adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
02 Dekabr 2016 23:17
31052
MƏDƏNİYYƏT
A- A+

Məmməd Qocayevin 75 illik yubileyi qeyd olundu

Bakı Slavyan Universitetinin (BSU) qocaman professoru, görkəmli alim və pedaqoq Məmməd Qocayevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

BSU-nun mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə professorun ömür yolu və pedaqoji fəaliyyəti ilə bağlı film nümayiş olunub.

Yubiley münasibətilə M. Qocayevi təbrik edən BSU-nun rektoru, professor Nurlana Əliyeva görkəmli alimin yubileyinin universitetin 70 illik yubileyi ilə eyni vaxta təsadüf etməsini əlamətdar hadisə kimi qiymətləndirib: "Hər bir təhsil ocağının tarixində ömrünü məhsuldar elmi-pedaqoji fəaliyyətinə, tələbələrinin təlim-tərbiyəsinə fədakarlıqla xərcləmiş dəyərli müəllimlər var. Məmməd Qocayevin adı və şöhrəti bir universitet çərçivəsinə sığmır. Görkəmli ədəbiyyatşünas alim uzun illərdir çoxcəhətli fəaliyyəti və yaradıcılığı, müdrikliyi və sadəliyi ilə ətrafındakı insanların, işlədiyi kollektivin hörmət və ehtiramını qazanıb”.

Tədbirdə çıxış edən "Kaspi” qəzetinin baş redaktoru Sona Vəliyeva, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli, professorlar Qəzənfər Paşayev, Bədirxan Əhmədov, Rüstəm Kamal və digərləri Məmməd Qocayevlə bağlı xatirələrini bölüşüblər. Natiqlər dünya fəlsəfə və ədəbiyyat tarixinin ən qiymətli əsərlərini doğma dilimizdə görməyi təbliğ edən alimin "Dostoyevskinin poetikasının problemləri” monoqrafiyasını Azərbaycan dilinə çevirməklə, ədəbiyyatşünaslığımızda ciddi canlanma yaratdığını qeyd ediblər.

M. Qocayev isə ona ünvanlanan təbriklərə görə minnətdarlığını bildirib.

Sonda M. Qocayevə BSU tərəfindən nəşr olunan "Elm və mənəviyyat zirvəsi” adlı kitab və hədiyyələr təqdim edilib.