adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
20 Fevral 2018 23:34
36645
LAYİHƏ
A- A+

YƏSƏVİLİK VƏ AZƏRBAYCANDA ŞAMAN-DƏRVİŞ MƏDƏNİYYƏTİ

Əvvəl ucu dünyanın bu başından başlayıb son ucu dünyanın o biri başında qurtaracaq böyük türk məmləkətinin XI yüzillikdəki mütəfəkkir, müqtədir şəxsiyyətlərindən biri Xoca Əhməd Yəsəvidir. Xüsusən, türk mənəviyyatçılarının - ədib və şairlərin öyrənilib üzə çıxarılmasında ölçüyəsığmaz xidmətləri olan Salman Mümtaz hələ çox-çox illər bundan qabaq yazıb ki: "Ümumtürk ədəbiyyatında dörd böyük sima vardır ki, onlar bir məhəllənin, bir şəhərin və yaxud bir qəzanın şairi deyil, qocaman bir türk aləminin, ucsuz-bucaqsız türk ellərinin şairi- məşhuru olmuşlar. Bunlar qazanan adı-sanı başqa şairlər qazanmamışlar. Təbiri-caiz isə bunları nüfuz və qüdrətlərindən dolayı iqlimkar cahangir deyil, ürəklərin, könüllərin fatehləri adlandırmalıyıq. Çünki bu təbir daha münasib və daha uyğundur. Füsunkar ilhamları sayəsində hələ bizimlə yaşayan bu ulu və böyük insanlar bundan sonra da əsrlərlə yaşayacaqlar. Tarix və ölkə etibarı ilə onları böylə yan-yanaşı qeyd etməliyik: Xoca Əhməd Yəsəvi, Seyid İmadəddin Nəsimi, Mir Əlişir Nəvai, Molla Məhəmmədbağır Füzuli.
Zənni-acizanəmə görə, türksoylu bir oymaq, ulusu tapılmaz ki, bu dörd böyük dahini tanımaya bilməmiş ola. Qərbdə Homer, Şekspir və Molyer məşhur olduğu kimi, Şərqdə də bunlar eləcə məruf və məşhurdular".
"Piri Türküstan" tək şöhrətli bir ad almış Xoca Əhməd Yasəvi qaynaqlardan da bəli olduğu kimi, doxsan doqquz min müridi olan mürşüddür, özünün yaratdığı təriqətin - "Yəsəvilik"in başçısıdır, möcüzələr göstərmək qüdrəti tapmış və övliya mərtəbəsinə ucaldılmış şamandır, xalq şeiri üslubunda sənət örnəkləri qoşub-düzən və "Divani-hikmət" adı ilə tanınan əsərin müəllifidir, təsəvvüf şairidir. Əhməd Yəsəvinin bütöv türk dünyasında şöhrət qazanmasının səbəbini başa düşmək üçün, azacıq da olsa, ötmüş tarixi göz qabağına qaytarmaq lazımdır. Bəlli olduğu üzrə, yeddinci yüzilliyin ortalarından başlayaraq onuncu yüzilliyin ortalarınacan ərəb orduları sıx-sıx yaşayan türk ellərinə dönə-dönə basqın etmiş və bununla da türk uluslarının islamlaşdırmışlar. Bu da bəllidir ki, islamın türklər arasına gəlişi və yayılışı yalnız sosial-siyasi, dövlət durumuna deyil, o sıradan dünyagörüş, mənəvi-mədəni istiqamətlərə də nüfuzlu təsir göstərmişdir. Çünki islam ideoloqları çox yaxşı başa düşürdülər ki, ideoloji təbliğat qılıncdan, qoşun hücumlarından heç də az kəsərli deyil. Odur ki, onlar çox ustalıqla hərəkət edir, islamı yayacaqları yerlərin adət-ənənələrini, qayda qanunlarını öz istədiklərinə uyğunlaşdırır, onlara islami-süs verirlər. Bu işdə öncül fikir sahiblərini, qopuz-söz sənətkarlarını tərəfə çəkmək meyl idə çox qüvvətli olmuş və elə bunun özü həlledici mahiyyət kəsb etmişdir.
Bizə bu da bəllidir ki, qopuz-ozan sənətində Qorqud Ata ucalığı zirvəsinə qalxa bilən elə Qorqud Atadan savayı bir kimsə olmamışdır. Boy boylayıb, söz söyləyib oğuzlar adına oğuznamələr qoşub düzən Qorqud Ata həm də qayibdən dürlü xəbərlər söyləyən, oğuz qövmünün müşkül işini həll edən, buyurduğu qəbul olan, sözü tutulub tamam edilən, qam-şaman oğlu Bayandır xanın məclislərində çalıb oxuyan ozanlar ozanıdır, qamdır, şamandır. Qorqud Atanın şaman olmasını sübuta yetirən dəlillər istər onun ömür şəcərəsində, istərsə də "Kitabi-Dədə Qorqud"un özündə çoxdur. Biz bunu da bilirik ki, şamanlığı səciyyələndirən əsas yönlərdən biri şamanın sehr yiyəsi olması, möcüzə göstərə bilməsidir. Bu məsələdə Dədə Qorqudla bağlı təkcə bir dəlili yada salmaqla kifayətlənirik. Boyların birində elçiliyə - Banuçiçəyi Beyrəyə istəməyə gedən Dədə Qorqudu qızın qardaşı Dəli Qacar qılınclamaq istəyir. Bir şaman olaraq Dədə Qorqudun "Çalarsan əlin qurusun" - deməsi ilə Dəli Qacarın əli havadan asılı qalır.
Birincilərin fikrini biz daha çox abidədən oxuya gətirdiyimiz cümlədəki "yaxın" kəlməsi ilə əsaslandırmaq istərdik. Bəlli olduğu tək, sözügedən deyim, yəni "yaxın" lap elə çağdaş Azərbaycan dilində də, əsasən, əvvəli, qabağı, irəlini bildirmək məqamlarında işlənir. Misal üçün, biz "səhərə yaxın", "Günortaya yaxın", "axşama yaxın" deyəndə, sözsüz, səhərdən, günortadan, axşamdan önü , qabağı başa düşürük. Bunun əksi olaraq "səhərdən sonra, səhərdən keçmiş", günortadan sonra, günortadan keçmiş", "axşamdan sonra, axşamdan keçmiş" deyirik. Deməli, buradan çıxış edib "yaxın" sözünə söykənməklə Qorqud Atanın Məhəmməd peyğəmbərdən qabaq Bayat boyundan çıxması qənaitində olanlara haqq qazandırmalı oluruq. Bu həm də hələ o vaxtdır ki, islam türk ellərinə gəlib çıxmamışdır. Və Qorqud Ata da hələ müsəlman deyil.
Qayıdaq "Rəsuləleyhüssəlam zamanı" haqqındakı ikincilərin fikrinə. Birincilərdən fərqli olaraq, bunlar Qorqud Atanın Məhəmməd peyğəmbərdən sonra yaşamasını söyləyirlər. Və bunların da dediklərində həqiqət çoxdur. Çünki yenə də elə bir abidənin özündə oğuz qəhrəmanlarından Bəkdüz Əmənin varıban peyğəmbərin üzünü görüb gəlib oğuzda yurd salmasından danışılır. Dədə Qorqud Kərbəla yazısında şəhid olmuş peyğəmbərin nəvələri Həsənlə, Hüseyndən söz açır. "Qadir tanrı günahınızı adı görklü Məhəmməd Mustafa hörmətinə bağışlasın" deyir.
Məsələnin belə yön alması nə ilə bağlıdır? Yenə də F.Köprülünün mənqəbəyə söykənən bir xəbəri köməyimizə yetişir. O yazır ki, Qorqud Ata Ərəbistana gələrək Həzrəti Əbubəkrlə görüşmüş və İslam dinini qəbul etmişdir. Deməli, Məhəmməd peyğəmbərdən sonra ilk xəlifə olmuş Həzrəti Əbubəkrlə görüş ozan-dərviş olaraq öz söyləmələrində islamdan, onun qurucularından danışmağa sövq etmişdir. Sözsüz, o vaxtlarda ozan-şamanlar da İslam dinini qəbul etdiklərindən, bir dərviş tək, oxumalarında, şeirlərində islam ənənələrinin təbliğ xidmətində bulunmuşlar.
Beləliklə, get-gedə ozanların yerini ata və ya baba ünvanlı dərvişlər (F.Köprülü) almağa başlayır. Xalq da sözügedən bu "dərvişləri ozanlara bənzədərək hərarətlə qəbul edir, dediklərinə inanırdılar" (F.Köpürlü). Odur ki, islam təəssübkeşləri, təsəvvüf şairləri bu dərvişlərin repertuarını xalq şeiri üslubunda, heca vəznində yazdıqları örnəklərlə zənginləşdirməyə çalışırlar. Elə Xoca Əhməd Yəsəvi də məhz belə bir vaxtda, belə bir zəminin olduğu şəraitdə öz "Yəsəvilik" təriqətini yaratmış, təsəvvüf şeirlərini - "Hikmət"lərini xalq ədəbiyyatına, ozan şeirinə uyğun olaraq yazmış, ideyalarını müridlərinin - dərvişlərin yardımı ilə məmləkətlərə yaymışdır.
Əhməd Yəsəvinin türk mədəniyyəti tarixində böyüklüyü danılmazdır. Və bu da aydındır ki, bu böyük şəxsiyyət öz bədii yaradıcılığını başdan-başa təsəvvür meyilləri ilə qidalandırmışdır. Açığını desək, bizi belə bir sual da düşündürür ki, əgər islamçılıq türk ellərinə yayılmasaydı, onda hələ uşaqlıqdan fitri bacarıq yiyəsi olan Əhməd Şeyc İbrahim oğlu böyüyüb kim olardı? Çox götür-qoydan sonra bayaqkı tarixi zamanı və ideoloji durumu göz qabağına gətirməklə bizdə belə bir inam yaranır ki, elə Əhməd Şeyx İbrahim oğlu da qopuz-ozan sənəti ustadı Dədə Qorqud tək bir sənətkar, şəxsiyyət olardı. Onuntək qopuz dilləndirər, onuntək boy boylayıb söz söyləyir, onuntək şamançılıq da edər.
Söhbət açdığımız kişini şamantək tanıtmaq cəhdimiz də əsassız deyil. Belə ki, biz şamanın sehr etmək məharəti, möcüzə göstərə bilmək qabiliyyəti olduğunu arxada xatırlatmışdıq. Məsələ burasındadır ki, həmişə təsəvvür şairi, təriqət yaradıcısıtək tanıdılan Əhməd Şeyx İbrahim oğlunda da bu keyfiyyətlər vardır. Onlardan bəzilərini gözdən keçirək. Qaynaqlardan öyrənirik ki, Türküstan hökmdarı Yəsəvi qışı Səmərqənddə keçirər, yayı isə Türkmənistan dağlarında ov ovlayırmış. O, bir kərə də "Kitabi-Dədə Qorqud"dan bizə tanış olan Qaracuk dağına ova gəlir. Dağın çox girintili-çıxıntılı olması Yəsəviyə ov ovlamağa imkan vermir. Bundan bərk qəzəblənən hökmdar Qaracuk dağının ortadan götürülməsinə sərəncam verir. Kəramət sahiblərinin - valiləri, arifləri çağarırlar. Bunların üçgünlük cəhdində baxmayaraq istək hasil olmur. Nəhayət, adam göndərib Əhməd Şeyx İbrahim oğlunun doğulduğu Çimkənd yaxınlığındakı kənddən - Sayramdan çağırırlar. O, atasının cürcəyini başına örtüb dua oxuyur, seyr edir. Bu zaman göyün üzü tutulur, elə güclü yağış yağır ki, hər yanı sel-su basır. Əhməd başını cürcəyin içindən çıxarınca yağış kəsilir, hava açılır və baxıb görürlər ki, Qaracuk dağının yeri bomboşdur. Hökmdar Yəsəvi Əhməddəki bu kəraməti görüncə öz adının da onunla qoşa çəkilməsini istəyir. və elə o vaxtdan da sözügedən kəramət sahibinin adı "Əhməd Yəsəvi" şəklində deyilir.

(ardı gələn sayımızda)

Bəhlul ABDULLA
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ