adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

SİZ ÇAY İÇİRSİZ?

HİDAYƏT ELVÜSAL
38622 | 2018-01-13 00:16

Mən nə dedim axı? Həmişə dediyimiz sözdü də.
Axşamüstü idi. Evdən çıxdım və gördüm yenə qonşular bir yerə yığılıb, söhbət edirlər. Yaxınlaşıb salam verdim.
- Xoş gördük hamınızı!
- Salam, ay məllim, salam. Nətəhərsən, neynirsən?
- Yaxşıyam, qardaş, sağ olun.
Sonra Ərəstun kişiyə dedim:
- A qonşu, gedək o çay evində bir-iki stəkan...
Sözümü ağzımda qoydu:
- Ayıbdı, müəllim! Səndən heç gözləməzdim.
Təəccüblə çiyinlərimi çəkdim:
- Mən neynədim ki? Deyirəm gedək çay içək.
Ərəstun kişi hövsələdən çıxdı:
- Yenə təkrar eləyir e. Ə, sən məllim adamsan, başqalarına nümunə olmalısan. Çay nədi, ə?
Mən də hövsələdən çıxdım:
- Nətəhər yəni çay nədi, ə? Çay, çaydı də. Gündə içdiyimiz çay!
Balkonda tum çırtlayan qadın mənə "qara" verdi:
- Kül başına! Niyə ölmürsən? Saçına, saqqalına bax bunun. Çay evinə gedir. Ə, sənin çay evinə yox e, gor evinə gedən vaxtındı.
Lənət sənə, şeytan! Bu nədi, ə? Çay evinə getmək...
- Ə, bala, aaz, ay bajı, çay içmək ayıbdı bəyəm?
Qadın dik qalxdı ayağa:
- Görürəm də, odeyy, sənin sir-sifətindən abırsızlıq yağır. Mən də deyirdim, mədəni adamdı, əxlaqı, tərbiyəsi...
- Sən mənim tərbiyəmdən danışma!
- Bəs nəyindən danışım? Yaşımın bu çağında çay evinə getməyindən danışım? Utanmırsan?
Ərəstun kişi onun sözünə qüvvət verdi:
- Düz deyir də, məllim. Bax, bütün hörmətini, izzətini bir qəpiklik elədin.
- Ay qardaş, mən neynədim axı? Dedim ki, gedək çay içək.
- Ay məllim, elə təkrar eləyirsiz haa. Arvad-uşaq var, böyük-kiçik var, eşidirlər axı.
- Ə, nəyi eşidirlər? Çay içməyimi?
Ərəstun kişi hirsindən qıpqırmızı oldu:
- Tfu! Ə, mən sənin tayın deyiləm haa! Yanında durmağı, sənnən danışmağı özümə əskiklik hesab eləyirəm!
Getdi. Vallah getdi. Hələ arvadı da pəncərədən səsləndi:
- Gəl, ay Allahın mömün bəndəsi, gəl evimizə. Gəl ailənin, uşağının içinə. Qoy o bəzi-bəzi əxlaqsızlar getsinlər çay içməyə.
Mat-məəttəl baxdım yan-yörəmdə qalanların üzünə. Sağ olsun yenə o Çelentano Pərvazı. Qolumdan tutub, məni yana çəkdi. Yavaşca pıçıldadı:
- Məllim, indi qabaqkı kimi deyil e. O çay evi-zad var haa. Bax, orda çay bəhanə imiş.
- Bəs...
- Məhəllənin uşaqları, siz də məni bağışlayın, ora bazlığa gedirmişlər. Qəzetləri oxumursan? Hamısı yazmışdı ki.
- Nə yaz...
- Yazmışdılar ki, o çay evi əslində əxlaqsızlıq yuvası imiş. Yəni ki, "gedək çay içməyə" demək, gedək ordakı qızlarla...
Məni tər basdı. Neçə gün dilimə nə çay vurdum, nə də adını söylədim. Çay evi görəndə deyinməmiş keçib getmirdim.
...O gün də nəşriyyatda idim. Aqil Abbasla rastlaşdım. Hal-əhval tutduq, söhbət elədik. Sonra dedi:
- Gedək çay içək!
Elə bil məni cərəyan vurdu. Heç gözləməzdim. O cür qələm sahibi, deputat, hörmət-izzət yiyəsi... deyir gedək çay içək.
- Getmirəm!
- Ə, bayaqdan yazı diktə eləmişəm, boğazım quruyub. Bir stəkan çay içək dana.
Hirslə dedim:
- Mən çay içmirəm!
Aqil təəccüblə üzümə baxdı:
- Niyə qışqırırsan? Çay içmirsən, içmə. Mən çay içərəm, sən də araq.
Xoşuma gəldi. Razılaşdım. Dördüncü mərtəbədəki bufetə getdik. Allahçünə sifarişi Aqil verdi:
- Ə, qardaş bura bax! Mənə bir stəkan çay ver, məllimə də arax gətir.
Gətirdi. Gördüm, ə, Aqil doğrudan çay içir. Mən də araq içdim və spirt içimdəki pis-pis hissləri, düşüncələri yumağa başladı. Əməlli-başlı ürəklənmişdiim. (Əlbəttə, arağın da təsiri vardı. Toyuq soyutmasından yeyib, arağı içəndən sonra utanıb-çəkinmədən, hamının qulağı eşidə-eşidə bufetçini səslədim:
- Ə, bala, o çaydan bir stəkan da mənə gətir!
İndi oğulsan bu sözü bizim məhəllədə de dəə... Kişilər bir yana, arvadlar səni "persona non qrata" elan eləyib, təpənə-gözünə döyə-döyə qovarlar. Amma bir şey maraqlıdır. Görəsən o qonşu kişilər çörək-zad yeyəndən sonra, ya da elə yeməkdən qabaq qadınına deyəndə ki:
- Ay arvad, mənə çay gətir...
Bax, onda arvad neynəyir? Ərinə... çay verir?!

TƏQVİM / ARXİV