adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

MƏRCAN XATİRƏLƏR...

FƏRİDƏ RƏHİMLİ
39118 | 2017-02-18 10:05
Yurd yeri nisgili lap uşaqlıqdan məni ağrıdıb, ağladıb, içimi qəribə anlaşılmaz hisslərlə doldurub. Böyüklərimiz bir yeri göstərib: "Bura filankəsin eviydi..." deyərkən, həmin an orada vaxtilə yaşayan insanların necə yaşadıqları, sevincləri, kədərləri, həyat tərzləri, məşğuliyyətləri, nəhayət, ölümləri, yaxud oranı tərk edib başqa yerə üz tutma səbəbləri məni düşündürər, kədərləndirərdi. Xüsusilə bağlı qalan, illərin yağışını, küləyini görmüş sınıq-sökük qapılar, tor basmış pəncərələr, həyətdəki qaralan ocaq yeri...

Tərk edilmiş yurddan insanlar hər şeylərini daşısalar belə, onlar haqqında məlumat verən izlər mütləq qalır. Və bu sahibsiz izləri seyr edən hər kəs, məncə, qüssələnir. Bu nisgili biz zaman-zaman yaşadıq - yurd yerlərimizi uzaqdan seyr etməklə "...Yel gələndə ver gətirsin bu yana...", "... Getməsək də, görməsək də, o kənd bizim kəndimizdi..." misralı şeirlər, bayatılar, ağılar, oxşamalar yarandı.

Daim cənnət ölkəmizdə gözü olan azğın qonşularımızdan çəkdiyimiz möhnətlər davam edir. Onların sonsuz kin-küdurəti sayəsində tərk edilmiş yurdlarımız bizsiz yetim qalıb. Söndürülmüş ocaqlarımız, dağıdılmış evlərimiz, viran edilmiş cəlalımız düşmənin həvəsini bir az da artırıb. Allahsa, bizim millətə hər şeydən çox səbr əta edib. Mübariz kimi, Ramil kimi, Çingiz kimi səbr edə bilməyən oğullar gediblər düşmənin üstünə, amma dünyada bizimlə hesablaşmayan, bizi bapbalaca görən, bizim səbrimizi sınayan güclər var. Dilqəm, Şahbaz kimi, rəhmətlik Həsən kimi heç bir gücü saymayan, yurdunu, ocağını, dünyadan köçmüşlərinin qəbrini ziyarət etmək istəyini həyatından üstün tutan kişilərimiz var.

Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qışında keçirdiyi ən uğurlu əməliyyat olub. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər

Azərbaycanən Milli Qəhrəmanı adına layiq görülüb.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə zamanı, Azərbaycan Silahlı qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" yüksəkliyinə nəzarəti ələ keçirdilər.

Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Horadiz əməliyyatında Füzuli rayonunun bir çox yaşayış məskənləri ilə bərabər Cəbrayılın Cocuq Mərcanlı kəndi də azad edildi, amma kəndin "Lələ təpə" yüksəkliyində düşmən qüvvələri yerləşdiyindən kənddə bərpa işləri görülməsinə başlanmadı. "Lələ təpə" əməliyyatı bu kəndin də bərpa olunmasına başlanmasını təmin etdi.

Cocuq Mərcanlı yaşayış məntəqəsi XIX əsrdə Cavadağa Cavanşirə məxsus ərazidə salınıb. Etnotoponimdir. Mərcanlı tayfa adını özündə əks etdirir. Burada cocuq sözü yaşayış məntəqəsini Böyük Mərcanlı kəndindən fərqləndirməyə xidmət edir. Oykonim "kicik Mərcanlı kəndi" mənasındadır.

Vikipediyada bu kənd haqqında nə yazıldığıyla maraqlandım. İlgimi çəkən əhalisi haqqında idi: "Əhalisi bir ailə".

Bəli, bir ailə və o ailə - qadın da, kişi də mənim birlikdə beş il oxuduğum sinif yoldaşlarımdı. Bu illər ərzində hər kəsin ev-eşiyini torpağını tərk etmək məcburiyyətində qaldığı vaxtda Güldəstə ilə Oqtay kəndlərini tərk etmədilər. İllər əvvəl, Nizaminin "Bayquşların söhbəti"ndə təsvir edilən bir xərabəliyi xatırladan bu kənddə yaşayan bir qorxmaz ailə haqqında yazmışdım və yazıda onların qəhrəman olduqlarını vurğulamışdım. Buna görə bəzilərinin qınağına da tuş gəldim. Amma, əslində bu da özlüyündə bir qəhrəmanlıq hekayəsidir. Təsəvvür edin ki, kənddə kimsə yox, dağıdılmış evlərin xarabalığı, işıqsız, qazsız gecənin qorxuncluğu, hər an düşmən kəşfiyyatının diversiya qrupunun gözlənildiyi bir vaxtda iki övladıyla odun içində yaşamaq hər kəsin bacaracağı bir iş deyil. Bizim kəndlə qonşu olduğundan kəndimizə gedərkən sinif yoldaşlarıma baş çəkərkən onlardan qorxub-qorxmadıqlarını soruşub, "Qorxağın burda nə işi var?" - cavabını almışdım.

İndi kəndin bərpasına başlanılıb və ailə bu fədakarlığına görə dövlət tərəfindən diqqətdə saxlanılır.

Yerli ləhcədə "Cojux Mərcannı" kimi tələffüz edilir. Bərpaya qədər yəqin ki, elə bir kənd adı olduğunu yəqin ki, kimsə bilmirdi. Orda orta məktəbin son siniflərini oxuduğumda dəfələrlə kəndin adının nədən belə adlandırıldığı ilə maraqlanmışdım, amma doğru-düzgün bir cavab almamışdım. O zamanlar bunun "kiçik" mənasında olduğu fərziyyəsi də vardı, amma niyə "kiçik" yox, məhz "cocuq" adlandırılması da araşdırılası bir materialdır.

Deyir, torpaq suyla qarışanda palçıq olur, qanla qarışanda Vətəndir. "Lələ təpə"də qanla qarışdı torpaq və Vətən oldu, doğma oldu, bizim əzəli torpağımız özümüzə qaytarıldı. Böyük Vətənin kiçik bir hissəsi olan Cocuq Mərcanlı kimi, bütün torpaqlarımız geri qaytarılacaq, bərpa olunacaq və inşallah zaman-zaman sürən laqeydliyimizi tərk edib, bir daha düşmənə qucaq açmayacağıq.


TƏQVİM / ARXİV