adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

KÖÇÜN MÜBARƏK, ŞAİR!!!

FƏRİDƏ RƏHİMLİ
1408752 | 2017-05-05 16:26

Üç qat-beş qat qaçqın, məcburi köçkün şair, Əməkdar jurnalist Əbülfət Mədətoğlunun növbəti "Köç”ünü gördükcə o illəri xatırlayıram. Vaqonlarda, uşaq bağçalarında, məktəblərdə, idarələrdə, dost-qohum evində ümidgah seçən insanlar məchul talelərinin təlaşını yaşayırdılar. Didərgin düşmüş insanlar plansız şəkildə tələm-tələsik yurdlarını tərk edirdilər. Hara gedəcəklərini, bundan sonra necə yaşayacaqlarını anlamadan yola çıxmağa məcbur olmuşdular. İlk vaxtlar bütün respublikaya səpələnmiş qaçqın və məcburi köçkünləri canıyananlıqla qarşıladı millətimiz. Müvəqqəti sandılar bu durumu. Amma vaxt uzandıqca, illər bir-birini əvəz etdikcə onlarda dözümsüzlük - "qaçkınafobiya” yaranmağa başladı. Qaçqınların da "fərasətliləri” dolanışıq yolunu tez tapdı, fağırları isə Allah ümidinə qaldı. B.Vahabzadənin təbirincə desək:

...Verib Qarabağı, oxuduruq biz,

Toylarda "Qarabağ Şikəstəsi”ni.

Qarabağ da, Şuşa da, Həkəri də, Dərələyəz də, Zəngəzur da, Xudafərin də, Ərgünəş də, Xan qızı da... Bakıya köçdü, restoran, şadlıq evi, kafe şəklində.

1988-ci ildə Qərbi Azərbaycandan gələn qaçqının xatirələrindən: "Uca dağların, sıx meşələrin, geniş həyətin, ikimərtəbəli evin, bol bərəkətli bağ-bağatın içindən gəlib, Bakıda bütün ailəylə bir otaqlı evə yığışdıq. Anam hey susurdu. Bunu yurddan ayrılığın şoku zənn edirdik. Sən demə, daha betərmiş - anamın məndən soruşduğu sözdən sonra anladım bunu. O, soruşdu ki, "bala gavur ermənilər bizi bu türmədə nə qədər saxlayacaqlar?”. Sən demə o, aylarca çıxmadığı bu hündür mərtəbəli yaşayış binasındakı bir otağı erməni həbsxanası sanırmış... Məni ağlamaq tutdu. Anama bir şey deyə bilmədim. Yaddaşını itirən anama anlada bilməyəcəkdim ki, biz, heç bir günahı olmayan insanlar niyə o cah-cəlalı bıraxıb, bu "türmə”də qalmaq məcburiyyətindəyik. Ali təhsilli mütəxəssiskən "Qul bazarı”nda iş gözləyib, axşama evə bir tikə çörək gətirmənin fərqində olmayan kiçik oğlum isə məndən, o zaman üçün cibimə uyğun olmayan çiyələk istəmişdi. Dərələyəzdə çöldə, meşədə istədikləri vaxt dərib yedikləri giləmeyvəni ürəyi istəmişdi oğlumun. Mən də məcbur olub həmin gün əlimin cibdən utandığı halda yenə də iki yüz-üç yüz qram çiyələk almaq məcburiyyətində qaldım. Gətirən kimi oğlum çiyələkləri əlimdən qapdı, sonra birini mənə uzatdı, istəmirəm dedim. Nədən? – deyə təəccüblə soruşdu. Mən çiyələk yeyə bilmirəm, - dedim. Oğlum uşaq sadəlövhlüyü ilə ucadan gülərək anasını səslədi: Ana, ata çiyələk yeyə bilmir. Bunu yemək çətin deyil ki, ata! ... Çətin idi amma, o dövrdə çox çətin idi. Evə bir çörəyi güclə aparan kişi üçün o qiymətə çiyələk yemək çox çətin idi...”.

İsrafçılğın pik həddə çatdığı bu günkü günü o günlərlə müqayisə etdikcə insanın nə qədər çox unutqan, şükürsüz olduğunu təkrar düşündüm. Kasıbçılıqdan zənginliyə yüksələn insanların əksəriyyətində belə "unutqanlıq xəstəliyi” olur. Hər kəs Hacı

Zeynalabdin Tağıyev olmayacaq ki, atasının çəkməçi bizini zəngin evinin qapısının üzərindən assın ki, hər girib-çıxdığında keçmişini xatırlasın...

Çox da uzaqda deyildi yazdığım bu tarixçə - cəmi 25-30 il əvvəldir. Anarxiya, xaos, ümidsizlik, keyfiyyətsiz, başa vursan, baş yaran çörək üçün gecənin yarısı növbə tutmalar, ərzaq qıtlığı (qaçqın, məcburi köçkünlər üçün xarici ölkələrdən yardım olaraq verilən ərzaqlar bazarlarda açıq-aşkar satılırdı...), panika, müharibə, ölüm, itkilər, itkinlər insanlarımızın düşməni geri oturtmaq, o torpaqlara geri dönmək əzmini qıra bilmirdi. Kişilər ailələrini əmin yerlərdə yerləşdirib, geri – döyüşə can atırdılar... Amma illər ötdükcə bu ümid sozalmağa başladı. Yollar o torpaqlara getmədi, bizləri aparmadı.Yurd həsrətli, Qarabağ nisgilli əvəzsiz şairimiz Vahid Əlifoğlu da qəbul etdi ki: "Cəhənnəmdən keçər, Cənnətdən kəçər, Bircə Qarabağdan keçməz bu yollar...”

Yollar da tələymiş mənə, gəlmirəm, Qara şal bağlamış günə gəlmirəm... Gedirəm, imana-dinə gəlmirəm, Bu yol Qarabağa gedən yol deyil...

Dərdim də qəribdi, çağlar dumansız, Ələnər başıma ağlar dumansız. Dərələr dayazdı, dağlar dumansız, Bu yol Qarabağa gedən yol deyil...

...Ey evli bəxtəvər, nağılmış evim, Ovcumun içinə yığılmış evim. Hanı yanmış kəndim, dağılmış evim, Bu yol Qarabağa gedən yol deyil...

Gözləri çiyninə baxıb gedirsən, Su kimi dörd yana axıb gedirsən, Hamı günçıxana çıxıb gedirsə, Bu yol Qarabağa gedən yol deyil...

Bağışla atanı, dəlini, qızım, Qoymadım açıla dilini, qızım. Çək mənim əlimdən əlini, qızım, Bu yol Qarabağa gedən yol deyil...

...Boynumuzu qıran minnətdən keçər, Haqqı ayaqlayar, seçməz bu yollar, Cəhənnəmdən keçər, cənnətdən kəçər, Bircə Qarabağdan keçməz bu yollar...

Qaçqın şair Əbülfət Mədətoğlu yenə köçür... amma Qarabağa deyil...

P.S. İndi şair köçmür əslində, məcbur köçürülür. Bakıdan Bakıya...


TƏQVİM / ARXİV