adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Vətən təəssüratları, 2016

VÜQAR ABBASOV
56434 | 2016-09-05 21:26
Vətəndən təzə dönmüşəm. Bu dəfə də vətənlə bağlı təəssüratlarım çoxdur. Ancaq uzun-uzadı yazıb siz dəyərli oxucuları yormaq istəmirəm. Odur ki, təəssüratlarımı sizlərlə qısa yazılarla bölüşəcəm. "Uzun yazmayacam" yazıb da uzatmayım, keçim mətləbə.   
  Vətəndə  çox yerlərdə oldum; "Şuşa"da, "İsa bulağı"nda, "Cıdır düzü"ndə, "Vedi"də (Qərbi Azərbaycanda yer adı, mənim üzünü görmədiyim ata yurdum) və s. Və bütün bunları dırnaq içərisində ona görə yazdım ki, sizlərin də bildiyiniz, anladığınız kimi bunlar restoran adlarıdır.  Torpaqlarımızı verib adlarına əyləncə yerləri açmışıq, oralarda oturub gəlişi gözəl sağlıqlar deyirik  və beləcə özümüzün "vətənpərvər"liyimizdən özümüz də riqqətə gəlirik. Heç məntiqə sığan deyil.  Məntiq demişkən, mənə elə gəlir ki, məmləkətimizdə  məntiq çatışmamazlığı var və hətta bunu elə hava limanından hiss etmək mümkündür. Hatışmamazlığılə də anlaya bilmirəm ki, hava limanının döşəməsinə  döşənmiş xalça ("kavralit" də deyirlər) nəyə xidmət edir. Dünyanın bir neçə şəhərinin  hava limanında olmuşam və hər yerdə döşəməyə sürüşkən daşlar döşəyiblər ki, əl çamadanları rahat daşına, daha doğrusu, sürülə bilsin. Xalçanın üstündə isə bunu etmək o qədər də asan deyil.  Küçələrimizə, xüsusən şəhərin mərkəzi küçələrinə və keçidlərə  isə yerə sürüşkən materialı olan daşlar döşənib. Bir balaca yağış yağanda belə oralarda rahatlıqla "əylənmək", sürüşmək mümkündür. 
Viza almaqda heç bir çətinliyimiz olmadı, Niderlanddakı konsulluğumuz  öz işini yüksək səviyyədə həyata keçirdir. Ancaq arzumu da gizlətmək fikrində deyiləm, istəyim ondan ibarətdir ki, bizlərə ölkəmizə vizasız getmək üçün şərait yaratsınlar. Yaxud heç deyilsə Avropa vətəndaşlarına da ölkəmizin hava limanında viza versinlər, ərəblərə verdikləri kimi. Bu sahədə qonşu Gürcüstanın təcrübəsindən də yararlanmaq olar. Elə təyyarə biletləri də qonşu Gürcüstanla müqayisədə çox bahadır. 
Nəzərdə tutduğumuz vaxtda Vətəndə idik. İnsafən qeyd edim ki, hava limanımız çox gözəldir. Yuxarıda qeyd etdiyim məntiqsizliyi (mənim düşüncəmə görə) aradan qaldırsalar lap yaxşı olar, deyə düşünürəm (ancaq yenə də insaf hissimi itirməmək üçün qeyd edim ki, Moskvanın  Şeremetevo hava limanında daha çox məntiqsizlik gördüm).  Hava limanından maşınla evə doğru irəlilədikcə ilk gördüyüm gözəl mənzərələri bir qədər sonra hündür hasarlar, daha sonra isə tam fərqli mənzərələr əvəz etməyə başladı.  Nəhayət uşaqlığımın keçdiyi məhləmizə daxil oluruq. Hər tərəfə asfalt döşənib, toz-torpaq azalıb. Maşından düşən kimi bir neçə qonşu ilə rastlaşdım və illərin həsrətliləri kimi görüşdük bir-birimizlə, baxmayaraq ki, heç bir ay deyildi vətəndən getdiyim. Millətimizin gözəlliklərindən, özəlliklərindən biri də məhz budur və bizim, şəxsən mənim qürbətdə  tapa bilmədiyim də məhz bu cür istilikdir.  
Elə həyət qapsından içəri girmişdim ki, bacımın oğlu (Niderlandda yaşayır, vətəndə qonaq idi) ilə qardaşımın  oğlunu uzanıqlı gördüm, yedikləri dönərdən zəhərləniblərmiş. Bir stəkan çay belə içmədən tərpəndik xəstəxanaya. İlk getdiyimiz yerdə bizi qəbul etmədilər, göndərdilər Sabunçu qəsəbəsindəki xəstəxanaya. İstirahət günü olduğundan zəng etdiyimiz bütün  tanış həkimlər fərqli yerlərdə istirahətdə olduqlarını dedilər. Getdik   sözünü etdiyim xəstəxanaya və uşaqların dönərdən zəhərləndiklərini dedik. Həkim xanım heç xəstəyə baxmamış cərrahı çağırmalı olduğunu və adlarını belə unutduğum aparatlardan keçməli olduğumuzu dedi.  Cərrah adı eşidən uşaqların üzündəki qorxunu burda təsvir etməyə çətinlik çəkirəm. Cərrah gəldi, uşaqlardan birini aparatlardan birindən keçirtdilər belə. Sonrasında əsəbim tab gətirmədi və səhiyyə nazirliyindəki tanışlardan birinin adını çəkərək ona zəng etməyə ehtiyac olub-olmadığını soruşdum. Nə zəngə ehtiyac oldu, nə aparatlara, şükür ki, nə də cərraha.  Məncə, təsəvvür etmək o qədər də çətin deyil ki, çəkiləsi adın olmazsa nə vəziyyətə salarlar səni, onlara heç bizi yaradanın adı belə təsir etmir, nəinki nazirlikdən kiminsə adı.  Zatən məmləkətimizdə çoxları yaradınımızın adını içki süfrəsində çəkir və əllərində badə yaradandan bağışlanmaqlarını istəyirlər. Bu da bir məntiq(sizlik).
Vətəndəki ilk günümün sonrakı saatları sakit keçdi. Yox, hər günə bir yazı həsr etmək fikrində deyiləm.  Buna heç mənim də hövsələm çatmaz. Bundan sonrakı yazılarımda Bakımızın gözəlliyindən, hasara alınmış Xəzərimizdən, Şahdağ istirahət mərkəzində Azərbaycan musiqisini səsləndirməyi qadağan edən İspandan,  insanlarımızın həm gülər üzündən, həm də əsəbiliyindən, üzlərini gördükdən sonra məni  qürbətdə yaşadığıma sevindirən bəzi məmurlardan, avtomobil yollarımızdan, yol işarələrindən  və s. yazacam.  Gördüklərimi yazmaq məndən, istəsəniz oxumaq da sizdən.

Vüqar Abbasov 
Niderland-Azərbaycan-Niderland

TƏQVİM / ARXİV