adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

"ÜZÜMÜZ" - EFİRLƏRİMİZ

FƏRİDƏ RƏHİMLİ
25142 | 2017-04-14 18:31

Azərbaycan Televiziyasının fəaliyyətinin iki mərhələsinin şahidi oldum: müstəqilliyə qədərki və sonrakı dövr. Bu heç kimə sirr deyil ki, müstəqilliyə hər mənada hazır olmayan millətlər bu nemətdən başlarını itirir, xaosa düşür. Televiziya və radiolarda da çoxları üçün bu, "göydəndüşmə azadlıq" intizamsızlığa, məsuliyyətsizliyə, hətta abırsızlığa, həyasızlığa, mədəniyyət ocaqlarında mədəniyyətsizliyə gətirib çıxardı. Bazar iqtisadiyyatı deyilən nəsnə də çox reytinq yığan yüngül, səviyyəsiz verilişlərin nümayişinə yaşıl işıq yandırdı. Yəni, maddiyyat ehtiyacı, hərisliyi mənəviyyatı, dəyərləri, adət-ənənələri kölgədə qoydu və bu, illərdi beləcə davam edir...
Televiziyamızda ilk veriliş günü ekrana, sonralar Azərbaycanın tanınmış sənətkarına çeviriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova çıxıb.
1956-cı ilin mayında isə ekranda ilk diktorlar göründülər. Onların arasında Tamara Gözəlova, Nailə Mehdibəyova, Sevda Qənizadə, Sara Manafova, Rəna Nəsirova, Rəşxan Aslanova, Sima Xasıyeva, Nizami Məmmədov var idi. Daha sonra televiziyada istedadlı diktorlar nəsli yetişdi: Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Həqiqət Əsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Davud Əhmədov, Gülşən Əkbərova, Nərgiz Cəlilova, Ülkər Quliyeva, Nailə İslamzadə, Aygül Qaradağlı, Dilarə Səlimova, Rafiq Haşımov... kimi ecazkar səsiylə, etik davranışı ilə, gözəl nitq qabiliyyəti ilə tamaşaçıda rəğbət hissi yaradan peşəkarlar.
Aparıcılar sanki kanalların sifətidir. Onlar telekanalların ictimaiyyət arasında nüfuzunu artıra da bilir, azalda da. Və onların efirdəki davranışı birbaşa həmin telekanalların mənafeyi ilə bağlı olan məsələdir.
Azərbaycan televiziya kanallarının əksəriyyəti müxtəlif telekommunikasiya peykləri vasitəsilə dünya auditoriyasına çıxır. Yəni, bir ölkənin tanınmasında, mədəniyyətinin, incəsənətinin, dilinin, adət-ənənələrinin tanıdılmasında televiziya böyük gücdür. Bəs bizim telekanallar bu gücdən lazımınca məsuliyyətlə istifadə edirlərmi? Təəssüf ki, bu gün bu suala hər kəs birmənalı olaraq "yox!" deyəcək, çünki, tv kanallarımızda vəziyyət heç də ürək açan deyil, hətta deyərdim ki, bərbaddır. Anlamaq olmur ki, bizim telekanalların efir mədəniyyəti niyə birdən-birə mənfiyə doğru bu qədər sürətlə dəyişdi. Efirdə jarqonla, dialektlə danışanlar, pul cıranlar, şpaqat açanlar, geyimlərini, dəbdəbəli həyatlarını nümayiş etdirənlər... ancaq istedaddan, aparıcılıq qabiliyyətindən, mədəniyyətindən xəbərsız insanların bu ölkəni təmsil etməsini, televiziya ekranlarımızın "üzü" olmasını kimlər istəyir, kimlər təşkil edir! Hər kəs də öz problemi azmış kimi, yorucu iş günündən sonra televiziya seyr etməklə rahatlamaq istəyərkən efirlərdə gördükləri ucuz, mənasız, bayağı ifadələrə də əsəbləşirlər. Çox az hallarda seyr etsəm də, əsəbləşmədən seyr etdiyim kanal demək olar ki, yoxdur. Söylədiyim halları aparıcı Zaur Kamalın istər televiziya, istərsə də radio "fəaliyyətində" açıq-aşkar görmək olur, həm də hər verilişində. Onun etik olmayan davranışlarını sadalamaqla bitməz. Bugünlərdə yenidən qabalığı ilə sosial şəbəkələrdə gündəmdədir. Verilişinə dəvət etdiyi Xatirə İslamı açıq-aşkar təhqir edərək sarımsaq yeyib verilişə gəlməsi ilə, guya zarafat edən Zaur Kamal əslində həm də öz etikasızlığını, mədəniyyətsizliyini, aparıcılıq işinə haqqı olmadığını sübut etdi. təbii ki, səhnə, efir bir mədəniyyət ocağıdır və oraya gələrkən də bunlar nəzərə alınmalıdır. Amma, aparıcı, ən az milliliyi, adət-ənənəni nəzərə alıb, kişi mənliyi ilə bir qadının xalqın qarşısında təhqir olunmasına yol verməməliydi.
Son vaxtlar televiziya verilişlərinin milli-mənəvi dəyərlərə uyğunluğu, ideya-bədii dəyəri, tərbiyəvi və anti-tərbiyəvi funksiyası haqqında müzakirələr çoxalıb. Yazdığım kimi, televiziyada vəziyyət elə dözülməz hala gəlib ki, tezliklə bir ölçü götürülməzsə, hazırda və gələcəkdə çox böyük fəsadlara səbəb ola biləcək. Hətta elə vəziyyət yaranıb ki, tək-tək sanballı verilişlərə rast gələndə inana bilmirsən. Bütün sahələrə həsr olunmuş verilişlər, istər mənəviyyat məsələsinə, istər məişət adət-ənənə məsələsinə həsr olunsun, hamısı şou xarakteri daşıyır. Ona görə də belə verilişlərdə aparıcı da, ortaya qoyulan mənəvi prinsiplər də gülüş hədəfinə çevirilir. Bu verilişləri hazırlayanların da, aparıcıların da bir məqsədləri var - tənqid, lap təhqir yoluyla populyarlaşmaq, gündəmdə olmaq.
Ən qorxulusu isə, gənclər və uşaqlar üçün efir vasitəsilə şüuraltına yeridilən mənfiliklərin qaçılmaz olmasıdır. Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, aparıcıların efirdəki davranışları Şurada diqqətlə izlənilir. Efir mədəniyyəti, aparıcılıq səviyyəsi aşağı olan aparıcılarla bağlı qərar qəbul ediləcək".
Bu qərar çoxdan gözlənilir, vacibdir, ləngitməyə heç bir səbəb olmamalıdır.

TƏQVİM / ARXİV