adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

"BİR ŞAİR AYRILIR MİNGƏÇEVİRDƏN..."

ƏBÜLFƏT MƏDƏTOĞLU
40623 | 2017-09-15 00:28

BAXIŞ  BUCAĞI 

Öncədən deyim ki, Ramiz müəllimlə məni tanış edən çox hörmətli ziyalımız, dəyərli şairimiz, qaçqınlıq həyatının ağrı-acısını canına-qanına hopdurmuş və AYB-nin Mingəçevir bölməsinə rəhbərlik edən İsmayıl İmanzadə olub. Hələ bir il bundan öncə redaksiyamıza gələrkən  mən İsmayıl müəllimin yanında üz-gözündən  nur tökülən orta yaşlı  bir nəfəri də gördüm. Doğrusu, bu insanın görkəmi və bir də xüsusilə İsmayıl müəllimlə birlikdə olması məndə belə bir fikir yaratdı ki, ilk dəfə gördüyüm bu İnsan da mütləq ədəbiyyat adamı olacaq. Ən azından ədəbiyyat müəllimi. 

Təxminimdə  yanılmamışdım. İsmayıl müəllimin təqdim etdiyi Ramiz Məmməd oğlu İsmayılov həqiqətən söz adamı idi. Özü də Gədəbəyin Kiçik Qaramurad kəndində doğulmuşdu. Gözünü açıb saz, söz görüb dinləmişdi. Və beləcə də könlünü sözə vermişdi. Amma  son dərəcə təvazökar olduğundan könül pıçıltılarını dövrü mətbuata çox seyrək təqdim edib. Doğrudur, 1965-ci ildən mətbuatda çıxış edən Ramiz Məmmədoğlu 4 kitab müəllifidir. Amma özü-özünü təbliğ etmək, özü-özünü diqqətə çatdırmaq yolunu tutmayıb. Məhz bu səbəbdən də başını aşağı salıb işilə, sözülə məşğul olan Ramiz müəllimi oxucular o qədər də yaxından tanımaq imkanı qazanmayıblar...

Bəli, bizi İsmayıl müəllim tanış elədi və onun söylədiyi xoş sözlər məndə Ramiz müəllimin şeirlərinə maraq hissini bir az da artırdı. Elə İsmayıl müəllimin yanındaca Ramiz müəllimdən bir neçə şeir götürdüm, oxudum və "Ədalət"in oxucularına təqdim etdim. O vaxtdan təqribən 9 ay keçibdi. Bugünlərdə iş otağımın qapısı önündə qarşılaşdıq onunla. Hal-xoş etdik, könül söhbətimiz bizə İsmayıl müəllimi də xatırlatdı. Və "Ədalət"i daim izlədiyini deyən Ramiz müəllim qəzetimizlə bağlı istəklərini də dilə gətirdi. Ayrılanda bir vaxtlar ondan xahiş etdiyim kitablarından ikisini avtoqraflarla mənə bağışladı. Həmin kitablardan biri belə adlanır: "Bir şair ayrılır Mingəçevirdən..."

Oxuyuram kitabı. Ön sözünün müəllifi şair Fəxrəddin Əziz olan kitab bir neçə bölmədən ibarətdir. Bu bölmələr şeirlərin ovqatına, mövzusuna görə, bir-birindən fərqlənir. Amma hamısının əsas mayəsi səmimiyyətdi. Elə bir səmimiyyət ki, onu şeirin ilk misralarından duymaq, hiss etmək mümkündü. Məsələn, "Sevindi" şeirində olduğu kimi.

Şair qonaq gəldi doğma kəndinə,
Qonaq da sevindi, el də sevindi.
Öpüşdü, görüşdü camaat ilə,
Dodaq da sevindi, dil də sevindi.

Aldı bir körpəni qolları üstə,
Qımışdı üzünə dodağı püstə.
Qızıgül bitmişdi yaqağı üstə,
Yanaq da sevindi, gül də sevindi.

Getdi nişana da, getdi toya da,
Qonaq oldu şərbətə də, çaya da.
Xınalı kəkliklər daşda, qayada,
Yaşılbaş sonalar göldə sevindi.

Aşıq Ələsgərdən, Dilqəmdən dedi,
Leliydən, Məcnundan, Kərəmdən dedi.
Həm zildə oxudu, həm  bəmdən dedi,
Saz da, təzanə də, tel də sevindi.

Şair şeir dedi, yerinə düşdü,
El-oba görüşün sehrinə düşdü.
Ay Ramiz, bu görüş nə xoş görüşdü,
Vərəq də, qələm də, dildə sevindi.

Şeirdən göründüyü kimi, burda təkcə təəssürat yox, həm də bir mənzərə canlandırılıb. Yən şairin bu mövzunu qələmə almaqda əsas qayəsi el-obanın söz adamına, sənətə diqqətini, münasibətini ifadə etmək olur. Bununla yanaşı, şeirdə həm də şairin folklorumuza, söz yatırımımıza bələdçiliyi öz təsirini göstəribdi. Aydın olub ki, Ramiz müəllim sözün yatımını, düzümünü mükəmməl bilən qələm adamlarındandı. Kitabda qarşılaşdığım şeirlər arasında Məlahət Yusifqızına yazılmış ünvanlı misralar da dediyim həmin o səmimiyyətin yaxşı  nümunələrindən biridi. 

Sən od parçasısan, mən zəif qoram,
Bürüşmüş salxımda quruyub qoram.
Hanı o vaxtların köhlənlər yoran,
Bir mənzil başında gözləyəm səni.

Odumu-közümü Tanrıdan istə,
Qızınsın istinə yaxşı da, pis də.
Söz əhli yığılan ali məclisdə,
Bədnəzər gözündən gizləyəm səni.

Qurumuş piltəni yağdan ayırıb,
Bir naşı bağbanı bağdan ayırıb.
Tər şamama bilib-bağdan ayırıb,
Sənət bağçasında bəsləyəm səni.

Ramiz yuxu görüb yuxusu şirin,
Bir təmiz qəlbi var duyğusu şirin.
Şair bacısına qayğısı şirin,
Uca zirvələrə səsləyəm səni.

Təbii ki, Ramiz müəllimin mənə təqdim etdiyi kitabda toplanan şeirlərin əksəriyyəti qoşma, gəraylı və digər şeir növlərindən istifadə olunmaqla qələmə alınıb. Həmin şeirlərin də ruhundakı səmimiyyət və sevgi oxucuda təkcə xoş təəssürat yaratmır, həm də adama elə gəlir ki, o şeirləri nə vaxtsa dinləyib, nə vaxtsa oxuyub. Bu qənatə gəlmənin də mayəsində şeirlərdəki sadəlik,  doğmalıqdı. Məsələn:

Ramiz Kərəm, sən də Əsli,
Qara Məlik yolu kəsdi.
Zülüm-zillət yetər bəsdi,
Sənə sevmək öyrədimmi?

Və yaxud:

Həsrət gerçək, vüsal xəyal,
Ay insafsız, canımı al.
Qanım sənə olsun halal,
Ölə-ölə sevəcəyəm.

Daha bir nümunə:

Ramiz anlayanı, duyanı sevər,
Yurdunda hər daşı, qayanı sevər.
Bir dəfə görməklə dünyanı sevər,
Qayıdıb yenidən gələsi deyil!

Bəli, "Bir  şair ayrıldı Mingəçevirdən...." kitabında sözün dürüst mənasında könül pıçıltıları toplanıb. Mən bu pıçıltıları rahat, sakit bir guşədə  dinləməyin nə qədər ruha xoş olacağını təxmin edərək içimdən o dağları, o ormanları və bir də ora dönəcəyimiz günləri keçirib fikrimi tamamlamaq istəyirəm. 

Ramizəm, deyirəm sözün düzünü,
Nigaran qalaram illər uzunu.
Əlim gəlməz kəsəm körpə quzunu,
Təzə beçə balı kəsək dağlarda.

Ramiz müəllim, sözünüz də, sözə təslim etdiyiniz könlünüz də həmişə arzuladığınız şirinlikdə, səmimiyyətdə öz yolunu davm etdirsin. Qələminiz bu şeirlərin davamını yazmaqdan yorulmasın.


TƏQVİM / ARXİV