adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

"İÇİMDƏ BOĞULAN SƏS"

ƏBÜLFƏT MƏDƏTOĞLU
43521 | 2017-07-25 23:32
Öncə İsmayıl müəllimdən başlayıram. Yəni onun özündən, şəxsiyyətindən. Cəbrayılda doğulub, özü də Böyük Mərcanlı kəndində. Hələ müharibənin söz-söhbəti də yox idi, izi-tozu da. Amma İsmayıl İmanzadənin imzası var idi mətbuatda. İsmayıl İmanzadənin şəxsiyyəti var idi evində, elində, bölgəsində, məmləkətində. Bax, bu iki cəhət onu mənə qiyabi tanıtmışdı. Təbii ki, öncə mətbuatda, sonra da elində. Mətbuat deyəndə 80-ci illərin "Ulduz", "Azərbaycan" jurnallarının, "Azərbaycan gəncləri" və "Ədəbiyyat və incəsənət" qəzetlərini nəzərdə tuturam. Orda şeirlərini oxuyurdum İsmayıl müəllimin. Və sevinirdim ki, onunla qonşu rayonda yaşayıram. Hətta mənim qohumlarımın bir qismi də həmin kəndin sakinləridi. Bax, bu bir kəndin sakini olmaq məqamı da onun elində necə tanıldığını, necə sevildiyini mənə söyləyirdi, pıçıldayırdı. Lap dəqiq desəm, qohumlarım vasitəsilə, sonra da mətbuat nümayəndəsi kimi Cəbrayıla səfərlərim zamanı İsmayıl İmanzadənin şəxsiyyətinə yaxından bələd oldum. Beləcə, başladı tanışlığımız. Hə, bir də təbii ki, onunla mənim ortaq qələm dostlarımız bizi bir-birimizə yaxınlaşdırdı. Zaman bizi eyni dərdlə yükləyəndən sonra tarixin bu ağır sınağında könül dostu olduq. Demək, bu da bizzim qədər imiş. İndi o qədəri yaşayırıq - bir-birimizi duya-duya, bir-birimizdən xəbər tuta-tuta və bir də bir-birimizin uğurlarına sevinə-sevinə.

Söhbət uğurlardan düşdü. Əslində özüm söhbəti uğurlara gətirib çıxardım. Ona görə ki, indi yazı masamın üstündə bir kitab var. O kitabın adı "İçimdə boğulan səs"di. Elə burdaca deyim ki, "İçimdə boğulan səs" aybKitab layihəsi çərçivəsində işıq üzü görüb. Layihənin rəhbəri Xəyal Rzadı. Kitabın redaktoru isə Mətanət Ulu Şirvanlı. Bu, İsmayıl İmanzadənin mənim kitab rəfimdəki sonuncu, sayca isə hardasa 15-ci kitabıdı. Onların böyük bir hissəsini İsmayıl müəllim mənə avtoqrafla bağışlayıb. Hə, bir də İsmayıl müəllim hər dəfə avtoqraf yazanda "qardaş" sözünü xüsusi vurğulayır. Mən də bu istiliyin içərisində özümü həm rahat, həm də məsuliyyətli hiss edirəm. Ona görə ki, İsmayıl müəllimin şəxsiyyətindən yaxşı xəbərdar olanlar bilirlər ki, bu kişi hər adama dost, qardaş demir. Və hər məqamda da yerini gözləyib sözünü deməkdən də çəkinmir. Ona görə də "İçimidə boğulan səs" mənim üçün tək kitab adı kimi yox, həm də bir fikir kimi çox maraqlı gəldi. Axı İsmayıl müəllimin heç vaxt öz səsini arxa plana keçirdiyini görməmişəm və belə bir məqamı da ağlıma gətirməmişəm, ona görə də kitabı birnəfəsə oxudum. Oxuduqca da gördüm ki, əslində bu, mənim düşündüyümdən tam fərqli bir fikrin ifadəsidi. Bu fikir özündə Cəbrayılsız günləri, Cəbrayılsız ömrü, Cəbrayılsız yaşamı qan rəngli hərflərlə bəyan edir və deyir ki:

Eşidən yox hayarımı,
Ünüm yetmir uzaqlara.
Yol ayrıcında qalmışam,
Bilmirəm üz tutum hara?

Ayağıma ilişən daş,
Buraxmır ki, çıxıb gedəm.
Gözlərimdə donubdu yaş,
Yaxamdan yapışıbdı qəm.

Üz-gözümdən qırov yağır,
Hər anın bir soraq kimi.
Arxamca düşən qara yel,
Ulayır yalquzaq kimi.

Zülmət kəsibdi üstümü,
Səbrimə sığınıb ahım.
Yuxum ərşə çəkilibdi,
Açılmaq bilmir sabahım.

Hərdən üzümə toxunur,
Ölümün soyuq nəfəsi.
Bilmirəm harda dəfn edim,
İçimdə boğulan səsi...

Bu şeiri oxuyandan sonra şairin hansı fikir yükünün altında olduğunu, hansı duyğulara ürək açdığını və həm də hansı çətin sualla baş-başa qaldığını elə mən özüm də yaşadım. Anladım ki, İsmayıl İmanzadə bu fikirlərlə mənim də içimi şeirə köçürüb. Axı, onun göz önündə olan həyatının arxa planını, alt qatını mən də yaşayıram, mən də qanımdan, canımdan keçirirəm. Bax, bu yerdə onun özü dediyi kimi:

İsmayıl, susma daş kimi,
De, xoşbəxt edib qış kimi?
Dönüb geriyə, quş kimi -
Uça bilsən yerini de.

Xəbərin varmı elindən,
Yurd sözü düşmür dilindən.
Kədərin, qəmin əlindən -
Qaça bilsən, yerini de.

Vaxt-vədə yaman yeyindi,
Ömür dən kimi üyündü.
Bağlı yollar da düyündü -
Aça bilsən, yerini de.

Həqiqətən də o yeri, o yolu, o səmti necə getməyin, necə aşmağın və həmin o deyilənlərə necə qovuşmağın çarəsini bilənlər varsa, İsmayıl müəllimə desin. Mən də ondan soruşub öyrənim. Və bilim ki, onun da, mənim də ömrüm işıqdan qaranlığa yox, işıqdan işığa doğru bir yoldu. Və biz bu yolun ara məsafəsindəki qaranlığı yarıb keçə biləcəyik. Onda İsmayıl İmanzadənin yazdığı misralar bizim üçün xatirəyə çevriləcək. O misraların işığı da qarışacaq qovuşduğumuz işığa. Necə ki, o yazır:

Səfərdəyəm elə hey,
Yoxdur gecə-gündüzüm.
Qarışıb yola, izə,
Qürub çağın, dan üzün.

Ömrün eniş-yoxuşu,
Yollar köhnə bələdçim.
Gedirəm, saçlarıma,
Qar yağır, əlçim-əlçim.

Çiynimdə dərd şələsi,
İçimdəki sükut lal.
Zülmətdən soraq verir,
Qarşımdakı hər sual.

Ötüb keçən anlarım
Sızlayır acı-acı.
Ayaqlarım yolçudur,
Gözlərim yol ayrıcı.

İsmayıl İmanzadə bu kitabında mənim fəhmimə görə daha çox içində boğulanları, içində doğulub ölənləri poetik fikrə çevirməyə çalışıb. Onun hər şeirində dünən də var, bu gün də var, sabah da. Deməli, bütün zamanları misraya çevirə-çevirə içində boğulan səsin ifadəçisini tapmağa nail olubdu. Bu da dəyərli qardaşımın, ruh dostumun özünəməxsus ədəbi priyomudu. Hətta o, kitadakı qəzəllərində də, məhəbbət şeirlərində də bu əsas qayədən uzaq düşməyib. Mənə elə gəlir ki, İsmayıl İmanzadə bununla həm də oxucusuna bir mesaj ötürübdü. Onun sevdiyinin adı pünhan, gizli olsa da, o, həm də göz önündədi. Fikrin alt qatına enəndə onu görmək mümkündü. Bax, bu şeirdə olduğu kimi:

Sevgisiz tükənir güc də, dözüm də,
Sənsən elə əzəl, axır sözüm də.
Xəyalın canlanır hərdən gözümdə -
Nədənsə yadıma yar düşən kimi.

Tablaşmaq çətindir dərdin gücünə,
Bir qatı zülmətmi çöküb içinə?
De, niyə qoşuldun durna köçünə -
Payızda dağlara qar düşən kimi?

Arxanca uzalı qalıbdır əlim,
Adın çəkiləndə sızlayır dilim.
Arabir yadıma düşürsən, gülüm,
"Xəstənin könlünə nar düşən kimi".

Hörmətli İsmayıl müəllim, mənə göndərdiyin bu gözəl hədiyyə əslində mənim qaysaq bağlaya bilməyən yarama bir sığal çəkdi. Bildim ki, sənin də, mənim də, bütövlükdə yurd nisgili yaşayan bizimlə həmfikir olanların da içində söz boğulmur, söz misralara çevrilir, söz qanadlanır və uçur - həm eşidənlərə tərəf, həm də qulaqlarında pambıq olanlara tərəf. Gec-tez o qulaqlar da o sözləri eşidəcək. Və biz onda arzuladığımız, uğrunda canımızı verməyə hazır olduğumuz yerlərə dönəcəyik. Bax, bu günün arzusuyla yeni kitabınız "mübarək olsun!" deyirəm.

TƏQVİM / ARXİV