adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

KAMERANIN VƏ QƏLƏMİN KƏMALƏSİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
54653 | 2018-02-24 00:23
Tanıdığım və izlədiyim bir sənət adamı
haqqında düşündüklərim

Sənət adamı barəsində yazı yazmaq, özü də indiki zamanın içərisində ona münasibət bildirmək o qədər də asan iş deyil. Çünki mizan-tərəzidə o qədər dəyişikliklər var ki, nəyin necə olduğunu, kimin hansı ödül üzərində dayandığını qiymətləndirmək heç də asan deyil. Yəni sənət dünyamız elə bir duruma gəlib düşüb ki, seçim etmək hünər istəyir. Və bu seçimin ədalətli olduğunu da göstərmək elə həmin o istənilən hünərdən biridir. Bax, bu mənada barəsində illərdən bəri düşündüyüm, lakin indi yazmağa qərar verdiyim xanım rejissor mənim üçün sənət fədaisidir. Mənim yanaşmama və düşüncəmə görə, işini özü qədər, özünü də işi qədər sevib dəyərləndirən bir xanımdır. Bütün bunları mən sözgəlişi yazıb demirəm. Bu dediklərimin həyatda həm canlı şahidi olmuşam, həm də ekranda izləmişəm...
Onunla ilk tanışlığım adının ekranda, titrdə yazılması ilə başlayıb. Bu tanışlığın əyaniləşməsinə dəyərli qələm adamı, sözün və televiziyanın sərrafı olan Bəxtiyar Qaraca səbəbkar oldu. Belə ki, mənimlə bağlı bir çəkiliş aparılırdı. Həmin çəkilişin müəllifi və rejissoru Kəmalə xanım Mirzəyeva idi. Bax, həmin çəkiliş meydançasında bir-birimizi tanıdıq. Və açığını deyim ki, gənc bir xanımın sözə, çəkilən səhnələrə yanaşması, yeri, profilləri seçməsi məndə əməlli-başlı maraq yaratmışdı. Çünki öncə imzasını tanıdığım bu xanımın bu qədər işinə canıyananlıq göstərəcəyini təsəvvür etməmişdim. Və...
Beləcə, başladı bizim şəxsi tanışlığımız. Aylar, illər ötdükcə onun müəllifi və rejissoru olduğu çoxlu sayda sənədli filmlərin, ekran işlərinin şahidi, izləyicisi oldum. Hətta bir neçə dəfə onu çəkiliş meydançalarında da izləmək bəxtimə düşdü. Xocavənd rayonu ilə bağlı Haramı düzündə aparılan çəkilişlər, həmin çəkilişlərdə Şəmistan Əlizamanlının, Türkiyədən dəvət olunmuş dəyərli yazar və həm də bəstəkar-müğənni Əhməd Şəfəq həmin çəkilişdə iştirak edirdilər. Yayın qorabişirənində Haramı düzündə Kəmalə xanımın istini, tozu-tozanağı gözünə almadan öz işini bir zərgər dəqiqliyi ilə lentə köçürürdü. Yəni əsərinə nəfəs verirdi, ömür bağışlayırdı. Bunun ardınca Qarabağ atları ilə bağlı çəkilən film. Sonra çox hörmətli yazıçı-publisist Sona Vəliyevanın "Arazbarı" şeiri əsasında çəkilən film, çoxlu sayda Qarabağ döyüşlərinin iştirakçılarına, sonra aprel döyüşlərinin qəhrəmanlarına həsr olunan sənədli filmlər... Ümumiyyətlə, Kəmalə Mirzəyevanın lentə aldığı bütün filmlərin hamısının kökündə Vətən, torpaq, qəhərmanlıq, ölməzlik, bir də milli-mənəvi dəyərlər dayanırdı. Onun hər bir filmi mənə görə, bir sənət hadisəsidi. Özünü təqdim edən, özünü təbliğ edən və özünü yaşadan hadisə!..
Bəli, mən Kəmalə Mirzəyevanı bir jurnalist kimi də hər filmdən filmə, hər çəkilişdən çəkilişə necə püxtələşdiyinin də şahidlərindənəm. Onun aparıcısı olduğu musiqili, bədii görüşlərin, gecələrin özündə də bu xanımın yaradıcılıq istedadı ortaya qoyulub. Bilmirəm, bütün bunların ifadəsi üçün hansı sözü seçim. Amma bildiyim odur ki, sözə, kameraya, bütövlükdə isə ağlın və ürəyin məhsulu olan hər şeyə qarşı həssaslıq Kəmalə Mirzəyevanın canındadı, qanındadı. Bu da onun bir insan, bir vətəndaş kimi məsuliyyətini dərk etməyindən irəli gəlir. Kəmalə xanım bilir ki, tamaşaçı önünə çıxardığı əsər onun təkcə əməyinin, istedadının bəhrəsi deyil. Bu həm də onun özünün tanınıb təqdir edilib sevilməsidir. Yəni özünü tamaşaçı yaddaşına köçürməkdi.
Bu gün həyatının özəl bir çağlarını yaşayan Kəmalə Mirzəyeva mənim üçün onun tamaşaçısı və jurnalist həmkarı kimi bir də onu görə maraqlıdı ki, mən Kəmalə Mirzəyevanın dostluq siyahısında özümün kiçik yerimi görürəm. Və bilirəm ki, o, fevralın 24-də dünyaya gəlib. Ona görə də ona uğurlar, uğurlar və bir də can sağlığı arzu edirəm.


TƏQVİM / ARXİV