adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

BİR BAYRAQ SEVGİSİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
82883 | 2013-02-06 11:20
Fevralın 5-i arxada qaldı. Yəqin ki, kimlərsə fikirləşəcək ki, ayın bir günüdü, təqvimin bir vərəqidi, bir az da dəqiqləşdirsək içərisində olduğumuz həftənin ikinci iş günüdü, yəni çərşənbə axşamıdır. Amma fevralın 5-ni niyə diqqətə çatdırdığımı kimlərəsə fərq edəcəyinə əminəm. Amma onu da etiraf edim ki, o kimlərsə hamımızın çox az bir faizini təşkil edəcək. Neyləyək ki, bu faizi etiraf etmək zorundayıq...
Gəlin bir anlıq tarixə qayıdaq... Çox da uzaq olmayan tarixə... 1991-ci ilin 5 fevral tarixinə. Bax, həmin gün indi başımızın üzərində dalğalanan üçrəngli bayrağımız rəsmi olaraq öz təsdiqini tapdı. Yəni tariximizin həmin 5 fevral səhifəsində bayrağımız da rəsmiləşdi. Doğrudur, bu gün məmləkətimiz Bayraq gününü - 9 noyabrı qeyd edir. Bu çox qürur verən, sevinc bəxş edən, kövrək hisslər yaradan zaman kəsiyidir. Lakin Bayraq gününə qədər biz bayrağın özünün rəsmi təsdiq olunma sevincini yaşamışıq.
Təəssüf ki, dünyanın bozbulanıq sifəti, siyasi müstəvi, iqtisadi müstəvi, məişət və sairə indi bizim qayğılarımızı o qədər qatmaqarışıq edib ki, biz faktiki olaraq bəzən bir unutqanlıq durumuna düşürük. Həmin o durum da bizim vaxtaşırı özümüzdən uzaq salır. Bu həqiqət acı olsa da biz onu doğrudan-doğruya ən azı öz-özlüyümüzdə etiraf etməliyik. Axı dünyanın müxtəlif guşələrində, müxtəlif salonlarında, müxtəlif idman arenalarında dövlət himnimizin sədaları altında qaldırılan bayrağımız milli heysiyatı olan hər birimizi kövrəldir, gözümüzdən sevinc yaşları axıdır. Təbii ki, çempionatlarda, möhtəşəm simpoziumlarda, konqreslərdə, hətta ədəbi-mədəni tədbirlərdə Azərbaycan bayrağının ucaldılması, onun ekranda göstərilməsi dərhal diqqətimizi çəkir, dərhal bizi özümüzə doğru səsləyir. Bu hissləri biz daha çox idman yarışlarında yaşayırıq. Amma bugünlərdə həmsöhbət olduğum millət vəkili, yazıçı Hüseynbala Mirələmovun söylədiyi kimi, Ukraynada möhtəşəm teatr binasının önündə Bəhram Osmanovun quruluş verdiyi "Xəcalət" tamaşasına görə, Azərbaycan bayrağının 1 il, yəni növbəti festivala qədər dalğalanması inanın ki, çox dəyərli bir məqam, çox önəmli bir hadisədir.
Lakin bir gerçəklik də var. O da  kimlərinsə bayrağa etinasızlığı, hörmətsizliyi, laqeydliyidi. Və bir də dəxli olmayan yerlərdə bayrağı özünə sipər etmək, onun həmin o dəxli olmayan yerdə ayağa düşməsinə imkan verməkdi. Zənnimcə, hansısa bir istəyə görə şəxsi düşüncəyə, şəxsi tələbata uyğun olaraq bayrağı başı üzərinə qaldırmaq, ondan istifadə etmək yolverilməzdi. Çünki bayraq tək bir fərdin deyil, o hamımızındır. Hamımızın olanını isə hər kəs də qorumalıdı... özü də sevə-sevə, qürur duya-duya qorumalıdı.
İnternet saytlarında, sosial şəbəkələrdə bayraqla bağlı aparılan yazışmalar, təqdim edilən görüntülər mənə bu yazını yazmağa, 5 fevraldan 9 noyabra qədər olan yolun lap əvvəlini, yəni 1918-ci ilin bəlli gününü xatırlatmağa məcbur etdi. Düşünürəm ki, tarixin tarixləşən günlərini tez-tez xatırlamaq və xatırlatmaq hamımıza fayda verə bilər...
Elə həmin o tarixə söykənərək bir məqamı da qabartmaq istəyirəm. Bu da xarici ölkələrdə, Azərbaycan səfirlikləri qarşısında məhz azərbaycanlıların mitinq, piket keçirməsi təşəbbüsləridir. Mənə elə gəlir ki, düşmənlərimizin bolluğunda onlarla hər gün apardığımız çarpışmaların fonunda özümüzün özümüzə meydan oxumağımız o qədər də uğurlu addım deyil. Çünki biz öz dilimizdə özümüzlə danışmaq üçün kifayət qədər potensialı, dünya görüşü, təhsili, mədəniyyəti və xüsusi olaraq əxlaqı olan bir xalqıq. Düzdü, qüsurlar, dil tapa bilməmək qabiliyyəti hər yerdə və hər bir xalqda var. Ancaq zorla müharibəyə cəlb olunmuş, torpaqları işğal altında olan bir xalqın övladlarının ölkə hüdudlarından kənarda bir-biri ilə anlaşa bilməməsi, diasporlardakı parçalanma, ikitirəlik, hətta bir-birinə qarşı ölüm təhdidləri, kriminal münasibətlər göstərmək heç bir qanuna, heç bir əxlaqa sığmır.
Belə bir gündə, daha doğrusu, müstəqilliyi, dövlətçiliyi nümayiş etdirən, onun rəmzlərindən biri olan bayrağımızla bağlı, yəni onun rəsmi təsdiq edildiyi 5 fevral günündə düşündüklərimi qəzet səhifəsinə köçürərkən hardansa gözümə bir informasiya sataşdı. Həmin informasiya Gürcüstanın prezidenti Mixail Saakaşvili ilə bağlı idi. Mixail Saakaşvili "Davos-2013. Ukraynadan baxış" seminarının iştirakçılarına bildirib ki, "insan bəzən arvadından bezir, necə ki, xalq hökumətdən". Çox maraqlı deyimdi. Amma Saakaşvili onu da vurğulayıb ki, həmin o bezmək o vaxta qədər davam edir ki, anlaşa bilmirsən.
Mən gürcü prezidentinin bu özünəməxsus fikrini ona görə diqqətə çatdırıram ki, hər birimiz təkrar düşünək və bilək ki, dünyada yeganə bezə bilməyəcəyimiz məqamlar var. Onlar da torpağımız, dövlətimiz, müstəqilliyimiz, bayrağımız, ordumuz, dilimiz, dinimiz və bir də anamızdı. Biz bunlar barəsində həmişə ən gözəl fikirləri, ən gözəl duyğuları qəlbimizdə yaşatmalı və qürur duymalıyıq.
Əbülfət MƏDƏTOĞLU
[email protected]

TƏQVİM / ARXİV