adalet.az header logo
  • Bakı 12°C
03 Noyabr 2017 13:34
177755
RUBRİKA
A- A+

Yuxuda həyəcan keçirirəm, unutmağa çalışıram...– YUXU QAPISI

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı yazıçı Rövşən Yerfidir. Adalet.az müsahibəni təqdim edir.


-Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

-Yuxu əlbəttə, mənasız bir şey deyil, amma mən yuxuya elə də böyük əhəmiyyət vermirəm, onun ilahiləşdirilməsinin tərəfdarı deyiləm. Mənim üçün yuxu nağıla bərabər anlamdı. Yəni, reallıqdan kənar. Ona görə bəzən həqiqətdən uzaq nəsə danışanda deyirlər ki, "nağıl danışma”, yaxud da "yuxu görməmisən?” Yuxu bədənin və ruhun dincəlmə prosesidir. Bu baxımdan mən yuxulara demək olar ki, inanmıram, arabir ağır yuxu görəndə bir az ehtiyatlanıram, qalan vaxtlar unutmağa çalışıram.


-Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

-Qətiyyən. Yaxşı yuxulara inanmıram, pisini görəndə də, bayaq qeyd etdiyim kimi bir az ehtiyatlandığım üçün özümdə psixoloji hazırlıq aparıram. Yəni olacaqdan qaçmaq olmaz.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

-Yox, mənasız iş hesab edirəm, təsadüfən məni narahat edərsə, səbr etməyə üstünlük verirəm.


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

-Düzü, o haqda dərin düşünməyə hövsələm çatmadığından konkret, dəqiq bir fikrə gələ bilmirəm. Amma bunu da danmaq olmaz ki, yuxu ruhun cövlan etdiyi aləm olduğu üçün onun ilahi dünya ilə təmasına inanıram.


-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

-Dediyim kimi, yaxşı yuxulara inamım yoxdur. Olub bir neçə dəfə, hətta, özümü xarici və ölkə liderləri ilə bir arada görmüşəm, liderlərlə salamlaşmışam. Belə yuxulardan sonra həyatımda yaxşılığa doğru heç bir dəyişikliyin baş vermədiyini görəndə yuxu yozmaları haqqında eşitdiklərim, oxuduqlarım gözümdən düşdülər. Bu sayaq yuxuları efirdəki ötəri, qaçan dalğaya bənzədirəm. Kadrlar qısa müddətdə gəlir və yox olur. Ancaq bəzən nədənsə pis yuxuların əlamətləri həyatda az da olsa, özünü göstərir.


-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

-Yuxulara inamım az olduğu üçün əksər vaxtlar onları görəndən az keçmiş unutmağa çalışıram. Olur ki, yuxuda sıxılıram, həyəcan keçirirəm. Az keçmir haradansa mənə ayan olur ki, gördüyüm yuxudur, həyat deyil. Sakitləşirəm, ardınca sanki "RED” düyməsini basıram, anındaca bir az əvvəl gördüklərim tamamilə yaddaşımdan silinir. Ayılanda isə artıq heç nə xatırlamıram.


-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

-Tam rəngli, hətta, həyatdakından da gözəl. Bəzən yuxuda görmüşəm ki, guya kəndimizi hansısa filmə çəkiblər və təbiət təsvirləri, dağlardakı daşlar, çəmənlər elə dəqiqliklə gözümün önünə gəlib ki, oyanıq vaxtda xatırlayanda o rənglərin adını tapmağa çətinlik çəkmişəm.


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

-30-40 il əvvəl ayrıldığım atamı, anamı ildə bir neçə dəfə kiçik fraqmentlər halında görürəm. Onları görəndə xüsusi heç nə baş vermir, sadəcə içimdə bir xoş duyğu, rahatlıq hiss edirəm.


-Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: "Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

-Razıyam. Həqiqətən hər bir insanın öz yuxu aləmi var və bu ruhla bağlı aləmdir. O aləmin içində yalnız ruhun fırlanır, pərvaz edir.


-Dahi yazıçılardan, rəssamlardan, filosoflardan kimləri yuxunuzda görmüsünüz?

-Heç kimi. Arzulamıram da kimisə görəm. Dahilik iddiasında olsaydım, bəlkə də istəyərdim. Görsəm, onlarla müqayisədə zəif cəhətlərimi, çatışmamazlıqlarımı duyub utanaram.


-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

-Kimlərəsə görə bu belədir, yuxular insanları həqiqətlərə çatdırır. Mənim üçün isə yox, nisbi gümandır.