adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

"OTEL OTAĞINDAN REPORTAJ"

ƏBÜLFƏT MƏDƏTOĞLU
41652 | 2017-07-10 22:50
Hər bir yeni kitab əslində həm də müəllifin oxucu ilə yeni görüşüdü. Bu mənada mən Namiq Dəlidağlının şeirlərinə, imzasına daha çox ayrı-ayrı qəzet və jurnal səhifələrində rast gəldiyim üçün onu bir oxucu olaraq bu qədər yaxından tanımırdım və Namiq bəyin yazdığı səmimi avtoqrafla mənə bağışladığı kitabını məmnuniyyətlə qəbul etdim. Bunun da əsas səbəbi şairin bir kitabda bütöv şəkildə görmək arzum idi. Doğrudur, bir misra da, bir şeir də müəllifi təqdim edir, onu tanıdır, onun bir növü şəxsiyyət vəsiqəsinə çevrilir. Amma bəzən də olur ki, həmin o təqdimat bəs eləmir. İstəyirsən ki, müəllifi bir az da yaxından, bir az da qollu-qanadlı görüb onunla tanış olasan. Bax, mən də mətbuatdan tanıdığım Namiq Dəlidağlının "Otel otağından reportaj" kitabını onun iç dünyasını bütövlükdə görmək üçün oxumağa başladım. Elə buradaca vurğulayım ki, Sumqayıt şəhərindəki "Azəri" nəşriyyatında işıq üzü görmüş kitabın tərtibatı da maraq doğurur. Bu maraq şeirlərlə qovuşur və bir oxucu olaraq məndə mövzuya yanaşmanın diqqətçəkən tərəfini duymaq üçün ipucu olur. Məsələn, dənizin içərisinə, hardasa boşluğa və yaxud da dumana doğru uzanan körpünün görüntüsü adamı dünənə, arxada qalan günlərə, anlara kökləyir. Kökləndiyin dünən də bir yaddaş kitabı kimi vərəqlənir. Bax, həmin dediyim məqamı da müəllif özünün dörd misralıq yaddaş şeirində ifadə edir və yazır:

Çaylaqda daşının sayı yadımda
Göllərdə quşunun sayı yadımda.
Əgər yaddan çıxsa lap soyadım da,
Yurdum, yaddan çıxmaz bir çopur daşın.

Bu dörd misra həm də onu deyir ki, şair yaddaşı, şair fəhmi dünəni bir arxiv kimi, bir keçmiş kimi xatırlamır. Bu xatırlatma oyaqdı, diridi. Lap elə əvvəldə qeyd etdiyim həmin o körpü şəklinin altındakı fikirdə bu dediyimi sübut edir. Şair yazır ki:

Keçdim dünyanın içindən,
boşca qəfəsmiş demə.

Bu yerdə müəlliflə razılaşmamaq da olar. Amma Namiq bəy dünyanı bu cür görürsə, bu onun ixtiyarıdı və o da öz hüququndan yararlanır. Sadəcə, dünyanın boş və mənasız bir məkan kimi təqdim etməyin doğruluğu məni razı saldı. Ən azından bu dünyada SÖZ var. Elə Namiq bəyin yazdığı söz də onların sırasındadı. Onun "Apreldə vətən yazılan şeirg"mənim dediyimi özü-özlüyündə təsdiq edir.

Üst-başım qan içində,
Bədənim dolu qəlpə.
Sinəm səngər çapıxlı,
Gözlərim qan çanağı.g

...Canı ağrıyan Vətən,
Gözü ağlayan Vətən.
Sınıxdığını duydum,
Saralan otlarından.
Qorxub sənin boynuna
Sarılan otlarından...

Göründüyü kimi burda təsvirlə yanaşı, həm də bir tərənnüm var. Deməli, təsvir və tərənnüm özü-özlüyündə sözə meydan verir. Onda da Namiq Dəlidağlının özü boş saydığı dünyanın sözlə cilalandığını xatırladır...
Mən üç fəsildən ibarət olan bu kitabda mövzu qıtlığının Namiq Dəlidağlı üçün heç bir əhəmiyyət daşımadığını da ifadə etməyi özümə borc bilirəm. Ona görə ki, şairin kitabında Vətən, torpaq, şəhid, tarix və bir də təbii ki, sevgi mövzuları bir-birini əvəz edir. Və bu da şairə imkan verir ki, müraciət etdiyi mövzuda və vəzndə özünü ifadə etsin, öz düşüncələrini şeirə çevirə bilsin. Məsələn, onun "Aparammıram" şeiri anasına ithaf olunub. Daha doğrusu, onun qarşısında etirafdı. Bu etirafın səmimiyyəti çox səmimidi. Həmin səmimiyyət də sifarişli, umacaqlı yox, hardasa həm də içdən, ruhdan qopub gəlir. Şair yazır:

Nə umub küsürsən, qurbanın olum,
Bağlanıb bənd, bərə aparammıram.
Məndə təpər yoxdu, düşməndə insaf,
İncimə, boş yerə aparammıram.

Söndü o yuvanın odu, ocağı,
Yoxdu bizdən daha bir umacağı.
Unut Dəlidağı, "Novlu bulağ"ı,
Öyrən bu şəhərə aparammıram.

Yanırsan göylərə bülənddi tüstün,
Görürəm, çox vədə vurmuram üstün.
Çəmənlər pərişan, çiçəklər küskün,
Qan tökür dağ, dərə aparammıram.

Ta demirəm sağlıq olun, ay ana,
Boşalanlar bir də dolsun, ay ana.
Namiq adlı oğlun ölsün, ay ana,
Səni Kəlbəcərə aparammıram.

Bu şeir əslində yurd-yuvasını itirmiş, içində iynə ucu boyda torpaq sevgisi olan hər bir oğulun ürəyinin etirafıdı, ürəyinin özü qarşısında çəkdiklərinin ifadəsidi. Ona görə də Namiq Dəlidağlının unudulmaz nasirimiz Ağa Laçınlıya yazdığı misralar da adamın içini titrədir.

Üçcə dəfə gördüm Ağa Laçınlını -
ağa kişi kimi;
sözünün ağası kimi;
Ağa Laçınlı kimi.
Söhbətinin dadı qaldı damağımda-
bal kimi;
şəkər kimi;
şərbət kimi.
Sonra araya vaxt düşdü -
ayrılıq kimi;
hicran kimi;
həsrət kimi.

...Çiçəklərin ballanmağı
arılardan qabaq duyurdu
Ağa Laçınlı.
Laçın dağlarından
şirə toplayıb kitab şanlara
hörürdü Bakıda...
auditoriyalarda bal daddırırdı
tələbələrinə...
Sonra karxana auditoriyalardan
neçələrini uçururdu;
şirə çəkməyə, bal toplamağa...
... On beş il Xan Laçına gedə bilmədi
Ağa Laçınlı:
şirə çəkməyə,
bpl toplamağa.
Bakıda mayasını yedi və...

Sizə təqdim etdiyim bu şeir mənə elə gəlir ki, artıq sizin üçün də bir ipucu olacaq. Səmimi, duyğulu və düşündürücü şeirləri tapıb oxumaq üçün. Təbii ki, oxuyandan sonra kimlərsə mənimlə razılaşmaya biləcək. Amma mən bəribaşdan deyirəm ki, bir oxucu olaraq mən Namiq Dəlidağlının şeirlərində işıqlı və rəngarəng məqamlar gördüm. Onlar yurd həsrətli misralarda da var, ünvanlı şeirlərdə də, məhəbbət, sevgi mövzularının tərənnümlərində də. Bax, elə yazımın sonunda təqdim etdiyim "Sonuncu məktub" şeirinə diqqət yetirsəniz mənimlə yəqin ki, razılaşarsınız.

Mən səni sevə bilmədim,
Sən məndən üz döndər gülüm.
O saralmış məktubları,
Yığ özümə göndər gülüm.

Bu sevgidən yarımadıq
Yarı doğma, yarı yadıq.
Ürəyimdə yaraya bax,
O üzümə çöndər, gülüm.

Özgələşdi bir ad məndən,
Ta uzaq gəz, ay yad, məndən.
Qoyma qala bu od məndə,
Gedirsənsə söndür gülüm.

Düşünürəm ki, "Otel otağından reportaj" kitabı mənim üçün maraqlı olduğu kimi, sizlər üçün də arzu edilən şeir toplusu olacaq.


Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV