adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

"BÖLGƏLƏRDƏ ƏDƏBİ HƏYAT"

ƏBÜLFƏT MƏDƏTOĞLU
41591 | 2017-04-11 19:17
Azərbaycan ədəbi ictimaiyyəti professor Vaqif Yusiflinin elmi-ədəbi fəaliyyəti barəsində kifayət qədər bilgiyə malikdir. Təkcə onun dövrü mətbuatda ardıcıl çıxışlarını göz önünə gətirsək, onda tam və qəti bir şəkildə, özü də çəkinmədən demək olar ki, professor Vaqif Yusifli bu günümüzün ən məhsuldar və həqiqi mənada zəhmətkeş ədəbiyyat fədaisidir. Onun oxuculara təqdim etdiyi yazılarını vaxt, zaman içərisində bölüşdürsək, professorun bütün gününü ədəbiyyata həsr etdiyinin də şahidi ola bilərik. Heç də təsadüfi deyil ki, özünü ədəbiyyata həsr etmiş Vaqif Yusifli həm keçmişimizin, yəni klassikamızın, həm sovet dövrünün, həm də müstəqillik illərimizin ədəbi proseslərini ayrı-ayrı imza sahiblərini tədqiq etmək, araşdırmaq, tanıtmaq və təqdir etmək istiqamətində yorulmadan çalışır. Onun bir-birinin ardınca işıq üzü görən məqalələri, elmi konfranslardakı çıxışları, məruzələri dediyimiz fikrin bariz sübutudur.

Bugünlərdə Vaqif Yusiflinin "Elm və təhsil" nəşriyyatında elmi redaktoru akademik İsa Həbibəyli, redaktoru, tərtib və ön sözünün müəllifi, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayev, rəyçisi filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlı olan "Bölgələrdə ədəbi həyat" kitabı işıq üzü görübdü. Elə buradaca onu da vurğulayım ki, kitab AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi şurasının 10 yanvar 2017-ci il tarixli qərarı ilə çap olunubdu. Kitabı vərəqlədikcə təbii ki, mənə tanış olan mövzular gözlərimin qarşısında bir daha sıralandı. Ona görə mənə tanış olan mövzular fikrini xüsusi vurğulayıram ki, Vaqif Yusiflinin bu kitabındakı məqalələrinin böyük əksəriyyəti dövrü mətbuatda, xüsusilə "Ədalət" qəzetində işıq üzü görübdü. Məhz bu səbəbdən də bölgələrin ədəbi mühiti mənim oxucu marağımın dairəsində olduğundan mən həmin məqalələri izləməyə çalışmışam. Bax elə bu kitabda da çox hörmətli professor, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Qəzənfər Paşayevin də vurğuladığı fikir mənim düşüncələrimlə üst-üstə düşür. Yəni hörmətli Qəzənfər Paşayevin dediyi kimi "Vaqif Yusifli ədəbi prosesi və imzaları davamlı olaraq izləyən tənqidçilərimizdəndir. Poeziyamızı və nəsrimizi şair və nasir qədər duyur və onlardan yaxşı təhlil edir". Bəli, bu, mübaliğəsiz bir gerçəklikdir. Elə buradaca onu da vurğulayım ki, Vaqif Yusiflinin çantasında həmişə yeni imza müəlliflərinin kitablarını görmək mümkündür. Onun "Ədalət" qəzetinin redaksiyasına gəlişində mən bunun şahidi olmuşam. Bax, bu şahidlikdən də çıxış edərək hörmətli Qəzənfər müəllimin bir fikrini də diqqətə təqdim edirəm. Qəzənfər Paşayev yazır ki, "tənqidin başlıca missiyalarından biri də şair və yazıçıları sevdirməkdir. O, istedadına inandığı gənc şairlərin əsərlərinə müraciət edəndə onların özünəməxsusluğunu göstərməklə kifayətlənmir, onları yaradıcılığa ruhlandırır".

Bütün bu söylədiklərimlə yanaşı, əlimdə olan kitabın təkcə ədəbiyyat adamları üçün deyil, bütövlükdə söz mühitimiz üçün, oxucu üçün önəmli olan tərəflərini də özüm bildiyim, özüm hiss etdiyim bir səviyyədə sizinlə bölüşmək istəyirəm. Yəni bu mükəmməl kitab Azərbaycanın bölgələrini - Naxçıvan, Gəncə, Tovuz, cənub, şimal bölgələrini, Sumqayıt ədəbi mühitini əhatə edir. Bu bölgələrin içərisində Qarabağdan Ağcabədi oxucu diqqətinə təqdim olunur. Mən adını çəkdiyim bölgələrin söz adamlarının əsərləri, bütövlükdə yaradıcılığı barəsində yazılan yazıların, araşdırmaların, şərhlərin təkcə adlarını sizə təqdim etsəm, bu böyük bir siyahı təşkil edə bilər. Təsəvvür edin ki, 246 səhifəlik kitabda Naxçıvandan Asim Yadigar, Əbülfəz Ülvi ilə yanaşı, bugünün gənc qələm sahibləri, o cümlədən Gəncə-Tovuzdan Məstanın, Qərib Mehdinin, Bahadur Fərmanın, Sumqayıtdan Əşrəf Veysəllinin, Zirəddin Qafarlının, Sabir Sarvanın poeziya dünyası, şeir aləmi Vaqif Yusifli qələmində təkcə təbliğ yox, həm də təqdim edilir. Oxucu bu bölgələrin tanınmış imza sahibləri ilə yanaşı, ədəbiyyat aləminə yenicə qədəm qoyanların da sözüylə, misrasıyla Vaqif Yusifli təqdimatında qarşılaşır.

Kitabın digər bölümlərində də cənub, şimal ədəbi mühitimizin tanınan və gənc qələm sahiblərinin yaradıcılıqları barəsində professor Vaqif Yusifli öz fikirlərini böyük maraq və peşəkarlıqla oxuculara çatdırıbdı.

Ümumiyyətlə, bu kitabı oxuyan, onu nəzərdən keçirən hər kəs Azərbaycan ədəbiyyatının son illərinin bölgədəki durumundan müfəssəl məlumat əldə edə bilər. Düşünürəm ki, bu, təkcə ədəbiyyata xidmət yox, həm də professor Vaqif Yusiflinin həqiqətən bir xeyirxahlıq xidmətidi. O, bir savaba imza atıbdı. Bu yolda hörmətli Vaqif müəllimə yeni-yeni uğurlar və can sağlığı arzu edirəm.

TƏQVİM / ARXİV