adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
25 Aprel 2017 17:13
93990
MÜSAHİBƏ
A- A+

"...qlobal iqtisadi böhranın mənfi təsirləri əsasən geridə qalmışdır". - Şəmsəddin Hacıyev

Millət Vəkili, professor Şəmsəddin Hacıyevin Ədalət qəzetinə MÜSAHİBƏSİ

- Şəmsəddin müəllim, 2017-ci ilin birinci rübü geridə qaldı. Siz bu rübü necə dəyərləndirərdiniz?

- Şübhəsiz ki, 2017-ci ilin birinci rübündə ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilən nəticələri uğurlu hesab edirəm və onu son bir-neçə il ərzində ilk dəfə olaraq əsas makroiqtisadi göstəricilər üzrə gerilikdən inkişafa doğru pozitiv meyllərin başlanması, xüsusilə qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə şaxələndirilməsi, neftdən asılılığın xeyli azaldılması və ümumilikdə ictimai həyatımızın bütün sahələrində həyata keçirilən islahatların daha da dərinləşdirilməsi kimi dəyərləndirirəm. Daha dəqiq desək, bu nəticələr məhz, ötən ilin dekabr ayının 6-da Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş və qarşıya çox ciddi inkişaf hədəfləri qoymuş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin ardıcıl olaraq sistemli şəkildə həyata keçirilməsi sayəsində mümkün olmuşdur. Eyni zamanda bütün bu uğurların qeyri-əlverişli və yüksək riskli qlobal siyasi və iqtisadi mühit və təhdidlər fonunda əldə edilməsi xüsusi təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.

Ölkəmiz bu rübdə, demək olar ki, qarşıya qoyulmuş bütün hədəflərə doğru inamla irəliləmiş, 2015-2016-cı illərin iqtisadi çətinlikləri, qlobal iqtisadi böhranın mənfi təsirləri əsasən geridə qalmışdır. Ölkə iqtisadiyyatı qeyri-neft sektorunun, xüsusilə qeyri-neft sənayesi, kənd təsərrüfatı, turizm, tikinti, nəqliyyat, İKT və s. sahələrin inkişafı hesabına yüksəlməyə başlamış, makroiqtisadi sabitlik möhkəmlənmiş, ölkəmizin maliyyə vəziyyəti xeyli yaxşılaşmışdır. Birinci rüb ərzində qeyri-neft sektorunun 2,4 faiz, o cümlədən qeyri-neft sənayesinin 2 faiz, kənd təsərrüfatının 3,5 faiz artması digər sosial-iqtisadi göstəricilərin də yaxşılaşması ilə müşayiət olunmuşdur. Xüsusilə, ölkədə sahibkarlıq fəaliyyətinin, ixrac və investisiya fəallığının kompleks təşviqi sayəsində üç ay ərzində ölkə ixracı 50 faiz, o cümlədən qeyri-neft ixracı 10 faiz artmış, idxal isə 17 faiz azalmışdır ki, nəticədə 1 milyard dollar həcmində müsbət ticarət saldosu əldə edilmişdir. Xüsusi qeyd olunmalıdır ki, bu rübdə strateji valyuta ehtiyatlarımızın həcmi 1 milyard dollar civarında artaraq 38,5 milyard dollar təşkil etmişdir ki, bu da ölkənin xarici borcunun səviyyəsini 5 dəfədən də çox, ÜDM-in həcmini isə 10 faizə qədər üstələmişdir. Dövlət Büdcəsinin gəlirləri rüblük proqnozla müqayisədə artıqlaması ilə icra olunmuş, 85 min yeni iş yeri yaradılmış, ölkəyə səfər edən xarici turistlərin sayı 25 faiz artmışdır. Təbii ki, ölkəmizin maliyyə imkanlarının genişlənməsi investisiya və infrastruktur layihələrinin də uğurla icra edilməsinə böyük imkanlar yaratmışdır. İri transmilli layihələr – Cənub Qaz Dəhlizi və onun əsas tərkib hissələrindən biri olan TANAP üzrə işlər sürətləndirilmiş, Şimal-Cənub nəqliyyat dəhlizinin əsas marşrutlarından olan Astara (Azərbaycan) - Astara (İran)-Rəşt-Qəzvin dəmir yolu və Bakı-Tbilisi-Qars dəmir yolu xətləri istifadəyə verilmək ərəfəsindədir. Bunlarla yanaşı, ordu quruculuğu prosesi gücləndirilmiş, təhsil və tibb müəssisələrinin təmiri və tikintisi işləri uğurla davam etdirilmiş, yeni yollar istifadəyə verilmiş, elektrik enerjisi, su və qazla təminatın səviyyəsi yüksəldilmiş və digər infrastruktur layihələrinin maliyyələşdirilməsi həyata keçirilmişdir. Şübhəsizdir ki, neft qiymətlərinin aşağı düşməsindən əziyyət çəkən digər ölkələrlə müqayisədə Azərbaycanda bu cür inkişafa, tərəqqiyə nail olunması ölkədə həyata keçirilən düşünülmüş siyasətin, idarəetmə məharətinin və effektiv antiböhran islahatlarının nəticəsidir. Bütün bunlar, cənab Prezidentin qeyd etdiyi kimi, bütövlükdə 2017-ci ilin ölkəmiz üçün uğurlu il olacağını deməyə əsas verir.

- Bu yaxınlarda Milli Məclisdə təhsil ocaqlarının tikintisinə xarici şirkətlərin cəlbi məsələsini gündəmə gətirdiniz. Sizcə belə olduğu halda Azərbaycan hansı iqtisadi səmərə əldə edə bilər?

- İlk öncə qeyd etmək istərdim ki, həmin iclasda söhbət məktəbəqədər təhsil müəssisələrinin təsisçilərindən gedirdi. Bildiyiniz kimi, bu yaxınlarda Milli Məclisdə "Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu üçüncü oxunuşdan keçərək qəbul olundu. Həmin qanun layihəsinin Milli Məclisin Elm və təhsil komitəsində müzakirəsi zamanı bir çox təkliflər səsləndirmişdim və onlardan biri də məktəbəqədər təhsil müəssisəsələrinin təsisçiləri ilə bağlı idi. Belə ki, Azərbaycan Respublikasının "Təhsil haqqında” Qanununda və hazırda qüvvədə olan digər müvafiq normativ-hüquqi sənədlərdə bütüntəhsil müəssisələrində (xüsusi təyinatlı təhsil müəssisələri istisna olmaqla) müəyyən şərtlər və qaydalar çərçivəsində xarici dövlətlərin hüquqi şəxslərinə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərətəsisçilik hüququ verilir. Məktəbəqədər təhsil haqqında qanun layihəsində isə bu müddəalar nəzərə alınmamışdı. Başqa sözlə, bu qanunla Azərbaycan təhsilinin əsas Qanunu arasında uyğunsuzluq yaranırdı. Sirr deyil ki, bu gün məktəbəqədər yaşlı uşaqların məktəbəqədər təhsillə əhatə olunma səviyyəsi çox aşağıdır və xeyli sayda yeni məktəbəqədər təhsil müəssisələrinin yaradılmasına böyük ehtiyac vardır. Şübhəsizdir ki, dövlətin, xüsusilə Heydər Əliyev Fondunundəsdəyi və yerli sahibkarların vəsaitləri hesabına bu istiqamətdə əhəmiyyətli işlər görülmüş və bu gün də bu işlər davam etdirilməkdədir. Bununla belə, bu sahəyə xarici investisiyaların cəlb edilməsinin də böyük faydası ola bilərdi. Belə ki, həm dövlət vəsaitlərinə qənaət edilər və həmin vəsaitlər digər zəruri sahələrə yönəldilər, həm ölkəmizə əlavə valyuta daxil olar və vergitutma bazası genişlənər, həm də təhsil xidmətlərinin keyfiyyətinin yüksəlməsinə şərait yaradan əlverişli rəqabət mühiti formalaşardı. Eyni zamanda, məktəbəqədər təhsilin əhatə dairəsi dəgenişlənə bilərdi. Mənim təklifimin əsasında da məhz, bu arqumentlər dayanır.

- Deputat həmkarlarınızın bəziləri sizin təkliflə razılaşmadı...

- Bilirsiniz, mən də daxil olmaqla deputat həmkarlarım hər hansı bir təkliflə çıxış edərkən onun mütləq hamı tərəfindən qəbul olunacağı iddiasında deyilik. Məqsəd odur ki, səsləndirdiyimiz fikirlərlə problemləri üzə çıxaraq, gündəmə gətirək və onun həlli istiqamətində qanunvericilikdə olan boşluqların, uyğunsuzluqların aradan qaldırılmasına nail olaq və milli təhsilimizin mükəmməl qanunvericilik bazasını yarada bilək. Əsas məqsəd budur. Təbii ki, sözügedən qanun layihəsində mənim də irəli sürdüyüm təkliflər əsasən nəzərə alınmışdır və bu təklifimə də hörmətlə yanaşılmışdır, eyni zamanda məsələ ilə bağlı digər əks arqumentlər də qiymətləndirilmişdir. Qanunvericilik fəaliyyəti yaradıcı prosesdir, burada fikir ayrılıqları, diskussiyalar, mübahisələr təbii qəbul olunmalıdır, etik qaydalar pozulmamaq şərtilə. Hər halda qaldırılan məsələ ilə bağlı gələcəkdə sosial sifariş olarsa, o, qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsilə öz həllini tapa bilər.

- Milli Məclisdə təmsil olunduğunuz Elm və təhsil komitəsinin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Qısaca olaraq onu deyə bilərəm ki, komitədə fəaliyyətimiz səmimi və işgüzar bir mühitdə davam edir. Qanun layihələrinin hazırlanmasında və geniş ictimai müzakirəsində fəal şəkildə iştirak edirik. Qısa müddət ərzində "Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin hazırlanması və qəbul edilməsini komitənin əsas nailiyyətlərindən biri kimi qiymətləndirmək olar. Növbədə "İlk peşə ixtisas təhsili haqqında” qanun layihəsinin hazırlanması dayanır və hazırda yaradılmış müvafiq işçi qrupu tərəfindən bu istiqamətdə işlərə başlanılmışdır.

- Qarşıdan İslam Oyunları gəlir. Sizcə Bakı İslam Oyunlarına hazırdırmı?

- Əlbəttə, tam hazırdır. Artıq bir neçə gündən sonra, 12-22 may tarixlərində ölkəmizin paytaxtında Dördüncü İslam Həmrəyliyi Oyunları keçiriləcək. İndiyə qədər Eurovision, I Avropa Oyunları, Formula-1 və s. bu kimi böyük auditoriyaya malik beynəlxalq səviyyəli tədbirlərin Bakıda yüksək səviyyədə təşkil olunması deməyə əsas verir ki, ölkəmiz nəinki İslam Həmrəyliyi Oyunlarına, eləcə də qlobal səviyyəli bütün tədbirlərə ev sahibliyi etməyə hazırdır. Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan Respubikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşmərəmlı səfiri xanım Mehriban Əliyeva yüksək idarəetmə və təşkilatçılıq məharəti ilə bu istiqamətdə görülən işlərə misilsiz töhfələr vermişdir. Hazırda onun Dördüncü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə sədrlik etməsi tədbirin yüksək zövqlə, müasir standartlar səviyyəsində təşkil ediləcəyinə hamıda böyük əminlik yaradır.

Xüsusiqeyd etmək istərdim ki, bu Oyunlara təkcə idman yarışması nöqteyi-nəzərdən yanaşmaq düzgün olmazdı. Bu, həmçinin İslam Dünyasının həmrəyliyinin, birliyinin gücləndirilməsinə xidmət edən çağırış və töhfədir. Ümumiyyətlə, tarixən islam sivilizasiyasının əsas mərkəzlərindən biri kimi ölkəmiz hər zaman islam ölkələri arasında sağlam dialoqun, möhkəm, qarşılıqlı faydalı siyasi və iqtisadi əməkdaşlığın mövcud olmasında maraqlı olmuşdur.Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan edilməsi də bunu bir daha təsdiq edir. Xüsusilə hazırda müharibələrin, terror dalğalarının, qanlı toqquşmaların və bəzi xarici dairələrin təzyiqlərinin artdığı şəraitdə İslam Dünyası üçün həmrəyliyin və birliyin həyati əhəmiyyəti vardır. Eyni zamanda islam dəyərlərini təbliğ etmək üçün geniş imkanlara malik olan İslam Həmrəyliyi Oyunlarının keçirilməsi İslamla ekstremizmi, radikalizmi, terrorizmi əlaqələndirən və islamofobiya meyillərini təbliğ edən qüvvələrə qarşı tutarlı bir cavab olacaqdır və İslam dininin onların formalaşdırdıqları stereotiplərin əksinə olaraq yalnız, insanların sağlam, dinc, sülh, əminamanlıq və rifah şəraitində yaşamalarına xidmət etdiyini bütün dünyaya nümayiş etdirəcəkdir.

Bütün bunlarla yanaşı, dünyanın 57 ölkəsinin və 3 mindən çox idmançının təmsil olunduğu İslam Həmrəyliyi Oyunları ölkəmizin sahib olduğu milli-mənəvi dəyərlərin, tarixən qısa bir zamanda əldə etdiyi misilsiz uğurların nümayiş etdirilməsi və təbliği üçün əlverişli bir platformaya çevrilməklə istər ictimai-siyasi, istərsə də iqtisadi cəhətdən mühüm əhəmiyyət kəsb edəcəkdir. Bu baxımdan hesab edirəm ki, bu cür qlobal səviyyəli tədbirlərin keçirilməsi zamanı təşkilati, maddi-texniki, servis və infrastruktur hazırlıqları ilə yanaşı, siyasi, iqtisadi və ideoloji təbliğat və təşviqat mexanizmlərinin effektivliyinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılmalıdır.

Ədil Ədilzadə