adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

MƏNƏ DƏNİZ... VERMƏYİN!

FƏRİDƏ RƏHİMLİ
29017 | 2017-07-21 12:07

Yer üzünün hər bir guşəsinə əvvəlcə təbiətinin gözəlliyi ilə qiymət verilir. Bəzən çox gözəl təbiəti olan bir bölgəni "Nağıllardan çıxmış", "Yerüstü cənnət" adlandırılır, bəzən "Möcüzə", "Allahın lütfü" və sair adlandırırlar.
Azərbaycan da belə gözəlliklər diyarından bir parçadır. Və zaman-zaman həm bu gözəlliyi, həm yeraltı, yerüstü sərvətləri üzündən başı çox çəkib.
Amma bu günkü yazımın səbəbi bu gözəlliklərdən bəhs etmək deyil, bu gözəlliklərə həsrət qoyulmağımız haqdadır.
Türkiyənin ən gözəl guşələrindən biri Trabzonda olarkən, təbiətin bəxş etdiyi gözəlliklərin necə səxavətlə insanların ixtiyarına verildiyini seyr etdikcə, Allahın bizə verdiyi nemətlərin necə həyasızcasına əlimizdən alındığını bir daha düşündüm və illərlə əsəblərimi tarıma çəkən bu duruma bir daha əsəbləşdim.
Batumidən Türkiyəyə keçən Sarpdan tutmuş, Hopa, Rizə, Çayeli, Of, Trabzon, Akçaabad, Samsun, Gezre, Görele, Giresun, Ordu, Sinop... Qaradəniz boyu ta İstanbula qədər uzanıb gedən bu gözəlliklər orada yaşayanların özlərinə məxsusdu. Bəli, dəniz də, meşə də, dağ da...hər şey xalqın ixtiyarındadı.
Yolboyu dənizin sahilində keçən yolçuların dayanıb istirahət etmələri üçün hər şərait yaradılıb, - taxtadan tikilmiş, günəşdən qorunmaq və yemək üçün kiçik "evciklər" və dənizə girə bilmək üçün şərait. Ərzincanda rastlaşdığım mənzərə isə mənim üçün (bəlkə çoxları üçün!) əsl möcüzə idi. Böyük sahəli, hər bir gözəlliyi ilə istirahət üçün yararlı, yaşıl parkın əsas özəlliyi onda idi ki, bu parkın ətrafında üç möcüzəli su axır - biri acı, biri turş, biri kükürdlü. Turş su təbii qazlı sudur və butulkaya doldurub, qapağını açarkən bizdə satılan süni hazırlanmış qazlı sulardan daha təzyiqlidir. (Qazlı sularımızı açanda hər dəfə ağlıma ilk gələn "Dərviş Parisi partladır" filmindəki: Oğlan, bu qədər də barıt qoymaq olar?- olur). Həm bu suda böyrək daşını düşürmə özəlliyi var (bunu özümdə sınadım). İkinci acı su burun, boğaz yolları iltihabını təmizləyir. Burnuma çəkməyi tövsiyə etdilər. Doğrudu, beynimə qədər yandırdı, amma anında nəfəs almamda elə bir dəyişiklik hiss etdim ki. Üçüncü kükürdlü su isə dəri xəstəliklərinin - qoturun, dəmrovun, ekzemanın və başqa dəri xəstəliklərinin ən təbii müalicəsi üçün yararlıdı. Hər üç suyun özünə məxsus rəngi var.
O suyu seyr etdikcə ilk ağlıma gələn bu oldu: "Nədən buranın "imkanlı kişiləri" bu parkı, heç olmasa bu suları hasarlayıb, milyardlar qazanmırlar?".
Amma yelilərdən bir az başqa cür soruşdum: Nədən bütün gün axıb israf olan bu sulardan dövlət istifadə etmir? Cavab əvəzinə mənə parkın ortasındakı bir lövhəni göstərdilər. Lövhə Rumi 1341-ci il tarixdə yapılmış və 1932-ci ildə Ərzincan valisi Ali Kamali təşəbbüsü ilə vurulmuşdu və orada bütün təbii sərvətlərin xalqa məxsus olduğu bildirilirdi.
Bəli, bu yazıda əsas məqsədim də budu, dövlətə məxsus olan sərvətin həm xalqa məxsus olmasını hayqırmaq! Hələ başqa sərvətləri demirəm, bu gün yalnızca dəniz haqqında danışmaq istəyirəm.
Rayondan gələrkən Qaradağdan başlamış, Ələt, Navahi, Qobustan, Qaradağ, Türkan, Hövsan, Novxanı, Corat ərazisində dəniz boyu hasarların çəkildiyini görməmiş deyilsiniz. Bu hasarlar, hasarların içindəki zəngin villalar xalqın malını mənimsəyərək onları bu gözəllikdən, rahatlıqdan təcrid edənlərin özbaşınalığını, gözgörəti qanunlarımızı saymamalarını ifadə edir. El arasında deyildiyi kimi, "dədələrinin malı kimi" istifadə etdikləri bu haqq bir gün mütləq gözlərindən gələcək.

P.S. Yayın bu cırha-cırında dəniz adamı daha çox şəkir.adam o məhşur mahnınıda tez-tez xatırlayır.Şair Sabir Abdinin "Mənə dəniz verin" şeirinə yazılmış mahnını hər kəs zümzümə edir uzaqdan dənizi düşünə-düşünə:
- Bəs biz necə görək dənizimizi?



TƏQVİM / ARXİV