adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Fevral 2018 00:08
43813
LAYİHƏ
A- A+

Həmidə xanım Cavanşir

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ


(əvvəli ötən saylarımızda)
Qara ciyəri xəstə olan böyük şair həkimlərin və dostların cərrahiyyə əməliyyatı olunmaq üçün etdiyi təklifə razı olmayıb, əlacsız Şamaxıya qayıtdıqdan sonra Həmidə xanımdan dostlarına dəfələrlə razılıq etmiş, hətta bir dəfə onun haqqında bədahətən farsca aşağıdakı beyti demişdir:

"Nəkərdənd gəz əcəl püştəm xəmidə
Gəşəm dərdüşi - xud rənci Həmidə"

(Əgər əcəl belimi bükməsə Həmidənin xəcalətindən çıxaram)
Həmidə xanımın Sabirə göstərdiyi qayğı barədə böyük bəstəkar, həmyerlimiz, ölməz Üzeyir Hacibəyli o vaxt mətbuatda çıxan bir məqaləsində yazırdı:
"Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin iadeyi səhhəti üçün milyonçu kişilərə rəğmən öz varından keçərək qədər böyük bir həmiyyət göstərdi".
Həmidə xanım eyni zamanda Cəlil Məmmədquluzadənin kicik qardaşı, İran inqilabının fəallarından biri, Cənubi Azərbaycanda azadlıq fədailəri Səttarxanın, Şeyx Məhəmməd Xiyabaninin, yaxın dostu və silahdaşı Mirzə Ələkbər Məmmədquluzadənin onu gözləyən ömürlük sürgün cəzasından xilas olmasında, qayğısında və müalicə olunmasında əlindən gələn maddi və mənəvi köməkliyi göstərmişdir Həmidə xanımın cəsarətli bir qadın, haqq sözü deməkdən çəkinməyən bir tribun olduğunu xarakterizə etmək sahəsində onun 1-6 noyabr 1912-cü ildə Tiflisdə Zaqafqaziya Pambıqçılarının XIII qurultayında Qarabağda Pambıqçılığın vəziyyəti barədə etdiyi tarixi çıxış böyük əhəmiyyət kəsb edir. Olduqca iftixar doğurası haldır ki, Qarabağda pambıqçılığın vəziyyəti və problemləri barədə çıxış etmək Həmidə xanıma həvalə olunmuş və Həmidə xanım bu tarixi çıxışı rus dilində etmişdir. Müasirlərin söylədiyinə görə hələ qurultay başlamamışdan əvvəl qurultaya rəhbərlik edənlər gündəlıkdə çıxış edənlər arasında bir müsəlman qadınının da adını görüb bərk təəccüblənmiş, Həmidə xanımın aşağıda qeyd etdiyimiz gözəl çıxışına heyran olmuşlar:
"Rayonumuzun pambıqçılarının əsas bəlası çəyirtkədir. 1892-ci ildən 1912-ci ilə kimi ancaq bircə il (1910) çəyirtkə əkinlərimizə zərər verməmişdir. Bütün bu illərdə əkinlərimizi, o cümlədən pambıq sahələrimizi çəyirtkə qismən, yada tamamilə tələf etmişdir. Çəyirtkəni məhv etmək üçün adi vasitələrlə kifayətlənmək olmaz, təxminən sahəsi 500 min hektardan ibarət olan Mil düzünü mümkün qədər su ilə tez təmin etmək lazımdır. Əsrlər boyu cüt görməmiş bu səhranın son dərəcə məhsuldar torpağı vardır. Eyni zamanda bu səhra uzun qərinələrdən bəri çəyirtkə yuvasıdır, çünki çəyitrkə adətən əkilməyən torpaqda törəyir. Mil səhrasını suvarmaq üçün Arazdan kanal çəkmək və onu həmin səhradakı Gavurarxına birləşdirib Lənbəran kəndinədək uzatmaq lazımdır. Yeri gəlmişkən xatırlatmaq lazımdır ki, 1866-cı ildə bu arxı mənim mərhum atam Əhməd bəy Cavanşir çəkdirmişdir. Həmin arxı çəkdirməklə Lənbəran kəndinə kimi uzatmaq fikirində idi. Lakin yerli orqanlar ona razılıq vermədilər. Atamın bu haqdakı yazışmaları indi də məndə qalır.
Bu arxın ətrafındakı torpaqlar xəzinəyə məxsusdur. Onlara su çəkilərsə ucsuz-bucaqsız pambıq sahələri yaranar. Eyni zamanda milyonlarla adamların zəhmətini zay edən çəyirtkələrin də qarşısı birdəfəlik alınar. Bizim mövcud pambıq sahəmiz də su qıtlığı keçirir. Kəhrizlərin suyu çatmır və biz yazda Qarqar çayından gələn kanalın suyundan istifadə edirik. İndi bizdən yuxarılarda Qarqarın suyunu işlədib aşağılara buraxmırlar. Ağdam mirabuna sərəncam vermək lazımdır ki, Qarqarın suyu butün arxlar arasında bərabər bölünsün.
Pambıq alverçiləri də pambıq sahəsində az rol oynamırlar. Lakin bəzən onlar öz xeyirləri üçün pambıqçılara çox keyfiyyətsiz toxum satırlar. Həmçinin onlar pambığın məzənnəsini aşağı salırlar. İstədikləri qiyməti qoyurlar, rayonu öz aralarında nahiyələrə bölüb istədiklərini edirlər. Beləliklə pambıqçılıqdan zəhmətkeşlərdən çox alverçilər-istismarçılar xeyir götürürlər.
Bu vəziyyətdən yaxa qurtarmaq üçün rayonlarda kiçik kredit cəmiyyətləri yaratmaq lazımdır ki, pambıqçılar toxum almaq və pambıq əkib-becərmək üçün ordan borc pul götürə bilsinlər.
Rayonumuzda çoxlu susuz torpaqlar vardır. Həmin torpaqlarda otarılan mal-qara naxırları və qoyun sürüləri pambıq əkinlərinə böyük ziyan vururlar. Onların sahiblərini cərimə etmək lazımdır ki, buna yol verməsinlər. Bizim tərəflərdə oğurluq pambıq alveri də geniş yayılmışdır. Oğruları və oğurluq pambıq alverçilərini ciddi cəzalandırmaq üçün tədbirlər görmək lazımdır. Pambıqçılığın mədəniyyətini artırmaq üçün ibtidai kənd təsərrüfatı məktəbləri Ayaradılmalıdır. Bundan əlavə nümunəvi pambıq əkini sahələri düzəltmək, bura yaşlı kəndliləri cəlb edib işlətmək lazımdır. Beləliklə kəndlilər mədəni üsulla becərilən pambığın xeyrini gözləri ilə görər, axırda özləridə bu üsulu tətbiq edərlər.
Nəticədə həm keyfiyyət, həm də kəmiyyət etibarı ilə pambıqçılıq yaxşılaşar. İşlərimizə mane olan cəhətlərdən biri də nəinki şose yollarının, hətta kəndlər arasında yaxşı yolların olmamasıdır.
Məlumdur ki, əkinlərimiz suvarma sistemi ilə becərilir. Buna görə yollardan kiçik və ya böyük arxlar keçir. Çox yerlərdə körpü yoxdur, olanları isə bərbad haldadır. Buna görədə gediş-gəliş çətindir, fayton, araba, sınır, adamlar bəzən saatlar və günlərlə yollarda qalıb işə gecikirlər. Pambıq təmizləyən zavodların olmamasını da birinci növbədə bununla izah etmək lazımdır. Halbuki bunlara ehtiyac vardır". Bütün yuxarıda qeyd olunanlarla yanaşı Həmidə xanım həm də Azərbaycan Yazıçılar İttifaqının üzvü kimi ədəbi fəaliyyət göstərmişdir. O, Mirzə Cəlilin "Yan tütəyi", "Poçt qutusu", "Rus qızı" hekayələrini və Mir Cəlalın "Dirilən adam" romanını rus dilinə tərcümə etmişdir.
Həmidə xanım ədəbi fəaliyyətində özünün yazdığı, həm də xalq arasından topladığı zəmanədən gileyli bir sıra bayatılar mühüm yer tutur. Aşağıda həmin bayatılardan bir neçə nümunəni təqdim edirik:

Könlüm elə virandı,
Gülməz, elə virandı,
Sultanı ölmüş Boyad-
Yurdum elə virandı.
Mən aşiq gülsə də ağlar,
Gül bitmiş gülsə də ağlar,
Səndən ayrılan gözüm-
İnanma, gülsə də ağlar.

Mən aşiqəm gülən az,
Bülbül eylər gülə naz,
Gör necə bəd ildi ki, -
Ağlayan çox, gülən az.
Gəl gedək Ərzuruma,
Sən də gəl Ərzuruma,
Biz hökumət quluyuq -
Dözərik hər zuluma.

Zamana bax, zamana,
Aləm düşüb yamana,
Yabılar arpa yeyir -
Erkən baxır samana.
Mən aşiq qar qalandı,
Qar yağdı, qar qalandı,
Qarğalar adam oldu,
Laçınlar qarğalandı.

Göründüyü kimi Həmidə xanımın bayatıları zəmanədən şikayətli, dərin ictimai motivli bayatılardır. O, eyni zamanda el-oba arasında olanda da yaşlı sinədəftər nənələrin söylədiyi bayatıları da qələmə alıb yazırdı. Hazırda onun Respublika Əlyazmaları fondunda olan şəxsi arxivində öz əli ilə şagird dəftərinə yazdığı neçə-neçə belə bayatılar mühafizə olunub saxlanılır. Həmidə xanımın əbədi aləmdə ən böyük xidməti 1934-cü ildə Azərbaycan Elmlər Akademiyasının sifarişi ilə qələmə aldığı və dörd il üzərində fasilələrlə işlədiyi "Mirzə Cəlil haqqında xatirələrim" kitabı olmuşdur. Bu kitab hər biri 20 vərəqdən ibarət olan 59 şagird dəftərinə rus dilində yazılmış, sonradan Azərbaycan dilinə tərcümə olunmuşdur...
Xatirələrdə məşhur "Molla Nəsrəddin" jurnalının nəşri ilə əlaqədar maraqlı məlumatlar, eləcə də Mirzə Cəlilin bir yazıçı olaraq yazdığı bir neçə əsərin yazılma tarixi haqqında qiymətli məlumatlar verilmişdir. Belə məlumatların əksəriyyəti ilə oxucu məhz ilk dəfə burada tanış olur.
Olduqca dəyərli, lakin keçməkeşli ömür yaşamış Həmidə xanım 1955-ci il fevral ayının 6-da Bakıda vəfat etmiş, Fəxri Xiyabanda Mirzə Cəlilin yanında dəfn olunmuşdur. Şərq əfsanələrinin birində deyilir ki, həyat ən böyük güzgüdür. Onun sinəsindən insanlar gəlib keçdikcə onların yaxşı əməlləri və pis əməlləri bu güzgü üzərində hopub qalır. Bəli, insan həyatdan köçür, əməlləri isə həyatda qalır. İllər keçdikcə insanların qəlbində yaşayır, xatirəyə çevrilir. Pisləri nifrətlə, qəzəblə xatırlanır, yaxşıları hörmətlə, məhəbbətlə! Bax, insanın ikinci ömrü də buradan başlayır... Nifrətli ömür, məhəbbətli ömür! Elimizin, obamızın xatirələrində məhəbbətli ömür yaşayanlardan biri də şərq cəhalətinin zülmət qaranlığında parlaq nur saçan, Ağcabədinin ilk dan ulduzu Həmidə xanım oldu.
Həyatda cəmi 85 il cismani ömür yaşasa da qədir bilən həmvətənlərinin qəlbində əbədiyaşar ömür yaşayır Həmidə xanım! Əbədiyaşar ömür! Bu gün haqqında el-oba arasında gəzən şirin xatirələr də, doğma Kəhrizli kəndində adını daşıyan, şöhrətini yaşayan ev muzeyi də bunun canlı təsdiqidir. Əbədiyyət təsdiqi!

Şirxan Aranlı
Yazıçı, publisist.
Azərbaycan
Yazıçılar Birliyinin üzvü