adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Fevral 2018 00:36
53719
LAYİHƏ
A- A+

Həmidə xanım Cavanşir

Azərbaycan tarixində iki yüz ilə qədər hökm sürmüş qüdrətli Qarabağ xanlığının banisi məşhur Pənah xan Cavanşiri, eləcə də bu nəsildən olan, qatı cəhalət illərində mübariz Ağcabədi qadınlarının ilk dan ulduzu Həmidə xanım Cavanşiri Ağcabədi torpağı tarixə bəxş etmişdir. Pənah xan qüdrətli bir sərkərdə, dövlət başçısı kimi, Həmidə xanım isə cəhalət dünyasında ilk maarifpərvər, xeyriyyəçi, mübariz bir qadın kimi tarixdə özlərinə əbədi yer salmışdır.
Həmidə xanım 1873-cü ilin yanvar ayının 6-da Ağcabədinin Kəhrizli kəndində anadan olmuşdur. O, uşaqlıq illərində heç bir rəsmi məktəb təhsili görməmişdir. İlk təhsilini, eləcə də Azərbaycan və rus dillərində yazıb-oxumağı ailə məktəbində - atası Əhmədbəy Cavanşirdən öyrənmişdir. Sonralar isə şəxsi mütaliə yolu ilə biliyini artırmış, zəmanəsinin gözü açıq, qabaqcıl ziyalılarından birinə çevrilmişdir.
Əhmədbəy Cavanşir Qarabağ xanlığının yaradıcısı Pənahəli xanın oğlu İbrahim xanın qardaşı oğlu Məhəmmədbəy Cavanşirin (çox qüvvətli igid olduğundan el arasında ona Batmanqılınc Məhəmmədbəy deyərdilər - Ş.A.) nəvəsidir. O, 1828-ci ildə Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olmuşdur.
Əhmədbəy 1848-ci ildə Peterburqda hərbi məktəbini bitirmiş, 6 il rus ordusunda xidmət etmişdir. 1854-cü ildə səhhəti ilə əlaqədar olaraq ordudan tərxis olunub doğma kəndi Kəhrizliyə qayıtmış, ömrünün sonuna kimi burada yaşayıb mülkünü idarə etməklə məşğul olmuşdur.
Zəmanəsinin maarifçisi, qabaqcıl ziyalılarından biri olan Əhmədbəy Cavanşir həmişə öz mütərəqqi fikirləri ilə seçilmiş, kənddə təsərrüfatını da yeni, mütərəqqi üsullarda idarə edərək yüksək nəticələr əldə etmişdir. O, həmişə kəndlilərlə mehriban rəftar etmiş, bu səmimiyyətinə, doğmalığına görə kənddə hamı onu el arasında "Rus Əhmədbəy" deyə adlandırmışdı.
Əhmədbəy öz mülkünü idarə etməklə bərabər həm də yaradıcılıqla məşğul olmuşdur. O, rus şair və yazıçılarından tərcümələr etmiş, hətta şeirlər də yazmışdır.
Belə bir şəxsin ailəsində böyüyüb tərbiyə alan Həmidə xanım da xeyirxah, insanpərvər, mütərəqqi fikirli bir bəy qızı olmuşdur. Uşaqlıq, ilk gənclik illəri şən, qayğısız keçsə də, bu bəxtəvər, qayğısız günləri uzun sürməmişdir.
Həmidə xanım 1889-cu ildə Bərdə rayonunun Ərəblər kəndindən zadəgan nəslindən olan rus ordusunun podpolkovniki İbrahimbəy Davatdarova ərə gedir. Həmin vaxdan taleyini Bərdə rayonunun Ərəblər kəndi ilə bağlayan Həmidə xanım İbrahimbəylə 13 il ailə həyatı sürür. Bu ailə həyatından onların bir qızı Mina (1890-1923) və bir oğlu Müzəffər (1900-1954) anadan olur.
Lakin bu ailə həyatı çox da uzun sürmür. 1902-ci ildə İbrahimbəy vəfat edir. Bir müddətdən sonra Həmidə xanım övladları ilə yenidən ata mülkünə - Kəhrizliyə qayıtmalı olur. Bir il keçməmiş yeni müsibətlə, sevimli atasının ölümü ilə üzləşməli olur. Beləliklə gənc Həmidə xanım cəmi üç ildə üç yaxın adamını itirir. Bu itkilər onun həyatına sarsıdıcı ağrılar verir, bir müddət özünü ələ ala bilmir. Lakin zaman keçdikcə bu ağrılar yavaş-yavaş azalır, o, atasının başsız qalmış təsərrüfatını idarə etməyə başlayır. Beləliklə Cavanşirlər nəslinin bir qolu olan Əhmədbəy mülkünün son varisliyi əzizlərini itirmiş, hər yandan arxa köməksiz bir qadının - Həmidə xanımın - öhdəsinə keçir. Ata mülkünü idarə etməyə başlayan Həmidə xanımın ən böyük istəyi atasının şeirlər kitabını çap etdirmək idi. Bu məqsədlə o, 1903-cü ildə, atasının ölümündən bir qədər sonra Tiflis şəhərinə gedir. Burada görkəmli yazıçı, jurnalist Cəlil Məmmədquluzadə ilə tanış olur. O zaman "Şərqi-rus" qəzetində işləyən Cəlil Məmmədquluzadə istəkli ömür-gün yoldaşını - Nazlı xanımı itirmişdi. Mirzə Cəlillə Həmidə xanım ictimai mənşə etibarı ilə tamam başqa-başqa adamlar olsalar da həyata baxış, mübariz ruh, mütərəqqi meyllər onları bir-birinə yaxınlaşdırır. Bu yaxınlıq iki ildən sonra mehriban ailə həyatına çevrilir.
1907-ci il iyun ayının 15-də Cəlil Məmmədqulzadə ilə Həmidə xanım ailə həyatı qururlar. Onların bu izdivacı - adlı, sanlı bəy qızının kasıb bir qəzet işçisinə, bəyləri, mollaları, fanatizmi qamçılayan yazıçı jurnalistə ərə getməsi şübhəsiz ki, Qarabağ bəylərinin şəstinə toxunurdu. Ona görə də onlar bu narahatlıqlarını bəzən gizli, bəzən işə açıq şəkildə müxtəlif təzyiqlərlə bildirirdilər. Hətta bir dəfə Mirzə Cəlil Kəhrizdən Bakıya faytonla gedərkən Hindarx yolunda qisasçı bəylər onu öldürmək istəmiş, həmin qorxulu yoldan Həmidə xanım onu keçirib yola salmışdır. Bütün bu təzyiqlərə baxmayaraq Həmidə xanım Mirzə Cəlillə mehriban ailə həyatını davam etdirir. Bu ailə həyatı düz 25 il - Mirzə Cəlilin 1932-ci yanvar ayının 4-də qəfil baş verən ölüm gününə qədər davam etdi.
Cəlil Məmmədquluzadə ilə ailə həyatı Həmidə xanımı ictimai həyatda daha da fəallaşdırdı. Onu həmkəndlilərinin havadarı, mərhəmətli, səxavətli bir bəy qızından zəmanəsinin ictimai həyatında fəal iştirak edən, yüksək tribunalardan xalqın dərdini söyləyən mübariz, həm də böyük xeyriyyəçi bir qadına çevirdi.
Qızı Mina Tiflis Qızlar İnstitutunda oxuduğundan o hərdən Tiflisə gedirdi. Maraqlıdır ki, o burada qaldığı bir neçə gündə həyatını sakit keçirmirdi. O, Tiflisdə qabaqcıl ziyalıların xanımları ilə toplaşıb "Qadın Xeyriyyə Cəmiyyəti" təşkil edir, Şuşada olduğu müddətdə isə Şuşanın ictimai-mədəni həyatından kənarda qalmır. Qısa bir müddətdə Şuşada həvəskarlardan ibarət teatr təşkil edir. Teatr tamaşasını verib pulunu kasıb tələbələrə paylayır. Həmçinin burada toxuculuq emalatxanası açıb evdar qadınları işlə təmin edir.
Həmidə xanımın ictimai fəallığı hələ Mirzə Cəlillə ailə həyatı qurmamışdan əvvəl, Kəhrizlidə olduğu müddətdə də özünü göstərirdi. Mirzə Cəlilsiz illərdə o, kənddə toxuculuq emalatxanası, dəyirman açmış, məktəb binası tikdirmiş və kəhriz quyusu qazdırıb camaatın istifadəsinə vermişdi.
O, kənd adamlarının təkcə mülk sahibi deyildi, eyni zamanda onların ən yaxın havadarı, problemlərinin icraçısı idi. Bu baxımdan bir məqama diqqət yetirmək üçün onun öz xatirələrinə müraciət edək:
"1903-cü ildə bizim tərəflərdə dəhşətli çiçək xəstəliyi yayılmışdı. Bu xəstəlik kütləvi tələfat verib çoxlu uşaq və yeniyetmə öldürmüşdü. Hökumət heç bir tədbir görmürdü. Yüz kilometrlik sahəni əhatə edən mahalda nə bir həkim vardı, nə də bir feldşer. Adicə peyvənd vasitəsi ilə uşaqları xilas etmək mümkün olduğunu camaat bilmirdi.
Mən qərara aldım ki, peyvənd etməyi öyrənim. Tiflisə gedib tanış həkim Ağabəyovdan peyvənd etməyi öyrəndim və lazım olan dərmanlardan küllü miqdarda alıb kəndə yola düşdüm.
Güman edirdim ki, uşaqları dəhşətli xəstəlikdən xilas edəcəyəm. Lakin kəndə qayıtdıqdan sonra başqa mənzərənin şahidi oldum: Kəndlilər uşaqlarının peyvənd edilməsinə razı olmadılar. Mənim bütün xahişlərim, yalvarışlarım nəticə vermədi. Nadanlıqdanmı, düşmənçilikdənmi kimsə şayiə buraxmışdı ki, guya mən uşaqlara yeni xəstəlik aşılamaq istəyirəm. Nəhayət xətrimi çox istəyən bir qadın - Asya yeddi yaşlı qızını yanıma gətirib dedi:
"Mən sənə inanıram, istəyirsən öldür, istəyirsən dirilt. "Mən onu peyvənd etdim. Bundan bir neçə gün sonra həkim Kərim bəy Mehmandarov təsadüfən bizim kənddən keçib Ağcabədiyə - meyit yarmağa gedirdi. Asyanın qızının tutmuş peyvəndinin yarasını ona gösdərdim. O dedi ki, çox düzgün peyvənd olmuş, uşaq xilas edilmişdir. Bundan sonra ətraf kəndlərin uşaqlarını da mənim yanıma peyvənd etdirməyə gətirdilər. Mən peyvənd etdiyim uşaqların adlarını, yaşlarını, haradan olduqlarını dəftərə yazırdım. Bu zamandan etibarən mən yaz fəslində dərman sifariş edib gətizdirir, uşaqları peyvənd edirdim".
Bu yerdə yadıma Hindarx kəndinin qocaman sakini mərhum Zalış Xuduyevin bir xatirəsi düşür: "Balaca uşaq idim. Bir gün kəndə xəbər yayıldı ki, doxdur Həmdəm xanım (el arasında doğmalığına görə onu belə çağırırdılar- Ş.A.) gəlib uşaqları peyvənd edir. Böyük bir izdiham toplaşmışdı. O, növbə ilə uşaqları peyvənd edir, dəftərdə qeydlər aparırdı. Növbə mənə çatanda başımı sığallayıb məni də peyvənd etdi. Sonra adımı familyamı soruşub şagird dəftərinə qeyd etdi".

Şirxan Aranlı
Yazıçı, publisist. Azərbaycan
Yazıçılar Birliyinin üzvü
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ