adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

YORULMAYAN ATALARI... DİNLƏYİN!

MƏZAHİR ƏHMƏDZADƏ
36753 | 2018-01-22 21:03

Müəllifdən: O vaxtlar bu yazını qələmə alanda unudulmaz Tofiq Abdinin qəfil ölümündən iki ay keçirdi. Doqquzuncu mikrorayonda altı ilə yaxın qonşu olub tez-tez görüşdüyüm Nahid müəllimlə xüsusi maraq doğuran bəzi yazarlarla yanaşı, Tofiq Abdin haqqında da bir xeyli söhbətlərimiz olmuşdu. Mən bütün bu söhbətlərin fövqündə alicənab bir təvazökarlıq görürdüm həmişə. Təəssüf... Son vaxtlar məni duyğulandıran o maraqlı söhbətləri dinləmək imkanım heç olmadı. Ancaq nə yaxşı ki, vaxtında bu məqaləni yazmışam. İndi bəlkə də belə yaza bilməzdim. Mənim nekroloq yazmağa heç vaxt əlim gəlməyib. Nahid müəllimin sağlığında qələmə aldığım bu məqaləni bu gün onun xatirəsinə həsr edirəm.
Nahid Hacızadə həmişə bizimlədir. Əsl jurnalist, yazıçı, müəllim, ağayana insan kimi...

***

...Əvvəlcə Əbülfət Mədətoğlunun redaksiyanın dəhlizində rastlaşıb sakitcə söylədiyi sözlərdən diksindim: "Nahid müəllim səni axtarır, imkan elə ağsaqqalla danış, ya da görüş..." Çünki özümdən yaşca böyük jurnalistlərin, yazarların hər hansı bir münasibəti mütləq tərəddüd yaradır, sual doğurur düşüncələrimdə. Ağsaqqal yazarımız Nahid Hacızadənin əsərlərinin və məqalələrinin əksəriyyətini oxumuşam və İradə Tuncayın yaradıcılığı haqqında bir-birini tamamlayan polemikamız da olub. Ancaq bütün bunlar o halda baş verib ki, biz bəzən uyğun bir şəraitdə üz-üzə gələrkən söhbət etmişik, daha bir-birimizi hansısa bir səbəbdən axtarmamışıq.
...İndi nə baş verib ki, AzTV-nin rəhbərliyində çalışmış ustad jurnalist mənə ismarıc göndərib? Təbii bir narahatlıq keçirirəm - nəsə səhv iş tutmuş olaram deyə. Tez də bu fikri özümdən qovuram. Mənim səhv edən yaşım, vaxtım deyil ki...
Axşam ev telefonuna zəng vurub hal-əhval tuturam. Xeyli söhbət edirik, təxminən 30-35 dəqiqə. Hətta bir neçə gündən sonra görüşüb bu söhbətin əsas mövzusunu davam etdirməyi də lazım bilirik.
Sonradan nəşriyyatda görüşürük. Ordan-burdan qısa xatırlamalar, nəşr etdiyi yeni jurnalın məramından, gələcək planlardan danışırıq, nəşriyyatın liftlərindən, havasından söz salırıq. Ağsaqqal onu incidən ayaq ağrılarından da nikbinliklə "şikayətlənir", düzələr yəqin, deyir. Çünki bu yaşında, bu əhvalında da fikri-zikri doğma işində, yaradıcılığındadır. Ağrımağa "vaxtı" yoxdur.
Əvvəllərdən fərqli olaraq, indiki halda bu ardıcıl görüş və söhbətlərin çox ibrətamiz məqamları var idi. Üstündən də bir ay yarım vaxt keçib. Yazmaq fikrim var idimi, yox idimi - bilmirəm. Hər halda bəzi səbəblərə görə bir sıra vacib məqamları oxucularımla bölüşməyi qərarlaşdırmışam. Təbii ki, mümkün qədər lakonik şəkildə.
Nahid Hacızadə məni nəyə görə axtarmışdı?
Əslində yazıçı ilə görüşümüz və telefon söhbətlərimiz müəyyən qədər özəl xarakterli idi, tələsik reaksiya tələb olunmurdu. Ancaq bu söhbətlərin iç qatlarında, nüvəsində o qədər səmimi və sürpriz nüanslar var idi ki, bütün bunları adi münasibət çərçivəsində saxlamaq da mümkün deyildi. Uzun bir yol gələn yaradıcı insanın xeyirxahlıqla söyləyərək sevincini gizlətmədiyi məqamlara laqeyd qalmaq olardımı?
Əvvəlcə məni izlədiyindən söz açdı. İndiki halda təvazökarlığın yeri də deyil, yazılarımı təriflədi. Mən təşəkkür edib onun kimi ustadlardan çox şeyi öyrəndiyimizi, onlara borclu olduğumuzu bildirdim. Heç vaxt rast gəlmədiyim qəribə etiraz! Yox, dedi, sizlər daha yaxşı yazırsınız. Nahid müəllim "sizlər" deyəndə orta nəsl jurnalistlərini və təbii ki, yaradıcılıqları onu qane edən yazarları nəzərdə tuturdu. Ancaq burada yaş prinsipi mütləq rol oynamırdı. Çünki onun bəyəndiyi orta nəsl jurnalistlərinin hamısı eyni yaşda deyildilər. Nahid müəllimin kumiri İradə Tuncay ağsaqqalın digər seçilmişlərindən 10-12 yaş kiçikdir. Və ya bu xüsusda başqa yöndən sezilən simpatiyalar...
Nahid müəllim arada mərhum Tofiq Abdindən, onun bənzərsiz istedadından və insanlığından da söhbət açdı - mənim bir portret yazımı əsas gətirərək. Abi İstanbulda yaşayarkən təsadüfən rastlaşdığı Nahid Hacızadəni böyük bir istəklə evinə qonaq aparmış, özünün və ailəsinin göstərdiyi yüksək qonaqpərvərlik mədəniyyəti yazıçını heyran etmişdir.
Amma biz Tofiq Abdinin qəfil ölümündən, ümumiyyətlə yoxluğundan danışmadıq... Yalnız bir məqamda "Ağ bir yalan imiş bu..." adlı yazıya görə bir az kövrək, bir az zəhmli, bəlkə də mənim tuta bilmədiyim Hacızadə özünəməxsusluğunda nəsə bir şeylər oldu. Məhz bu məqamda onun alicənablığını, ağayanalığını duyub təsirlənməmək sadəcə... elə ağ bir yalan olardı.
Nahid Hacızadə ilə bu görüş və söhbətlərin rəğbət və qayğıkeşlik empirizmi daha çox bir həqiqəti diktə edirdi: elə çalışmaq və yaşamaq lazımdır ki, tərif lovğalığa yox, məsuliyyətli olmağa çəkib aparsın.
Nahid Hacızadənin peşəkar jurnalistikaya, publisistik yaradıcılığa bu dərəcədə həssaslıq göstərməsi, real yanaşması təəssübkeş müəllim və əsl ziyalı örnəyidir. Yaxşını qısqanmamaq, təqdir etmək mədəniyyəti bizim hələ formalaşa bilməyən zəif yerimizdir. Hələ yaxşı ki, Nahid Hacızadə kimi ustadlar az qala altruist bir yanaşma ilə bu zəif bəndlərin qırılıb dağılmasının qarşısını alır, dürüstlük aşılamaqla cəfakeşlik nümunəsi də göstərirlər. Ömrün bu çağında hər gün bu qədər çalışmaq, yazmaq və oxumaq mətbuat cameəmizdə ən fəal gənclərin də həsəd aparası haldır.
İndi mən bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Nahid müəllimin orta nəsl publisistlərinə həssaslığı təsirsiz ötüşmür. Burada mən konkret olaraq öz adımdan danışası olaramsa, deyə bilərəm ki, jurnalistikada yüksəlişi duymaq və yaşamaq, dürüst qiymətləndirmək idealımdır. Mən mətbuatımızda mövzusundan asılı olmayaraq yüksək zövqlü, intellektual səviyyəli hər hansı bir məqaləyə rast gələndə sevincimin hüdudu olmur. Hətta o yazının müəllifinin məndən xoşu gəlməsə də, aramızda soyuqluq və ya digər müsəlmansayağı səbəblərdən doğan nələrinsə olması da məni aldığım zövqün sevincindən məhrum edə bilməz. Yaradıcılıq, bədii publisistika dosta-düşmənə bölünüb təqdim olunmamalıdır. Onda gərək biz böyük yazıçı Hrant Matevosyanı heç oxumayaq, oxuduqlarımızı da yaddaşımızdan silib ataq. Əgər bacara biliriksə...
...Bəzən mən gecə də olsa həmin gün gözəl köşəsini, məqaləsini oxuduğum müəllifə zəng vurub təbrik edirəm, xoş sözlərimi çatdırıram, yenilərinə ruhlandırıram. Bəzən heç şəxsən tanımadıqlarım da olur, ərinməyib telefonunu əldə edirəm və mütləq əlaqə saxlayıram. Etiraf edim ki, bəzən gənclərin uğurlarına sevincimin əvəzində pərtlik anları da yaşamışam. Sonra hər şeyi "onun" istedadına bağışlamışam, gələcəkdə daha yaxşı olacağına inanmışam.
Düşünmüşəm: təki yaxşı, gözəl yazılar olsun, təki jurnalistikamız zənginləşsin, özünün müsbət dəyərini qazansın, oxucuları nəcib və intellektual səviyyəyə cəlb etsin. Normal münasibət saxlaya bilmək və yaxşı adam olmağı bacarmaq kimi vacib keyfiyyətlərin də umulan fərdlərdə bir gün təzahür edəcəyinə inanmışam və inanıram da. Necə olur ki, lazımsızlar çoxluq təşkil etdiklərinə baxmayaraq birləşə bilir, yaxşılarsa bir-birindən uzaq düşürlər. Belədə hələ bir dönüb özünə, öz xarakterinə də diqqət yetirməyi unutmamalısan. Öz yaradıcılığın, dünya görüşün və intellektinlə, həyat tərzin və xaraketin büsbütün tamamlanırmı?
Həm də ki, istər yaxşı publisist, istərsə də bitkin şəxsiyyət olmağın özü də müəyyən şərtiliklərlə simvollaşır. Bu da etiraf olunmalıdır.

  • Aprel:
  • 5

TƏQVİM / ARXİV