adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

NİYƏ ÖSKÜRÜRSƏN?

FƏRİDƏ RƏHİMLİ
83669 | 2017-03-31 16:02

Son illər şəhərimizdə, əsasən də payızın son ayları, qış və yazın əvvəllərində çoxlu sayda öskürən insanlarla hər yerdə rastlaşmaq olur. Əvvəllər metroda, avtobusda, ictimai yerlərdə bir öskürən olurdusa diqqəti çəkərdi. Amma indi belə durumda o qədər insan var ki, bəzən bu, "xor” halına gəlir. Bu gün avtobusda eyni mənzərə ilə rastlaşdığım üçün bunu yazmaq istədim. Bir infeksiyalı xəstəlikdən çox sayda insan zərər çəkirsə, həmin ölkənin səhiyyəsi bundan narahat olmalıdır. Səhiyyənin yaranmasının məqsədi də budur ki, insanlar sağlam olsunlar, bir xəstənin başqalarını yoluxdurmasının qarşısını alsınlar. Səhiyyəmizin inkişafı, ən müasir tibbi apparatların bizdə olması, az qala hər küçədə, məhəllədə, tində bir klinikanın, xəstəxananın v.s. tikilib istifadəyə verilməsini gözümüzə soxa-soxa bəyan etsələr də bunun sadə insanlara heç bir xeyri olmadığının canlı şahidiyik. Bugün onlarca qorxulu xəstəliklər var ki, Səhiyyə Nazirliyinin nəzarətində olmalı xəstələr müalicə almadan ictimaiyyət arasında rahatca gəzərək rastına çıxan hər kəsi yoluxdurma təhlükəsi ilə dolaşırlar. Onlar da bunu istəyərək etmir təbii ki. Müalicə olunmaq üçün insan qarnından, əynindən, kommunal xərclərindən artıq pul qazanmalıdır ki, bu da, məlum bir qrupdan başqa hər kəsə nəsib olan bir şey deyil. Çox maraqlıdır ki, xəstəxanalar artdıqca xəstələr, infeksiyalar da çoxalır. Bu başqa bir yazının mövzusudur. İndi isə paytaxtı istila etmiş öskürək haqqında yazmaq istəyirəm.

Rastlaşdığımızda qarşımızdakı, öksürərək söhbət edən insana: Niyə öskürürsən? – soruşuruq. Tibbi, təbii müalicələr tövsiyyə edirik və az sonra özümüz orda yoluxduğumuzun fərqinə varırıq. Beləliklə, xəstəliyi bir-birimizə yoluxduraraq və bizi yoluxduranı qınayaraq dururuq. Bu işdə əsas məsələ isə Səhiyyə Nazirliyi tərəfindən həllini gözləyir...

Sağlam insan nəfəs borusunun "yad” olaraq qəbul etdiyi bəzi yeməkləri və maddələri bayıra atmaq üçün öskürür. Ətrafdan gələn bir tüstü qoxusu və ya kəskin bir yuyucu vasitənin qoxusu da öskürəyin səbəbi ola bilər. Bədənin müdafiə mexanizmləri arasında önəmli yer tutan öskürək nəfəs yollarında əmələ gəlir və bəlğəmin bayıra atılmasını təmin edir.

Ağciyərlərin xaricdən gələn kimyəvi, mexaniki və ya temperatur fərqliliyi yaradan faktorlara qarşı yaranan bir refleksi olan öskürək, meydana gəlmə forması ilə müxtəlif mənalar daşıyır.

Öskürəyi tənəffüs yollarına düşmüş yad maddələrə qarşı əmələ gələn, bədənin özünü müdafiə mexanizmi kimi qiymətləndirmək olar.

Amma öskürəyin bir çox tipləri var ki, bu tiplərin səbəbləri bilinməlidir. Öskürəyin - quru öskürək, bəlğəmli öksürək, kəskin və xroniki öksürək, astma öskürəyi, reflüks öskürəyi, yemək borusu xəstəlikləri zamanı yaranan öskürək, siqaret öskürəyi kimi növləri var.

Öskürək uşaqlarda, gənclərdə və yaşlılarda müxtəlif şəkildə özünü büruzə verir. Döş qəfəsi cərrahı Arif Ağayevin məlumatına görə, əgər öskürək qəflətən baş verirsə uşaqlarda infeksiya və yad cismin nəfəs yoluna düşməsi haqqında fikirləşmək lazımdır. Böyüklərdə zərərli kimyəvi qazların tənəffüs yollarını qıcıqlandırması düşünülür. Yaşlılarda isə xroniki öskürək bəlğəmin ifrazı ilə müşayiət olunursa, bu halda astma, xroniki bronxit, xərçəng, vərəm, ürək çatışmazlığından şübhələnmək olar. Xronik, yəni uzunmüddətli (3 aydan uzun sürən) öskürək uşaqlarda astma, mukovissidoz (cystic fibrozis) adlı genetik xarakter daşıyan xəstəliklər zamanı rast gəlinir. Uşaqlarda göyöskürək xəstəliyində meydana çıxan öskürək ani, təkrarlanan və çox güclü olur. Tək bir nəfəsdə otuza qədər olan və nəfəsalmaya imkan verməyən təkrar tutmalar olur. Bu səbəbdən xəstə uşaq boğulmağa başlayır və göyərir. Belə kriz tutmaları gün ərzində 15-20 dəfə təkrarlana bilər. Bəzən belə tutmalar qusma ilə sona çatır. Qusma ilə bitən digər öskürək tipləri isə burun axıntısı ilə bağlı olan öskürəklərdir.

Astma öskürəyin gecə yuxudan oyandırıb-oyandırmadığı, həm uşaqlarda həm də böyüklərdə astma xəstəliyinin təqib və müalicəsində çox önəmli bir göstəricidir. Əgər xəstə səhər erkən saatlarda səbəbsiz və ya quru öskürəklə oyanırsa, bu astma xəstəliyindən xəbər verə bilər və ya müalicə edilməkdə olan astma dərmanlarının dozalanmasının kifayət qədər olmadığının göstəricisidir. Belə xəstələrdə gün ərzində edilən müayinə nəticələri və tənəffüs testləri normal olur. Gecələr isə nəfəs yolları daralmış olur, yataqda olduqda burun axıntısı artır və səhər ayıldıqda ağciyərlərə yığılmış bəlğəmi xaric etmək üçün öskürək tutmaları qeyd edilir. Reflüks xəstəliyi olan insanlarda gecələr uzanmış vəziyyətdə mədə şirəsi geriyə axır və nəfəs borusuna və səs tellərinə düşür. Belə vəziyyətdə quru və şiddətli öskürək yaranır. Buna görə də reflüksü olan xəstələrə hündür yastıqda yatmaq məsləhət görülür. Yemək yeyərkən yaranan öskürək, udma aktının (refleksinin) pozulması olan yaşlı və ya beyin fəaliyyəti pozulmuş insanlarda (məsələn, beyin iflici keçirmişlərdə) və ya yenidoğulmuş uşaqlarda anadangəlmə olan yemək borusu ilə nəfəs yolları arasında əlaqənin olması ilə bağlıdır. Yeməkdən sonra yaranan öskürəklər reflüks, mədə yırtığınının əlaməti ola bilər.

Siqaret öskürəyi çox tipik bir öskürəkdir. İlk əvvəl quru başlayan və illər sonra siqaretin bronxlarda yaratdığı təbəqə (qat) ilə əlaqədar bol ifrazatlı, adət etdiyimiz şəklə düşür və adətən səhər vaxtlarında bəlğəm ifrazı ilə müşayiət olunur. Belə öskürək təkrarlanan olur və bəlğəm bayıra atıldıqda insan rahat nəfəs alır. Siqaret çəkənlərdə qeyd edilən öskürək mütləq araşdırılmalıdır (ağciyər xərçəngi, bronx xərçəngi, səs tellərinin xərçəngi olma riski yüksəkdir). Bəlğəmdəki qan, yeni yaranan və dərinləşən səs batması (səsdə xırıltılar) xərçəngin əlamətləri ola bilər.

Xroniki bəlğəmsiz öskürəyin səbəbləri bunlardır: sinusitlər, astma, qida borusu reflüksü və bəzi təzyiq dərmanlarının əlavə təsirləri. Uzun müddət ərzində davam edən öskürək psixoloji də

ola bilər. Bu öskürək narahatlıqla bağlı olaraq ortaya çıxa bildiyi kimi, həyəcanlandıqda və əsəbləşdikdə də ortaya çıxa bilir.

El arasında bu sadalanan öskürək növünün hamısına birlikdə soyuqdəymə, yaxud sətəlcəm deyilir və türkəçarəylə sağaldılır. Hətta "dərmanla bir həftəyə, dərmansız bir həftəyə sağalacaq” kimi ifadələr də işlədilir. Yəni, cəmiyyətdə əksəriyyətin "həkimin, dərmanın heç bir xeyri yoxdur” inamsızlığı hakimdir.

Xəstələnərkən hər kəsin xəstəyə etdiyi məsləhət: "Özünü qoru!” olur. Amma heç kim xəstəliyə tutulmayacağından sığortalı deyil və istəsək də qoruna bilməyəcəyik. Çünki əvvəlcə cəmiyyəti "xəstə həkimlərdən” təmizləmək və infeksiyalı xəstələrin müalicəsi ilə vicdanla məşğul olmaq lazımdı.


TƏQVİM / ARXİV