haqverdili, Cəfərbəyli, Həmidbəyli, Ağabəyli, Bağanıslıbəyli Hacıbəyli, Böyükbəyli və digər qolları olduğunu qeyd edir.
Yeri gəlmişkən Kəbili elinin XVIII yüzilin sonu, X1X yüzilin önlərindəki obalarını sıralayaq: : Çəmənli-Hətəmxan, Çəmənli-Hacı Tahir, Novruzlu, Seyidli, Qərvənd-Ağakişi bəy, Əhmədavar, Qurd-Qaradağlı, Qurd-Dördlər, Qurd-Gürcüstan, Qurd-Bərdə, Qaibalılı, Əfətli, Tərəkəmə-Cəfərbəyli, Tərəkəmə-Məhəmmədəlibəyli, Qiyaməddinli, Yusifcanlı, Mərzili, Saibalılı-Abbasqulu bəy, Saibalılı-Zeynalabdinli, Hüsülü, Pirzadlı, Rəncbərlər, Pərioğlular, Kələbədin, Şelli, Minaxurlu, Təzəkçi, Tatar, Tərəkəmə-Əhmədağalı, Tərəkəmə-Imamqulubəyli, Hacıvəlilər və başqaları. Kəbirli eli öz adını Qarabağın iki mahalına vermişdi. Uzun illər bu mahalları Kəbirli soylu naiblər idarə etmişdilər.
Kəbirli camaatı haqqında tutarlı tutanaqlardan biri də Osmanlıların 1727-ci ildə tərtib etdikləri "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri" adlı təhrirdir. Belə ki, 1722-ci ildə qiyamçı əfqan qoşunu hücum edib Səfəvi dövlətinin paytaxtı ilə bərabər bir sıra mühüm ərazilərini də ələ keçirir. Bu hadisəyə biganə qalmayan Osmanlı sultanı III Əhməd də Qızılbaş məmləkətindən ərazi qoparmaq üçün 1724-cü ildə güclü ordu ilə Qarabağa daxil oldu və Gəncəni tutdu. Gəncə-Qarabağ bəylərbəyi Osmanlıların nəzarəti altına keçdi.
Qarabağ bir müddət Osmanlıların əlində qaldı. Osmanlılar öz tabeliyində olan əhalidən alınacaq vergiləri dəqiqləşdirmək üçün 1727-ci ildə "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ni tərtib etdilər. Bu vergi dəftərində kəbirlilər haqqında da bilgi var. Oxucularımız üçün maraqlı olacağını düşünüb həmin bilgini birər-birər yazımızda verməyi gərəkli bildik: "Kəbirli camaatı. Xəzinəyə (ildə) on dörd min quruş ödəyən bu camaat çoxsaylı bir tayfadır. 1139 (1727)-cu ildə şahsevənlərin yaratdığı qarışıqlıq nəticəsində dağınıq düşmüşdür. (Aşağıda qeyd olunanlar Kəbirli camaatının) parəkəndə düşənlərinin Cavanşir (tayfasına) daxil olmuşudur.
Kazım Məhəmməd oğlu, (Kazımın oğlu) Məhəmmədrəfi, Əxiibad Məhəmməd oğlu, Hüseynxan Allahverdi oğlu, (Hüseynxanın) oğlu Allahverdi, (Allahverdinin) oğlu Talıb, Haqverdi Əlizaman oğlu, Əlipənah Əlizaman oğlu, Əli Məlikəsəd oğlu, Hümmətəli Məlikəsəd oğlu, Məhəmmədxan Məhəmməd oğlu, Yarəli Xanməhəmməd oğlu. Doluxan Hacı Əli oğlu, Aşıqəli Hacı Əli oğlu, Molla Əli Hacı Qələnlər oğlu, (Molla Əlinin) oğlu Məhəmmədyar, Iskəndər Hacı Qələndər oğlu, Mehralı Seyid oğlu, (Mehralının) oğlu Allahverdi, Məhəmmədəli Seyid oğlu, Əlimərdan Əli oğlu, Məhəmmədxan Əli oğlu, Ocaqqulu Ədil oğlu, (Ocaqqulunun) qardaşı Ismayıl, Qasıməli Ocaqqulu oğlu". (Bax: Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, Bakı, "Şuşa" nəşriyyatı, səh.466-467).
1728-ci ildə Tiflis əyalətinin Baydar nahiyəsində Cavanşir-Kəbirli adlı camaatın yaşadığı barədə bilgi vardır. (Bax: Tiflis əyalətinin müfəssəl dəftəri, Bakı, "Pedoqoqika" nəşriyyatı, səh.45)
Azərbaycan torpaqlarının bir qisminin işğalçı əfqan və Osmanlı ordusu tərəfindən zəbt edilməsini qəbul etməyən Nadirqulu xan Qırxlı-Avşar Xorasanda işğalçılara qarşı mübarizəyə qalxdı, ardıcıl qələbələr qazanıb, qısa bir zamanda Iranı, Azərbaycanı istilaçılardan təmizlədi. Bununla kifayətlənməyən Nadirqulu xan sıyrılmış qılıncını qınına qoymayıb 1734-cü ildə Qarabağa hücuma keçdi. Hücumunu qələbə ilə sonunclayıb paytaxt Gəncənin həndəvərinə qədər irəlilədi. Lakin Gəncəni səkkiiz ay ram etmək mümkün olmadı. Səkkiz ay yarımlıq bir mühasirədən sonra Nadirqulu xan zəfər çalaraq Gəncəyə daxil oldu və Osmanlıları Qarabağdan çıxardı. Bu qələbə Nadirqulu xanın nüfuzunu artırdı və onun tərəfdarlarını çoxaltdı. O, Muğana gəlib binələndi. Suqovuşanda seçkin əmirlərin səyi və iştirakı ilə qurultay çağırıldı, Nadirqulu xan şah seçildi. Taxta Nadirqulu yox, Nadir şah adı ilə əyləşdi.
1736-cı ildə Muğan qurultayında Nadirin şah seçilməsinə Ziyadoğlular, habelə İyirmidörd, Otuziki, Cavanşir tayfaları etiraz etmişdilər. Nadir şah eyni zamanda Qarabağda yaşayan Cavanşir, Otuziki və Kəbirli tayfa birləşmələrini də ona müxalif mövqedə dayandıqları üçün cəzalandırdı.
Azərbaycanın şəriksiz hökmdarı olan Nadir şah Qırxlı-Avşara Qarabağ bəylərbəyi Uğurlu xan Ziyadoğlu-Qacarı onun şah olmağını istəməməsi nədəniylə öldürmək istədi, lakin ulu uruq olduğunu düşünüb fikrindən daşındı. Amma pisliyindən də qalmadı.
Səfəvi hakimiyyətinə son qoyan Nadir şah Şirvan, Qarabağ, Çuxursəəd və Təbriz bəylərbəyliklərini ləğv edib əvəzində əyalət yaratdı ki, bu əyalətlərdən biri də Dərbənddən başlayıb Qaplankuhda bitən Azərbaycan idi. Azərbaycana qardaşı Ibrahimzaman xanı başçı təyin elədi. Əslində bu yeni inzibati-ərazi sisteminin yaranması Nadir şahun bu ərazilərdə yaşayan insanlara qəzəbindən irəli gəlirdi. Bununla ürəyi soyumayan Nadir şah Qapanat, Çulundur mahallarını Qarabağdan ayırdı. Hələ bu da azmış kimi o, Cavanşir, Otuziki və Kəbirli ellərini Xorasana sürgün elədi.
Kəbirlilər Xorasanın Sərəxs mahalında məskunlaşdılar. Onlar burada özləri kimi sürgünlük həyatı yaşayan cavanşirlərlə birgə yaşamağa başladılar. Sürgünlüyün ilk illərindən kəbirlilərin böyüyü Hacı Əli bəy Kəbirli idi. Hacı Əli bəyin kürəkəni Pənahəli bəy Sarıcalı sarayda vəzifə tutduğundan öncə vəziyyətləri yaxşı idi. Sonralar Pənahəli bəyin saraydan qaçmağıyla bağlı gözümçıxdıya salındılar. Şahın adamları israrla Pənahəli bəyin yerini soruşurdular. Hacı Əli bəy qürbətdə vəfatından sonra Kəbirlilərin başına Hacı Əli bəyin oğlu Hacı Səhliyalı bəy keçdi. Hacı Səhliyalı bəy qınaq, qorxu altında öz uruğunu və Pənahəli bəyin ailəsini qorumalı oldu.
1747-ci ildə Nadir şahın qətlindən sonra Hacı Səhliyalı bəyin təklifi ilə sügünlükdə olan kəbirlilər Pənahəli bəyin 15 yaşlı oğlu Ibrahimxəlil ağanın ətrafına toplaşdılar. Pənahəli bəy 200-ə qədər süvari ilə birgə Qarabağa qayıtdı. Qarabağ elləri oba-oba, oymaq-oymaq sürgündən doğma torpaqlarına döndülər. Pənahəli bəyin başına yığıldılar. Nadir şahın ölümü Azərbaycanın siyasi həyatında çox mühüm dəyişikliklərə səbəb oldu. Azərbaycanda iyirmi xanlıq meydana gəldi.

(ardı gələn sayımızda)

Faiq ŞÜKÜRBƏYLİ,
tədqiqatçı-etnoqraf