adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

TARİXİ ADDIM

SEYFƏDDİN ALTAYLI
64042 | 2018-02-24 00:14
Türkiyədə Azərbaycan Türkcəsinin lüğətini 1970-ci illərdən başlayaraq böyük əziyyətlər çəkərək hazırlamağa başlasam da kifayətli mənbələri əldə edə bilmədiyimdən əsas fəaliyyətə TRT-də işi düzələndən sonra sürətləndirdim və qurtardım. Əsər 1994-cü ildə iki cilddə Milli əgitim Bakanlığı tərəfindən 20 min tirajla çap olundu. Onun 4 min nüsxəsini Azərbaycana, təxminən 500 qədərini də İran türklərinə yolladım. Başladığım lüğətçilik işi ilə bağlı çalışmalarımı dayandırmadım və 88 mindən artıq söz ehtiyatı olan "Karşılaştırmalı, Ansiklopedik Azərbaycan Türkçəsi Sözlüğü" adlı yeni əsərin üstündə otuz il işlədim. Türkiyə Türkcəsi ilə müqayisəli olan bu əsər qarşıdakı aylarda Türk Dil Qurumu tərəfindən çap olunacaqdı.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin orfoqrafiya qaydaları ilə bağlı yeni layihəsini gördükdə bəlkə də ən çox sevinən mən oldum. Bu iş tarixi bir addımdır və lüğətlərimi hazırlayarkən onun ağrı və acısını çox çəkmişəm. Lüğət hazırlayıb ərsəyə gətirməyənlər bunun nə demək olduğunu tam mənası ilə başa düşə bilməzlər. Həddən artıq önəmli olan bu strateji addımı ürəkdən alqışlayıram.
Dil bir millətin milli kimliyinin başlıca göstəricisidir. Bu səbəblə dildə müəyyən qaydaların qoyulması milli dil prinsiplərinə görə olmalıdır. Rus əsarətinə düşdükdən sonra Azərbaycanda dilçilik Rus dilçilik elminin güclü təsiri altına düşmüşdü. Sovet dövründə də Azərbaycan Türkcəsinin yazı dili ilə bağlı qaydalar məhz işğalçı hakimiyyətin tələbləri istiqamətində qəbul olunmuşdu. Rus hakimiyyətinin tələbi həm alınma sözlərdə həm də özəl adların yazılışında özünü büruzə verirdi. Hətta nəinki sözlər müəyyən ifadələr də rus dilindən hərfi tərcümə ilə verilirdi. Həmin anlayışın bu gün də təhlükəli maddələr daşıyan maşınların üstündə gözə çarpan "Oddan təhlükəlidir", "könüllü yanğından söndürmə" ifadələrində olduğu kimi yaşaması, soyadlarının da "-ov, -ova" şəkilçiləri ilə qurtarması təəssüf doğurur. Hətta dilin səslənməsində də rus təsiri özünü qabarıq göstərir. Buna bir örnək kimi "Oksana" sözünün "Aksana" şəklində tələffüzü kifayətlidir.
Çox şükür, Azərbaycanımız 25 ildən artıqdır ki, müstəqildir. Prezident İlham Əliyev cənabları Türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabr ayının 3-də Naxçıvan şəhərində keçirilən zirvə toplantısının hədəf və perspektivlərindən söz açarkən Türk dünyasının ortaq əlifbasının yaradılmasını və Türk ləhcələrinin qarşılıqlı lüğətinin hazırlanmasını ən vacib məsələ kimi qarşıya qoymuşdur. Dilçilik institutu da bu vəzifəni ləyaqətlə yerinə yetirməyə çalışır. Dildə İlham Əliyevdən tez-tez sitat gətirənlər təəssüf ki, prezidentin dediklərinə sadiq deyillər.
Dilçilik İnstitutu tərəfindən müəyyənləşdirilən layihəni başdan sona oxudum, onları təkrara ehtiyac duymuram, ancaq bir-iki təklifimi yazmaq istəyirəm.
Azərbaycan Türkcəsinin yazı qaydaları hər hansı bir gücün və ya müəyyən şəxslərin arzusu istiqamətində müəyyənləşdirilə bilməz. Azərbaycan, müstəqil dövlət olduğuna və özünün etnik kökü olduğuna görə bu etnik kökün milli tələbləri istiqamətində öz yazı qaydalarını müəyyənləşdirməlidir.
Xüsusi ilə alınma sözlərin yazılışı və oxunuşunda hal-hazırda böyük çəkinliklər vardır. Buna örnək kimi bir araşdırmaçı əgər Almaniyanın keçmiş kansleri "Willy Brandt" haqda məlumat almaq istəsə və Azərbaycanın yazı qaydalarına görə onun adını internetdə "Vili Brand" kimi yazıb axtarsa heç nə tapa bilməz, çünki qərbdə belə bir ad yoxdur. Bundan hərəkətlə xarici adlar qaynaq dildəki kimi yazılmalıdır, Rusların tələffüz qaydalarına görə yox.
Millətlərin adları yazı qaydalarına (orfoqrafiya) görə cümlə içində kiçik yazılır. Bunda da irəli sürülən fikir isə, məsələn, "Türk" millət kimi çoxluq mənasına malik olduğuna görə onun baş hərfi cümlə içində kiçik yazılmalıdır" şəklindədir. Bu anlayışı başa düşmək mümkün deyil. Cümlə içində də olsa Türk, alman, fars, rus və s. sözlər millətlərin özəl adlarıdır və bir xalqın özəl adı olduqlarına görə onların baş hərfi böyük yazılmalıdır. Bu adların kiçik yazılması isə Azərbaycan yazı qaydalarının pozulması deməkdir, çünki Azərbaycan Türkcəsində xalq adları isimdir və harda olur-olsun böyük yazılmalıdır. Buna örnək kimi Əhməd adını verə bilərik. Əhməd də özəl addır, ancaq ondan dünyada milyonlarla insan vardır, bəs onda onun adı niyə cümlə içində kiçik yazılmır?
Digər tərəfdən özəl adlar şəkilçilərdən ya (:::) və ya (-) işarəsi ilə ayrılmalıdır. Bəzi adların qəbul etdiyi şəkilçilər onların adlarının tam müəyyənləşdirilməsində çətinlik yaradır.
Digər bir məsələ isə bəzi alimlərin və vətəndaşların səs ilə işarəni bir-birindən ayıra bilməməsindən yaranan yanlışlıqlardır. Buna örnək kimi "E", "Ə", "Q", "X" , "K", "K" səslərinin yazılmasını, tələffüzünü və klaviaturadakı hərflərin yerini verə bilərik. Bəzi alimlər hay-haray salırlar ki, dilimizdə olan bu səslərin aradan götürülməsini təklif edirik, bu düz deyildir. Biz bu səslərin Latın əlifbası sisteminə uyğun qəbul edilməsini istəyirik. Bu gün Azərbaycan və Türkiyə Türkcəsində ən çox işlənən səs "əkin deyərkən" başda çıxarılan açıq "ə" səsi çoxluğu təşkil edir. "Eldar" deyərkən başda çıxarılan qapalı "e" səsi isə azlıqdadır. "Əkin" sözündəki "ə" səsini latın hərf sistemində olmayan tərs "e" ilə, yəni "ə" işarəsi ilə yazdıqda bu mətni dünyanın harasına yollasanız bu hərfin əvəzinə kiçik bir dördbucaq alınır. "Eldar" deyərkən bu sözün əvvəlindəki səsi "ə,ə" ilə, "əkin" deyərkən də başda söylənən açıq "ə" səsini də "E,e" ilə yazsaq və Türkiyədəki sistemlə uyğunlaşsaq qiyamət qopar?!
Azərbaycanda əlifba Latın qrafikası əsasında tərtib olunub. Oradaki "x" işarəsi Latın əlifbasını qəbul etmiş ölkələrdə "iks" kimi oxunur. Türkiyədə isə bu Türkcədəki ifadə ilə desək "hırıltılı h" kimi qəbul edilib. Azərbaycanda geniş işlənən "sex" sözü Latın əlifbası ilə yazılanda tamam başqa bir mənaya gəlir və gülüş doğurur. Bu səsi başqa bir işarə ilə əvəz etmək olmazdımı? Eyni ilə digər səslər üçün işlədilən hərflər (K, K) də bəzi sözlərdə tam mənası ilə müəyyənləndirilə bilmir.
Bu gün Azərbaycan gənclərinin dünyaya çıxışı əsasən Türkiyə vasitəsi ilə olur. Məqalələrin və yaradıcılıq materiallarının çoxunu da Türkiyədə çap elətdirirlər. Bir məqalə yazmağa oturduqda isə olmazın əziyyəti çəkirlər, klavaturada hərflərin yeri bir-birinə uyğun deyil. Türkiyədəki sistemlə uyğunlaşdırma olarsa Allah eləməmiş Azərbaycan Türkiyənin müstəmləkəsi olar?!
AMEA Dilçilik İnstitutunun gördüyü bu iş mənə görə müqəddəs bir amala xidmət edir. Bugün Türk dünyasının sayı 300 milyona çatıb və Türkiyə ilə Azərbaycan bu dünyada aparıcı qüvvə rolundadır. Bu iki dövlətin dilinin bir-birinə yaxınlaşması milli və strateji yöndən həddən artıq önəmlidir.
Mənə görə bu gün götürülmək istənən addımın özülü Rusiya Müsəlmanlarının Qurultaylarında qoyulub və Azərbaycan Cümhuriyyətini yaradan nəsillər tərəfindən davam etdirilib. Üstəlik bu yolda hər bir maneəni çığnayıb keçərək müqəddəs dövlətimizi yaradan milli dəyərlərimizin deyilə bilər ki, tamamı vətənimiz işğal edildikdən sonra işğalçılar tərəfindən ya güllələnib və ya Sibirin buzlu cəhənnəminə yollanaraq orada məhv edilib.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun başlatdığı bu iş Türk xalqları arasında ortaq ünsiyyət dilinin və imla qaydalarının yaradılmasına doğru atılmış strateji bir addımdır. Bu səbəblə Dilçilik İnstitutuna başladığı bu yolda uğurlar arzulayıram və onu səmimi qəlbdən alqışlayıram.

TƏQVİM / ARXİV