adalet.az header logo
  • Bakı 20°C
28 Fevral 2018 23:39
46560
LAYİHƏ
A- A+

Tariximizə səyahət

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)

Yunan və latın dilində olan antik dövr mənbələri Atropatena, onun əhalisi və sairə ilə bağlı nisbətən ətraflı məlumat vardır. O cümlədən Herodot, Miletli Hekatey, Strabon, Tatsit, Plutarx, Plini və başqalarının əsərlərində Atropatena haqqında məlumatlara təsadüf edilir.
Miletli Hekatey (e.ə. VI-V əsrlər) "Yerin təsviri" adlı əsərində Atropatena ərazisində yaşayan tayfalar (xüsusilə maqlar) haqqında maraqlı məlumatlar vermişdir. Skiflərin və kimmerlərin Əhəmənilər dövlətinin satraplıqlarına (Atropatena ərazisinə) yürüşləri haqqında olan məlumatlara Herodotun (e.ə. 484-425) "Tarix" əsərində rast gəlinir. Atropatena haqqında ilk dəfə ətraflı məlumat Strabon (e.ə. I əsr - b.e. I əsri) olmuşdur. Strabon Atropatenanın ərazisi, əhalisi, təsərrüfatı, sakinlərinin etnik tərkibi, məşğuliyyəti, hərbi qüdrəti, qoşunları, adət və ənənələri barədə məlumat vermişdir.
İran tarixçilərindən Cəmaləddin Fəqih, Cavad Məşkur, Əli Sami, Əbülfəzl Nəbii, Rəhim Hüveyda, Seyid Əhməd Kəsrəvi, Seyid Həsən Tağızadə, Səid Nəfisi, arxeoloqlardan Mahmud Rad, Əli Hakimi, Əliəkbər Sərəfraz və başqaları İran tarixi ilə yanaşı, Azərbaycanın da qədim dövr tarixi ilə bağlı müəyyən araşdırmalar aparmış və fikir bildirmişlər. Bu tədqiqatçılar öz əsərlərində Atropatenanın sərhədləri, faydalı qazıntıları, şəhərləri, tarixi coğrafiyası, sakinlərinin etnik tərkibi, dili, dini görüşü, maddi mədəniyyəti, habelə siyasi tarixi haqqında məlumat vermişlər.
Görkəmli şərqşünaslardan N.V. Piqulevskaya, M.M. Dyakonov, İ.M. Dyakonov, Z.İ. Yampolski, Ə.S. Sumbatzadə, K.H. Əliyev, A.H. Fazili, T.M. Məmmədov, S.Y. Qasımova və başqaları Atropatena tarixinin bir sıra problemlərinə dair tədqiqat işləri aparmışlar.
Məhəmmədhəsən xan Marağayi yazırdı ki, Azərbaycan xüsusi müstəqil şahlığa malik idi. Belə ki, Böyük İsgəndərin dövründən burda şahlar hökmdarlıq edib və müstəqil olmuşlar. Azərbaycan şahları eramızın otuzuncu ilinə qədər öz istiqlaliyyətlərini tam şəkildə saxlaya bilmişlər. Məhəmmədhəsən xanın dediyindən belə bir nəticə çıxır ki, Atropatidlər sülaləsi təxminən eramızdan əvvəl 328-ci ildən eramızın 30-cu ilinə kimi hakimiyyətdə olmuşdur. Abdulla Fazili də bu fikrə tərəf çıxaraq qeyd edir ki, bu fikri təsdiqləyən başqa mənbələr də var. Belə ki, Strabon öz yaşadığı dövrdə bu sülalənin hakimiyyətdə olmasına işarə etmişdir. Digər tərəfdən Məhəmmədhəsən xanı İranın digər tarixçilərindən fərqləndirən cəhət həmin dövrdə Azərbaycanda mövcud olan müstəqil dövləti İran dövləti hesab etməməsidir.
Atropatena Şərqdə makedoniya hökmranlığının bütün dövründə öz müstəqilliyini qoruyub saxlamışdır. Selevkilərin hökmranlığı dövründə də dövlətin müstəqilliyi qalmaqda idi (İqrar Aliev. Oçerk istorii Atropatenı. Baku: Azerneşr, 1989, 160 s. S. 3).
Atropatidlər sülaləsinin son taleyi haqqında Səid Nəfisi yazır ki, Parfların dövründə Atropaten əyaləti bir müddət daxili müstəqilliyə sahib olmaqla bərabər parfiyalılardan asılı idi. Beləliklə, eramızın II əsrinin yarısına qədər öz istiqlaliyyətini qoruyub saxlaya bilmişdir. Atropatenada müstəqil dövlətin meydana gəlməsi və onunla bağlı olan hadisələrin həmin ərazinin tarixi taleyində böyük rolu olmuşdur. Atropatena dövlətinin mövcud olduğu illərdə təkcə Azərbaycanın deyil, hətta Ön Asiyanın xeyli hissəsinin qədim dövr və erkən orta əsrlər tarixinə təsiri güclü olmuşdur. Məhz Atropatena dövründə "Azərbaycan" məfhumunun formalaşmasının, habelə onunla əlaqədar olan digər siyasi və etno-mədəni xarakterli hadisələrin başlanğıcı qoyulmuşdur.
Atropatenanın adı müxtəlif dilli mənbələrdə fərqli şəkildə qeyd edilmişdir. Bir çox müəlliflərə görə, Azərbaycan öz adını Atropatenadan almışdır. Antik yunan və latın dilli mənbələr bu adı bir qayda olaraq "Atropatena" şəklində yazırlar.
Pəhləvi dilli mənbələrdə isə ad "Atur-patkan" şəklində qeyd edilir. Bu adın mənası "Aturpatın torpaqları" deməkdir və bu ad Atropatın hökmranlığı dövründə yaranmışdır. Erkən orta əsrlər latın və yunandilli mənbələrdə ölkə eyni zamanda Atropat Midiyası və Kiçik Midiya da adlandırılır. Antik müəlliflərdən Plutarx, Ammian Marselin bu ölkəni Atropat Midiyası adlandırmışlar. Strabon isə Atropatena ərazisini Kiçik Midiya adlandırmış, Atropatın başçılığı ilə Kiçik Midiya ərazisində Atropatena dövlətinin təşkil edildiyini göstərmişdir. Sasani hakimiyyəti dövründə ölkə Adərbadaqan kimi qeyd olunur.
Atropatena ərazisi ərəblər tərəfindən fəth edildikdən sonra isə Atropatenanın adı erkən ərəbdilli mənbələrdə "Adabarqan", "Azərbaycan" kimi işlənməyə başlamışdır. Daha sonrakı dövr ərəb müəlliflərin əsərlərində Azərbaycan haqqında geniş məlumatlar vermişdilər. (Yaqut Al-Xamavi. Mudjam Al-Buldan. (Svedeniə ob Azerbaydjane). Perevod s arabskoqo Z.M.Buniətov i P.K.Juze. Baku: "Glm", 1983; Xamdallax Kazvini. Nuzxat Al-Kulub. (Materialı po Azerbaydjanu). Perevod s anqliyskoqo Z.M. Buniətova i s persidskoqo İ.P. Petruşevskoqo.) Baku: "Glm", 1983.)
Cənubi Azərbaycan tayfalarının və xalqlarının - kuti, lullubi, mannalı və başqalarının madalılarla qaynayıb-qarışması nəticəsində yeni bir etnos - madalıların üstünlük təşkil etdiyi atropatenalılar etnosu təşəkkül tapdı. Antik mənbələrdə atropatilər, atropatenlər formaları məlumdur. Qədim və erkən orta əsr müəllifləri çox vaxt onları midiyalılar adlandırırdılar. Bəzi müəlliflərin apardıqları araşdırmalar nəticəsində gəldikləri qənaətə görə, Atropatena əhalisinin böyük bir qismini aborigen türk tayfaları (Erix Fayql. İpək yolu üzərində qədim Odlar Yurdu - Azərbaycan Tarixi, Bakı, 2009) əsasında formalaşmış atropatenlilər təşkil edirdi və Atropatena tarixi Azərbaycan torpaqlarının bir hissəsində Azərbaycan türklərinin ulu əcdadları olan atropatenlilər tərəfindən yaradılmış bir dövlət olmaqla, nəhəng Midiya dövlətinin həm siyasi, həm də etnik varisidir.
Atropatenada tatlar, yəhudilər, gurganlar, parslar və mardlar da yaşayırdılar. Onların bir hissəsi Sasanilər vaxtında şimala köçürülmüşdür. Erkən orta əsrlərdə Cənubi Azərbaycan ərazisinə bir sıra yeni türk tayfaları gəlib məskunlaşmışdır (Qeybullaev Q. A. K gtnoqenezu azerbaydjanüev, tom 1. Baku, 1991).
Pəhləvi dilində yazılmış "Şatristanhaye İran" əsərində deyilir ki, Aturpatakanın patkustına Gəncək (Qazaka), Frasyak (Fraaspa), Turkert (Tavreş) şatristanları daxildirlər. Həmin mənbədə qeyd edilir ki, Gəncək (Qazaka) şəhəri turanlı Frasiyak (sonrakı mənbələrdə Əfrasiyab, türkdilli mənbələrdə isə daha çox Alp Ər Tonqa adlandırılır) tərəfindən bina edilmişdir.
Orta əsr ərəb coğrafiyaşünası İbn Haqvəlin yazdığına görə: "...bu ölkəni Şərqdən Cibal və Deyləm, həmçinin Xəzər dənizinin Qərb sahilləri, Qərbdən Ermənistan və Cəzirənin (Mesopotomiyanın) bir hissəsi, Şimaldan alanlar (Qafqaz albanları) və Qafqaz dağları, Cənubdan İraq hüdudları və Cəzirənin Şərq hissəsi əhatə edirdi. Bundan başqa İbn Haqvəl Ərməniyyə, Qafqaz Albaniyası və Atropatenanı bir iqlim hesab edir. Polibi e.ə. III əsrin son rübünün hadisələrindən danışarkən məlumat verir ki, Atropatenanın bəzi hissələri "Fasisdən yuxarıdakı yerlərdə Pontun (Qara dəniz) üzərində yüksəlir, digər tərəfdən o, Hirkan (Xəzər dənizi) dənizinə qədər çatır".
Atropatena əhalisi Zərdüşt dininə sitayiş edirdi. Zərdüştlükdə oda pərəstiş olduğundan bu dinə atəşpərəstlik də deyilir. Zərdüştlüyün ən başlıca məbədlərindən biri Atropatenanın mərkəzi Qazaka şəhərində yerləşirdi. Bu məbəd islam dini yayılana qədər öz əhəmiyyətini saxlamışdır. Zərdüştlüyün müqəddəs kitabı "Avesta"dır.

Vaqif Abışov,
tarix üzrə fəlsəfə doktoru
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ