adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Əbülfət Mədətoğlu: "Sevmir bu dünya məni"

ƏBÜLFƏT MƏDƏTOĞLU
43925 | 2017-05-16 11:45
Adalet.az Əbülfət Mədətoğlunun "Sevmir bu dünya məni" şeirini təqdim edir.

Mənim bu dünyayla söhbətim tutmur,
Gah alnımdan vurur, gah kürəyimdən.
Adi sözümü də çeynəmir, udmur,
Asılıb qalıram mən ürəyimdən.


Atdığım hər addım tərs bir şillədi,
Sıçrayır zərbənin odu gözümdən.
Mənə tuşladığı ancaq güllədi,
Soyudur günbəgün odu közümdən.


Günahım Məcnun tək ürəklə sevmək,
Başqa heç nə gəlmir ağlıma mənim.
Çıxır, çətin deyil bu halı görmək,
Bu dünya səssizcə axrıma mənim...


...Əlinə xına qoy, dünya sahibi!
Arzun gerçəkləşir – bir addım qalıb.
Cümə axşamları həvəsin olsa,
Yasin oxuyarsan, yadına salıb...

TƏQVİM / ARXİV