adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
05 Yanvar 2018 13:14
189005
RUBRİKA
A- A+

Məhəmməd peyğəmbər mənə dedi ki... - YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çölboyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanalitik Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı şair Emin Piridir. Adalet.az müsahibəni təqdim edir.


-Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

- Bu bəzən arzulardan yaranan görüntü də ola bilər və ya keçmişdən qalanların yuxu formatında həyatımıza təsiri. Tam olaraq mənim fikrimə qalsa dünyaya ötürdüyümüz və dünyadan aldığımız enerjinin müxtəlif şəkildə yuxuya enməsidir. Həmçinin düşüncələr, əməllər belə həyatımıza təsir edirsə yuxunun da təsiri qaçılmazdır. Necə deyərlər, yuxu özü də enerjidir. Enerji isə heçdən yaranmır və yox olmur. Mütləq hardasa bizə təsir edəcək. Var olan, mövcud olan hər şeyin təsiri vardır. İstər dini aspektdən yanaşsaq, istərsə elmi yanaşma olsa yuxu heçə sayılası bir şey deyil.


-Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

-İndi o qədər də planlamıram. Amma planladığım anlar olur. Təsirini desəm, 50% həcmində götürərdim. Bir növ həyatımın bir hissəsi yuxularımın verdiyi təsirlərdən ibarətdir.

İlk dəfə yuxuda sevmişəm. Yuxuda bir qıza vuruldum. Bir növ buta kimi. Bir neçə il çəkdi. O sonradan bunu bildi, amma heç vaxt etiraf edə bilmədim. Kürd qızı idi. Dəlicəsinə sevirdim. Adətən söhbətlərimiz türk-kürd məsələlərindən ibarət olduğundan sevgiyə zamanımız olmurdu. Zaman keçdikcə uzaq düşməli olduq. Çünki, 4-5 nəfərlik mühafizəçisindən yan keçib onunla söhbət edə bilmək, baş-başa qalmaq heç də asan məsələ deyildi. Oxumağa mənə çoxlu kitablar verirdi. Azı 10 il keçib, açığı o kitabları saxlayıram.

Bir insanı sevmək, dostca seçmək və uzaqlaşmağı əsasən yuxularıma əsasən seçirəm.

-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

-Əvvəllər az qala hər yuxumu yozmağa çalışırdım. İndisə gedişata buraxmışam. Daha doğrusu buna zamanım çatmır. Açığı, öncədən nəyisə düşünmək, başıma bu gələcək deyə analiz edib yuxuya əsasən gözləmək heç də xoş deyil. İnsanın enerjisini tükədir. Bacardığım qədər bundan uzaq durmağa çalışıram. Amma istədiyim qədər alınmır.


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

-Yuxulara bu qədər önəm verən birinin yuxunun mistik işarələrinə inanması da hər halda qəribə olmaz. Bəzi yuxular olub ki, mistikadan başqa anlam verə bilməmişəm. Çünki həmin yuxu nə həyatıma aid bir şey olub, nə qarşıma çıxan hadisədən, nə də düşündüyüm. O zaman acizanə olaraq mistikaya inanmışam.

-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

-Bəzi şəxslər və işarələr var ki, sonradan o həyata keçir. Və həmin şəxsləri yuxumda görəndə nə olacağını təxmin edə bilirəm. Maraqlı yuxular olur ki, həmin hadisələri şeirə keçirməyə çalışıram. O qədər inandırıcı olur ki, başıma gələn kimi düşünür insanlar. Əslində haqsız da deyillər, yuxuda gördüklərimi yaşamış kimi hiss edirəm. Bəzən yuxuda yaşantım, hislərim real həyatdakından daha təsirli olur.

-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

- Qəribə ola bilər, iki dəfə Məhəmməd peyğəmbəri, üç dəfə İsa peyğəmbəri yuxumda görmüşəm. İsa peyğəmbərlə söhbətləşmək imkanım olmayıb. Amma Məhəmməd peyğəmbər yaxınlaşıb mənə bəzi şeylər söylədi. Sonuncu kərə Hz. İsa ilə birlikdə nar ağacının altında idilər. Təbii ki, mənə nə dediyini desəm hamı güləcək, ələ salacaq. Dünyanın min illiklər tarixinə uyğun gəlməyən bir sözlər idi. Ona görə də o gördüyüm yuxunu, daha doğrusu söhbəti kimsəyə deyə bilməmişəm. Yalnız bir şeyi deyə bilərəm ki, müasir dövrdə yeni peyğəmbərin olduğunu və adını belə mənə deyib. Səhv etmirsəmsə hədislərə görə kimsə Məhəmməd Peyğəmbəri yuxusunda görə bilməz.



-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

-Elmi izahından danışmağım yersiz olar. Amma yuxularımın 90%-dən çoxu ağ-qaradır. Bəzən elə rənglər olur ki, real həyatda onlar yoxdu. Yəni o rənglərə heç yerdə rast gəlməmişəm. Nə qədər axtarsam da. Ona görə də düşünürəm ki, elmin hələ kəşf etmədiyi və ya bizim dünyada olmayan rənglər mövcuddur. Ölçülər kimi, zaman kimi, rənglər də sonsuzdu. Elm və ya insanlar nə deyir desin, mən buna inanıram.



-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

-Doğmalarımın xətrinə dəyməməkçün bu suala cavab vermək istəməzdim. Amma istər dostlar, istər qohumlar, gördüklərim olur. Amma ən çox kimi görmüşəm desəm keçmiş sevgilimi deyərdim. Həyatımdan çıxsa da yuxumdan çıxmır.


-Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: "Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

- Mən nə tam gerçək həyatı yaşamıram. Nə də tam olaraq yuxularımla yaşamıram. Amma gerçəkliklə yuxunun arasında bir aləmdə olduğumu deyə bilərəm. Var olan tək enerjinin ətrafında dolanıram desəm daha düzgün olar.

Dünya sadəcə bir zarafatdı. Ona görə də nəyəsə qəti əminliklə budur demək düzgün olmaz. Məhz gerçək həyat budur deyə iddia sürmək də ağılsızlıqdır. ən azından mənim aləmimdə. Misalçün kim deyə bilər ki, insan əslində başqa varlıqlar tərəfindən yaradılmış robotdur. Zamanla genlərin dəyişməsi və.s ilə doğub törəmə, özünü inkişaf instinktini yaşayıb. Öz tam təsdiqni tapmayan və çox şeylər var. Ona görə də qətiyyətlə bir şey haqqında danışmaq yersizdir.


-Dahi yazıçılardan, rəssamlardan, filosoflardan kimləri yuxunuzda görmüsünüz?

-Dindən və siyasətdən uzaq adamam, amma gördüyüm yuxular daha çox dini şəxslər və siyasətçilərlə bağlı olur. Sonuncu kərə Heydər Əliyevi yuxuda gördüm və mənə bəzi məsləhətlər verdi.


-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

-Həqiqətə və ya yalana apardığını deyə bilmərəm, amma yuxularımın ardınca gedirəm.