adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

BİTMƏYƏN YOLLAR

ƏBÜLFƏT MƏDƏTOĞLU
72603 | 2016-09-30 16:42

O həm də bitməyən ömürdü

Adətən yazını yazmağabaşlayanda ağlıma gələn ilk fikri təkrar-təkrar içimdən, ağlımın süzgəcindən keçirirəm.İstəmirəm ki, bu ilk söz, ilk ifadə hardasa qəlbə toxunsun, hardasa diqqətdən kənardaqalsın. Ona görə də ilk fikri sözə, yazıya köçürmək çətin olur mənim üçün. Elə ki,sözün ip ucunu tapdım, ondabaşlayıram çözməyə. Yollar da belədi mənim üçün. Çətini yola çıxmaq qərarını verənə kimidi. Necə deyərlər,pencəyimi çiynimə atdımsa, demək… yolçu yolda gərək. Amma bax o pencəyi asılqandangötürənə qədər min dəfə fikrimi dəyişirəm, min dəfə çək-çevir edirəm, gedim, getməyim.Ona görə də mənim hara, nə vaxt gedəcəyim əksər vaxtlarda gözlənilməz olur. Hətta ailədə də mənim bu xasiyyətimdən narazıdılar.Çünki gözlənilmədən oturduğum yerdən qalxıb «durun getdik» deyirəm. Və yaxud daevdəkilər səfərə hazır vəziyyətdə dayanıb, hətta necə deyərlər, özlərini bu səfərəyüzdə yüz hazırladıqları bir vaxtda «mən getmirəm» deyib hər kəsin üstünə soyuqsu ələyə bilirəm. Odur ki, mənim yolla bağlı qərarlarım ailədə birmənalışəkildə həmişə sürpriz olub. Bax elə oxucularınyadındadısa Naxçıvana səfərimlə bağlı heç kimə heç nə demədən, yalnız hava limanındaqeydiyyatdan keçməyə bir saat qalmış əl çantamı götürəndə evdə söylədim ki, məngedəsi oldum. Hamı da təəccüblə«hara?» deyə soruşdu. Mən də sakit şəkildə «Naxçıvana!» dedim və beləcə həmin oyolçuluğu, ürəyimin istəyini gerçəkləşdirdim və gördüm ki, bu dünyada heç bir yolbitmir. Biri o birisindən başlayır… biri o birisinin davamıdı və yaxud da əvvəlidi.İnsan da ayağı yer tutandan yoldadı. İstəyə, arzuya, mala-mülkə, əqidəyə və digərünvanlara doğru gedir. Amma maraqlıdır ki, hərənin öz yolu var. Əgər fikir vermisinizsə,bəzi həşəratlar və yaxud böcəklər bir yolla gedib gəlirlər. Amma insan yer üzündəöz sayı qədər yol açıb, cığır açıb, iz salıb. Bax, bu mənada yollar bitmir ki?!Heç bitməyəcək də. Bilirsiniz niyə?..

Bəli, yollar onagörə bitməyəcək ki, nəsil deyilən bir anlayış da var. Biz bir xalq olaraq özümüzdənəvvəlki yeddi babamızı tanıyırıq və onu özümüzdən sonrakına da ötürürük. Yəni şəcərə deyilən bax, burdanyaranır. Bunun özü də bir yoldu. Əgər mənyeddinci babamdan üzü bu günə, mənə və məndən sonra olan övladımda o yolu görürəmsə,deməli o yollar bitmir. Sadəcə olaraq, onun adı dəyişir. Nəm nişanı olduğu kimiqalır, sözü-söhbəti cilalanır və nəhayət, bir də yolun zaman anlayışı yenilənir.Builki yol, ötənilki və yaxud da ondan öncəki yol elə həmin yoldu. Bir nəğmədə deyildiyikimi: «Dünya həmin dünyadı, çiçəkləri təzə,tər».

Bəli, mən yollarlabağlı söylədiyim fikirlərin bir nöqtəsində dayanıram. Özü də elə-belə səbəbsiz yox.Çünki yollarda dayanacaqlar da, vağzallar da var. Orda kimsə düşür, dincəlir, kimsə o yolun yeni davamçısı olur. Bu mənada ən maraqlısıqatar yoludu. Çünki qoşadı. Qoşa, cüt olmaq insanı həmişə sıxıntılardan qurtarır,fikrini yayındırır, qayğısını azaldır. Mən fikir vermişəm, qatarlar həmişə yolları elə bil ki,döyəcləyə-döyəcləyə gedirlər. Onların səsi sanki yollarıoyadır, onlara mürgüləmək imkanı vermir. Bir növü yollarıdiri, canlı saxlayır. Üstəlik, o diri yollar da onun üstüylə hərəkət edən qatarınvə sərnişinlərin tələbləriylə razılaşır, ona tabe olur. Və bu anlaşma həm yolun özünün mahiyyətini qabardır, onu yaddaşaköçürür, həm də səfəri maraqlı edir. Bir az dasadə bir formada ifadə etsəm, bir nəfərin sükan arxasında oturub təkbaşına beş-altı yüz kilometr yol qət etməsiylə, bir nəfərinbir qatarın bir vaqonunda yol getməsi arasında yerlə göy qədər fərq var. Çünki ovaqonun içində insan nəfəsi olur… Çünki o yolu diri saxlayan var, onu döyəcləyənvar. Bax, bütün bu söylədiklərimin alt qatında mənim əsas məqsədimyol sahibi olmaq fikrini önə çıxarmaqdı. Şükürlər olsun ki, yetərincə yol sahibiolanlarla yanaşı, yola üz qarası olanlar da az deyil. Neyləyək, bu da belə bir həyatdı.Ağla qara, yaxşıyla pis bəzən qoşa dayanır, yanaşı durur.

Mən filosofluq etmək niyyətiylə demirəm bunları. Vədeyib yazdıqlarımı da onunla əsaslandırıram ki, yol sahibi olmaq niyyətindəyəm,bu amacla, bu məqsədlə yaşayıram. Onun gerçək olacağına içimdə şübhə yoxdu. Hələüstəlik onu da bilib inanıram ki, mənim məqsədim olan yol qatar yolu kimi qoşa olacaq…sevincimlə həsrətim yanaşı yeriyəcək… bu yolu diri saxlayacaq…

Kimsəbuna inanmaya bilər. Amma mən bilirəm ki, inananlar da olacaq və var. Və o inanan yolun kənarındavə yaxud vağzalında oturub gözləyir. Mən isə…


Gecikən qatarların

sərnişinləri

onları

vağzalda gözləyənlərin

nigarançılığını da

yaşayır…

bu qatarlar

özləri də

istəmədən

gecikənlə

gözləyənin

üst-üstə düşən

zaman kəsiyindəki

əsəbi də daşıyır…

gediş haqqı ödəmədən!


***

Neçə gündü ki, Bakıda,bütövlükdə bütün məmləkətdə hava durumu dəyişib, olub boz-bulanıq. Gah yağış yağır,gah gün çıxır, gah külək əsir. Bir sözlə təbiət cilovsuz at kimi istədiyi səmtəçapır. Biz də onun bütün nazını çəkməyə məhkumuq.Çünki təbiətə qarşı insan yaranışdan acizdi. Söhbət təbiət hadisələrindən… yəniyağıntılardan… küləkdən… günəşdən… zəlzələdən gedir. Bu yerdə bir əlac var. O da özün-özünü birtəhərqorumaqdı. Doğrudur, indi bizim paytaxtda, eləcə də bəzi bölgələrdə insanların günahıüzündən də yağışın nazını yox, əzabını da çəkməli oluruq. Neyləyək? Bura Bakıdı,bura bizim şəhərimizdi.Şair dostum demişkən, «başqa şəhərimiz yox». Hə, deməli, bax bu təbiət söhbətini onagörə dilə gətirirəm ki, yağış da yerlə göy arasında yolgəlir. Yəni onun da yolu var. Qopur göy üzündən və gəlir qarışır torpağa. Adamada elə gəlir ki, bitdi onun yolu. Amma yox. Yenidən buxar şəklində gəldiyi yoluüzü geri qayıdır yağış. Gəlib-gedəndə izi qalır həyatımızda, həyətimizdə… Biz dəbu həyatın, bu həyətin adamlarıyıq. Ona görədə bu izlərinbizdə yaşayacağına, bizdən də sonrakılarakeçəcəyinə heç şübhəniz olmasın. Axı göy üzündə həmişə bulud var, özü də dolmuşbulud. Yer üzündəinsanlar. O yağış öz yolunu gələcək, bizinsanlar da o yolun hardan başlayıb və bir daha hara qayıdacağını bildiyimiz haldabaşımızı aşağı salıb öz işimizi görməyəcəyik. Ya yağışa şeir yazacağıq, ya yağışınartıq selə çevrilmiş suyunu, səmtini dəyişəcəyik, ya da qol-qola girib yağış altındagəzəcəyik. Məncə sonuncu daha gözəl variantdı. Ən azından üst-başımız kimi ruhumuzda yağış suyunda yuyunacaq. Amma belə məqamda hərdən mənim yağışa yazığım gəlir.Bu boyda yol gəlir, amma qədri-qiyməti bilinmir. Deməli…


Şəhərə

yağan yağış

asfalt

küçələrdə

qol-budaq olur-

damlalar çiliklənir…

kəndə yağan yağış

becərilən əkinlərdə

bağ-bağçada

yaşıl budaq

yarpaq olur-

çiçəklənir

yağışın da

adamlar tək

bəxti fərqli

gah gətirir,

gah gətirmir…

yağışlar…

özləriylə

heç nəyi bitirmir

nə də itirmir!..


***

Yazımın əvvəlindəvurğulamışdım ki, içimdəki ilk fikri sözə çevirib kağıza köçürmək elə-belə başagəlmir. İndi yəqin hisselədiniz bu yazını oxuyanda həmin o dediyimin nədənini. Ona görə də tam arxayın, necə deyərlər, sərbəstbir şəkildə yol məsələsinə təkrar dönürəm. Ədəbiyyatda da yol söhbəti, yol məsəlivar, sevgidə. Məhəbbətdə də ənmaraqlısı budur ki, sevginin, məhəbbətin ədəbiyyatdakı ən böyük yolu mənə görə Füzulinin,Məcnunun yoludu. Füzuli babamız Məcnun timsalında, Məcnun dilində o yolu ifadə edib, o yolu göstərib. Biz də o yolun yolçularıyıq– olublar, olmuşuq, olacaqlar. Çünki bu birəbədiyyət yoludu. Olumdan ölümə gedən yolun paralelidi. İnsan doğulur, anlayır vəsevir. Gedir o yolla. Onunla çiyin-çiyinə də olumu, yəni doğulmağı, anlamağı vəölümü yanaşı gedir. Sevgiyə qovuşur və bu da onun əbədiyyəti olur. Qazanır o əbədisevgini. Qonşuluqda da onu gözləyən əbədiyyətin qapısının açarı olur əlində. Heçdə təsadüf deyil ki, olumdan ölümə doğru gedən insan olumdan sevgiyə də bax eləcəbaşı aşağı, içi qayğı dolu, fikri dolaşıq və bəzən də döyüşməklə, vuruşmaqla, yada diş-dırnaqla gedir beləcə…

Görürsünüz, insanınyolunu? Məncə bu barədə düşünmək suallara cavab tapmaq şansı vermir. Ona görə ki,burda suallar da çoxdu, cavablar da. İnsan da itib-batır bu sual-cavabda. Mən şəxsənMəcnunun yolunu öz düşüncəmə, öz dərketməmə görə elə bilirəm ki, gözüyumulu gedəbilərəm. Etiraf edim ki, elə belə də edirəm. Amma hərdən gözümü açıb baxıb görürəmki, Məcnun getdiyi yolun özündə deyiləm, onun kölgəsi olan yolun üstündəyəm. Bax,Füzuli babamın qüdrətinin bir nümunəsi də burda çıxır ortaya. Lakin nə olur-olsunMəcnun yolu əbədiyyət deməkdi, əbədiyyətə gedib çatmaq deməkdi. Bunu kimsə mənədandıra bilməz, çəkindirəbilməz məni bu yoldan. Axı, bu bitməyənyolun nümunəsi olan əbədiyyət yolu orda, cənnətdə də öz işini görür, öz naxışlarınıvurur. Və biz də əminik ki, cənnətdə də həyat var, cəhənnəmdə olduğu kimi.

Mən isə bütün buyol məsələlərini bir kitab kimi, bir dəftər kimi qatlayıb qoyuram cibimə. Özü dəürəyimin üstündəki cibimə. Axı hər şey ürəyimdən başlayır. Ona görə də:


Qazanmışam bu adı

Həsrət məni budadı…

Bu bir sirri xudadı-

Çözülməz!


Qəm çəkirəm, qəm-qədər

Kiprikdəki nəm-qədər!

Dəm olmaq da dəmqədər-

Dözülməz!


Sev, sevginlə boyat da

Tər və yaxud boyatda…

Bil, sevgidi həyatda -

Bezilməz!


Hə, yollar bitmir.Bu mənim inancımdı. Sizdə necədi deyə bilmərəm. Amma təkrar olsa da, gəlin yadımızdasaxlayaq:

- Bitməyən yollarhəm də bitməyən ömürdü! – mənim üçün.


TƏQVİM / ARXİV